Modern. az saytının “Mənim kəndim” layihəsində bu dəfə Azərbaycan Demokrat Partiyasının sərdi Sərdar Cəlaloğlu anadan olduğu Babək rayonunun Cəhri kəndi, eləcə də oradakı uşaqlıq illərindən danışır
Mənim kəndimMən Cəhri kəndində doğulmuşam. Cəhri əslində nə kənd, nə də şəhər deyil. O kənddə 1500-ə yaxın ev var, əhalisi 10 minə yaxındır. Ərazisi 11 min kvadrat kilometrdir. Kəndin ayrı-ayrı məhəllələrində yaşayan insanlar bir-birini tanımır. O qədər byükdür...
Bizim kənd o qədər böyükdür ki, yuxarı məhəllədə toy, aşağı məhəllədə yas olanda, heç kimin bir-birindən xəbəri olmur. Bizim kənddə insanların çoxu bir-birini tanımır. Kənddə 3 məktəb, 2 univermaq, xəstəxana, musiqi məktəbi var. Kəndimizdə qəsəbəyə uyğun infrastuktur formalaşır.
Dörd məscid var...
Bizdə 4 məscid fəaliyyət göstərir. O məscidlər 1990-cı illərdə tikilməyə başlandı. Məscidləri əvvəlllər söküb ya pambıq anbarı, ya da buğda, arpa anbarı etmişdilər. Məscid kimi istifadəsini qadağan etmişdilər. Sovet hökuməti zəifləməyə başlayan kimi hər kəs öz məhəlləsindəki məscidi bərpa etdi. Hamısında əzan verilir, namaz qılmaq üçün şərait var.
Kəndin “qonağ”ı
Mən 6 yaşıma qədər kənddə olmuşam. Orta təhsilimi Ordubadda almışam. İldə 1-2 dəfə kəndə gedib - gəlirdim. O kənd və xatirələr
Kəndə qonaq kimi gəldiyimdən geniş xatirələrim yoxdur. Ancaq atamla, anamla, oradakı insanların münasibəti ilə bağlı xatirələrim var.
Doğma - yad adamlar
Uzun müddətli yoldaşlıq etdiyim uşaqların sayı olmayıb. Ordubadda oxuduğum üçün orada olan uşaqlarla aramızda sədd olurdu, sanki bir-birimizi başa düşmürdük.
Hər dəfə kəndə gedəndə
Hər dəfə kəndə gedəndə birinci növbədə valideynlərimin məzarını ziyarət edirəm. Saatlarla onların məqbərəsinin önündə otururam. Onlarla mənəvi söhbət edirəm.
O kəndin “itkinləri”
Uşaqlıqda gördüyümüz kənd qalmayıb. O qədər sürətlə inkişaf edir ki, uşaqlıqda quzu otardığımız, oynadığımız yerlər yoxdur. Sanki o kənndən bizim uşaqlığımız silinib.
Qonşumuzun almaları
Başqa kəndlərdə inkişaf zəif olduğuna görə, 60 yaşında adamın uşaqlıqda oynadığı yerlər indi də olduğu kimi qalır. Bizdə elə deyil, kənd elə dəyişilib ki, uşaq vaxtı getdiyimiz yerlər yoxdur. İndi asfaltlı küçələr var, məhəllələrə zibil qabları qoyublar. İndi evlərin tikintisi də başqa cürdür. Bütün həyətlərin ətrafına divar hörülüb, bizim vaxtımızda çəpərlər var idi. Oynamaq üçün o çəpərlərdən keçirdik, qonşunun bağına girib alma yığırdıq. Ancaq indi onların heç biri qalmayıb. Hər kəs öz həyətinə qapanıb.
Ulduz İBRAHİMOVA
Elmin NURİ