"Şairlərin əmiri"
Bəşəriyyətin ən qədim mədəniyyət beşiyi sayılan Misir dünya ədəbiyyatına qüdrətli söz ustadları bəxş edib. XX əsr Şərq poeziyasında qələm zirvəsinə ucalanlar sırasında məşhur ərəb şairi, "Əmir əl-şüara" (Şairlərin əmiri) fəxri adına layiq görülən Əhməd Şoiqi özünəməxsus yer tutur. Klassik Şərq poeziyası ənənələri ilə bədii düşüncənin, fəlsəfi lirikanın orijinal nümunələrini yaradan böyük ədib, görkəmli dramaturq, şair-filosof, tərcüməçi, məşhur şərqşünas alim Əhməd Şoiqi ötən əsrin əvvəllərində qüdrətli qələmi ilə milyonların qəlbinə yol tapan, yüksək poetik dilə malik söz ustadıdır.
Əhməd Şoiqi kimdir?..
Əhməd Şoiqi 16 oktyabr 1868-ci ildə Qahirənin əl-Hənəfi bölgəsində dünyaya gəlib. Ana nənəsi yunan əsilli olub, Xədiv İsmayılın (1867-1914-cü illərdə Misiri idarə edən Məhəmməd Əli sülaləsinin üzvləri "xədiv" adlanırdı) qəsrində çalışırdı. Adını daşıdığı babası isə Məhəmməd Əli Paşanın hakimiyyəti dövründə Qahirədə yüksək vəzifəli dövlət məmuru idi. Kiçik yaşlarından nənəsinin himayəsində böyüyən Əhməd qayğısız uşaqlıq illəri keçirmiş və saray tərbiyəsi görmüşdü.
Əhməd 4 yaşında ilkin təhsil almaq üçün "əl-Mubtədiyən əl-ibtidaiyyə" adlı mədrəsəyə daxil olur. Dünyəvi və dini elmlərə yiyələnən Əhməd Şoiqi Qurani-Kərimi dərindən öyrənir. 1885-ci ildə Qahirədə hüquq kollecinin tərcüməçilik bölümünə daxil olur. 1887-ci ildə kolleci başa vuran gənc Əhməd ərəb dilindən başqa fransız, ingilis, türk, yunan dilində sərbəst danışırdı.
Kollec illərində Əhmədin şairlik istedadını kəşf edən ərəb dili müəllimi Şeyx Məhəmməd əl-Bəsyuni onunla fərdi məşğul olur, öz tövsiyyə və tapşırıqlarını sevimli şagirdindən əsirgəmir. Klassik ərəb poeziyasının ən gözəl bilicisi olan ustad əl-Bəsyuni tələbəsinə nəhv (ərəb dilinin qrammatikası) və bəlağət elminin sirlərini öyrədir. Əhməd Şoiqinin şair kimi formalaşmasında, eləcə də qələmə aldığı ilk şeirlərinin dövrü mətbuatda çap olunmasında sevimli müəllimi əl-Bəsyuninin müstəsna xidmətləri olmuşdur. Misirin "əl-Vakaeya əl-Masriyyə" qəzetində Xədiv Tofiq Paşaya mədh etdiyi şeiri çap olunduqdan sonra Paşanın rəğbətini qazanan gənc şair sarayda məmur vəzifəsinə işə götürülür. Görəvə başladıqdan bir müddət sonra Xədiv Tofiq Paşanın maliyyə dəstəyi ilə hüquq təhsilini davam etdirmək üçün Fransaya göndərilir.
Avropada təhsil
1888-1893-cü illərdə Fransanın Montpellier və Paris Universitetlərində hüquq və ədəbiyyat fakültələrində ali təhsil alan Əhməd Şoiqi Qərb mədəniyyəti, Avropa ədəbiyyatı ilə daha yaxından tanış olur, vaxtının çox hissəsini ölkənin ən qədim kitabxanalarında keçirərək ciddi mütaliə ilə məşğul olur. Fransada təhsil aldığı dönəmlərdə Avropanın bir sıra ölkələrinə, o cümlədən İngiltərə, Belçika və Almaniyaya səfərlər edir. 1893-cü ildə ali təhsilini bitirən Əhməd Şoiqi Misirə döndükdən sonra, Xədiv Abbas Helmi Paşanın hökümət qəsrində diplomatik əlaqələr üzrə "Fransız Qələmi"nin müdürü vəzifəsinə təyin olunur. Bu dönəmlərdə zadəgan ailəsindən olan Saliha adlı xanımla ailə həyatı quran şairin Həsən, Hüseyn, Əminə adlı uşaqları dünyaya gəlir.
Ensklopedik biliyə malik şərqşünas-alim
Bir çox dillərin bilicisi və ensklopedik biliyə malik Əhməd Şoiqi eyni zamanda, tarixi əsərləri ilə dünya şərqşünaslıq elminə böyük töhfələr verən görkəmli alimlərdən biridir. 1891-ci ildə Berlində, 1894-cü ildə Cenevrədə keçirilən beynəlxalq şərqşünaslar konqresində Misir dövlətini təmsil edən Əhməd Şoiqi Cenevrədə iştirak etdiyi konfrasda qədim Misirin tarixini, ədəbiyyatını, mədəniyyətini dolğun şəkildə ifadə edən 292 beytdən ibarət olan "Kibaril havadis fi vadi Nil" (Nil vadisində meydana gələn önəmli olaylar) adlı qəsidəsini səsləndirir. Onun bu əsəri konqresdə böyük əks-səda doğurur.
Sürgün illəri
Birinci dünya müharibəsindən sonra 19 dekabr 1914-cü ildə ingilislər tərəfindən hakimiyyətdən devrilən Xədiv Abbas Helmi Paşanın tərəfdarları, o cümlədən Əhməd Şoiqi Misirdən sürgün olunurlar. İngilislərə qarşı sərt mövqedə olan və sürgünə göndərilən milliyyətçilər arasında olan şair 1915-1919 illər arası İspaniyada sürgün həyatı yaşayır və bu illərdə İspaniyada Əndəlüs İslam mədəniyyətini, Şərq, Ərəb və Qərb ədəbiyyatını dərındən incəliyərək tədqiq edir.
Sürgün həyatından sonra 1919-cu ilin dekabrında doğma vətəni Misirə dönən Əhməd Şoiqi İsgəndəriyyə limanında xalq tərəfindən qəhrəman kimi qarşılanır. Artıq həyatın hər üzünü görən şair qızıl qəfəsdən - sultan sarayından imtina edərək sadə xalqın yanında olmağa qərar verir.
Ədəbi yaradıcılığı
Neoklassik şair olduğu vurğulanan Əhməd Şoiqi Ərəb və Şərq dünyasında meydana gələn olayları ustalıqla qələmə alan reformist şair kimi XX əsr ərəb ədəbiyyatına yeni nəfəs gətirmişdir. Müasir ərəb ədəbiyyatı, ictimai fikir tarixində yeni şeirin, inqilabi poeziyanın banisi, ərəb satira məktəbinin ən parlaq siması olan Əhməd Şoiqi qəsidə, qəzəl, təmsil, mədhiyyə və s. janrlarda yazıb-yaradıb. Fəlsəfi düşüncələri ilə poeziyada yeniliyə imza atan, doğma vətəninin tərəqqisi yolunda azadlıq ideyalarının tərənnümçüsü olan şairin yaradıcılığı sürgündən əvvəl, sürgün müddətində və sürgündən sonrakı dönəmlərdə yazılan əsərlərlərlə üç mərhələyə bölünür. Sürgündən əvvəl qələmə aldığı şeirlərində bir saray şairi olaraq yaşadığı zəmanənin nəbzini tutan Əhməd Şoiqi sonralar peşmançılıq hissi keçirir, vaxtilə səhv yolda olduğu üçün özünü çox qınayır. Artıq sürgün illərində həyatın hər üzünü görən şairin ədəbi baxışları, fəlsəfi düşüncələri tamamilə kökündən dəyişir, yazdığı şeirlərdə torpaq sevgisi, yurd həsrəti, vətən nisgili daha çox nəzərə çarpır, ümidsizlik girdabında çırpınan qəlbinin ah-naləsi açıq-aydın sezilir.
1919-cu ildə Misirə dönən şair üçün yeni bir dönəm başlayır. Bu o dövrə təsadüf edir ki, artıq Misirdə milli şüur, dirçəliş cücərtiləri baş qaldırırdı. Ölkə başdan-ayağa inqilablarla çalxalanırdı. Əhməd Şoiqi artıq saray həyatını düşünmək belə istəmirdi. O, bütün gücünü milli azadlıq yolunda mücadiləyə, millətin mənafeyi uğrunda çalışmalara yönəldərək, yaradıcılığında vətəndaş mövqeyini, milli duyğularını bədii dildə, dolğun şəkildə ifadə edən əsərlər yazmağa başlayır. Onu da qeyd edim ki, dahi şair əsərlərində vahid ərəb birliyinə xüsusi önəm verərək, düşmən qüvvələrə qarşı birgə mübarizə aparmağı tövsiyyə edirdi. Mənzum pyeslər, hekayələr müəllifi olan Əhməd Şoiqi Jan de Lafonten, Viktor Hüqo, Şekspir kimi adları dünya ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılan məşhur şair və yazıçıların yaradıcılığından ilhamlanıb.
Dövrün tələbi ilə səsləşən ictimai-siyasi məzmunlu şeirlər, sevgi duyğularını əks etdirən lirik nəğmələr, insanı dərindən düşünməyə vadar edən təmsillər, tarixi əsərlər, ədəbi tərcümələr müəllifi olan Əhməd Şouqi eyni zamanda, məşhur fəlsəfi fikirləri, müdrük kəlamları ilə tanınır.
"Millətlər sahib olduqları əxlaqları ilə yaşayır, əxlaqı olmayan millət məhvə məhkumdur!" deyən şair insanın şəxsiyyət kimi formalaşmasında, kamil insan kimi yetişməsində əxlaqi şüurun mühüm rol oynadığını vurğulayıb.
XX əsr İslam şairi "Şaer əl-İslam" ləqəbli Əhməd Şoiqi
Yaradıcılığında dini məzmunlu şeirlərə geniş yer verən və islami qəsidələri, mədhiyyələri ilə məşhurlaşan Əhməd Şoiqi Tanrıya olan sevgisini, peyğəmbərlərə məhəbbətini, onların həyatındakı özəllikləri, dini olayları bədii dildə vəsf etmişdir. Şairin dini şeirlərində ifadə olunan ibrətamiz nəsihətlər, hikmətli kəlamlar, əqli-mənəvi təkamülə çağırış insanın mənəvi dünyasını zənginləşdirir.
Şairin "İslamiyyət" adlanan dini şeirlər toplusuna daxil olan əsərlərindən "əl-Həmziyyə əl-Nəbaviyyə" (Əzəmətli peyğəmbər), "Nehc əl-burdə" (Peyğəmbərin s.a.v. əbası), "İlə Arafat" (Arafat yolu), "Həmmet əl-Fələk" (Fələyin qayğısı), "əl-movlid əl-Nəbavi əl-Şərif" (Peyəmbərin s.a.v mövludu, doğum günü) adlı qəsidələri İslam aləmində çağdaş günümüzdə də sevilir.
Şairin "Selva Kalbi" (Qəlbimdəki ümid) adlı qəsidəsində ibrətamiz fəlsəfi hökm vardır. "Tələblər istəməklə qarşılanmır, mücadilə ilə qazanılır!" deyən şair insanı həyatda mübariz olmağa, öz haqqını tələb etməyə, qarşılaşdığı çətinliklərə, səddlərə sinə gərməyə, düşmən qarşısında əyilməməyə, sınmamağa səsləyir.
Sirli yuxu... Peyğəmbərin (s.a.v.) əbası...
Qeyd etdiyim kimi, Əhməd Şoiqi İslam, Peyğəmbər (s.a.v.) aşiqi olub. Şairin qələmə aldığı bir çox mədh və nəti-şəriflər içərisində "Nehc əl-burdə" qəsidəsi İslam dünyasında xüsusilə sevilir. Əhməd Şoiqi bu şeirini məşhur islam şairi əl-Buseyrinin eyniadlı qəsidəsindən ilhamlanaraq yazıb.
İslam dininə sadiq mömin bir insan olan imam əl-Buseyri ömrünün sonuna yaxın iflic olur, bədəninin yarısı hərəkətsiz qalan şair şəfa tapması, sağalması üçün Allah-Təalaya çoxlu dua edir və Peyğəmbərimizə (s.a.v.) həsr etdiyi məşhur qəsidəsini yazır. Bir gecə yuxusunda Hz. Peyğəmbəri (s.a.v.) görən əl-Buseyri qələmə aldığı qəsidəsini Rəsul-Allaha oxuyur. Peyğəmbər (s.a.s) qəsidəni çox bəyənir və əyninə geyindiyi mübarək burdəsini (əba) imam Buseyriyə hədiyyə verərək şairin bədəninin iflic yerlərinə mübarək əli ilə məsh çəkir. Bu zaman yuxudan ayılan şair şəfa taparaq sağalır. Məhz bu səbəbdən həmin qəsidə "Qəsideyi-Burdə" adlanır. Belə bir inam da vardır ki, xəstə olan şəxs saf niyyətlə qəsidəni oxuyarsa, şəfa tapır.
Ərəb ədəbiyyatında ilk tarixi dram janrının banisi
XIX əsrin sonu - XX əsrin əvvəli Misir fikir tarixinin intibah dövrü sayılır. Həmin dövrdə Misirdə milli fikrin inkişafı, mütəfəkkirlərin, ədiblərin, fikir adamlarının, ziyalıların xalq, millət mənafeyi uğrunda mübarizəyə başlaması, müxtəlif ədəbi cərəyanların meydana gəlməsi ərəb ədəbiyyatında yeni inkişaf mərhələsinin təməlini qoydu. Təbii ki, bu dəyişiklik Əhməd Şoiqi yaradıcılığından yan keçmədi. Şair 1893-cü ildən tarixi dram əsərləri qələmə almağa başlayır. Dahi ədibin 1893-cü ildə qələmə aldığı "Ali Bek əl-Kebir" dramı məmlük əmiri Əli Bəyin (1768-1773) hökmdarlığı dövründə baş verən tarixi olayları özündə əks etdirir və ərəb ədəbiyyatında ilk tarixi dram əsəri kimi səciyyələndirilir. Onun müəllifi olduğu tarixi dram əsərləri bunlardır:
"Ali Bek əl-kebir" (böyük Əli bəy)
"Masrae Kleopatra" (Kleopatranın ölümü)
"Mecnun Leyla","Qeys vu Leyla" (Leyla və Məcnun)
"Kambiz" (Əhəmənilər sülaləsindən olan İran hökmdarı Kambizin Misir fironun qızına aşiq olmasından bəhs edən sevgi hekayəsi)
"Əmirətil-Əndəlus" (Əndəlüs Kraliçası)
"Antara" (ərəb şairi Əntərə ibn Şəddad (525-608) və əmisi qızı Ablənin sevgi hekayəsi)
Bundan əlavə, Əhməd Şoiqi komediya janrında əsərlər də qələmə almışdır:
"Əl-sittil Hoda" (Xanım Hoda) komediyasında 7 dəfə ərə gedib boşanan qadının məcaralarından bəhs olunur.
"Əl-bəxilə" (Xəsis qadın) komediyasının qəhrəmanı isə, həddindən artıq simic və acgöz bir xanımdır. Adından göründüyü kimi komediyada insanın mənfi xüsusiyyətlərdən biri olan xəsislik təsvir və tənqid olunur.
Tarixi əsərlər qələmə alan neo-klassik şair
XX əsr ərəb ədəbiyyatında silsilə tarixi əsərlərin müəllifi kimi tanınan Əhməd Şoiqi bütün yaradıcılığı boyu bu mövzuya sadiq qalaraq, ərəblərin qədim tarixinin bir çox səhifələrini bədiiləşdirən əsərlər qələmə almışdır. Onun tarixi əsərlərində dövrün ictimai mənzərəsi, ərəb mədəniyyətinin etnoqrafik yaddaşı, ədəbi və siyasi şəxsiyyətlərin bədii obrazı böyük ustalıqla təsvir olunub. Əhməd Şoiqinin tarixi əsərləri içərisində "Kibaril havadis fi vadi Nil" (Nil vadisində meydana gələn önəmli hadisələr) qəsidəsi qədim Misirin fironlardan başlayaraq islama qədərki dövrünü dolğun şəkildə əhatə edir. Sürgün illərində İspaniyada yaşayan şair qədim ərəb-islam mədəniyyəti olan Əndəlüs mədəniyyətini dərindən tədqiq edir və islam dininin tarixindən, peyğəmbərin (s.a.v.) həyatından, xilafətin yaranmasından ətraflı bəhs edən "Dovl əl-arab vu azmət əl-İsləm" (Ərəb dövlətləri və İslamın əzəməti) adlı əsərini klassik Şərq poeziyasının növlərindən biri olan urcuzə tərzində qələmə alır. "Beytil-Haram", cahiliyyə dönəmindəki ərəblər, peyğəmbərin (s.a.v.) həyatı, ərəb islam fatehləri, abbasilər, əməvilər, fatimilər, Əndəlüsün fəthi haqqında tarixi faktlarla zəngin olan bu əsər Şərq ədəbiyyatının nadir incilərindən hesab olunur.
Siyasi təmsillər müəllifi
Şifahi xalq ədəbiyyatından bəhrələnən şair 56 ərəb rəvayətini mənzum hekayə şəklində qələmə alaraq 1892-ci ildə silsilə şəklində Misirin "əl-Əhram" qəzetində dərc etdirir. Təmsil janrında yazdığı şeirləri ilə şöhrət qazanan Əhməd Şoiqi poeziyasında ictimai-siyasi mövzulu şeirlər çoxluq təşkil edir. Onun "əl-Hindi vul dəcəc" (Hindli və toyuq) mənzum hekayəsində hindli yadelli işğalçı, toyuq isə sadə, zəhmətkeş xalq obrazında təsvir olunub. Mütəfəkkir və inqilabçı şair olan Əhməd Şoiqi kəsərli silahı olan qələmi ilə insanlara, cəmiyyətə, hakimiyyətə sətiraltı ismarıclar göndərirdi. Həyatın acı həqiqətlərini olduğu kimi əks etdirmək, dövrün sosial bəlalarına kinayəli münasibət Əhməd Şoiqi təmsillərinin əsas qayəsidir və mövzu baxımından bu gün də öz aktuallığını qoruyur. Bu təmsillərdə heyvanların dili ilə insanlara ibrətamiz nəsihətlər verilir. Bir sözlə, şairin əxlaqi-tərbiyəvi mahiyyət daşıyan təmsilləri bir nur, ziya kimi oxucunu düz yola dəvət edir, halallığa, xeyirxahlığa səsləyir.
Sətiraltı acı istehzalarla dolu olan "Tülkü və xoruz" , "Qatırın hekayəsi", "Dişi dovşanın nağılı", "Aslan və dovşan", "Uzunqulağın nişanlanması", "Özünü sultan sayan uzunqulağın mərəzi" adlı təmsillərində şair naqis insanları satirası ilə qamçılayaraq kəskin tənqid atəşinə tutur.
Tarixi "Ulduz Suiqəsdi" qəsidəsi
Əhməd Şoiqi bir sıra görkəmli şəxsiyyətlərə, o cümlədən türk sultanı II Əbdülhəmidə xüsusi rəğbət bəsləyib. Sultanın yunanlarla savaşından bəhs edən "Səda əl-harb" (Döyüşün səsi), "Abu əmir əl-moiminin" (Möminlərin sultan atası), "əl-Culus əl-əsaad" (Xoşbəxt taxtda oturum) və s. qəsidələrində II Əbdülhəmidin tarixi zəfərləri, döyüşlərdə göstərdiyi şücaət böyük ustalıqla, bədii dildə mədh olunub.
Bu qəsidələr içərisində 21 iyul 1905-ci ildə erməni terrorçuları tərəfindən İstanbulun Beşiktaş bölgəsində yerləşən "Həmidiyyə" (Yıldız) məscidinin qarşısında Osmanlı padşahı Sultan Əbdülhəmidə qarşı törədilən sui-qəsddən bəhs edən qəsidəsi xüsusi diqqət cəlb edir. Qafqazdan və Avropanın müxtəlif ölkələrindən gələn ermənilər İstanbulda toplanaraq sui-qəsd planını hazırlayırlar. Təxribatçıların başında duran daşnak qurucularından olan Xristofor Mikayelyanın birbaşa hədəfi məhz Sultan olur. Daşnakların planına görə, 120 kiloqramlıq partlayıcı maddə yerləşdirilən at arabası Sultan II Əbdülhəmid cümə namazından sonra xalqın qarşısına çıxanda partladılmalı idi. Lakin şeyxülislam Cəmaləddin əfəndi ilə bir neçə dəqiqəlik söhbət Sultanın həyatını qurtarır.
Əhməd Şoiqi daşnak ermənilərinin mənfur əməlindən Allahın möcüzəsi sayəsində qurtulan Sultanı düşmənə qalib gələn qəhrəman obraz olaraq təqdir və təbrik edərək bu tarixi hadisəni poetik dildə, mükəmməl şəkildə qələmə almışdır.
"Əmir əl-şüara"
1927-ci ildə "Şouqiyyat" adını verdiyi divanının birinci cildinin yenidən çap olunması, ərəb ölkələrində yayılması və şairin "Məclisil Şeyux" adlı Misir Ali Məclisinə deputat seçilməsi münasibəti ilə Qahirənin opera teatrında ərəb dünyasının ədəbi ictimaiyyətinin, xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Möhtəşəm tədbirdə müxtəlif ərəb ölkələrindən gələn fəxri qonaqların, şair, yazıçı, ədiblərin yekdil qərarı ilə "Əmir əl-şüara" (Şairlərin əmiri) fəxri adı təsis edilir. Ərəb ədəbiyyatı tarixində ilk dəfə olaraq Əhməd Şoiqi "Əmir əl-şüara" fəxri adına layiq görülür. Bu törəndə "ədib və şairlər ittifaqı" ərəb millətinə bu məzmunda belə bir müraciət edir:
"Ey ərəb övladları! Əhməd Şoiqinin əsərləri nəinki Şərq dünyasında, hətta Qərb aləmində də sevilir və qəbul olunur. Onun bu zəhmətini qiymətləndirmək isə hər birimizin vətəndaşlıq borcudur. Ərəb və Şərq ədəbiyyatına bəxş etdiyi layiqli töhfələrə görə, şairə olan borcumuzu qismən ödəmək üçün biz bu gün bir araya gəldik və onu bu fəxri adla təltif etdik!"
"Şouqiyyat" külliyatı
Şairin "Şouqiyyat" adlı ilk divanı kitab şəklində 1898-ci ildə çap olunur. İkinci cild 1930-cu ildə, üçüncü cild 1936-cı ildə, dördüncü cild 1943-cü ildə nəşr edilir. 1994-cü ildə Əhməd Şoiqinin bütün əsərləri külliyyat halında toplanaraq doqquz cilddə Livanın paytaxtı Beyrutda nəşr olunur. Dahi şairin tərcümə yaradıcılığı sahəsindəki fəaliyyəti də böyük maraq doğurur. O, Qərb ədəbiyyatından olan ən gözəl ədəbi nümunələri fransız və ingilis dilindən ərəb dilinə tərcümə etmişdir.
Şairin vəfatı
Zəngin ədəbi-bədii irsə malik dahi şair, böyük ədib, görkəmli dramaturq, filosof, tərcüməçi, məşhur şərqşünas alim Əhməd Şoiqi 13 oktyabr 1932-ci ildə 64 yaşında Qahirədə vəfat edir və rəsmi törənlə dəfn olunur.
Şairin xatirəsi nəinki Misirdə, hətta məşhur olduğu Avropa ölkələrində də əbədiləşdirilib. Qahirə, Qranada, Romada möhtəşəm heykəlləri ucaldılıb, büstləri qoyulub.
Əhməd Şoiqinin ev muzeyi
Ölümündən sonra onun yaşadığı villa şairin ev-muzeyi olaraq fəaliyyət göstərir. 2 mərtəbəli 11 otaqdan ibarət olan möhtəşəm villa Nil çayının sahilinə yaxın ərazidə yerləşir. Muzeydə şairin bütün şəxsi əşyaları, özünün və ailəsinin fotoları, rəsm əsərləri, 733-dən çox şəxsi əlyazması, mükafatları, ona verilən hədiyyələr, yazı masası, eynəyi, qələmləri, qələmdanları və s. olduğu kimi qorunub saxlanılır.
Əhməd Şoiqinin evi hələ sağlığında ikən hər zaman qonaq-qaralı olub. Dövrünün incəsənət, ədəbi elitasının görüş məkanı olan şairin ev-muzeyində "Karmet bin Hani" adlı mədəniyyət mərkəzi və ədəbi məclis fəaliyyət göstərir. Muzeyin rəhbərliyi və ədəbi məclis üzvləri şairin doğum və anım günündə, özəl günlərdə, bayramlarda müxtəlif tədbirlər, şeir və musiqi gecələri təşkil edirlər. Belə özəl günlərin iştirakçısı kimi, onu qeyd edim ki, söz və musiqinin vəhdətindən yaranan ədəbi gecələrdə ərəb şairlərinin şeirlərini dinləmək, həzin musiqilərə qulaq asmaq insana sözün əsl mənasında zövq və mənəvi qida verir.