Noyabrın 27-28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi ölkələrinin Parlamentlərarası Assambleyasının 41-ci plenar iclası keçirilib. İclas barədə Modern.az saytına danışan Milli Məclisin deputatı Elmira Axundova bəzi maraqlı məqamlardan söz açıb.
Deputat deyib ki, MDB Parlamentlərarası Assambleyasının 41-ci plenar iclasında Azərbaycana birbaşa aid olan məsələr iclasda müzakirə olmayıb.
“Lakin bəzi maraqlı məqamlar var idi. Bildiyiniz kimi, MDB Parlamentlərarası Assambleyasının əsas fəaliyyət sahəsi müxtəlif komissiyalar vasitəsilə qanun modellərinin hazırlanmasıdır. Plenar sessiyalarda bu qanun modelləri qəbul olunur və MDB ölkələrinə yerli qanunvericilikləri üçün örnək kimi təqdim olunur. 41-ci plenar iclasın gündəliyinə iqtisadiyyat, yerli özünüidarəetmə, informasiya mübadiləsi və təhlükəsizliklə bağlı olan qanunvericilik modellərinin müzakirəsi daxil edilmişdi. Qanunlar çox maraqlıdır və hesab edirəm ki, bizim müvafiq komitələrdə onların müzakirəsi faydalı olacaq”.
E.Axundovanın sözlərinə görə, plenar sessiyadan 1 gün öncə başlayan Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının iclasında gərgin məqamlar yaşanıb:
“Mən başqa komitənin üzvüyəm və bizim iclasımız bu ilin oktyabrında Bakıda keçirilmişdi. Lakin mən Siyasi məsələr üzrə komitənin iclasında iştirak etməli oldum və Azərbaycanla Ermənistan nümayəndə heyətlərinin mübahisəsinə şahidlik etdim. İş ondadır ki, erməni tərəfi komissiyanın gündəliyinə “Beynəlxalq münasibətlərdə iqtisadi, ticarət, maliyyə və nəqliyyat blokadasını dayandırmaq” bəyanatı salmaq istəyirdilər. Komissiyanın iclasında çıxış edən Ermənistan parlamentinin sədr müavini Ermine Naqdalyan Ukraynada baş verən son hadisələr fonunda qanunun aktual olduğunu əsaslandırmağa çalışırdı. Bu zaman o dedi ki, Ermənistan üçün Ukrayna məsələsi aktual deyil və bunları əlavə etdi: “Çünki biz qonşu dövlətin 25 ildir bizə tətbiq etdiyi blokada şəratində yaşayırıq və buna öyrəşmişik”.
Bu bəyanatın qəbul olunmasına Azərbaycan nümayəndə heyətinin üzvləri qarşı çıxdılar. İclasda çıxış edən deputat Rüfət Quliyev və Milli Məclisin MDB PA-ındakı rəsmi nümayəndəsi Aydın Cəfərov blokada barədə mühakimə yürütməzdən öncə bu blokadanın səbəblərinin öyrəilməsinin vacib olduğnu dedilər. Onlar Azərbacyan torpaqlarının işğalının və Ermənistanın aqressiv xarici siyasətinin blokadanın əsas səbəbləri olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdılar. Moldova və Qazaxıstan nümayəndələri azərbaycanlı deputatların fikri ilə razılaşdılar. Nəticədə, erməni tərəfinin bütün səylərinə baxmayaraq, məsələ iclasın gündəlyindən çıxarıldı. Xanım Naqdalyan vurulan erməni vertolyotu ilə bağlı məsələni də iclasda qaldırmaq istədi, amma komissiyamızın üzvləri onun bu istəyinin qarşısını da aldılar”.
Elmira Axundova MDB Parlamentlərarası Assambleyasının 41-ci plenar iclasında yaşanan xoş məqamlardan da söz açıb:
“MDB Parlamentlərarası Assambleyanın prelnar iclası çərçivəsində azərbaycanlı yazıçı Anara Çingiz Aytmatov adına mükafatın verilməsi mərasimi baş tutdu. Təntənli keçən mərasimdə mükafatı Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko və Qazaxıstan parlament qrupunun rəhbəri təqdim etdi.
Anar çox vacib nitqlə çıxış etdi və 1941-ci ildə blokada vəziyyətində olan Leninqradda alimlər tərəfindən Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuş tədbirin və bundan başqa birinci Rusiya Dövlət Dumasında müsəlman fraksiyasının rəhbərinin Əlimərdan bəy Topçubaşov olduğunu xatırlatdı. Yeri gəlmişkən, yaxınlarda Əlimərdan bəyin büstü MDB PA-nın iqamətgahının yerləşdiyi və XX əsrin əvvəllərində Dövlət Dumasının açılış iclasını keçirdiyi Tavriya sarayında yerləşdirilib.
Xoş məqamlardan biri də odur ki, Çingiz Aytmatov mükafatının Anara verilməsi haqda qərar qəbul edən MDB PA-nın Mədəniyyət, turizm, informasiya və idman komissiyasının iclası Bakıda keçirilmişdi. Bu qərarın verilməsində Azərbaycanın qurumdakı rəsmi nümayəndəsi Aydın Cəfərovun böyük xidmətləri olub.
Onu qeyd etmək istəyirəm ki, MDB Parlamentlərarası Assambleyanın plenar iclası bizim üçün məhsuldar keçdi və Azərabycan nümayəndə heyətinin bütün üzvləri komissiyalarda ölkəmizi layiqincə təmsil edərək Azərbaycanın milli maraqlarını qorudular”.
Modern.az