Modern.az

“Şeiri ürəklərə yazılan mənəm” - Adi dəmirçi oğlundan görkəmli şairliyə çatan yol...

“Şeiri ürəklərə yazılan mənəm” - Adi dəmirçi oğlundan görkəmli şairliyə çatan yol...

10 Dekabr 2014, 17:56

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Publisist, pedaqogika üzrə fəlsəfə doktoru


Süleyman Rüstəmin şer sənəti qədim tarixi olan zəngin poeziyası əsasında, Nizaminin, Xaqaninin,Nəsiminin, Füzulinin, Vaqifin gözəl ənənələri əsasında dünyaya gəlmiş və inkişaf etmişdir...
Heydər Əliyev  

“Millətinin hüzurunda şair kimi baş əyən - o, mənəm”-deyən bir şairimiz vardı. Xalq Şairi Süleyman Rüstəm. Çox ciddi, ciddi qədər də zarafatcıl, yumorlu, məzəli bir insan. Şair, nasir, dramaturq, tərcüməçi, ata, baba, vətəndaş. Unudulmaz söz sərrafı, sevimli şairimiz bizə öz zəngin söz xəzinəsini—ürəkləri riqqətə gətirən, könül sızıldadan, qəlb çırpındıran sətirlər, gözəl poetik boyalar və nəğmələr, poemalar, qəzəllər, pyeslər və daha nələr, nələr...ərmağan edib.
Şairin cismani yoxluğu belə bizi ustad sənətkardan-onun ölməz sənətindən ayıra bilmir, onun bənzərsiz, həmişəyaşar, əbədi irsi daim bizimlədir. Çünki, əsl sənət ölmür, daim qəlblərdə yaşayır və müasir qalır.

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bədii təfəkkürünün, eləcə də ictimai həyatının inkişafında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin əvəzsiz xidmətləri olmuşdur.

Adi dəmirçi oğlundan görkəmli şair, ictimai və dövlət xadimi kimi şərəfli yol keçən Süleyman Rüstəm 84 illik ömrünün çoxunu xalqa, millətə, vətənə, torpağa həsr etmişdir.

Bu gün Süleyman Rüstəm şəxsiyyətinə, yaradıcılığına münasibət heç də bir mənalı deyildir. Bəziləri onu sosialist yönlü, partiyalı şair, bəziləri isə ustad, istiqlal şairi adlandırırlar. Bu təbiidir. İstəyirəm S.Rüstəm irsinə, onun şəxsiyyətinə yenidən bir nəzər salaq.

1906-cı ildə martın 12-də Bakı şəhərində dəmirçi ailəsində dünyaya göz açmışdır. Vaxtilə Akademik Milli Dram teatrının yerində S.Rüstəmin atasının dəmirçixanası yerləşmişdir. Balaca Süleymanın uşaqlığı məhz bu dəmirçixanada keçmişdir. Onun nəğmələri isə zindan-çəkic səsləri oldu. Çəkici güclə əlində saxlayan balaca Süleyman atasına kömək edirdi. Öz kövrək, uşaq qəlbinin dərinliklərində, xəyallarında isə xoşbəxt uşaq, balaca məktəbli obrazlarını yaşayırdı.


Sonradan Süleyman Rüstəm öz şeirlərində bu hadisələri ürək ağrısı ilə vəsf edirdi. Lakin, nə qədər acı olsa da bu bir həqiqətdir ki, sovetlərin Azərbaycana gəlişi Süleymanın həyat yollarına işıq saçdı. Onun çox xəyal etdiyi həyat gerçəkləşdi. Xoşbəxt uşaqlıq, gənclik, ahıllıq, illərini yaşadı. Yaşayıb yaratdı. S.Rüstəmin fitri istedada sahib olması, onda ədəbiyyata, poeziyaya, bütövlükdə sənətə olan qızğın, qaynar ehtirası, qazandığı və yiyələndiyi kamil məktəb təlimi tezliklə, onu ədəbi üfüqlərə, yaradıcılıq aləminə yönəltdi. Azərbaycan Dövlət Universitetində, sonra isə I Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirdi.

Ədibin qızğın yaradıcılıq fəaliyyəti Sovet ədəbiyyatının mürəkkəb dövrünü əhatə edirdi. O, əvvəlcə “Qızıl qələmlər” İttifaqının, sonra isə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin yaradıcılarından biri, Azərbaycan sovet poeziyasının banisi oldu. Heç də təsədüfü deyildir ki, neçə-neçə gənc şair, ədibin yetişməsinə verdiyi töhfələri yüksək qiymətləndirən xalq şairi Səməd Vurğun deyirdi: “Süleyman Rüstəm Azərbaycan Sovet poeziyasının banisi olmuşdur. Biz Sovet Azərbaycanının bütün şairləri Süleyman Rüstəm yoldaşa borcluyuq...”

S.Rüstəmin yaradıcılığı çoxşaxəli və rəngarəngdir. O, ədəbiyyat tarixinə şair, nasir, dramaturq, qəzəlxan, satirik, tərcüməçi kimi daxil olmuşdur. Çox maraqlıdır ki, onun  “Çimnaz xanım yuxudadır” əsəri 1922- ci ildə  hələ 16 yaşında olarkən tamaşaya qoyulmuşdur.

S.Rüstəmin yaradıcılığında vətənpərvərlik mövzusu geniş yer tutur. O, daim Azərbaycan Respublikasını, doğma Bakımızı, bölgələrimizi, Xəzəri böyük iftixarla vəsf edir:

Bakımız, Şamaxı, Naxçıvan, Qarabağ
Tarixdə bu adla yazılıb şöhrətim.
Necə fəxr etməyim, həmişə üzüağ
Məclislər başında əyləşir millətim.
Çox gözəl bilirəm, qəlbimdə bircə an.
Bu odu sönməyən məhəbbət nədəndir.
Həyatım, varlığım, hər zaman, hər zaman
Vətəndir, vətəndir, vətəndir, vətəndir.

Və ya digər şeirində:

 Səni yadlar önündə əyilən görmədilər,
 Əzmindən bir an geri çəkilən görmədilər,
Dizlərini döyüşdə bükülən görmədilər.
Dünən sonsuz əzaba sinə gərdin, ey vətən,
 Mənə səndən yazmağa qələm verdin, ey vətən.
Deyirəm torpağıma qanlı əllər dəyməsin
 Gülşəninə amansız qara yellər dəyməsin
Baldan şirin dilimə acı dillər dəyməsin.
Dost ellərə can deyən dilin vardır, ey vətən!
Beynəlmiləl nəğməli elin vardır , ey vətən!

Göründüyü kimi şairin bu və ya digər şeirlərində, xüsusilə “Azərbaycana gəlsin” şeirində onun öz doğma vətəninə , elinə, millətinə, torpağına, dilinə bağlılığı, sədaqəti öz açıqlığı ilə diqqəti cəlb edir:
        
Vətənimin seyrinə çağırıram elləri
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin.

Bu gün doğma respublikamızın inkişafına nəzər salanda, nəninki doğma Bakımızın,həmçinin, ayrı-ayrı şəhər və kəndlərimizin də günü-gündən abadlaşmasının, gözəlləşməsinin, tərəqqisinin, sözün əsl mənasında cənnətə çevrilməsinin şahidi oluruq. Bunu məhz, ustad sənətkar öz şeirlərində uzaqgörənliklə vəsf edir.

Zamanəmizin ən qüvvətli və qüdrətli liriklərindən biri olan Süleyman Rüstəmin poeziyasında lirizmi, axıcılığı, özünəməxsus tərzdə yumoru sezməmək olmur. Daim gənclik eşqi ilə alovlanan, yanan şairin əsərlərində gənclik mövzusu, məhəbbət mövzusu üsütnlük təşkil edir. Demək olar ki, ömrünün sonuna qədər bu mövzu ədibi heç bir zaman tərk etmədi.

Ağır repressiya illəri S.Rüstəmin həyatından da yan keçməyib. Müəyyən təzyiqlərə, təqiblərə məruz qaldı, bu proseslərə məğrurluqla sinə gərdi, repressiya əjdahasının onu da udmasına imkan vermədi. O dövrdə tutduğu mövqedən çıxış edərək neçə-neçə ziyalını ölüm pəncəsindən xilas etməyə müvəffəq oldu.

1928-ci ildə Yaşıl Qələmlər İttifaqı dağılandan sonra o öz zəmanəti ilə M.Müşfiq və M.Rahimi həbsdən xilas etdi. Zəmanətində bildirdi ki, M.Müşfiqlə M.Rahim bizim getdiyimiz doğru yolla gedəcəklər. Beləliklə də, onlar Qızıl Qələmlər İttifaqına qəbul edilməklə repressiya onlardan yan keçdi.
S.Rüstəmin yaradıcılığında II dünya müharibəsi də, təsirsiz ötüşməmişdir. Şairin müharibə mövzusunda yazdığı şeirlərin, poemaların ərsəyə gəlməsində onun həm də bir əsgər kimi cəbhədə vuruşması da xüsusi rol oynamışdır. “And”, “Cəbhəyə məktub”, “Ana və poçtalyon”, “Qafurun ürəyi”və s müharibə mövzusunda şairin yazdığı ən qiymətli əsərlərdir. “Gün o gün olsun ki” şeiri o dövrdə olduğu kimi, bu gün də aktuallığını itirməyib. Bu gün Qarabağ savaşı apardığımız bir zamanda bu şeirləri hər gün xatırlamaq məncə yerinə düşər:

Gün o gün olsun ki, qurtarsın dava
Dağılsın buludlar,açılsın hava
Alınsın düşməndən ömürlük qisas
Torpaq nəfəs alıb dincəlsin bir az...
Yaxası ordenli igid yar gəlsin
Xəbəri gəlməyən oğullar gəlsin.
Gün o gün olacaq , o gün gələcək
Bəşər dincələcək, həyat güləcək...

Bu mövzuda bu gün də aktual olan iki şeirə nəzər salsaq yerinə düşər. “Cəbhəyə məktub” şerində öz əsgər oğluna yazdığı məktubda ana övladını düşmənə qələbə çalmağa ruhlandırır. “Mücahidlər mahnısı” şerində isə şair şəhid analarına müraciət edərək, qəhrəman-şəhid anasını ağlamamağa səsləyir.

S.Rüstəmin Cənub mövzusunda yaratdığı əsərlər onun yaradıcılğında böyük sisilə təşkil edir. Məncə, şairin Cənub mövzusunda yazdığı əsərlər sirri açılmamış sandıq ədəbiyyatıdır.



II dünya müharibəsi illərində İranda, Cənubi Azərbaycanda olan S.Rüstəm qəddar şah rejiminin ölkədə törətdiyi fəlakətlərin acı nəticələrini gözləri ilə görmüş, milli zülmə, istibdada qarşı geniş xalq kütləsinin etiraz səsini dinləmiş, imperializim əleyhinə mübarizənin canlı şahidi olmuşdur.

Cənub mövzusu şairin yaradıcılığında sanki ikinci nəfəs açmışdır. Sovet hakimiyyətinə inanan, bütün varlığı ilə ona rəğbət bəsləyən şair, rejimin amansız siyasətinə bir vətəndaş etriazını bu mövzuda yazılan şeirlərlə birbaşa, dolaylısı və sətiraltı mənalarda böyük ustalıqla qələmə almışdır. Bu mövzuda yazılan şeriləri diqqətlə oxuyanda görürsən ki, şairin etiraz dolu hayqırtıları həm o taydakı, həm də bu taydakı rejimə qarşı yönəlib. O dövrdə belə səviyyədə şeirlər yazmaq böyük cəsarət, hünər və iradə tələb edirdi. Lakin S.Rüstəm öz həyatını təhlükəyə ataraq bir vətəndaş kimi, xalqının oğlu kimi bu prosesdə geridə qalmadı. “O tay, bu tay”, “o sahil, bu sahil”, “Bakılı, Təbrizli”, “Vətənin birliyi” , “Bütöv millət” və s terminləri həm dilimizin əzbəri oldu, həm də beyinlərimizə, şüurumuza nüfuz elədi. O zaman xüsusilə, həm İranda , həm də SSRİ-də Moskvada dövlətin ana dilinə qarşı uzanan əllərinə şair ”Dilimə dəymə” şeiri ilə qarşı çıxdı:

Mən sənin dilinə dəymirəm cəllad,
Gəl, sən də bu ana dilimə dəymə.

Göründüyü kimi, bu etiraz bir vətəndaş şairin fəryadı idi.

“Könlümə Təbriz düşdü”, “Təbrizim”, “Ayrılıq günü”, “Vüsal həsrəti”, “Anam dilli qardaşım” və s. S.Rüstəmin Cənub mövzusunda yazdığı qiymətli sənəd inciləridir. Xüsusilə də, şairin Məhəmmədhüseyn Şəhriyarla yazışmaları-məktubları diqqəti daha çox çəkən əsərlər kimi yaddaşlarda həkk olunub. Bir maraqlı fakta diqqət yetirmək yerinə düşər. Şəhriyar doğma Vətən torpağının ikiyə bölünməsində Araz çayını suçlayaraq deyirdi:

Göz yaşımsan, ay Araz,
Qoyma gözüm baxsa da görsün.
Nə yaman pərdə çəkibsən
İki qardaş arasında.

S.Rüstəm isə Arazın adından bu şeirə tutarlı cavab verir:

Yox, yaranmamışam mən göz yaşından,
Göyərçin dalğalı Arazdır adım.
Ay ellər, qardaşı qan qardaşından,
Ayıran ayırdı, mən ayırmadım.

Məntiqli və cəsarətli cavabdır, deyilmi?! Əslində şair bununla Azərbaycanı 2-yə bölən Rusiya ilə İran rejimini ittiham edir, bu bölünmənin əsas səbəbkarlarının kimlər olmasını oxucuya aydın olaraq çatdırırr, onu düşündürməyə vadar edir.



S.Rüstəmin şeirlərində öz doğma respublikasının, xalqının müstəqilliyini əldə etməsi arzusunda olduğunu görmək mümükündür. Çox vaxt o, açıq mətnlə, cəsarətlə bunu şeirlərində də tərənnüm edir.

Mən yer oğlu insana ülviyyət istəyirəm,
Dünyada hər millətə hürriyyət istəyirəm.
Öz səadətim kimi səadət istəyirəm.
Bu günümsən, ey vətən, sabahımsan,ey vətən,
Qanadımsan ey vətən, pənahımsan ey vətən.

Bu misralar qəlbi vətən eşqi ilə alışıb yanan, millətini öz səadəti kimi səadətdə bulunan, hürr görmək istəyən vətən aşiqinin cəsarətlə yazdığı istəkləri deyilmi?

Əgər bu qəbil şeirlər cənub mözusu silsiəsinə daxil edilməsəydi S.Rüstəmi mütləq repressiya gözləyirdi. Bu məsələdə də şair öz vətənpərvərliyini göstərməyə nail olmuşdur.

Əruz və heca vəznlərində şeirlər yazan Süleyman Rüstəm ənənəvi formalara yeni məzmun gətirmişdir. Şairin bir novatorluğu da ondadır ki, o əruzdan istifadə edərək 3-lük, 4-lük formalarında əsərlər yazıb. Heç bir şair Sovet ədəbiyyatında bundan istiadə etməmişdir. “Yandım” şeiri dediklərimə bariz nümunədir.

Şairin Azərbaycan ədəbiyyatında daha bir yeniliyi onun sırf Azərbaycan dilli qəzəlin yaradıcısdı olmasındadır. Güclü ilhama, söz bazasına malik olan şair qəzəllərində təkrarçılığa yol verməmişdir. Təkrirdən məharətlə istifadə edən ədib qəzələ yeni ruh, yeni şirinlik vermişdir:”Can deyək, can eşidək, can evinə can gəlsin.” və ya  “Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim”. Nə qədər həlim ürəyə yatımlıdır, deyilmi?!



Qəzəl janrına müraciət edən şairlər sırasında S.Rüstəmin yaradıcılığı üçün səciyyəvi olan yumor maraqlıdır ki, onun qəzəliyyatında da özünü birzuə verir. Digərlərində isə buna demək olar ki, rast gəlinmir.

1940-cı ildə Yazıçılar İttiafqının Plenumunda Süleyman Rüstəm qəzəlxanlığa uyub bu günün qələbələrini tərənnüm etməməkdə suçlandırılıb, təqsirləndirilib. Bu o zaman idi ki, qəzələ hücumlar vardı. Əliağa Vahid təqib edilirdi. Belə bir çətin şəraitdə S.Rüstəm sinəsini qabağa verərək qəzələ müraciət etdi. Şairin qəzəlləri, şeirləri o qədər axıcı, şirin, asan, yadda qalandır ki, xanəndələr, müğənnilər, daim S.Rüstəm qəzəliyyatına, şeiriyyatına dönə-dönə müraciət edirdilər.

“Mostdan”, “ Nasiranə bir gecə”, və s əsərləri S.Rüstəmi bir nasir kimi də tanıtdı. Dramaturgiyada da özünü sınayan şair uğurlar qazandı, sevildi. Əsərləri tamaşaya qoyuldu, ekranlaşdırıldı: ”Çimnaz xanım yuxudadır”, “Qaçaq Nəbi”, “Durna” , “Gəldi gedər” kimi pyesləri tamaşaçılar tərəfindən sevilrərək qarşılanmışdır.

1953-cü ildə Akademik Milli Dram teatrında S.Rüstəmin “ Burda mənəm Bağdadda kor xəlifə” pyesinin ictimai baxışı keçirilirdi. Tamaşa böyük maraqla tamaşaçılara nümayiş etdirildi. Baxışda o vaxtki Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin məsul işçiləri də iştirak edirdilər. Lakin onlar bu tamaşanı tənqid etdiklərindən, elə ilk baxışdan ona həbs qoyuldu. S.Rüstəmin və S.Vurğunun ciddi-cəhdlərinə baxmayaraq, tamaşaya yasaq qoyuldu. Tamaşada əsasən, o vaxtkı rayon partiya komitəsinin 1-ci katibinin , bir sözlə məmurların özbaşınalıqları öz əksini tapmışdır. Partiya, Sovet şairi kimi yüksək mərtəbələr fəth edən bir şair bu məsələdə də öz sözünü deyir, tənqid edirdi...

“Qaçaq Nəbi” dramı isə 1940- cı ildə işıq üzü görür. Bu əsər ekranlaşdırılandan sonra uzun müddət kinoda işıq üzü görə bilmədi. Ermənilərin xüsusi can fəşanlığı,  fəallığı nəticəsində film yasaq edilərək kütləvi nümayişdən çıxarıldı. Şair burada da təzyiqlərə məruz qaldı. Bir müddət sonra filmin adı dəyişdirilərək “ Qanlı zəmi”, sonra isə nəhayət ki, “Atları yəhərləyin” adı ilə senzura qayçısından keçərək efirə çıxa bildi.

Nədənsə, S.Rüstəmin satirik şeirləri haqqında söz açılmır. Halbuki, o, çox mahir, qüvvətli bir satirik şairdir. M.Ə.Sabirin satirik məktəbindən, C.Cabbarlının satirik şeirlərindən məharətlə bəhrələnən S.Rüstəm çox dəyərli, kəsərli, yadda qalan satirik şeirlər yaratmışdır. Şeirləri oxuduqca Sovet senzurası rejimində belə bir satirik şeirləri yazmaq hər kişinin hünəri olmamışdır. Bu şeirlərdə də, S.Rüstəm bədxahları, boşboğazları, xalq, millət malını talayanları, muti, ikiüzlü və yaltaq insanları qamçılayır, məmur özbaşınalığını ifşa edirdi.

S.Rüstəmin yaradıcılığına nəzər salanda görürsən ki, vətəndaş şair olan ustad sənətkar torpaqlarımıza hələ o vaxtlarda göz dikən bədxah qonşularımıza etiraz edir, şeirlərində Qarabağın, Naxçıvanın əzəli, əbədi Azərbaycan torpağı olmasını vəsf edir. 1969-cu ildə “Xorenlər iş başındadır, Xudayarlar bekar gəzir” -deyən şair əslində həyacan təbili çalır, hamını ayıq-sayıq, tədbirli olmağa səsləyirdi. Qarabağ məsələsində ilk dəfə etiraz edən, bəyanatlar verən, şeirlər həsr edən şair də məhz S.Rüstəm olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, erməni millətçilərinin Azərbaycanın əzəli, əbədi dilbər guşəsi olan Qarabağa uzatdıqları qara əllərə etiraz olaraq, 1988-ci ildə vətəndaş- şair kimi, nəhayət Parlamentin sədri kimi, xitabət kürsüsündən televizya ilə birbaşa yayımda bütün dünyaya özünün məşhur “Qarabağnamə”sini car çəkdi:

Gül-çiçək ətri hopub qızılarının dillərinə,
Yayılıb varlığının qüdrəti dost ellərinə,
Qoymaram yad əli dəysin bağının güllərinə,
Mən Süleyman səninəm, sən də mənimsən, Qarabağ,
Vətənimsən, Vətənimsən, Vətənimsən, Qarabağ.

Bu hərəkət onun mübarizliyinin, cəsarətinin, məğrurluğunun, vətənpərvərliyinin ən parlaq nümunsəi deyilmi?!

S.Rüstəm həm də hədsiz sevilən nəğməkar şair kimi də pərəstişkarlarının dərin rəğbətini, məhəbbətini qazanmışdır. Azərbaycanın çox nəhəng bəstəkarları  Üzeyir Hacıbəyli, Niyazi, Rauf Haciyev, Cahangir Cahangirov, Səid Rüstəmov, Şəfiqə Axundova, Tofiq Quliyev və başqaları şairin yaradıcılığına müraciət edərək yadda qalan mahnılar yaratmışlar. Bu mahnilar və digər musiqi nümunələri Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Əlibaba Məmmədov, Nisə Qasımova, Məmmədbagır Bağırzadə və s. müğənnilərimizin, xanəndələrimizin repertuarını bəzəyir.

S.Rüstəm çox zəngin, mənalı, şərəfli, parlaq, lakin keşməkeşli, təzadlı, mürəkkəb bir ömür yolu keçib. Şairin 90 illik yubileyində S.Rüstəm yaradıcılığına, şəxsiyyətinə yüksək qiymət verən ulu öndər Heydər Əliyev bildirmişdir ki, S.Rüstəm kimi, S.Vurğun kimi sənətkarlar 100 ildə bir dəfə gəlir dünyaya.

S.Rüstəm həm də ona görə xoşbəxt sənətkardır ki, ona sağlığında ikən canlı klassik, poeziyamızın patriarxı olmaq nəsib olub. Akademik Bəkir Nəbiyevin təbiri ilə desək, Sülüyman Rüstəmin poeziyası Azərbaycan Respublikasının müxtəsər poetik ensiklopediyasıdır.

Taleyin qismətilə bu ölməz sənətkarla mənim həm də şəxsi tanışlığım olub. Bu tanışlıq ustad sənətkarın 80 illik yubileyi ilə əlaqədar 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunda mənim təşkil etiyim yubiley mərasimi ilə bağlıdır. O zamandan etibarən, bizim aramızda deyərdim ki, bir dostluq yaranmışdı. Onunla tez-tez Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Hüseyn Abbaszadənin otağında görüşərdik. O günlər həyatımın ən xoşbəxt çağlarıdır desəm, yəqin ki, yanılmaram.

Bu gün məzarına gül-çiçəklər qoyulur, vəsiyyətinə uyğun olaraq Araz çayından gətirilmiş su qəbrinə çilənir:

Su səpin qəbrimə, dincəlim bir az,
Təzədən başlayım sonra söhbəti.
Sizdən bir ricam da, dostlar budur, bu
Kürdən yox, Arazdan gətirin suyu.
Arzuma bələddir bu torpaq anam,
O yaxşı bilir ki, mən Süleymanam.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi