“Manatın məzənnəsi ilə bağlı uzunmüddətli dövr üçün proqnoz vermək çətindir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda manatın məzənnəsini bazar deyil, birbaşa Mərkəzi Bank müəyyənləşdirir. Neftin qiyməti aşağı düşənədək (faktiki olaraq noyabr ayına qədər) manatın məzənnəsilə bağlı hər hansı bir narazılıq yox idi. Azərbaycan ixracatı, idxalı təxminən 1/3 hissə üstələdiyindən, daxil olan vəsaitlərin həcmi ölkədən çıxan vəsaitlərin həcmindən təxminən 3 dəfə çoxdur.
Bundan əlavə, ölkəyə daha çox dollar kütləsi daxil olur. Bu da sözsüz ki, manatın məzənnəsinin aşağı düşməsinin qarşısını faktiki olaraq alır. Mərkəzi Bank zaman-zaman, əsasən də 2010-cu ildən başlayaraq manatın məzənnəsində kəskin möhkəmlənmənin qarşısının alınması üçün dolları dövriyyədən çıxarır. Amma məzənnənin möhkəmlənməsi yalnız idxal-ixracla müəyyənləşmir”.
Bu barədə Modern.az-a iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.O, qeyd edib ki, Rusiyada rublun məzənnəsi kəkin şəkildə aşağı düşüb: “Amma Rusiyanın da ixracatı idxalından daha çoxdur. Hazırkı şəraitdə rublun məzənnəsini qoruyub saxlamaq mümkün deyil. Güman olunur ki, neftin qiyməti aşağı düşdükcə manata dolların təzyiqi artacaq. İxracatın çox olmasına baxmayaraq, Mərkəzi Bank manatın məzənnəsinin qorunub saxlanması üçün artıq manatın sterilizasiyasını etmək məcburiyyətidə qalacaq.
Bunun nəticəsində Mərkəzi Bank dividentlərin bir hissəsini manatın məzənnəsinin qorunub saxlanmasının istifadəsinə yönəldəcək. Bizim proqnozumuz ondan ibarətdir ki, Mərkəzi Bankın intervensiya siyasətini və Azərbaycanın tədiyyə balansını, eyni zamanda neftin qiymətinin aşağı düşməsinin həm birbaşa, həm psixoloji, həm də kənar effektlərini nəzərə alsaq, yaxın altı ayda manatın məzənnəsinin düşməsi gözlənilmir”.
Ekspertin fikrincə, orta və uzunmüddətli dövrdə manatın məzənnəsi dünyada birbaşa neftin qiymətindən asılı olacaq:
“Neftin qiymətində kəskin azalma davam edərsə, bu birmənalı şəkildə ölkəyə daxil olan inevstisiya kütləsinin azalması və praktik olaraq, dövriyyədə manat kütləsinin çoxalması, dolların isə azalmasına gətirib çıxaracaq. Digər baxımdan, manatın növbəti mərhələdə məzənnəsi dövlətin devalvasiyaya gedib-getməyəcəyindən asılı olacaq. Rusiya təcrübəsi göstərir ki, devalvasiya bəzi hallarda büdcəni doldurmaq üçün əsas vasitələrdəndir. Dollar manata psixoloji təsir edir. Neftin qiyməti aşağı düşən zaman ölkəyə daxil olan dollar kütləsi azaldığı üçün, dövriyyədə də dollar azalır. Vətəndaşlar isə daha çox dollara üstünlük verməyə başlayır. Çünki bu halda dollar risqsiz təsiri bağışlayır”.
Dollar hesabına varlananlara gəldikdə, ekspert bunu real hesab etmir.
Gülşən RAUFQIZI