Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistika mənə çörək, savad verdi, həyat yoldaşı qazandırdı” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistika mənə çörək, savad verdi, həyat yoldaşı qazandırdı” - RUBRİKA

Media

5 Dekabr 2014, 11:26


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Bakı-xəbər” qəzetinin baş redaktor müavini Samirə Səfərovanı jurnalistika ixtisasına yiyələnməsinə kompleksi maneçilik törədib: “İxtisasım kitabxanaçılıqdır. Uzun müddət kitabxanaçı kimi işləmişəm. Məştağada məktəb kitabxanasında rus dili şöbəsinin müdiri də olmuşam. Amma jurnalistikaya həmişə marağım olub. Mərhum telejurnalist Mailə Muradxanlı mənim xalam olduğuna görə uşaqlıqdan jurnalistikaya böyük simpatiyam olub. Amma bir az ailəm imkan verməyib, bir az özüm kompleksli olmuşam, kölgədə qalmağı xoşlayırdım. Ona görə məni kitabxanaçılığa meylləndiriblər.

Sonra, 1996-cı ildə birinci dəfə “Azadlıq” qəzetinə korrektor kimi gəldim. Uzun müddət korrektor olaraq işlədim. Sonra yavaş-yavaş jurnalistikanın dərinliklərinə vardım. “Azadlıq” qəzetindən sonra özəl nəşriyyatda da korrektor kimi çalışmışam. Sonra “Hürriyyət” qəzetinə gəlmişəm. “Hürriyyət” dən sonra da “Bakı xəbər”i yaratmışıq. “Bakı xəbər” yarandığı gündən indiyə kimi orada işləyirəm.

Jurnalistikada olduğum üçün qəti şəkildə peşman deyiləm. İnanın ki, bayram olanda, evdə olduğum günlər elə bilirəm ki, kimsəsiz bir adada, səhradayam. İnformasiyanın içində olmayanda özümü sudan çıxmış balıq kimi hiss edirəm”.

APA-nın iqtisadiyyat şöbəsinin baş redaktoru İlkin Əhmədovun avtobusdakı davada sakit qalmamağı jurnalistikaya gəlməsinə səbəb olub:
“Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunuyam. Öz ixtisasım üzrə işləməmişəm. Elə ilk çörəyimi jurnalistikadan çıxarmağa başladım. 2007-ci ildən ATV-yə gəldim və müxbir kimi işləməyə başladım.
Hərbi xidmətdən yenicə qayıtmışdım. Qayıdan kimi, 1-2 gün istirahət edib, başladım zavodların birində fəhlə işləməyə. Evdən pul götürməyi özümə ar bildim. Düşündüm ki, fəhlə işləyərək cib xərcliyini çıxarım. Lakin paralel olaraq iş axtarırdım.
Bir gün avtobusla evə gedirdim. Avtobusda dava düşdü. İstədim ayıram, dedim ki, ictimai yerdi, burada söyüş söyülməz, qadın var, uşaq var. Əlqərəz, dava edənləri sakitləşdirdik. Yerimə oturanda bir xanım dedi ki, sizin çox gözəl səs tembriniz var. ATV-də kastinq keçirilir, radio aparıcısı axtarırlar. Düşündüm ki, zarafat, ya da “podxod” edir. Sonra dedi ki, kastinqə mütləq gedin. Adımı soruşub, daha sonra dedi ki, “sizin barənizdə ATV-nin uşaqlarına deyəcəm”, yəni tapşıracaq.

Xanımın dedikləri beynimdən 3 gün çıxmadı. Bir gün zavodda nahara gedəndə radioda kastinqlə bağlı elanı eşitdim. Artıq qəti qərarımı vermişdim. Müdirə dedim ki, mənə icazə ver gedim 1-2 saatlıq təcili işim var. Qoymadı. Mən isə ona bildirdim ki, mən bu gündən burada işləmirəm, vəssalam. “Ya Allah!” deyib getdim ATV-yə. Qorxurdum, həyacandan əsirdim. Bu səbəbdən ən sona qaldım. Və o an yetişdi. İçəri girəndə onlarla məşhur simanı görəndə özümü nağıldakı kimi sandım. Kastinqə ATV-nin radio departamentinin prodüseri Yaşar Tağıyev rəhbərlik edirdi. 1-2 mətn verdi oxumağa. Oxuyanda səsimi həyəcan bürümüşdü. Yaşar Tağıyev səsinin tonunu qaldıraraq dedi ki, “ürəkli, səlis oxu!”. Özümü toparlayıb oxumağa başladım. Yaşarın “bəsdir” ifadəsi mənə “soyuq duş” kimi gəldi. Dedim ki, “vəssalam, səninki bura qədər imiş, İlkin!”. Yaşar isə dedi ki, “get, sənə zəng edəcəyik”. Düşündüm ki, başlarından edirlər.

Bundan sonra evə getdim. Evə gələndə anamın dilxor simasını gördüm. İşdən çıxdığıma pis olmuşdu. Sakitcə yeməyi qarşıma qoyub, oturdu. Asta səslə dedim ki, “ana, ATV-yə getmişdim işlə bağlı”. Anamın siması tez dəyişdi. Dedim ki, aparıcı olmaq istəyirəm, kastinqə qatıldım. Və elə yeməklə dolu qaşığı ağzıma aparırdım ki, ATV-dən zəng gəldi. Danışan Yaşar idi. Dedi ki, “1-ci gün gəl yekun tura”. İnana bilmirdim. Uşaq kimi sevinirdim. Çünki uşaqlıq arzumun çin olmasının bir addımlığında idim. Anam isə məndən də çox sevinirdi. O, hər zaman məndən çox sevinib uğurlarıma. Bazar ertəsi şələ-şüləmi yığıb getdim ATV-yə. 1-2 mətn oxuyub, musiqi ilə bağlı suallara cavab verdim. Və nəticədə qəbul olundum. Uşaqlıq arzum - radio DJ olmaq çin oldu!

2010-cu ildə MDB-də ilk özəl informasiya agentliyi olan “İnterfaks” agentliyinin Azərbaycan nümayəndəliyinə, yəni “İnterfaks-Azərbaycan”a gəldim. Peşəkarlığı burada öyrəndim. ATV-dəki “əjdahalar”dan öyrəndiklərimi, burada daha da möhkəmlətdim. Heyətimiz də çox güclü jurnalistlərdən ibarət idi. Hərəsindən bir şey öyrəndim. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm.

Bu ilin aprel ayının 1-dən isə APA-nın iqtisadiyyat şöbəsinin baş redaktoruyam. Tarixə diqqət edin: APA-nın rəhbərliyi media ilə 1 aprel zarafatı edib (gülür).

Jurnalistikaya gəlişimlə hər bir arzuma çatmışam. Doğrudan da taleyimdə jurnalistika var imiş. Jurnalistika mənə çörək verdi, savad verdi, az-çox cəmiyyətdə məşhurluq verdi, həyat yoldaşı verdi. ATV-nin simalarından olan Aytən Tağıyeva mənim həyat yoldaşımdır. Hər zaman arzulamışam ki, yoldaşım da jurnalist olsun. Yeri gəlmişkən, Aytən xanımın da arzusu olub ki, həyat yoldaşı həmkarı olsun. Jurnalistikadan necə narazı olasan bundan sonra?!”.

“Prestige life” jurnalının baş redaktoru İlhamə Vəliqızı aparıcı ola bilmədiyi üçün məyusdur: “Mən Azərbaycan Dillər Universitetini bitirmişəm. Psixologiya üzrə də təhsilim var. Bundan başqa ehtiyatda olan tibb bacısı və USA-ANS Journalism Academy-nin məzunuyam. Sırf tərcüməçi kimi çalışmamışam. Amma işim gərəyi təbii ki, çox məlumat və materialları tərcümə etmişəm.

Əslində elə uşaq vaxtından televiziyaya marağım var idi. Hətta indi də var. Amma aparıcı ola bilmədim ki, bilmədim. 2003-cü ildən jurnalistika ilə məşğulam: qəzet, jurnal, xəbər agentlikləri və s.

2 il Mədəniyyət və İncəsənət Universitetində ingilis dili üzrə müəllim çalışdım.  Daha sonra ATV-yə müsabiqə yolu ilə seçimlərə getdim və seçildim. Orada çalışdım, sonra bir çox saytlarda PR texnoloq və jurnalist kimi işlədim. İşlədiyim KİV-lərin hamısı mənim üçün dəyərlidir, çünki hər biri mənə nəsə verib. Hazırda “Prestige life” jurnalının baş redaktoruyam.

Hər zaman özümü bu sferanın, sahənin bir parçası hiss etmişəm. Ona görə hara getsəm də, yenidən jurnalistikaya qayıdıram və düşünürəm bundan sonra da harda olmağımdan, hansı sahəyə yönəlməyimdən asılı olmayaraq həmişə bu sahəylə bağlı işlərim olacaq.

Jurnalistikaya olan sevgimdən dolayı USA-ANS Journalism Academy-ə sənəd verdim və çox şükür bitirdim. Çox sevincliyəm ki, məhz Azərbaycanın peşəkar  jurnalistlərindən - Vahid Mustafayev və Mirşahin Ağayevdən dərs almışam.

Jurnalistikaya gəldiyim üçün qətiyyən peşman deyiləm. Bu sahə mənə çox dost qazandırdı, çox şeyləri öyrətdi. Minnətdaram ki, məhz bu sevgini Allah mənə bu qədər dərin və güclü verib. Sadəcə məyus olduğum aparıcı ola bilməməyimdir. O da inşallah, hələ son deyil, qismət..”. 

APA informasiya agentliyinin kriminal şöbəsinin əməkdaşı Fuad Cəfərov keçmiş peşəsi üçün darıxmır: “Azərbaycan Texniki Universitetinin maşın mühəndisliyi fakültəsini bitirmişəm. 2 il müdafiə sənayesi zavodlarından birində mühəndis işləmişəm. “APA Holding”ə məxsus “kulis.az” saytında reportajlar yazırdım, sonra APA informasiya agentliyində kriminal şöbədə işimi davam etdirdim.

Bu gün mətbuatda olan bir çox insanla tələbə vaxtı qardaşım Qan Turalı vasitəsi ilə tanış olmuşdum və onlarla müəyyən məclislərdə görüşürdüm. Elə o vaxtdan jurnalistərin əhatəsində oldum və bu peşəni sevdim. Əsla mühəndislik üçün darıxmıram. İnsanlarla, xəbərlə işləmək texnika ilə işləməkdan daha gözəldir.

Əlbəttə, jurnalistikaya gəldiyim üçün razıyam. Razı olmasaydım bu sahədə işləməzdim”.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi