Məşhur britaniyalı jurnalist, Karnegi Fondunun siyasət təhlilçisi Tomas de Vaal Rusiyanın “Cənub axını” qaz layihəsindən imtina etməsinin perspektivini şərh edib.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Tomas de Vaal bildirib ki, Vladimir Putinin “Cənub axını”ndan imtina etməsi və yeni Rusiya-Türkiyə qaz layihəsinin reallaşdırılması barədə qərar Şərqi Avropanın energetika xəritəsini tamamilə qarışdırır. Ekspert hesab edir ki, “Cənub axını”nın reallaşa bilməməsindən Serbiya və Bolqarıstan da uduzacaq.
Jurnalistin fikrincə, proseslərin bu məcraya yönəlməsindən Türkiyə qazanacaq: “Türkiyə vəziyyətdən qalib tərəf kimi çıxacaq, Rusiya qazının bu ölkəyə verilən həcminin artırılması ilə möhkəmlənəcək”,-deyə Tomas de Vaal bildirib.Analitik Azərbaycan amilini də şərh edib. Karnegi Fondunun əməkdaşı qeyd edib ki, Azərbaycan 5 ildən sonra TANAP və TAP boru kəmərləri hesabına Türkiyə vasitəsilə Cənubi Avropaya qaz ixracına başlamağı planlaşdırır. Politoloqun proqnozuna görə Azərbaycanın planı reallaşsa, bu, Rusiya-Türkiyə layihəsinə rəqib olacaq:
“Lakin Avropa istiqamətində qaz ixracında Azərbaycanın gəlirləri azala bilər. Amma Rusiya-Türkiyə layihəsi də çox böyükdür və onu reallaşdırmaq çətin olacaq. Rusiya Avropa bazarlarına öz qazını çıxarmaq üçün TANAP-ın yeni borusundan istifadə etməli olacaq”, -deyə britaniyalı tədqiqatçı şərh edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın əsas enerji siyasəti olan “Cənub axını”nın reallaşa bilməyəcəyini deyib. Kreml rəhbəri buna görə Avropa İttifaqını ittiham edib və söyləyib ki, Bolqarıstan ərazisindən keçəcək boru kəmərlərinin tikintisinə icazə vermir.
Lakin Rusiyanın alternativ qaz kəməri vasitəsi ilə itkini kompensasiya etməsi ehtimal edilir. Rusiyanın “Qazprom” rəhbəri Aleksey Miller bildirib ki, Moskva Rusiyadan Türkiyəyə “Cənub axını” ilə eyni gücdə olan yeni qaz kəməri çəkməyi nəzərdə tutur.
Həmçinin “Mavi axın” vasitəsi ilə Türkiyəyə verilən qazın həcminin artırılması da Rusiyanın perspektiv enerji siyasəti planlarına daxildir.
Aqşin Kərimov