Ötən gün Prezident yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihə və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə ötən il elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini açıqlayıb. 2013-cü ildə elan edilən əsas qrant müsabiqəsi çərçivəsində 2 pilot, 42 fundamental-tətbiqi xarakterli və 2 xüsusi layihə olmaqla 46 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun müvafiq qərarı ilə təsdiq olunub. Müsabiqə üzrə maliyyələşdirilmənin ümumi məbləği 4 milyon 500 min manat olub.
Fəlsəfə doktoru Faiq Ələkbərov Modern.az saytına verdiyi açıqlamasında nəticələrdən narazılığını gizlətməyib. AMEA-n;n Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı olan gənc alim konkret olaraq humanitar və ictimai elmlər sahəsində qalib gələn layihələrin o qədər də aktual olmadığını düşünür:
“Elmin İnkişafı Fondunun sözügedən qrant müsabiqəsində humanitar və ictimai elmlərin nəticələrini gördüm, dəhşətə gəldim... Bu doğrudan da elmdirmi?
Humanitar və ictimai elmlər sahəsində qrant müsabiqəsindən keçən layihələrə və ayrılan maddi vəsaitə bir yerdə baxaq:
1) Azərbaycan muğamı: tarixi kökləri, fəlsəfəsi və ifaçılıq ənənələri ( 85,000 manat)
2) Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemlər ( 100.000 manat)
3) Aşıq yaradıcılığı və dastanlar şərq poetikası və islami dəyərlər baxımından ( 8.000 manat)
4) Tanınmayan müəllif Əhməd ibn Məhəmməd əş -Şirvani irsinin axtarışında (12.000 manat)
5) Basqal (tarixi -etnoqrafik tədqiqat) ( 35.000 manat)
6) Naxçıvan toponimlərinin elmi-linqvistik tədqiqi ( 15.000 manat)
7) Sami dillərinin müqayisəli qrammatikası (ərəb və ibri dilləri) (50.000 manat)
8) İnsan potensialına əsaslanan sosial müəssisələr Azərbaycanda
icmaların davamlı innovativ inkişaf texnologiyası kimi (90.000 manat)
9) Müasir Azərbaycan Şərq-Qərb kontekstində və multikulturalizm (25.000 manat)
10) Aqrar istehsal strukturunun diversifikasiyasının iqtisadi əsaslandırılması (Gəncə-Qazax iqtisadi rayonunun misalında) (65.000 manat)
11) Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın təhlili və ekonometrik modelləşdirmə vasitəsi ilə qiymətləndirilməsi (İqtisadiyyatı və Təşkili İnstitutu) (55.000 manat)
Humanitar vә ictimai elmlәr sahәsi üzrә cәmi 540000 manat.
Mənə elə gəlir ki, burdakı mövzuların xeyli qismi heç bir mənada aktual deyil. Bu sahədə daha aktual və vacib məsələlər var. Özəlliklə, fəlsəfi, sosioloji, politoloji, tarixi, dilçilik sahələrində daha önəmli layihələr işlənməlidir. Milli-mənəvi dəyərlərin təbliğinə önəm verilməlidir. Mən qalib gələn müəlliflərə hörmət etməklə yanaşı, onlardan xeyli qisminin mövzularının qətiyyən aktual olmadığını düşünürəm. Biz məsələlərə daha geniş və dərin şəkildə yanaşmalı, dövlətin sərvətini cəmiyyetin inkişafına doğru istiqamətləndirməliyik. Məncə, qalib müəlliflərin əksəriyyəti özlərində güc taparaq dövlətin pulunu boş yerə sərf etməmək naminə bu işdən geri çəkilməlidirlər”.
Elmin NURİ