Modern.az

YAP-a gəlib-getmiş tanınmışlar - Onlar hakim partiyanı niyə tərk etdilər? - ARAŞDIRMA

YAP-a gəlib-getmiş tanınmışlar - Onlar hakim partiyanı niyə tərk etdilər? - ARAŞDIRMA

1 Dekabr 2014, 10:43

Azərbaycanda çoxpartiyalı sistemin əsası müstəqillik əldə ediləndən bir neçə il sonra qoyulsa da, indi bu sistemin ölkənin siyasi həyatına ciddi bir rol oynadığını söyləmək çətindir. Siyasi partiya minlərlə insanın hansısa bir ideologiyaya əsaslanaraq, birləşib hakimiyyət uğrunda mübarizəsi üçün qurulan, belə demək mümkünsə, orduya bənzəyir. Azərbaycanda zaman-zaman belə qüvvələr ortaya çıxıb, onların müəyyən bir dönəmdə siyasi cəhətdən təşkilatlanmaları hakimiyyət uğrunda mübarizədə effektli alınıb. Ancaq son illər siyasi partiyalar elektorat sarıdan o qədər kasıblaşıblar ki, onların siyasi mübarizəsi demək olar effektli olmur. Əlbəttə, hər təşkilatın uğur qazanmasında onun lideri ilə yanaşı, ətrafına cəmiyyətdə kifayət qədər tanınmış şəxsləri cəlb etməsi də ciddi rol oynayır. Amma indi siyasi partiyaların sıralarında belə adamlar ya yoxdur, ya da barmaqla sayılası qədər azdır. Bu səbəbdən də siyasi partiyaların yarandığı vaxtdan indiyədək üzvü olub sonradan bu və ya digər səbəblərdən uzaqlaşan tanınmışlarla bağlı araşdırma aparılmasına ehtiyac olduğu şübhəsizdir.

Modern.az saytı “Siyasi partiyalara gəlib-getmiş tanınmışlar” adı ilə araşdırma yazıların təqdimatına davam edir. Bu rubrikada növbəti araşdırmamız hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə bağlıdır.
Amma digər siyasi təşkilatlarla müqayisədə yazının girişində qeyd etdiyimiz elektorat problemini YAP-a  şamil etmək olmaz. Çünki hakim partiya hazırda 500 mindən çox üzvü öz ətrafında birləşdirir. Bu da şübhəsiz YAP-ın hakimiyyətdə olmasıyla bağlıdır.

1992-ci ildə yaradılan hakim Yeni Azərbaycan Partiyası üzvlərinin sayına görə ölkənin ən böyük siyasi təşkilatıdır. Ölkənin ən tanınmış simalarının təmsil olunduğu partiyanın Heydər Əliyevin bir il sonra hakimiyyətə gəlməsində xüsusi rolu olub. YAP-ın hakimiyyətə gəlməsi ilə bəzi partiyaların rəhbərliyinə daxil olan tanınmışlar da sonradan istefa verərək, bu siyasi təşkilata qoşulublar. 1993-cü ilin iyun hadisələrindən sonra AMİP üzvü olan bir neçə tanınmış şəxs məhz YAP-ı seçib. YAP hakimiyyət partiyası olmasına baxmayaraq, zaman-zaman burada təmsil olunan bəzi tanınmışlar müxtəlif səbəblərdən uzaqlaşıblar, bəziləri isə sözün həqiqi mənasında qovulublar...

YAP-da ilk və sonuncu hay-küylü istefa dalğası



Rəsul Quliyev 1996-cı ildə Milli Məclisin sədri vəzifəsindən istefa verib ABŞ-a mühacirətə getsə də, onun siyasi gələcəyinə, hətta Azərbaycana qayıdıb siyasi proseslərdə fəal iştirak edəcəyinə inananlar vardı. Keçmiş spikerin qayıdışı reallaşmasa da, okeanın o tayındakı Rəsul Quliyevin tərəfdarları 1998-ci ildə bir yerə yığışmaq qərarına gəlirlər. Beləliklə, hakim partiyada bəlkə də indiyədək rast gəlinməyən ilk səs-küylü istefa dalğası baş verir. 1995-ci il seçkilərində YAP üzvü kimi Milli Məclisə deputat seçilmiş 5 nəfər 1998-ci ildə YAP-ı tərk etdikləri haqda bəyanat verərək ADP-yə keçirlər. Qeyd edək ki, keçmiş spiker həmin vaxt artıq ADP-nin sədr seçilmişdi, onun tərəfdarları olduqca fəal şəkildə Rəsul Quliyevin okeanın o tayından rəhbərlik etdiyi partiyanın uğur əldə edəcəyinə inanırdılar. Bu səbəbdən keçmiş spikerin təbliğatı aparılır, hətta onun qayıdışı üçün yollar arayırdılar. YAP-dan ayrılıb Rəsul Quliyevin arxasınca gedənlər isə bunlar idi: 100 saylı Şəmkir kənd seçki dairəsindən majoritar sistem üzrə deputat seçilən Mahir Əsədov, 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilən (majoritar sistem üzrə) Şamil Yusifov, majoritar sistem üzrə 58 saylı Biləsuvar seçki dairəsindən mandat alan Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən (mayoritar sistem) deputat seçilən Solmaz Ələsgərova və YAP-ın proposional sistem üzrə siyahısından Milli Məclisə üzv seçilən Zəminə Dünyamalıyeva idilər.

Bu beşliyin (yeri gəlmişkən, o vaxt Gəncədən bitərəf  kimi deputat seçilən Yusif Bağırzadə - AMİP-in indiki sədri – də həmin dəstəyə qoşularaq ADP-yə üzv olanlardan idi) arzularının çin olmadığı bəllidir. Onlar sonradan Rəsul Quliyevlə birgə ADP-dən ayrılıb Açıq Cəmiyyət Partiyası yaratsalar da, siyasi ambisiyalarını burada da reallaşdıra bilmədilər. Şamil Yusifov isə 2000-ci illərin əvvəllərində Azərbaycandan mühacirət edib və onun Londonda yaşadığı bildirilir.

 YAP-dan qovulanlar: onların arasında partiyanın qurucuları da var  

Qeyd etdik ki, Rəsul Quliyevin Milli Məclisin sədri kimi istefa verib ölkədən mühacirət etməsinə baxmayaraq hakim partiyadakı tərəfdarları onun siyasi perspektivinə inandıqlarından arxasınca okeanın o tayına getməsələr də, burada onun sədr seçildiyi partiyada bir araya gəlmişdilər. Keçmiş spiker isə bu vaxta qədər, belə demək mümkündürsə, artıq YAP-dan qovulmuşdu. Bu, 1996-cı ildə spikerlikdən istefa verdikdən bir müddət sonra baş verib. Həmin prosesin şahidlərinin sözlərinə görə, Rəsul Quliyevin hakim partiyaya üzv qəbul olunması ilə çıxarılması o zaman əmək və əhalinin sosial müdafiə naziri işləyən, YAP sədrinin o vaxtkı birinci müavini Əli Nağıyevin kabinetində baş verib. Eks-spikerin vaxtilə ərizə yazmadan hakim partiyaya üzv qəbuluna yekdilliklə səs verən YAP-ın Siyasi Şurasının üzvləri yekdilliklə, həm də çox sərt tənqidlər söyləməklə onun üzvlükdən çıxarılmasına da “hə” deyiblər.


Hakim partiyadan qovulanların sırasında keçmiş səhiyyə naziri Əli İnsanov da var.

1993-cü ildə səhiyyə naziri vəzifəsinə təyin edilən 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra YAP-ın qurucularından biri partiyadan çıxarılıb.
Dövlət çevrilişi cəhdi ittihamı ilə üzləşən YAP Siyasi Şurasının üzvü Fərhad Əliyev də həmin dalğada həbs olunanlardan biri idi. Bu iki nazirin əməlləri o vaxt təkcə hakimiyyət daxilindəki müəyyən ziddiyyətlərin əlaməti olmaqla yanaşı, həm də hakim partiyanın zəiflədilməsi yönündə atılan ilk addım kimi dəyərləndirilirdi. Halbuki, keçmiş səhiyyə nazirinin YAP-ın güclənməsi üçün var qüvvəsilə çalışdığı, hətta iddia edildiyinə görə, səhiyyə sistemində çalışan süpürgəcini belə, bu partiyaya üzv yazdırdığı vurğulanırdı...


2005-ci ilin məlum hadisəsindən sonra hakim partiya sıralarından uzaqlaşdırılan digər məmur “Azərkimya” Dövlət Şirkətinin prezidenti, deputat Fikrət Sadıqov olub. O, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, bir müddət sonra azadlığa buraxılmışdı.

2005-ci ildə bu dalğada tutulanların biri də Prezident Aparatı işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev idi. 2005-ci ilin oktyabr ayında - parlament seçkiləri ərəfəsində Əli İnsanov, Fərhad Əliyev, Fikrət Sadıqovla birgə həbs olunduğuna görə, həmin vaxt ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Onun da sabiq YAP-çı olduğu bildirilir.
Akif Muradverdiyev A.Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Amma 2013-cü il iyunun 20-də Bakı aeroportunda saxlanılıb.  CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunan Muradverdiyə 4 il iş kəsilib, hazırda həbsdədir.

Partiyanın qurucusu ağır ittihamlarla “qovulub...”

YAP-dan qovulanlardan söhbət düşübsə, mərhum Sirus Təbrizlinin adını çəkməmək mümkün deyil. Mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1992-ci ildə partiyanın yaradılması prosesində xüsusi rolu olan, sonradan onun hakimiyyətə gəlməsi üçün təbliğat aparan Təbrizlinin qurucusu olduğu partiyadan uzaqlaşdırılması 2007-ci il martın 27-də baş verib. Həmin gün YAP Siyasi Şurasının gözlənilmədən qapalı iclası keçirilib. Sonradan məlum olub ki, toplantıda Sirus Təbrizlinin partiya rəhbərliyinin ünvanına səsləndirdiyi ittihamlar müzakirə edilib. Müzakirələrdən sonra partiyanın siyasi xəttinə zidd mövqe tutduğuna və rəhbərliyə qarşı əsassız ittihamlar səsləndirdiyinə görə Təbrizlinin YAP sıralarından çıxarılması haqqında yekdilliklə qərar qəbul olunub.



Sirus Təbrizlidən söz düşmüşkən, YAP-ın yaradılmasında xüsusi xidmətləri olduğunu iddia edən “91-lər” kimi tanınan bir çox tanınmış da artıq hakim partiyadan kənarda qalıb.  Onlar özlərini həm də Heydər Əliyevin hakimiyyətə gətirilməsində xüsusi rol oynayan YAP-çılar kimi təqdim edirdilər. Bunlar keçmiş “91-lər” Əsədulla QurbanovAriz Abduləliyevdir. Qeyd edək ki, bəzəın ikincinin hakim partiyadan çıxarılmadığı iddia olunur. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov 2008-ci ilin fevral ayında bu informasiyanı təsdiqləyərək bildirib ki, Əsədulla Qurbanovla Ariz Abduləliyev YAP-dan 6 ay öncə çıxarılıblar. Siyavuş Novruzov onları partiyanın siyasi xəttinə qarşı çıxdıqlarına görə YAP-dan kənarlaşdırıldıqlarını da söyləmişdi.
Əsədulla Qurbanov isə mətbuata açıqlamasında bildirirdi ki, partiyadan kənarlaşdırılması 2005-ci ilin parlament seçkiləri ilə bağlıdır. Belə ki, o, namizədliyini irəli sürdüyü dairədə baş verən saxtakarlıqlara etiraz edib. Bundan sonra onu gecəykən çalışdığı Bakı Dövlət Universitetinə çağırıblar.

Orada Əsədulla Qurbanovu YAP-ın Yasamal rayon təşkilatının sədri qarşılayıb və məlum çıxışlarına görə partiyadan çıxarıldığını deyib. Bu vəziyyətə aydınlıq gətirmək üçün Əsədulla Qurbanov YAP sədrinin müavini Əli Əhmədovun qəbuluna düşmək istəsə də, birinci onu qəbul etməyib.

Əsədulla Qurbanov həmin açıqlamasında Ariz Abduləliyevi də müdafə edirdi: “O da haqqını tələb edirdi. Hesab etmirəm ki, ali rəhbərimiz də barəmizdə bu cür düşünür. Bəlkə ona yalan məlumat verirlər. Hesab edirəm ki, YAP rəhbərliyində olan şəxslər ağıllı və savadlı adamların, xüsusilə ”91-lər”in orada olmasını istəmirlər. Bu yolla bizi susdurmaq istəyirlər, amma bu, mümkün deyil”.

Qeyd edək ki, Əsədulla Qurbanov sonradan Məmməd Əlizadənin rəhbərlik etdiyi Demokratik Azərbaycan Dünyası Partiyasında təmsil olunub.

Bu cütlüklə eyni taleni yaşayanlardan biri də tanınmış alim, Heydər Əliyevin vaxtilə “YAP-ın Qızıl Fondu” adlandırdığı “91-lər”in daha bir üzvü Əli Əlirzayevdir. Tanınmış iqdisadçı 2005-2010-cu illrədə həm də Milli Məclisin deputatı olub.

YAP-dan “Namus”la gedən də olub...

Toğrul İbrahimli
1995-ci ildə hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi 21 saylı Binəqədi seçki dairəsindən majoritar sistem üzrə Milli Məclisin deputatı seçilmişdi. 1998-ci ildə bir qrup şəxs YAP-dan istefa verib ADP-yə keçəndə Toğrul İbrahimli, belə demək mümkünsə, fərqli taktika seçib. O, parlamentin iclaslarının birində o zaman spiker olan Murtuz Ələsgərovdan bəyanat oxumaq üçün icazə alır. İbrahimli  elə Milli Məclisdəcə bəyan edib ki, o, “Namus” Respublika Partiyası yaratdığı səbəbindən hakim partiyadan ayrılır. Onun AMİP-dən olan deputat həmkarı Nazim İmanov bir qədər sonra zarafatyana demişdi: “Adamın Allahı var, Toğrul YAP-dan “Namus”la ayrıldı”.

Modern.az saytı bu ilin əvvəllərində keçmiş YAP-çını arayanda məlum olmuşdu ki, hər şeydən bezən Toğrul İbrahimli partiyasını bağlayıb, özü isə Bakı kəndlərinin birinə köçüb. Bir müddət öncə isə Toğrul İbrahimli bu dünyadan köçdü... vəfat etdi.

Diplomat olub YAP-dan gedənlər



Nə qədər qəribə olsa da, vaxtilə Heydər Əliyevdən sonra partiyada ikinci şəxs sayılan Əli Nağıyev də YAP-dan gedib. 1996-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi naziri işləyən YAP sədrinin keçmiş birinci müavini 2006-cı ildə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Əli Nağıyev diplomatik xidmətə getdiyi üçün qanuna görə heç bir siyasi təşkilatın üzvü ola bilməzdi. Bu səbəbdən də sabiq nazir partiyadan çıxarılıb. O 2011-ci ildə səfir vəzifəsindən geri çağılırıb. Maraqlıdır ki, bəzi məlumatlarda onun 2012-ci ildə yenidən YAP sıralarına bərpa edildiyi öz əksini tapıb.
Amma Əli Nağıyev özünün son müsahibələrindən birində  nə YAP-da, nə də hökumətdə ona ehtiyac gördüklərini deyib.

1995-ci ildən Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova da Əli Nağıyevlə birlikdə Azərbaycanın Belarusdakı səfirliyində çalışdığı üçün hakim partiyadan çıxıb.

Azərbaycanın Türkiyədəki keçmiş baş konsulu Səyyad Aran da diplomatik fəaliyyətə başlayandan sonta YAP-dan çıxıb, amma 2011-ci ilin noyabrın 26-da onun üzvlüklə bağlı müraciətinə baxılıb və  partiyaya sıravi üzv qəbul olunub. 
Əli Nağıyevdən fərqli olaraq Səyyad Arana hətta vəzifə də verilib və o, hazırda Dini Komitən sərinin 1-ci müavini postunda çalışır.

YAP-da Rza İbadov da vardı...



YAP-ın yaranması, sonradan hakimiyyətə gəlməsi bir çoxlarına həm maddi, həm də mənəvi cəhətdən uğur gətirib. Təbii ki, partiyanın yaranmasında tanınmış simaların böyük rolu olub. Ancaq bəziləri məhz YAP-ın sayəsində cəmiyyətdə tanınıblar. Bunlardan biri də eks-deputat Rza İbadov idi. 1966-cı ildə anadan olan İbadov gənc yaşında, 1995-ci ildə 4 saylı Babək-Şahbuz seçki dairəsindən Milli Məclisə üzv seçilib və  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub. Deputat olduğu müddətdə spiker Rəsul Quliyevi hər addımbaşı tənqid edən İbadov 2000-ci ildə də mandatını qoruya bilmişdi və 2005-ci il parlament seçkilərinə qədər işləri  “xod” gedirdi. 2005-ci ildə 24 saylı Nizami II Seçki Dairəsindən namizədliyini irəli sürsə də, seçki prosesinin gedişində təzyiqlərə görə Azərbaycanı tərk edərək, İngiltərəyə gedib. Xatırladaq ki, onun 2005-ci ildəki rəqibi ARDNŞ-in indiki prezidenti Rövnəq Abdullayev (o zaman Neft Emalı Zavodunun rəhbəri idi - red.) idi. Rza İbadov seçki kampaniyası dövründə geri çəkilmədi, namizədliyini götürmədi, seçkidə məğlub oldu, məsələ hətta elə həddə çatmışdı ki, onun həbs ediləcəyi belə, gündəmə gəlmişdi. 2011-ci ilin yanvarından isə Azərbaycan hüquq-mühafizə orqanları bir zamanlar bərk gedən İbadovu axtarışa da veriblər. Nəsimi rayon Polis İdarəsinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Rza İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi. Son məlumata görə, keçmiş deputatın Rza İbadovun adı axtarış siyahısından çıxarılıb

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, sabiq deputat Rəfael Allahverdiyev Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1993-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 2000-ci ilin oktyabrında deputat mandatından imtina edib, 2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.

2006-cı ildə fəaliyyətinin dayandırılması ilə təkcə Müstəqil Azərbaycan Universiteti yox, həm də bu təhsil ocağının o vaxtkı rektoru olan YAP Binəqədi rayon təşkilatının sədri Abbas Mustafayev gündəmə gəlmişdi. Bu universitetin bağlanması ilə minlərlə tələbə küçələrə töküldü, Mustafayev özü də hakim partiyadan uzaqlaşdırıldı.

Xıdır Alovlunun “alovu” birdən “söndürüldü”

Sabiq deputat Xıdır Alovlunu
yəqin ki, xatırlayırsınız, bir zaman YAP-ın ən alovlu üzvü sayılırdı, 2000-ci ildə 39 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat da seçilmişdi, beş il sonra mandatsız qaldı. O, təkcə mandatsız qalmadı,  2006-cı ildə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri vəzifəsindən də kənarlaşdırıldı. Hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov bu qərarın səbəbini belə izah edirdi: “YAP-ın Sumqayıt şəhər təşkilatının sədri seçki dövründə aktiv fəaliyyət göstərmədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. YAP-ın icra katibinin, onun müavinlərinin dəfələrlə Xıdır Alovlu ilə söhbətləri olub. “Şura toplantısını keçirməzdən iki gün öncə biz onunla bir neçə dəfə əlaqə saxlamağa çalışmışıq ki, gəlib toplantıda iştirak edib, bəzi məsələlərə aydınlıq gətirsin. Amma gəlmədi”.
Xıdır Alovlunun ondan sonra YAP-la əlaqələrini birdəfəlik kəsdiyi məlum olub.

ADP-çı olan daha bir keçmiş YAP-çı



“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev jurnalistikaya siyasətdən gəlib. O, 90-cı illərin ikinci yarısında “525-ci qəzet”də siyasi yazıları ilə çıxış edəndə hələ YAP-ın üzvü idi (Aydın Quliyev 1992-1998-ci illərdə hakim partiyanın üzvü olub). 1998-ci ildə isə YAP-dan istefa verib və müxalifəti təmsil edən ADP-yə keçib. Rəsul Quliyev ADP-nin sədri olduğu dövrdə Aydın Quliyev bu partiyanın eks-spikerə yaxın aparıcı fiqurlarından biri sayılırdı. Quliyevçilərin Sərdar Cəlaloğlu ilə 2007-ci ildə münasibətlərinin gərginləşməsi və yollarının ayrılması prosesində Aydın Quliyev aktivlik nümayiş etdirib. Sonradan Rəsul Quliyevin və partiyanın siyasi kursunun əleyhinə təbliğart aparması barədə ittihamlarla üzləşərək ADP-dən çıxarılan Aydın Quliyev hazırda yenidən hakimiyyətə yönəlik mövqeyi ilə seçilir.

YAP-dan gülə-gülə yola salınmayan Gülər Əhmədova



Hakim partiyaya gəlib-gedənlər, göründüyü kimi kifayət qədərdir, həm də əksəriyyəti tanınmış simalar olub. Amma yəqin ki, keçmiş deputat Gülər Əhmədovanın təmsil olunduğu Yeni Azərbaycan Partiyasından xaric edilməsinin tarixdə ayrıca yeri olacaq. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı videomateriallar Gülər Əhmədovanını demək olar karyerasını bitirdi. 2012-ci il dekabrın 14-də qeydiyyatda olduğu YAP-ın Bakı Dövlət Universitetindəki şöbəsi yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb.

Qeyd edək ki, hazırda Fransada mühacir həyatı yaşayan ABU-nun rektoru Elşad Abdullayev də  bir zamanlar hakim aprtiyanın üzvü olub.

Eynulla Fətullayevin YAP-dan keçən yolu...

Eynulla Fətullayevin
jurnalistikaya uzanan yolu siyasətdən – sosial-demokratlarla birgə olmaqdan keçib. O, jurnalistlik fəaliyyətinə də Azərbaycan Sosial-Demokrat Partiyasının orqanı olan “İstiqlal” qəzetində başlayıb. Neçə illərdir özünəməxsus dəst-xətti ilə jurnalist kimi tanınan Eynulla Fətullayev 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra isə müstəqil jurnalist kimi fəaliyyətə başlayıb.

Nazim Məmmədov-keçmiş deputat da YAP-dan çıxarılanlar siyahısında qeyd edilir. 2005-2010-cu illərdə Milli Məcliisn aktiv üzvlərindən olmuş iqtisadçl alim növbəti parlament seçkilərində hakim partiyanın dəstəyini ala bilmədi. Amma YAP-ın çağırışlarına baxmayaraq seçkilərdən də geri çəkilmədi və hakim partiya ilə münasibətləri kəskinləşdi. Elə bundan sonra N.Məmmədovun YAP-dan uzaqlaşdığı bildirilir.

Deputat olmaq istəyənlər YAP-dan qovuldular

2010-cu ildə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən hakim Yeni Azərbaycan Partiyasının 3 üzvü təşkilatdan çıxarılıb. Həmin il oktyabrın 13-də keçirilən mətbuat konfransında YAP-ın icra katibi (indi həm də baş nazirin müavinidir-red.) Əli Əhmədov məsələ bağlı belə açıqlama verib: “Fərdi qaydada deputatlığa namizədliyin irəli sürən YAP-çıların böyük bir hissəsi geri çəkilib. Biz onlara təklif etmişik ki, özlərini şanslı hesab edirlərsə, partiyadan istefa verib namizəd olsunlar. Qalib gəlsələr, onları birinci biz təbrik edərik. Lakin fərdi qaydada namizədliyin irəli sürülməsini pisləyirik. Çünki bu, partiya etikasına uyğun deyil, hər bir YAP üzvü partiyanın rəsmi qaydada irəli sürdüyü namizədin qalib gəlməsinə çalışmalıdır”.

Əli Əhmədov bildirirdi ki, namizədliyini geri götürməkdən imtina edən YAP-çıların sayı 9 nəfərə yaxındır: “Artıq onlardan 3-ü YAP-dan xaric olunub”.

Onlardan biri 109 sayı Balakən seçki dairəsindən namizədliyini irəli sürən Məhəmməd Nooyev idi. O, Rəbiyyət Aslanovaya rəqib olmaq istəyirdi. Araşdırma zamanı məlum olub ki, 4 il əvvəl qovulan Məhəmməd Nooyev sonradan hakim partiyaya bərpa olunub. Ölkənin şimal-qərb bölgəsinin nüfuzlu şəxslərindən biri kimi təqdim olunan Nooyev Azərbaycanda yaşayan avar xalqının nümayəndəsi, Avar-Azərbaycan İctimai Birliyinin sədri, həm də YAP-ın Səbail rayon təşkilatı Siyasi Şurasının üzvüdür.

Qadağaya məhəl qoymayan digər YAP üzvü 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyi özü irəli sürən Rəqibə Rəhimova olub.

YAP rəhbərliyinin xəbərdarlığına əməl etməyən ününcü şəxs 16 saylı Yasamal II seçki dairəsindən namizədliyi özü tərəfindən irəli sürülən Fəxrəddin Babayev idi.  O, “Haqlı tələb” qəzetinin baş redaktoru və YAP-ın Nərimanov rayon təşkilatının üzvü olub.

Oğulun qəbir dağıtması atanı YAP-sız qoydu

2013-cü il fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kənd qəbiristanlığında 81 qəbrin başdaşının sındırılmasında təqsirli bilinən Ədalət Məmmədovun atası Səxavət Məmmədov da YAP-dan uzaqlaşdırılıb. Bu məlumatda qeyd edilir ki, keçmiş YAP-çı məntəqə seçki komissiyasının üzvü olub. Onun oğlu isə ötən seçkilərdə məntəqə seçki komissiyasında YAP-dan müşahidəçi olub.



Modern.az

P.S. Araşdırma zamanı vaxtilə YAP üzvü olub sonradan ayrılan hansısa tanınmışı unuda bilərik. Bu səbəbdən oxuculardan yardımçı olmalarını xahiş edirik.

***

Həmçinin oxu:

 AMİP-ə gəlib-getmiş tanınmışlar - onlar Etibar Məmmədovu niyə tərk etdilər? - ARAŞDIRMA
//modern.az/articles/64804/1/  

“Əli Əhmədov, Rəsul Quliyev, Novruz Məmmədov, Məmməd Araz AMİP-in üzvləri olublar” - AMİP Mərkəzi Şurasının üzvündən AÇIQLAMA
//modern.az/articles/64963/1/ 

AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA
//modern.az/articles/65191/1/

Müsavata gəlib-getmiş tanınmışlar - Onlar İsa Qəmbəri niyə tərk etdilər? - ARAŞDIRMA
//modern.az/articles/65800/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi