Modern.az

Nizami Cəfərov Siyavuş Novruzovun təklifini dəstəklədi: “O institutları birləşdirmək olar”

Nizami Cəfərov Siyavuş Novruzovun təklifini dəstəklədi: “O institutları birləşdirmək olar”

10 Dekabr 2014, 14:31

“Vaxtilə bir yerdə olan həmin institutları yenidən birləşdirmək də olar. Amma məsələ burasındadır ki, müəyyən dövr keçdikdən sonra onlar bir-birindən tematik olaraq ayrılıblar”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Nizami Cəfərov həmkarı Siyavuş Novruzovun Elmlər Akademiyasındakı bəzi institutlarla bağlı təklifinə cavab olaraq bildirib. 

Deputat və YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a müsahibəsində akademiyanın tematik cəhətdən bir-birinə yaxın olan institutlarının birləşdirilməsi təklifini verib. Onun fikrincə, elmi xətt baxımından bir-birinə yaxın olan Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Əlyazmalar institutları birləşərək vahid bir elmi qurumu, eləcə də Ədəbiyyat, Dilçilik, Folklor institutları birləşərək ayrı vahid elmi təşkilatı təşkil etməlidir.

Akademik Nizami Cəfərov isə məsələyə bu cür yanaşıb:

“Bir yerdə olanda onları idarə etmək xeyli çətinləşir. Amma onlar akademiyanın tərkibində vahid bir bölməyə tabedirlər. Akademiyada  onların problemi və müəyyən məsələləri vahid mərkəzdə müzakirə edilir, idarə olunur. Bu gün onları birləşdirmək çətindir. Çünki artıq müəyyənləşdirilmiş bir struktur var. Siyavuş Novruzov bir neçə dəfə belə deyib. Amma istədiyi odur ki, onlar daha məsuliyyətlə çalışsınlar, daha məhsuldar işləsinlər. Çünki elə problemlər ortaya çıxır ki, ona cavab verilmir. Məsələn, tariximiz, dünyaya inteqrasiyamız barədə məsələlərdə, eləcə də ideoloji cəhətdən lazımı qədər məhsuldar ola bilmirik. Ən vacib məsələ odur ki, erməni məsələsində bəzən gecikirik. Buna institutlar cavab verməlidir. Siyavuş Novruzovun da istədiyi odur ki, institutlarda məsuliyyət gücləndirilsin. Ancaq institutlar birləşdiriləndən sonra da nəticələr normal olmaya bilər”.

Nizami Cəfərov Siyavuş Novruzovun elm və təhsil sistemində kəmiyyətin azaldılıb keyfiyyətin çoxaldılması təklifinə də münasibət bildirib:

“Həqiqətən belə problemlə rastlaşırıq, işçi çoxdur, amma görülən iş azdır. Bu da nə bu günün, nə də dünənin problemidir. Akademiya yaranandan həmişə o problemlər olub. Siyavuş Novrozov da bunu nəzərdə tutub”. 

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI