P.S.
Fantaziyamı işə salıb “Arqo” gəmisindəkilərin Yasonun əmrilə Heraklla dostu Polifemi tərk etdikləri sahilin sübh çağını təsəvvürümə gətirməyəçalışıram. Artıq çox rahatdır bu mənə, çünki əfsanədəki mətləblər, demək olar ki, tamamilə aydındır. O dənizi, o sahili, o sahilə yaxın meşəliyi aydınca görürmüş kimiyəm...
Dan yeri sökülür, hər tərəf yavaş-yavaş işıqlanmağa başlayır.
Budur, Heraklla Polifem... Yorğun-arğın meşəlikdən çıxırlar. Elə yorulmuşlar ki, ayaqları zorla sözlərinə baxır. Çox da kədərlidirlər, bütün gecəni nə qədər axtarmışlarsa da itkin düşmüş gənc arqonavtı tapa bilməmişlər.
Sahilə baxınca Herakl yerindəcə donub qalır. Aaaa!!! Hanı arqonavtlar?! Hanı gəmi?!
Heyrətlə Polifemə baxır. O da təəccüb içindədir. Bəlkə azıblar, başqa sahilə gəlib çıxıblar?! Amma yox. Beləşey olarmı?! Odur, gecə qalanmış tonqal... Hələ də tüstülənməkdədir. Heraklın dünən avar düzəltmək üçün qoyduğu ağac da oradadır.
Heraklın həyəcanlı bağırtısı qulaqlarımda guruldayır.
- Yasoooon!!!
Hanı bunlar?! Göyəmi çəkildilər?!
- Yasoooon!!!
Sarsılmış halda dənizə tərəf, bircə gün əvvəl gəminin dayandığı yerə tərəf götürülürlər. Nə gəmi var, nə arqonavtlar. Ucsuz bucaqsız dənizdə yalnız qızarmaqda olan üfüq, ləpələrin üzərində qıyya çəkə-çəkə sübh ovuna çıxmış qağayılar, bir də köpüklü dalğalar görünür. Dalğalar haray-həşirlə bir-birlərini qova-qova özlərini sahiləçatdırıb kimsəsiz sahildə taleyin ümidinə buraxılmış, yoldaşları tərəfindən tərk edilmiş iki arqonavtın ayaqlarına çırpılaraq yox olurlar...
Sürətlə sulara şığıyıb dimdiklərinə yem alan qağayılardan birisi hamısından hündürə qalxır, sonra arqonavtların başıüzərində dövrə vura-vura bərkdən, həm də dayanmadan qağıldayır, qoca bir adamın xırıltılı gülüşünüə oxşayır bu, quş sanki arqonavtların halına baxıb qəh-qəhəçəkərək gülür. Heraklın gözləri ona dikilir, bir xeyli ona baxır, baxır, qaşlarıçatılır, nə isə düşünür. Və alnını ovuşdura-ovuşdura öz-özünə pıçıldayır: ”Ola bilməz!”
Sonra... sonra isəüz-gözündə acı təbəssüm oynamağa başlayır.
Bəli, məhz tərk edilmiş, həm də bilməyərkədən yox, xaincəsinə, hiyləgərcəsinə tərk edilmiş olmaları birdəncə ona aydın olur. Buna heç bir şübhə ola bilməzdi. Polifem də bunu tezliklə anlamışdı. Çünki bundan əvvəl, səyahətlərinin ilk dayanacaqları olan Lemnos adasında dayandıqlarında Yasonun necə yaramaz birisi olduğunu görmüşdülər. O şəhərdə yalnızca qadınlar yaşayırdı, Yason digər arqonavtlarla birlikdə Lemnosun hakimi olan gənc çariçaya qonaq olmuş, gəmidə isə yalnız Herakl və bir-iki arqonavt qalmışdı. Yasonun və onunla çariçaya qonaq olan arqonavtların uzun illər kişi üzünə həsrət qalmış lemnoslu qadınlarla başları eyş-işrətə elə qarışmışdı ki, Qafqaza səyahəti-filanı unutmuşdular. İşi belə görən Herakl onları gizlicə gəmiyəçağırtdırıb qəzəblə qınamışdı ki, onların əsas məqsədi səyahətdir, qızıl yunlu dəri ardınca getməkdir, qadınların ağuşunda günlərini kef, əyləncə içində qayğısız keçirmək deyildir. Onda Yason və bütün arqonavtlar utandıqlarından qızarıb başlarını yerə dikmiş, bu böyük qəhrəmanın dediklərini haqlı sanmışdılar. Əgər Herakl onda qətiyyət göstərməsəydi, kim bilir, onlar hələ nə qədər o adada qalacaqdılar. Beləçıxırdı ki, Yason o hadisəyə görə Herakldan qisas almışdı. Bəs necə? O axı gəminin kapitanı idi. Heraklın dərsini verməliydi ki, o biri arqonavtlar da bundan nəticəçıxarsınlar, bilsinlər ki bir də kim Yasona həddini bildirməyə, ağıl öyrətməyə qalxarsa sonu Heraklın sonu kimi olacaq. Çünki o gələcək hökmdardır, qızılı yunlu dərini gətirib Peliyə verən kimi Peliy taxtından enib hakimiyyəti ona verəcək.
Yason... Yasooon... Gəminin kapitanı... Səyahətin rəhbəri...
”Arqo” hələ səyahətə başlamamışdan, Yunanıstanın hər yerindən məşhurlar bu səyahət üçün Yasonun yanına gəldiklərində hamı bir ağızdan Heraklı bu səyahətdə rəhbər kimi görmək istəmişdi. Amma Herakl nəcibliyi üzündən bundan imtina etmiş və yerinə Yasonu təklif etmişdi. Hamı da onun bu təklifi ilə razılaşmışdı.
Bu idimi onun Heraklın yaxşılığına cavabı?!
Elə qağayıya baxa-baxa da Heraklı birdən dəli bir gülmək tutur. Əsəbi gülüşdür bu. Sanki qağayının insan gülüşünə bənzər qağıltısına qəhqəhələrilə cavab verir
- Yasooon!!!- deyə gülməkdən gözləri yaşara-yaşara dəli kimi bağırır,- Ha-ha-ha-haaaaa!.. Quşbeyin Yasooon! Sən necə də hiyləgər, xain, həm də axmaq adamsan, Yasooooon!!!.. Peliy hakimiyyəti sənəmi verəcək?! Ha-ha-ha-haaaaa...
Üzünü göyə tutub quşla danışdığını görən Polifemin də dodaqları qaçır. Qağayı havada böyük bir sahədə dövrə vurur, Herakl da sanki onu digərləri ilə qarışdırmamaq üçün gözlərini ondan çəkmədən bağıra-bağıra onunla birlikdə durduğu yerdəcə hərlənir.
- Peliy də sənin kimi hiyləgərdir! Hamınız hiyləgərsiniz! Amma onlardan ən quşbeyini sənsən Yasoooon, eşidirsənmiii!!! Ha-ha-ha-haaaa... Sən yooox, göylər özü mənim sənin kimisinə qoşulmağımı istəmədi. Sənə qəhrəman deyənin atabaatasını... Yasooon!!! Yasooooooon!!!
( son )
Mirzə Hacıyev
***
Əfsanəvi “ARQO” gəmisinin sirri - I Hissə
//modern.az/articles/67759/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - II Hissə
//modern.az/articles/67831/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - III Hissə
//modern.az/articles/67904/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - IV Hissə
//modern.az/articles/68025/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - V Hissə
//modern.az/articles/68092/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - VI Hissə
//modern.az/articles/68141/1/