Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər”: “Hərdən hirslənib “axı mən niyə bu sahəyə gəldim?!” deyirəm” - RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər”: “Hərdən hirslənib “axı mən niyə bu sahəyə gəldim?!” deyirəm” - RUBRİKA

11 Dekabr 2014, 12:29

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Space” TV-nin “Hər Həftə” verilişinin aparıcısı Ayaz Mirzəyev çox gənc vaxtında jurnalistikanın sərt üzü ilə rastlaşıb:
“İxtisasım iqtisadçıdır. Daha dəqiq desəm, istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavr və magistr təhsili almışam. Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Artıq bakalavr təhsilimin son ilində ANS TV-nin iqtisadiyyat şöbəsində işləmək təklifi almışam. Uzun müddət tamaşaçılar məni məhz elə ANS televiziyasından tanıyıblar. On ilə yaxın müddətdə orada müxtəlif vəzifələrdə çalışmışam. Hazırda “Space” TV-nin “Hər Həftə” verilişinin aparıcısıyam, eyni zamanda ictimai fəaliyyətlə də məşğulam. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, o cümlədən Beynəlxalq Avrasiya Mətbuat Fondunun proqram departamentinin rəhbəriyəm.
Jurnalistikaya tam bir təsadüf nəticəsində gəlmişəm. Hazırda dövlət qurumlarından birinin mətbuat xidmətinin rəhbəri olan yaxın dostum Anar Cəbrayıllı mənim jurnalistikaya gəlməyimdə müstəsna rol oynayıb. Bir müddət iqtisadi sahədə yazan jurnalist kimi fəaliyyət göstərdikdən sonra digər sahələrdə də biliyimi sınamışam. Son nəticədə isə siyasi mövzuda, xüsusi beynəlxalq siyasət sahəsində təhlillər yazmağı, xüsusi reportajlar hazırlamağı və bəzən də kiçik sənədli filmlər çəkməyi üstün tutmuşam.
Jurnalistikaya gəldiyimə görə peşman deyiləm. Mən bu sahədə özümü tapmışam. Fikirlərimi ifadə edə bilmişəm. Dostlar qazanmışam, bir çox ölkə ilə yaxından tanış olmaq imkanım olub. Ən əsası jurnalistika mənim həyatımın amalıdır. Onunla məşğul olanda xüsusi xoş hisslər keçirirəm. Çox gənc vaxtımda jurnalistikanın sərt üzü ilə, ciddi qaydaları ilə rastlaşmışam. Görünür, bu işin xeyrinə olub”.

“İnterAz” TV-nin əməkdaşı Nazilə Alməmmədovanın atası hər gün ona qulaq asmaq üçün xəbərlərin vaxtını gözləyir:
“Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunuyam. Öz ixtisasım Azərbaycan dili və ədəbiyyat müəllimliyidir. Öz ixtisasım üzrə heç işləməmişəm.
Ailəmdə 3 jurnalist var. İki xalam, bir də xalamın həyat yoldaşı. Mən dördüncüyəm. Jurnalistikaya gəlişimdə xalamın təsiri olub. Bu, universiteti bitirəndən sonra oldu. Qəbul imtahanında atam jurnalistika ixtisasını yazmağa icazə vermədi. “Qızın sənəti ya müəlliməlik, ya da həkimlikdir” deyirdi. Mən universiteti bitirəndən sonra magistraturaya qəbul olundum. Ödənişli əsaslarla. Bakalavrı pulsuz oxuduğum üçün magistraturaya pul vermək istəmirdim. Versəm belə, özüm qazandığım pulu ödəmək istəyirdim. Xalamın köməyi ilə “İnterAz”    TV-də təcrübəyə başladım. İşə başlayanda atama dedim ki, magistratura pulumu ödəmək üçün işləyirəm bu sahədə. O da “İnterAz”da işləməyimə icazə verdi. Maraqlısı odur ki, 3 dəfə magistraturaya ödənişli qəbul olunsam da, hələ də oxumamışam (gülür). Atamın da fikri dəyişib. Artıq hər gün mənə qulaq asmaq üçün xəbərlərin vaxtını gözləyir.
2 ildir ki, bu sahədəyəm. Öyrənməli olduğum çox şey var. Bəlkə bir gün bu sahədə olmayacam, amma jurnalistikada keçirdiyim illərin peşmançılığı olmayacaq. Çünki yaxşı dostlar qazanmışam, yaxşı insanlar tanımışam. Və bu sahədə işləməyim nəticəsində az da olsa aktiv olmuşam”. 

APA İnformasiya Agentliyinin Qarabağ üzrə müxbiri Teymur Zahidoğlu elə bilirmiş görkəmli hərbçi olacaq: “1976-cı ildə Ağdamın Üçoğlan kəndində anadan olmuşam. 1983-cü ildə Ağdam rayon Səfərli kənd orta məktəbinin 1-ci sinifinə getmişəm. 1993-cü ildə orta məktəbi başa vurduqdan sonra iyun ayında Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM-SSRİ hərb tarixində bu məktəb BVOKU kimi çox məşhur olub) qəbul olundum. 1994-cü ilin yanvarında bir neçə kursantla birlikdə raport yazıb cəbhəyə yollandıq. Həmin ilin fevralında məktəbdən çıxarıldıq. Atəşkəsdən sonra, 1994-cü ilin avqustunda ali məktəbə bərpa olunmaq üçün Bakıya göndərildik. Amma o vaxtkı müdafiə naziri Məmmədrəfi Məmmədovun aqressiv yanaşması təhsilimizi davam etdirmək imkanımızın üstündən qara xətt çəkdi. Yenidən cəbhəyə qayıtdım və... 1998-ci ilin aprel ayına qədər Ağdam, Tərtər, Bakı, Qusar, Yaşma və nəhayət Gədəbəydə hərbi xidmət keçdim... Beş ilə yaxın orduda oldum... bu da öz ixtisasıma uyğun fəaliyyətim (gülür).
Hərbi xidmətdən sonra o vaxtlar ən aktiv gənclər təşkilatından olan (1998) Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatına qoşuldum. Bir müddətdən sonra Sabunçu rayon təşkilatının təşəbbüs qrupunu yaratdım və qısa müddətdə xeyli gənci təşkilatın sıralarına cəlb edə bildim. Həmin dövrdə tanınmış jurnalist Kərim Kərimli beynəlxalq təşkilatların dəstəyi ilə Şuşaya getmişdi. Qayıdanda ADTGT-də gənclərlə görüşüb təəssüratlarını bölüşürdü. Mən həmin görüşdəcə Kərim müəllimə “Ellər bizi soruşanda nə dedin?!” adlı bir şeir yazdım və özünə oxudum. Bundan sonra Kərim Kərimli məni rəhbərlik etdiyi “Gənclik” qəzetinin redaksiyasına dəvət etdi. Getdim... Və həmin gün bu qəzetdə işləmək təklifi aldım. Çox tərəddüdlü idim. Hərbidən təzəcə çıxmış bir adamın mətbuata gəlişi qəribə görünürdü mənə. Buna baxmayaraq, təklifi qəbul etdim və hər gün qəzetə işləməyə gəldim... bununla da mənim jurnalistikada fəaliyyətimin təməli qoyuldu... Sonralar başqa-başqa qəzetlərdə yazdım. Kərim müəllimin sayəsində “Gənclik”lə yanaşı, “Qarabağ”, “Ədalət” qəzetlərində də ara-sıra yazılarım işıq üzü gördü. O vaxt gənclərin öz gücü hesabına nəşr etdiyi “Press-media” qəzeti vardı. O qəzetdən də kifayət qədər acılı-şirinli jurnalistika xatirələri qaldı mənim üçün. O vaxtlar yazdığım şeirlərim də dərc olunurdu başqa-başqa qəzet və jurnallarda. Bir müddətdən sonra görkəmli şair-publisist Şahmar Əkbərzadə məni “Mədəniyyət” qəzetinə dəvət etdi. Burada bir müddət müxbir, daha sonra isə məsul katib kimi işlədim. “Mədəniyyət”ə gəlişim daha da püxtələşməyim üçün xüsusi əhəmiyyətə malik oldu. Nəriman Həsənzadə, Nahid Hacızadə, Firuz Mustafa kimi söz adamları ilə tez-tez reallaşan görüşlərim bu sahədə çoxlu bilik və təcrübə “oğurlamağıma” kömək oldu. Mərhum şairimiz Nüsrət Kəsəmənlinin təsis etdiyi “Gün” qəzetində də yazdım bir müddət. Daha sonra “Karvan”, “Üçüncü yol” qəzetlərində çalışdım. İndi Almaniyada yaşayan dostum Fəxrəddin Hacıbəyli “Yeni Müsavat” qəzetindən çıxıb “Azadlıq” radiosunun Qarabağ üzrə müxbiri işləyirdi. 2002-ci ilin fevralında onun təqdimatıyla “Azadlıq” radiosunda işləmək təklifi aldım. Həmin vaxtdan etibarən Ağdam, Ağcabədi, Beyləqan və Füzuli bölgəsində radionun ştatdankənar müxbiri kimi, 2004-cü ildə isə “Lider” televiziyasının Qarabağ üzrə xüsusi müxbiri kimi, 2006-cı ildən etibarən paralel olaraq APA İnformasiya Agentliyinin də Qarabağ üzrə müxbiri kimi çalışmağa başladım. 2009-cu ilin əvvəlindən “Lider” TV ilə yollarımız ayrılsa da, APA-da fəaliyyətim davam edir.
Mən elə bilirdim görkəmli hərbçi olacaq məndən, amma belə olmadı... Tale elə gətirdi ki, tamam başqa ixtisas üzrə çalışmalı oldum. Bəxtim onda gətirdi ki, Qarabağ bölgəsində işləməli oldum. Burda çalışmaq elə hərbçi ömrü yaşamağa bənzəyir. Ona görə də, hesab edirəm ki, bu səbəbdən mən jurnalistikada qala bildim. Peşman deyiləm. Əksinə... Bəlkə də, başqa sahədə bu qədər dost və dostların sayəsində uğur qazana bilməzdim...”.

“Kəpəz” TV-nin əməkdaşı Şahin Əliyev mərc nəticəsində televiziyaya gəlib: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə cəmi iki ay Gənc Tamaşaçılar Teatrında işlədim. Sonra bir müddət kiçik bizneslə məşğul oldum. Televiziyaya (jurnalistikaya) gəlişim isə sırf təsadüfdür. Demək olar ki, bu, bir mərc nəticəsində baş verdi. Bir dəfə atamla birlikdə televizora baxırdıq. AzTV-də televiziya diktoru müsabiqəsi barədə elan verildi. Atam “bəlkə özünü sınayasan” dedi. Mən təəcüblə ona baxıb “elə bircə bu qalmışdı ki, diktor olum...” cavabını verdim. O isə “ancaq yekə-yekə danışmağı bacarırsan. Get gör heç səni götürərlər?” deməklə məni lap özümdən çıxartdı. İllər sonra anladım ki, bununla o, mənim qüruruma toxunaraq müsabiqəyə qatılmağa vadar etmək istəyirmiş (və buna nail oldu). Təxminən bir həftə sonra müsabiqədə iştirak etmək üçün Teleteatrın binası qarşısında gözləyən min nəfərdən biri də mən idim. Müsabiqə bir neçə mərhələdən ibarət oldu və gözlədiyim qədər də asan keçmədi. Amma, son nəticədə televiziyada işə qəbul edilən cəmi iki nəfərdən biri də mən oldum. O vaxtdan 18 il ötüb. Bunun 4 ilini AzTV-də, 13 ilini “Lider” TV-də işləmişəm. İndi isə “Kəpəz” TV-də (“Region” TV) çalışıram. Televiziyada görmədiyim iş qalmayıb (diktor, redaktor, radio diktoru, aparıcı-müxbir, şef-redaktor, prodüser, baş redaktorun müavini, baş redaktor). Hərdən hirslənib “axı mən niyə bu sahəyə gəldim?!” dediyim anlar da olub. Amma, ümumən həyatımdan razıyam. Həm də indi başa düşürəm ki, axı təsadüfi heç nə olmur. Əgər bu gün buradayamsa, deməli elə belə də olmalıdır”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi