Azərbaycan Tələbələr Birliyi cari ilin sentyabr ayından başlayaraq özünün universitetlərdəki nümayəndəliklərini daha da gücləndirəcək. Birlikdən Modern.az-a verilən məlumata görə, nümayəndəliklərin strukturlarının yenidən təşkili, daha çox tələbənin nümayəndəliklərə cəlbi, nümayəndəliklər tərəfindən gerçəkləşən kiçik sosial layihələrin daha da effektiv şəkildə həyata keçirilməsi planlaşdırılır.
Yuxarıda qeyd edilən məsələlərin reallaşdırıla bilməsi üçün Azərbaycan Tələbələr Birliyi Avropa Tələbələr Birliyinin təcrübəsinə dayanaraq “İdeal tələbə təşkilatı” seminarı təşkil edəcək. Seminarların universitetlərdəki nümayəndəliklərdə fəal olan tələbələr üçün edilməsi nəzərdə tutulur. Keçiriləcək seminarlarda ideal tələbə təşkilatı barədə tələbələrin fikirləri öyrəniləcək və lazımi məsələlər ətrafında məsləhətlər veriləcək.
Birliyin sədri Elvin Aslanovun bildirdiyinə görə əsas məqsəd Avropa təcrübəsindən istifadə edərək tələbə təşkilatlarının inkişafında yeni-yeni uğurıar əldə etməkdir. “Biz hər zaman universitetlərdəki nümayəndəliklərlə Birliyin əlaqələrinin möhkəmləndirilməsinə ciddi fikir vermişik, bu da gələcəyə hesablanmış bir addımdır. Biz bütün dünya ölkələrindəki kimi bütün tələbələri öz ətrafında birləşdirən milli tələbə birliyi qurmaqda qərarlıyıq”.