Modern.az

BAMF qaçqın və məcburi köçkünlərə yardım paylayıb

BAMF  qaçqın və məcburi köçkünlərə yardım paylayıb

Qarabağ

16 Avqust 2010, 13:21

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın “Lutheran World Relief” təşkilatı tərəfindən Azərbaycandakı qaçqınlar və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımını paylayıb. Bu barədə Modern.az-a BAMF-ın İnformasiya departamentindən məlumat verilib. Əsasən yataq dəsti, qadın, kişi və uşaq geyimləri, məktəbli və gigienik ləvazimatlarından ibarət olan yardımlar əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq Füzuli və Tərtər rayonlarında paylanılıb.

Füzuli rayonunda Zobucuq-1, Zobucuq-2, Zobucuq-5 qəsəbələrində 1302 qaçqın və məcburi köçkün ailəsinə (5379 nəfərə) yardım paylanıb. Tərtərdə isə 726 məcburi köçkün və imkansız ailəyə (2753 nəfər) yardım verilib. Yardımlar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin hər iki rayonda fəaliyyət göstərən nümayəndələrinin, o cümlədən Füzuli və Tərtər rayonlarının icra hakimiyyətinin səlahiyyətli şəxslərinin iştirakı ilə paylanılıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, BAMF aralarında bağlanmış müqaviləyə əsasən “Caunterpart” Beynəlxalq Humanitar Təşkilatının ayırdığı yardımları da məcburi köçkünlərə və qaçqınlara paylamağa başlayıb. Proses başa çatandan sonra bu barədə də ətraflı məlumat veriləcək.

BAMF 15 ildən çoxdur ki, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur. Təşkilat Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) üzvüdür. BAMF bir təşkilat olaraq artıq dördüncü dəfədir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bu işi həyata keçirir.

Xatırladaq ki, paylanma ilə bağlı xərcləri BAMF  özü ödəyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama