Modern.az

“Anam fabrikdən çıxandan 2 dəqiqə sonra partlayış olur, Nuru paşanın meyiti tapılmır” - MÜSAHİBƏ

“Anam fabrikdən çıxandan 2 dəqiqə sonra partlayış olur, Nuru paşanın meyiti tapılmır” - MÜSAHİBƏ

4 Dekabr 2014, 14:55

Nuru paşa, Ənvər paşa... Qafqaz İslam Ordusunun yaradılmasında xüsusi xidmətlər göstərmiş bu qardaşlar indi Azərbaycanda hər kəs tərəfindən dərin minnətdarlıq, sevgi ilə yad edilir. Sovetlər dövründə oxuduğumuz tarix isə bu qardaşları bizə düşmən obrazında təqdim edirdi.

Gerçəklik ortaya çıxdıqdan sonra sovet tarixi buz kimi əridi. Nuru və Ənvər Killigil qardaşları Bakının xilaskarı kimi gerçək tariximizə düşdü.

Onlar barədə araşdırmaları, tarixi materialları çox oxuduq. Ancaq bizi bir məsələ çox maraqlandırdı. Bu qardaşların davamçısı varmı. Onlarla görüşə bilərikmi?

Hələ 5 il öncə Türkiyənin Alanya şəhərində Alanya Qəzetçilər Cəmiyyəti ilə Azərbaycan Parlament Jurnalistləri Birliyinin təşkil etdiyi “Ermənistanın Azərbaycanda törətdiyi soyqırımları forolarda” sərgisində Ənvər paşanın nəvəsi Osman bəylə qarşılaşmışdıq. Osman bəy və nəvəsi o zaman Alanya Qəzetçilər Cəmiyyətinin rəhbəri Mehmet Ali Dimin dəvətilə həmin sərgiyə qatılmışdı.
Onda ayaqüstü söhbətdə Osman bəy Amerikada yaşadığını söyləmişdi. Təcili görüşü olduğundan saullarımıza cavab almaq fürsəti qazana bilməmişdik.

O vaxtdan bu günə Osman Mayatepeklə görüşməyə çalışdıq. Onun babası Ənvər paşanın, babasının qardaşı Nuru paşanın Azərbaycan sevgisinin haradan qaynaqlandığını öyrənmək istəyirdik.

Mehmet Ali Dim bu məsələdə bizə dəstək olacağını söyləmişdi. Nəhayət Bakcell şirkəti də bu görüşün gerçəkləşməsi üçün bizə dəstək olacağını bildirdi.

Və 2014-cü il noyabırın 25-də Ankarada Osman Mayatepeklə görüşə bildik. Modern.az saytı Ənvər paşanın nəvəsi ilə müsahibəni təqdim edir.

-  Osman bəy, bizim üçün maraqlıdır, hansı səbəbdən siz uzun zaman Amerikada yaşamalı olmusunuz?

- Mən 1950-ci ildə dünyaya gəlmişəm. Atam Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçisi olduğu üçün ailəmiz tez-tez müxtəlif ölkələrdə yaşamalı olub. Ona görə mənim həyatımın böyük hissəsi xaricdə keçib. 1962-1967-ci illərdə İsveçrədə orta məktəbdə oxudum.
Orta mətəbin son 2 ilini isə 1967-1969- cu illərdə Romada başa vurdum. Ali təhsilimi Corc Vaşinqton Universitetində, magistratura təhsilimi isə Amerika Universitetində aldım.

Uzun illər Amerikada yaşadım. Bu arada atam səfir kimi müxtəlif ölkələrdə çalışma edirdi. Təbii ki, o, ailəsini də özü ilə götürürdü. Demək istəyirəm ki, mənim uzun illər xaricdə yaşamağımın əsl səbəbi atamın işi ilə bağlı olub. Təəssüf ki, atam çox erkən, 59 yaşında vəfat etdi.

Anam atamın ölümündən sonra Türkiyəyə qayıtdı. Mən isə xarici mühitə öyrənmişdim, ona görə də xaricdə qalmağa üstünlük verdim. Gəncliyimin 90 faizi hissəsi xaricdə keçdi. Arada tətil üçün Türkiyəyə gəlirdim. 



- Türk dünyasında sizin babalarınız tanınmış nəsil olub. Nə zaman bunu duya bildiniz?

- Anam həm Ənvər paşanın, həm də Naciyə sultanın qızıdır. Nənəm Naciyə sultan Sultan Əbdül Məcidin oğlu Süleyman əfəndinin qızıdır. Bir tərəf Osmanlı ailəsi, bir tərəf isə Ənvər paşanın ailəsi. Biz hər zaman Türkiyə Cümhuriyyəti sevgisi ilə böyüdük. Osmanlı ailəsinin sayılan, sevilən tərəfi təvazökarlığı idi. Onların göstərişə əməl etməyə maraqları olmazdı, ortalıqda o qədər də görünməyə çalışmazdılar.

Cümhuriyyət dövründə bu, bir az dəyişdi. Osmanlı ailələri yenə Türkiyədə etibar qazandı ki, bu da irəliləyiş idi.

Ancaq digər tərəfdən ailənin bəzi mənsubları reklamı üstünlük verdilər, telekanallara çıxmağı sevməyə başladılar. Bu məndə bir az təəssüf hissi yaşatdı. Anam Osmanlı ailəsinə mənsub olub və xanım sultandır. Ancaq bundan heç vaxt istifadə etməyib. Hər kəs ona Türkan xanım deyə müraciət edərdi. Heç kim onun Osmanlıya mənsub olduğunu bilməzdi. Atamın atası Tahsin Mayatepek Türkiyə Cümhuriyyətinin Meksikadakı ilk təmsilçisi olub. O, Atatürkün də yaxın dostu imiş. Mayalar və türklər arasındakı münasibətlə bağlı Tahsin bəy araşdırma aparıb və belə bir nəticəyə gəlib ki, türklər də Orta Amerika qızıldərililəri ilə eyni kökdən gəlir. Mayada 300-ə yaxın türkcə söz tapdı. 


- Osman bəy, ananız öz atası haqda sizə nələr danışıb?

- Babam Ənvər paşa 4 avqust 1922-ci ildə Tacikistanda şəhid olub. Anam 1919-cu il doğumludur. Atasını sağ ikən görübsə belə, xatırlamır. Xalam Mahpeykər 1917-ci il doğumludur. Ənvər babamın oğlu Əli isə atasını, eləcə də atası onu görə bilmədi. Nənəm Naciyə sultan Ənvər paşaya “oğlun oldu” deyə xəbər göndərib. Ancaq Ənvər paşa oğlunu görmədən ölüb.

 - Osman bəy, heç Ənvər paşanın silahdaşları ilə dialoq qurmaq imkanınız olubmu? Onlar sizə nələr deyiblər?

- 1924-cü ildə Osmanlı ailəsi sürgünə göndərildi. Naciyə sultan 1952-ci ildə əfv verilən zaman Türkiyəyə qayıtdı. Mən 1950-ci ildə anadan olmuşam. 1952-1957-ci illər arasında nənəm Naciyə sultanı gördüm. Onunla danışdım, demək olar ki, yayda yanında qaldım. 7 yaşım var idi. Əlbəttə bəzi şeyləri danışdı, ancaq ağlımda demək olar ki, çoxu qalmadı. Ancaq Naciyə sultan öz xatirələrini yazmışdı. Onu oxudum. Ondan sonra bəzi xatirələri yada salmağa başladım. Yadımda olanlar var. O da təvazökar, xoş bir insan idi. Həm yumşaq, həm də xarakterli bir xanım idi. Mən Ənvər paşanı ancaq kitablardan oxudum.

Babamın qardaşı Nuru paşa gənc yaşda vəfat etdi, anam, xalam atalarını ancaq anaları vasitəsi ilə tanıyırdılar. Babam Ənvər paşanı çox yaxından tanıyan biri ilə danışmaq mənə də nəsib olmadı.

 - Nuru paşa ilə birlikdə Azərbaycana gələnlərdən 10 il əvvələ qədər Türkiyədə yaşayanlar olub.

- Təəssüf ki, görüşə bilmədim. Yəqin bu da xaricdə yaşamağıma bağlı olub. Ənvər paşa xüsusi önəm verdiyi və qardaş olaraq gördüyü Azərbaycanı xilas etmək üçün sizin ölkəyə bir ordu göndərdi. Ordu da sıradan bir ordu deyildi. Həmin ordunun başına güvəndiyi qardaşı Nuru paşanı gətirib. Onunla birlikdə əmisi Xəlil paşanı da göndərib. İngilis ordusunu əsir alan Xəlil paşa idi.
Yeri gəlmişkən, Türk dünyasının böyük oğlu mərhum Heydər Əliyevin əbədiyaşar bir fikri var: “Bir millət, iki dövlətik”. Görürsünüz, bu fikir tarixə dayanır. Hesab edirəm ki, babalarımı Azərbaycanı azad etməyə vadar edən bu fikrin içində olanlardır. İki dövlətin bərabər işləməsi qüvvət doğurur.


- Nuru paşanın Azərbaycanda hansı işlər gördüyü barədə araşdırma aparmısınızmı?

- Nuru paşa gedib Azərbaycanı işğaldan azad etdi. Gəncədən sonra Nuru paşanın ordusu Azərbaycanın bölgələrini düşməndən təmizlədi. 1918-ci il 15 sentyabrda Bakını azad etdilər. Bunların hamısı Nuru paşanın gördüyü işlər idi. Təbii ki, yerli insanlar olmasaydı, onların dəstəyi olmasaydı Nuru paşa bunu çətin edə bilərdi.

 - Babalarınızın ermənilərlə münasibəti necə olub?

- Azərbaycanda erməni qüvvələri ilə birlikdə ingilislər də var idi. Hətta müttəfiqimiz olan almanlar belə, artıq o zaman bizim Azərbaycanda olmamızdan narahatlıq hissi keçirirdi. O ərəfədə osmanlılar əlindəki imkanları səfərbər edib Azərbaycanı qurtarmaq üçün çalışırdı.

- Sovetlər yarananda osmanlıların sovetlərin başında duranlarla bir araya gəldiyi söylənilir. Doğrudanmı babalarınız bolşeviklərlə dost olublar?

- Hərbdən sonra Ənvər paşanın özü Odessaya gedib. Mən hələ də inana bilmirəm ki, Ənvər paşa atdığı bu addımların uğurlu alınacağına ümid edirmiş. Rus orudusunu məğlubiyyətə uğradacağına inandığını düşünmürəm. O, deyirmiş ki, “biz ölsək belə, nə etmək lazımdırsa, edək”.
İngilis yazıçısının “Ənvər paşa və qərargahı” adlı bir kitabı var. Kitabda qeyd olunur ki, Ənvər paşa bir ocağın kənarında oturub əsgərlərlə danışır. Ənvər paşa deyir ki, “mənim qurtulmaq ümidim qalmadı. Sonda hamımızın şəhid olacağını düşünürəm. Ona görə də getmək istəyən varsa, Allah yolunu açıq etsin. Mən şəhid olmağı da gözə aldım”.
Heç kim yerindən durmur. Müharibədə həmin əsgərlərin çoxu da şəhid olur. 

- Siz Nuri paşanın həyatını araşdırdınızmı? Onun qəbri də yoxdur. Buna necə baxırsınız?

- Zaman keçir, Nuru paşa ticarətlə məşğul olmaq üçün Türkiyəyə qayıdır. Fabrik qurur və Qılınc Əli ilə dostluq edir. O, Atatürkə deyir ki, “Ənvər paşanın həyat yoldaşı Naciyə sultan və uşaqları səfalət içində yaşayır. Ona kömək etməyimiz lazımdır”. Atatürk də deyir ki, nə lazımdırsa edin. Bundan sonra Nuru paşa Ənvər paşaya aid olan mülkləri satır, öz imkanları çərçivəsində kömək edir.
Az da olsa pul yığılır. Anam, xalam Mahpeykər eləcə də oğlu Əli, Hümeyra sultan 1952-ci ildə xüsusi qanun çıxandan sonra Türkiyəyə qayıtmaq imkanı əldə edirlər. Həm təhsil, həm də yaşamaq üçün onlara xüsusi imtiyaz verilir. Anam İstanbul Universitetinin kimya mühəndisliyini bitirir. O ərəfədə onlara Nuru paşa baxırmış. Çünki nənəm Naciyə sultan qızının, yəni anamın evləndiyi xəbərini məktubla bilib, uzaqdan xəbər tutub. Taksim otelində anamın toy olur. Ənvər paşanın kiçik qardaşı Kamil paşa da onlara kömək edib. Ancaq anamgili Nuru paşa öz himayəsinə götürüb.

O da qəribədir ki, Nuru paşa İstanbulda öz silah fabrikində partlayış zamanı ölür. Həmin vaxt anam da orada imiş. O gün əmisi Nuru paşanı ziyarətə gedibmiş. Anam partlayışdan 2-3 dəqiqə əvvəl necə olursa, fabriki tərk edir. Bir az da qalsaydı, o da ölə bilərdi.

- Nuru paşa öz xatirələrini ananızla bölüşübmü?

 Ardı var



Elşad EYVAZLI

Layihə Bakcell-in maliyyə dəstəyi ilə gerçəkləşib 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi