Bugünkü Azərbaycan reallığında müxalifət partiyalarının nüfuzu 90-cı illərlə müqayisədə çox aşağıdır. AXCP, Müsavat, ADP və digər bir neçə təşkilatdan başqa yerdə qalan digərlərinin cəmiyyətdəki yeri bəlli deyil.
Nə qədər qəribə olsa da, son zamanlar keçirilən mitinqlərə gələn sıravi vətəndaşların sayı da müxalifətin nə qədər zəif olduğunu göstərir. Müxalifətin zəif olmasının səbəbləri bəllidir. Bunun başlıca səbəblərindən biri liderlərin bir-birini qəbul etməməsi, yeri gələndə bir-birinə güzəştə getməməsidir. Digər səbəb, uzun illərdir cəmiyyəti cəlb edəcək fəaliyyətin olmamasıdır. Bu məsələlər zaman-zaman gündəmə gəlir və hər dəfə yeni müxalif gücün ortaya çıxmasına ehtiyac olduğu bildirilir. Bugünkü şərtlər daxilində ölkədə yeni müxalifət partiyasının yaranması realdırmı?
Modern.az saytına bununla bağlı açıqlama verən politoloq Zərdüşt Əlizadə isə yeni müxalifət partiyasının yaranmasına ehtiyac görmür: “Çünki yeni müxalifət partiyanın yaranması bir çox amillərdən asılıdır. Əvvəla, belə bir siyasətçi yoxdur. İkincisi, Konstitusiyaya əməl olunmursa, insan haqlarına heç bir təminat yoxdursa, hansı siyasi partiya normal fəaliyyət göstərə bilər?!”Politoloqun fikrincə, müxalifət partiyalarının bir-birinə savaş açması qəbahətli deyil:
“Azərbaycanda həmişə siyasi liderlər öz aralarında mövqe uğrunda mübarizə aparıblar. Başqa ölkələrdə də belədir. Ona görə də partiyalararası münaqişələr qaçılmazdır”.
“Bəs partiya liderlərinin bir-birini təhqir etməsi necə, doğrudurmu” sualına isə ekspertin cavabı belə olub: “Bu, onların siyasi mədəniyyətindən asılıdır”.
Zərdüşt Əlizadənin sözlərinə görə, indiki durumda Azərbaycanda yeni müxalifət partiyasının yaranmasını cəmiyyət özü müəyyənləşdirməlidir: “Əgər cəmiyyət dəyişiklik istəsə, təbii ki, yeni müxalifət partiyası yaranacaq”.
Politoloq əvvəllər də yeni müxalifət partiyasının yaranması ehtimalı ilə bağlı bədbin proqnoz verdiyini xatırladıb:
“Siyasi təcrübəmdən çıxış edərək bədbinliklə demək istəyirəm ki, xalqımızın mədəniyyəti elə bir səviyyədədir ki, yeni istənilən partiya yaransa da, o özünü doğrultmayacaq. Xalqın seçmək mədəniyəti həddindən artıq aşağı səviyyədə olduğundan fərqli nəsə olmayacaq”.
Namidə BİNGÖL