Yola salmaq üzrə olduğumuz il Azərbaycan üçün adi illərdən olmadı. Ölkəmizin beynəlxalq arenada daha çox tanınması, müxtəlif, həm də çox əhəmiyyətli sazişlərin imzalanması, eləcə də bir çox dünya səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi ilə yadda qalacaq. Əlbəttə, hərdən məyus olduğumuz hadisələrlə də qarşılaşmışıq. Məsələn, avqust ayında cəbhədə yaranan gərginlik, həmvətənlərimizin girov götürülməsi bir daha amansız düşmənlə üz-üzə olduğumuzu bir daha sübut etdi. Maraqlıdır, bütün bu hadisələrin fonunda daim Milli Məclisdə müzakirələr aparıb, qanunlar qəbul edən deputatlar 2014-cü ili necə dəyərləndirir? Bu il onların şəxsi həyatlarında hansı xatirələrlə qalacaq?
Modern.az deputatlarla növbəti sorğunu təqdim edir.
Hadi Rəcəbli: “Bu il 8 nəvədən birinin işə düzəlməsi mənim üçün əlamətdar olub. 21 yaşlı ilk nəvəm ingilis dillidir. Sevinirəm iki, artıq nəvələr də öz ağlı, bacarığı ilə seçilə bilir. Çünki o yüzlərlə insan arasında aparılan seçim nəticəsində qalib olub. Bu bir daha onu göstərir ki, Azərbaycanda həqiqətən seçim azadlığı var.
Dövlətimizə gəldikdə, ili bütövlükdə prezidentimizin adıyla bağlayıram. İlham Əliyev xarizması konkret olaraq formalaşdı və dünya bu şəxsiyyəti qəbul etdi. Təbii ki, dünya İlham Əliyevi tanıyırdı, bunlar hamısı öz yerində. Artıq İlham Əliyev xarizması müzakirə olunmur. O bir kəlmə söyləyəndə deyilir ki, “bunu İlham Əliyev deyibsə, düzdür”. İlham Əliyevin 2014-cü ildə xarizmatik şəxsiyət kimi qəbul olunması mənim üçün mühüm amildir”.
Fazil Mustafa: “Bu il mənim üçün uğurlu oldu. İlk növbədə özümlə bağlı onu deyə bilərəm ki, böyük əziyyət bahasına hazırladığım 3 kitabım çapdan çıxdı. Ümumi götürsək, şəxsi həyatda böyük bir dəyişiklik olmayıb. Əsas odur ki, ailədə hər hansı bir sıxıntı yaşamadıq, şükürlər olsun, can sağlığımız yerindədir. Hesab edirəm ki, bu il Azərbaycan dövləti üçün böyük sınaq ili olub. Avqust ayında cəbhə bölgəsində baş verənləri xüsusi qeyd etmək istərdim. Çünki məhz həmin dövr ölkəmiz üçün sınaq mərhələsi idi. Allaha şükür olsun ki, güclü ordumuz sayəsində ermənilərin hücumunu dəf edə bildik. Çox sayda şəhid versək də, amma müharibə şəhidsiz olmur. Hesab edirəm ki, məhz bu hadisənin fonunda Azərbaycan ilk dəfə olaraq özünün güclü ordu potensialını ortaya qoya bildi”.
Elmira Axundova: “Bu il şəxsi həyatımdakı uğurum Heydər Əliyevə həsr etdiyim roman - təhqiqatımı bitirib ərsəyə gətirməyimdir. Mart ayında əsərimi dövlət mükafatına təqdim etdim və may ayında komissiya tərəfindən mənə mükafat təqdim olundu. Tədbir mayın 27-də Buta sarayında baş tutdu. Şəxsən prezident İlham Əliyevin əlindən ədəbiyyat üzrə ən yüksək dövlət mükafatını aldım. Bu mənim ən böyük uğurumdur.
Respublikanın həyatında mühüm hadisələrə gəldikdə, o qədər çoxdur ki, onların hamısını sadalamaq mümkün deyil. Amma neft-qaz layihələri ilə bağlı sazişlər xüsusilə təqdirəlayiqdir. Çox böyük forumlar, tədbirlər keçirildi. Mənə elə gəlir ki, biz MDB ölkələri arasında ön sıradayıq.
Bütün bunlara baxmayaraq, avqust hadisələri heç də xoş olmayan olaylar kimi xatirimdə qaldı. Cəbhədə atəşkəsin pozulması nəticəsində gənc övladlarımızın həlak olmasına baxmayaraq, cəmiyyətimizin səfərbər olduğunu gördük. Bu hadisə göstərdi ki, cəmiyyət müharibəyə hazırdır. Bu, mənim üçün ən böyük həqiqət anı oldu. Çətin günlərin fonunda sevindirici olan insanlarımızın birlik nümayiş etdirməsi və müharibəyə hazır olduğunu göstərməsi idi”.
Zahid Oruc: “2014-cü il Azərbaycanın sosial-iqtisadi həyatında, dövlət quruculuğu prosesində uğurlu illərdən biri hesab oluna bilər. Bu il beynəlxalq aləmdə Azərbaycanın yerinin möhkəmlənməsinin şahidi olmuşuq, yeni layihələr icra olunmağa başlayıb. Çox mürəkkəb şəraitdə Azərbaycan öz maraqlarını qoruya bilib. Azərbaycan yenə də xarici, beynəlxalq tədbirlərin ünvanına çevrilib. Ölkəmiz mütəhərrik qaydada bu prosesdə mühüm rol oynamağa çalışıb. Ən önəmlisi, bunların dövlətin nəzərdə tutduğu dövr ərzində reallaşdırması üçün çox fəal işlər həyata keçirib. Bildiyiniz kimi, Azərbaycan prezidentli respublikadır. Burada qərarlar əksər hallarda dövlət başçısından gəlir. Ona görə də söyləmək mümkündür ki, Azərbaycanın rəhbəri bu il ərzində ciddi qaydada, çevik şəkildə ölkənin bütün həyatını əhatə edən proqramlarla dövlətimizin güclənməsinə nail olub və bu mənada 2014-cü il bizim aktivimizə müsbət planda yazıla bilər.
Şəxsi həyata gəldikdə, çalışmışam ki, ictimai-siyasi proseslərdə öz mövqeyimi, təhlili münsaibətlərimi söyləyim. Siz media təmsilçilərilə birlikdə daimi təmaslarımızı qoruyub saxlamışıq. Çalışmışıq ki, aktiv şəkildə cəmiyyətimiz, insanlarımız üçün, onları düşündürən, qayğılandıran problemləri ictimailəşdirək, dövlətin müvafiq qurumlarına çatdıraq. Hesab edirəm ki, bu mənada Azərbaycanın həyatına bir miskal da olsa təsir edə bilmişik. Çalışırıq ki, anamız üçün yaxşı övlad, övladlarımız üçün isə yaxşı valideyn olaq”.
Fuad Muradov: “2014-cü ili Azərbaycan üçün uğurlu il hesab etmək olar. Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs sayəsində bu il ölkəmizin ictimai-sosial-iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olduq. Azərbaycanın iqtisadi inkişafı göz önündədir. Dövlət büdcəsi son 10 ildə 20 dəfədən çox artıb.
Bu il Milli Məclis aktiv işləyib. Bir sıra mühüm qanunlar qəbul edilib. Parlamentdə bu günlərdə müzakirəsi başa çatan 2015-ci ilin dövlət büdcəsi ölkəmizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard manatdan çox, xərcləri isə 21 milyard manatdan artıqdır. Bununla Azərbaycan özünün dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir.
Bu il də Dağlıq Qarabağ məsələsinin həlli ölkə rəhbərliyinin əsas prioritetlərindən olub. 2014-cü ildə Rusiya və Fransa prezidentlərinin, ABŞ dövlət katibinin vasitəçiliyi ilə aparılan sülh danışıqları Azərbaycanın aparıcı mövqeyinin təsiri altında keçirilib. Prezident İlham Əliyevin “status-kvo dəyişdirilməlidir” tələbi ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq dəstəkləndi. Ümid edirik ki, tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik.
2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 yaşı tamam oldu. Bu müqavilə Cənubi Qafqazın və Avropanın siyasi xəritəsini dəyişdirərək Azərbaycan neftinin dünyaya çıxarılmasında mühüm rol oynadı. Bu ilin sentyabrında Azərbaycanda daha bir beynəlxalq əhəmiyyətli enerji layihəsinin əsası qoyuldu. Trans-Adriatik boru kəməri (TAP) Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənub qaz dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır.
Humanitar sahədə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın fəaliyyətini qeyd edə bilərəm. Fondun Avropada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı apardığı böyük işlər ölkəmizin tanıdılmasında mühüm rol oynayır. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən, təmir edilən məktəblərlə bağlı iş bu il də uğurla davam etdirilib.
İl ərzində deputat seçildiyim Səbail rayonunun seçiciləri ilə mütəmadi görüşlərim olub. Keçirdiyim görüşlər nəticəsində rayon sakinlərinin üzləşdiyi problemlərlə tanış olaraq onların yerindəcə həll üçün müvafiq işlər aparılıb. Bir millət vəkili olaraq daima seçicilərimlə yaxın təmasda oluram və onlar tərəfindən qaldırılan məsələlərin həll olunması üçün bütün imkanlardan istifadə edirəm. Bütövlükdə 2014-cü il ölkəmizin tarixində uğurlu il hesab edirəm.
Əminəm ki, dövlətimiz 2015-ci ildə də ölkənin ictimai-siyasi və iqtisadi həyatında öz töhfələrini verəcək.
Vahid Əhmədov: “Hesab edirəm ki, 2014-cü il Azərbaycan üçün normal bir il oldu. İqtisadi irəliləyişlərimiz baş verib, bununla yanaşı, ciddi problemlərimizin olduğunu da düşünmürəm. Düzdür, ilin sonunda neftin qiymətinin düşməsi ilə müəyyən narahatlıq baş verdi. Amma bu olan bir şeydir.
İl mənim üçün seçicilərimlə görüşlərim, parlamentdəki çıxışlarımla müşahidə olundu. Ailəm, övladlarım, nəvələrimlə normal həyata davam etdik. Şükürlər olsun, hər hansı problemlə üzləşmədik”.
Məlahət İbrahimqızı: “Ölkəmizin ictimai-siyasi həyatında çox böyük işlər görüldü. Onlardan ən əhəmiyyətlisi TANAP, TAP və “Şahdəniz” yataqları kimi beynəlxalq layihələrin təməlinin qoyulması, yol xəritəsinin müəyyənləşdirilməsi, oldu. Dünyada baş verən kotokrizlər fonunda belə bir layihələrin gerçəkləşdirilməsi çox böyük hadisədir. Mən bunu çox yüksək dəyərləndirirəm. Növbəti ildə ölkəmizin Avropa Oynlarına ev sahibliyi edəcəyi və bununla bağlı işlərin yekunlaşmaq üzrə olmasını da bu ilin uğuru hesab edirəm. Dünyada gedən qlobal maliyyə böhranına baxmayaraq Azərbaycan gələn il dünya mədəniyətinə töhvə verəcək, avropa tarixində ilk dəfə təşkil olunacaq yarışlara yüksək hazılıq işlərini yekunlaşdırır. Bu 2014-cü ilin tarixinə yazılan hadisələrdir.
Eyni zamanda ailəm üçün şükürlər olsun salamatlıq oldu. Kiçik oğlum artıq ikinci dəfə xaricdə təhsilini başa vurur, eyni zamanda iki gəlinim də master təhsillərini bitirmək üzrədirlər. Övladlarımın uğuru təbii ki, ana olaraq mənim üçün böyük uğrudur”.
Şəxsi həyat baxımından il başa çatmayıb. Yeni ilə hələ 20 gündən çox var. Sabah nə olacağını kimsə bilməz. 2014-cü il mənim üçün ya təkcə nikbin, ya da yalnız bədbin əhval-ruhiyyə yaradan işlərdən ibarət olmayıb. Onların hər ikisi məni yanaşı təqib edib. Biri az, biri çox. Hesab edirəm ki, xoş, nikbin əhval-ruhiyyə yaradan işlər daha çox olub. Bir neçə ölkənin arxivlərində işləmişəm, tariximizə dair qiymətli materiallar toplamışam. Bakı, Moskva və Ankarada kitablarım, xarici ölkələrdə bir neçə məqaləm dərc edilib. Bir sıra beynəlxalq konfransın iclaslarında moderatorluq etmişəm, məruzələrimlə tarix elmimizi layiqincə təmsil etmişəm. 2014-cü ildə mənə böyük etimad göstərilib. AMEA-nın yeni yaradılan Dünya Siyasəti İnstitutunun direktoru təyin edilməklə məsuliyyətli bir işin altına girmişəm. Milli Məclisin iclaslarında çıxışlarım, seçicilərimlə müntəzəm görüşlərim olub”.
Fərəc Quliyev: “İctimai-siyasi fəaliyyətlə məşğul olan insanın həyatı ölkənin həyatı ilə birbaşa bağlıdır. Təbii ki, Azərbaycanın uğurlarını fərdi şəkildə öz uğurum, çatışmazlığını isə öz çatışmazlığım sayıram. Ailəmin xoşbəxtliyini ölkəmin içərisində axtardığımdan ölkədə baş verən hadisənin birbaşa mənə təsiri olduğnu düşünürəm. Əlbəttə, il olaraq ağır keçdi. Dünyanın hər bir yerində, o cümlədən də qonşu ölkələrdə gərginliklər vardı. Bunlar da ölkəmizin iqtisadi həyatına təsirsiz ötüşmədi. Bu il büdcəni formalaşdıran zaman risk altında bunu etdik. Hesab edirəm ki, neftin qiymətinin düşməsi Azərbaycan büdcəsində müəyyən qədər ziqzaqlar yaradıb. Bu məni narahat edən amillərdəndir. Ən əsası isə bu ildə Qarabağ probleminin həll olunmaması məni çox narahat etdi. Hesab edirəm ki, biz problemi gələcək nəsillərə ötürməməliyik. Əlbəttə, iqtisadiyyatın, ordunun inkişaf etməsi xoş məqamlardandır. Sevindiricidir ki, ölkəmiz inkişaf edərək ayaq üstə dayanmağa başlayıb. Bütün bunlar hamı kimi məni də sevindirir”.
Gülşən RAUFQIZI