Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisi növbəti dəfə bu təşkilatın fəaliyyətsizliyini tənqid edib.
Əkrəm Əylisli Modern.az saytına açıqlamasında deyib ki, Rüstəm İbrahimbəyov Ziyalılar Forumundan əlini və nəzarətini çəkəndən sonra bu təşkilat fəaliyyətsizliyi ilə diqqət çəkməyə başladı.
“Rüstəm İbrahimbəyovun avtoritetliyi, liderlik qabiliyyətləri sayəsində Ziyalılar Forumu fəaliyyət göstərirdi. Lakin sonradan Ziyalılar Forumundakı şəxslərin bir çoxunun fəaliyyətini sırf siyasi istiqamətdə qurması problemlər yaratdı”,-deyə Əkrəm Əylisli söyləyib.
Yazıçı onu da deyib ki, Ziyalılar Forumu yeni, inanılmış liderlə fəaliyyətə başlaya bilər. Əkrəm Əylisinin fikrincə, hazırda lider ola biləcək bir şəxs yoxdur.
“Mən hazırda Ziyalılar Forumunda elə bir lider görmürəm. Belə bir xarizma yalnız Rüstəm İbrahimbəyov da var idi. Ziyalılar Forumunda ondan başqa isə bu xarizmada olan ikinci bir adam yoxdur. Mən Eldar Namazov və digərlərinin bu təşkilat təzədən bərpa etmək təşəbbüsündə olacağına inanmıram. Özümə gəlincə, onu deyə bilərəm ki, məndə xarizma var. Mənə inanan insanlar çoxdur. Amma problem ondadır ki, Ziyalılar Forumu faktiki olaraq yoxdur”.
Əkrəm Əylisli Rüstəm İbrahimbəyovla heç bir əlaqəsinin olmadığını da söyləyib: “O, axırıncı dəfə Azərbaycandan Moskvaya gedəndən sonra onunla heç bur əlaqə saxlamamışam. Bir-birimizə zəng etməmişik. Mən Rüstəm İbrahimbəyovdan yaşca böyüyəm, zəngini gözləyirəm, amma o, mənimlə əlaqə saxlamır. Mənim ixtiyarım var ki, onun zəngini gözləyim”,-deyə Əkrəm Əylisli incikliyini gizlətməyib.
Aqşin Kərimov