Modern.az

Gəncə Avtomobil Zavodunun 10 illiyi qeyd olundu - FOTOLAR

Gəncə Avtomobil Zavodunun 10 illiyi qeyd olundu - FOTOLAR

İqtisadiyyat

4 Dekabr 2014, 22:51

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə tədbir keçirilib. Bu barədə məlumatı Modern.az-a zavodun mətbuat xidmətindən veriblər. Məlumata görə tədbirdə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Xanlar Fətiyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, 10 il öncə ölkə başçisinin təşəbbüsü ilə işə salınan Gəncə Avtomobil Zavodu iqtisadi və maliyyə göstəricilərinə görə respublikamızda öndə gedən müəssisələrdəndir.

"Əgər 2004-cü ildə 80 işçi ilə işə başlamışdıqsa bu gün onların sayı 500-dən çoxdur. Burada bizim müəssisənin əmək fəaliyyətini əks etdirən canlı stendlər var: OKA, UAZ, CAN QAN, Belarus traktorları və MAZ-lar”.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə Avtomobil Zavodunun kollektivini müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə təbrik edib:

"Gəncə Avtomobil Zavodu inkişaf tempi ilə irəliləyir. Bu müəssisədə umumidaxili məhsulun həcmi hər il artır. Bu da siz zəhmətkeşlərin gərgin əməyinin nəticəsidir. Mən ümid edirəm ki, növbəti illərdə də müəssisə bu inkişaf tempini saxlayacaq və böyük nailiyyətlər qazanacaqdır".

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç qeyd edib ki, Gəncə və Minsk Avtomobil və traktor zavodları arasında ikitərəfli əməkdaşlıq Azərbaycan-Belarus ölkələri və dövlət başçıları arasında olan səmimi münasibətlərin təzahürüdür. Çıxışından sonra səfir Belarus Parlamentinin xüsusi diplomunu və medalı Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevə təqdim edib.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə, Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçə, zavodun ilk direktoru Kafiz Abdullayevə, Müşahidə Şurasının üzvü Musa Abdullayevə, İstehsalat Birliyinin direktoru, “Tərəqqi” medallı Kamran Nəzərova Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının Fəxri diplomları verilib.

Qeyd edək ki, Gəncə avtomobil zavodunun tikintisinə 1986-cı ildə başlanıb. Lakin Sovetlər Birliyinin Kommunist Partiyasının Mərkəzi Bürosunun qərarı o vaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Ermənistan rəhbərliyi layihəni məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərib. Və yalnız Heydər Əliyevin iradəsi nəticəsində avtomobil zavodunun təməli Azərbaycanda, Gəncədə qoyulur. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəllindən isə artıq 1,5 tonluq yük avtomobillərin istehsalına başlanmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımcıq qalır. Bütün çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında Gəncə avtomobil zavodu işə salındı.











Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...