Modern.az

“Rusiyada yaşanılan şok olaylar Azərbaycanda təkrarlanmayacaq”

“Rusiyada yaşanılan şok olaylar Azərbaycanda təkrarlanmayacaq”

İqtisadiyyat

11 Dekabr 2014, 15:24

Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ardınca Rusiya rublunun kəskin surətdə dəyərini itirməsi əhalidə manatın məzənnəsi, eləcə də güzəranla bağlı müəyyən narahatlıqlar yaradıb. İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli bu məsələlərlə bağlı Modern.az saytına müsahibə verib.

- Neftin qiymətinin aşağı düşməsi ilə bağlı çox həyəcanlı proqnoz verilir. Bir müddət əvvəl Rusiya prezidenti elan etdi ki, dünya bazarında neftin qiymətinin 80 dollara enməsi dünya iqtisadiyyatını dağıdacaq. Son aylar neftin qiymətinin həmin həddən də aşağı düşməsi dünya iqtisadiyyatına nə vəd edir?

- Nəzəri baxımdan, neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrə mənfi, neft istehlakçısı olan ölkələrin iqtisadiyyatlarına isə müsbət təsir göstərir. Yəni neftin qiyməti aşağı düşəndə neft hasil edən ölkələrin neftdən əldə etdikləri gəlir azalır. Ölkə iqtisadiyyatında neftin payı nə qədər yüksək olarsa, gəlirlər də bir o qədər çox azalır. Neftin qiymətinin aşağı düşməsi neft istehlakçısı olan ölkələrin neftə xərclədiyi vəsaitin azalmasına və iqtisadi fəallığın artırılmasına yönəldilməsi ilə həmin ölkələrin iqtisadiyyatlarına müsbət təsir göstərir. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin qiymətləndirmələrinə görə, neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrin, xüsusən də Rusiya, İran, Venesuela, Nigeriyanın iqtisadiyyatına mənfi təsiri olsa da, ABŞ, Yaponiya, Avropa ölkələri və Çinin isə əlavə olaraq orta hesabla 0,8 faizə qədər artım əldə edə biləcəklər.
Rusiya prezidentinin d”ünya bazarında neftin qiymətinin 80 dollara enməsi dünya iqtisadiyyatını dağıdacağı” barədə fikrinə gəldikdə, neftin qiyməti artıq 80 dolardan da aşağı səviyyəyə enib və 70 dolların altında fırlanmaqdadır. Amma hələlik dünya iqtisadiyyatının dağılması hiss olunmasa da, Rusiya iqtisadiyyatı ciddi problemlərlə üzləşməyə başlayıb. Deməli, neft bazarında gedən proseslər dünya iqtisadiyyatını bir qədər silkələyəcək, amma ən çox ziyan çəkən Rusiya olacaq....

- Neftin qiymətinin aşağı düşməsinin Rusiya iqtisadiyyatına daha çox təsiri nə ilə əlaqədardır?

- Neftin qiymətinin aşağı düşməsinin Rusiya iqtisadiyyatına daha çox təsir edərək şok mənfi effekt yaratmasına müxtəlif səpgili amillər təsir göstərir. Onların arasında Rusiya iqtisadiyyatının 2008-ci il qlobal maliyyə-iqtisadi böhranı zamanı ən çox itkilərə məruz qalan ölkələrdən iri olması və bir sıra parametrlərinə görə hələ də həmin böhrandan tam çıxa bilməməsi, bu ölkənin maliyyə sektorunda iqtisadiyyatın açıqlıq dərəcəsinin müvafiq bazar institutlarının inkişaf və möhkəmlik dərəcəsinə adekvat olmamasıdır. Bundan başqa, iri iqtisadiyyatlara xas olan əsas xüsusiyyət və onların əsas parametrləri baxımından Rusiya iqtisadiyyatının həmin ölkələr arasında hələ də zəif həlqə olaraq qalması, Qərbin tətbiq etdiyi sanksiyalar, ölkədə həyata keçirilən siyasətin ölkəni düşdüyü vəsiyyətdən çıxarmaqdan ötrü yetərli olmaması, iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyinin aşağı olması və sair bu kimi amillər daha ciddi rol oynayır.

- Bir sıra analitik təhlillərdə və ekspert yanaşmalarında Azərbaycanın adı neftin qiymətinə ən həssas dövlətlər sırasında çəkilir və burdan da belə nəticə çıxarılır ki, hazırda neftin qiymətinin sürətlə aşağı düşməsi Rusiya, Nigeriya, Venesuela kimi büdcələrində neftin payı çox olan dövlətlərdən biri kimi Azərbaycanda da böhran başlayacaq, 2014 və 2015-ci il büdcələri yerinə yetirilməyəcək, inflyasiya artacaq, milli valyuta dəyərdən düşəcək və sair... Sizin bu mülahizələrə münasibətiniz necədir?

- Neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən, bir qrup ekspert obyektiv mövqe sərgiləsə də, çoxları sensasiya yaratmaq istəyindən, ya da sadəcə arzu və istəklərini bildirməkdən uzağa gedə bilmirlər. Azərbaycanın ümumi daxili məhsulunun 40 faizindən çoxu, büdcə gəlirlərinin 65 faizi, xarici ticarətin 90 faizindən çoxu neft amili ilə bağlı olduğundan, ölkəmizin adının neftin qiymətinə ən həssas dövlətlər sırasında çəkilməsi təbiidir. Elə bu göstəricilərdən də aydın görünür ki, neftin qiyməti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin hər dolları ÜDM-i təqribən 230 milyon manat azalda bilər. Neftin qiyməti aşağı düşməkdə davam etsə, Dövlət Neft Fondunun gəlirləri 2014-cü ildə proqnoz göstəricilərindən yüksək olacaq. Azalma prosesi 2015-ci ilə keçsə, Azərbaycanın neft gəlirləri azalacaq, bu, həm neft ixracından daxil olan gəlirlərin, deməli Dövlət Neft Şirkətinin, Azərbaycanda çalışan xarici neft şirkətlərinin, həm də Dövlət Neft Fondunun gəlirlərini azaldacaq.

2008-2009-cu illərdə olduğu kimi, indi də tikinti sahəsində müəyyən problemlərin meydana gəlməsinə, zəif həlqə rolunu oynayan bir sıra şirkətlərin fəaliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Yalnız nəzərdə tutulan bəzi üçüncü, dördüncü, beşinci dərəcəli layihələr müvəqqəti dayandırıla bilər. Amma 2015-ci ilin əsas layihələri dayandırılmayacaq. Çünki bu layihələr daha çox Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi ilə bağlı çox zəruri layihələrdir. Ona görə də  neftin qiymətinin neçə dollar olmasında asılı olmayaraq mütləq həyata keçiriləcək. Həm də Rusiyadan fərqli olaraq neftin qiymətinin aşağı düşməsinin törətdiyi fəsadlarla bağlı Azərbaycan bu labirintdən az itki ilə çıxan azsaylı ölkələrdən biri olacaq...

- Nəyə əsasən belə qənaətdəsiniz?

- Çünki Rusiya iqtisadiyyatı, bir tərəfdən neftin qiymətinin aşağı düşməsi, digər tərəfdən isə Qərbin sanksiyaları və maliyyə konyukturunun aşağı düşməsi və onun üçün dünya maliyyə bazarına, hesablaşma sisteminə çıxışın məhdudlaşdırılması hesabına iqtisadiyyatında şok olaylar yaşayırsa, Azərbaycan, sadəcə əksər enerjidaşıyıcılı ölkələrdən biri kimi neftin qiymətinin aşağı düşməsi nəticəsində gözlənilən gəlirlərin bir hissəsinin itirilməsi mərhələsini yaşayır. Bunlar isə yerlə göy qədər fərqli şeylərdir... Nəticədə bu təlatümdən gəlirlərin azalması vasitəsilə Azərbaycan bir zərbə, Rusiya isə həm gəlirlərin azalması, həm rublun dəyərinin itirməsi, həm kapital axını, həm birja titrəmələri, həm də əhalinin güzəranının pisləşməsi şəklində 5 zərbə alır.

- Azərbaycanın neftin qiymətinin aşağı düşməsinin törətdiyi fəsadlardan az itki ilə çıxa biləcəyini Rusiya ilə müqayisəli şəkildə əsaslandırmaq mümkündürmü?

- Əlbəttə, mümkündür... Bu olaylarda miqyaslar müxtəlif olsa da, Rusiya və Azərbaycana yalnız bir istiqamətdə - neft gəlirləri baxımından dəyən ziyan təqribən eyni ssenari üzrə özünü göstərir. İxracatın 70 faizə yaxının, büdcə gəlirlərinin 50 faizdən çoxunun neft amilindən asılı olduğu Rusiyada, dünya bazarında neftin qiymətinin azalmasının hər dollarına görə ölkənin ixracı 3 milyard dollar, büdcə gəlirləri isə 2 milyard dollar azalır. İxracın 90 faizindən çoxunun, büdcə gəlirlərinin 65 faizinin neft amilindən asılı olduğu Azərbaycanda neftin qiymətinin azalmasının hər dollarına görə ölkənin ixracı 260 milyon dollar, büdcə gəlirləri 26,5 milyon dollar azalır. Qalan sahələr və istiqamətlər üzrə Azərbaycan müqayisəli üstünlüyə malikdir:
Əvvəla, onu deyək ki, neftin qiymətinin aşağı düşməsi bu il Azərbaycanın ümumi daxili məhsulunun artım tempinin proqnozlaşdırıldığından bir qədər aşağı - 3 faiz ətrafında olacağına özünəməxsus şəkildə təsir etsə də, bu temp dünyanın orta statistik iqtisadi artım tempinə uyğun bir rəqəmdir. Rusiyada isə bu il iqtisadi artım tempi 0,2 faizə enməklə ölkəni staqnasiya vəziyyətinə salacaq, 2015-ci ildə isə böhran 1,2-1,5 faiz enmə ilə davam edəcək. Belə bir şəraitdə Rusiya Azərbaycanın hazırkı iqtisadi inkişaf templərinə ən yaxşı halda 2017-ci ilə çata biləcək. Bu müqayisə iqtisadi kataklizmli dövrlərdə vaxt qazanmaq və müsbət dinamizmi qoruyub saxlamaq (Azərbaycan) və staqnasiyaya yuvarlanmaq və vaxt itirmək (Rusiya), bunun da əhalinin güzəranına təsiri baxımından görünən böyük fərq fikirləşib rasional nəticə çıxarmaqdan ötrü zəngin material verir.

İkincisi, neftin qiymətinin aşağı düşməsi Azərbaycanda 2014-cü ilin büdcə gəlirlərinin proqnoz göstəricilərinə yaxın səviyyədə reallaşmasına mane olmayacaq. Əvvəla, deyək ki, neftin qiymətinin aşağı düşməsi bu il ölkəmizin ümumi daxili məhsulunun artım tempinin proqnozlaşdırıldığından bir qədər aşağı - 3 faiz ətrafında olacağına özünəməxsus təsir etsə də, büdcəmizdə ciddi problem yaratmayacaq. Çünki neftin qiyməti son aylar xeyli aşağı düşsə də, 2014-cü ilin yanvar-iyun aylarında Azəri Layt xam neftinin 1 barrelinin qiyməti 109- 113 dollar arasında olduğundan, il ərzində orta statistik qiymət 100 dollar ətrafında olacaq və bu da 2014-cü ilin büdcəsinin proqnoz göstəricisinə uyğundur. Digər tərəfdən, əgər 2014-cü ilin 9 ayı ərzində büdcədə 1,4 milyard manata yaxın profisit yarana bilirsə, deməli, bu ilin büdcəsində ciddi problem yaşanılmayacaq.

Üçüncüsü, neftin qiyməti aşağı düşdükcə, rublun dönərli valyutalara nisbətdə məzənnəsi defolft dövründən sonra ən sürətlə enməyə məruz qalıb. Valyuta bazarına intervensiya da buna kömək etmədi, əksinə Rusiya Mərkəzi Bankı 10 milyard dollarla ölçülən itkilərə məruz qaldı. Qeyd edək ki, bu ilin əvvəlində 1 dollar 33 rubl səviyyəsində idisə, sanksiyalardan və neftin ucuzlaşmasından sonra 55 rubla qədər ucuzlaşıb. Ölkədən 100 milyard dollarla ölçülən kapital axını gücləndi. Bunlarla paralel birja titrəmələri də başlayır. Rublun qiymətdən düşməsi əhalinin güzəranına ciddi zərbə vurub.

Rus rublundan fərqli olaraq Azərbaycanda milli valyuta-manatın nisbi sabitliyi qorunub saxlanılır və orta perspektivdə də belə sabitlik təmin olunacaq. Amma rublun ucuzlaşması həm bizim Rusiyaya ixrac etdiyimiz meyvə-tərəvəzə, həm də Rusiyada çalışan azərbaycanlıların gəlirlərinə, bu isə onların Azərbaycana-ailələrinə göndərdikləri pulun məbləğinə mənfi təsir göstərəcək.

2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranının dərslərindən çıxarılan nəticələr hazırda Azərbaycanda daha mükəmməl pul siyasəti yeritməyə imkan verdiyindən, Rusiyadan fərqli olaraq 2014-cü və 2015-ci illərdə Azərbaycanda inflyasiya zəif olacaq. 2014-2015-ci illərdə inflyasiya Rusiyada 10 faiz ətrafında, Azərbaycanda isə 2 faiz ətrafında gözlənilir. Gələn il Azərbaycanda ölkəyə gətirilən mallar hesabına “inflyasiya idxalı” bir qədər arta bilər, bununla belə, yenə də güclü qiymət atımı gözlənilmir.

Dünya bazarında neftin qiymətinin 40 faizə yaxın aşağı düşməsi fonunda Rusiyada benzinin qiyməti 10 faiz artıb. Benzinin qiymətinin artması daşınma xərclərini artırmaqla məhsulların maya dəyərini artırdığından qiymət artımına təsir göstərir. Həmin ölkənin əhalisi bunu neftin qiymətinin aşağı düşdüyü dövrün paradoksu hesab edib narazılıq bildirirlər. Azərbaycanda isə neftin qiymətinin aşağı düşdüyü şəraitdə benzinin qiymətində dəyişiklik və deməli onun digər məhsulların qiymətinə təzyiqi yoxdur.
Neftin qiymətinin aşağı düşməsi Rusiya ərazisində və Rusiyadan kapital axını dalğasını gücləndirib və bu rəqəm artıq 100 milyard dollarla ölçülür. Azərbaycanda güclü kapital axınına əsas yaradan amil yoxdur.
Azərbaycanın strateji valyuta ehtiyatları isə müsbət dinamika nümayiş etdirərək artmaqda davam edir. Strateji valyuta ehtiyatlarımız 55 milyard dollara çatır ki, bu da 3 illik mal və xidmət idxalına kifayət edər.

Rusiyanın 420 milyard dollar strateji valyuta ehtiyatının yalnız 300 milyard dollara qədəri  likviddir. Bunun müqabilində Rusiyanın üst-üstə 680 milyard dollar borcu var ki, onun 100 milyard dollardan artığını 2015-ci ildə qaytarmalıdır. Azərbaycanın 5 milyard manat və ya 6,4 milyard dollara yaxın xarici dövlət borcu var. Rusiyanın strateji valyuta ehtiyatları məcmu xarici dövlət borcundan 1,6 dəfə az, Azərbaycanın strateji valyuta ehtiyatları isə xarici dövlət borcundan 8,6 dəfə çoxdur.
Bütün bu müqayisələr əyani şəkildə göstərir ki, dünya neft bazarında baş verənlər dünya iqtisadiyyatını nə qədər silkələsə də, Rusiyada yaşanılan şok olaylar Azərbaycanda tam şəkildə təkrarlana bilməz. Çünki Rusiya ilə müqayisədə Azərbaycanın iqtisadi manevr imkanları daha güclüdür.

 - Amma Azərbaycanın 2015-ci il dövlət büdcəsi barədə də pessimist fikirlər var...

- Milli Məclisdə Azərbaycanın 2015-ci il dövlət büdcəsi müzakirə olunarkən onun müsbət və mənfi məqamları barədə geniş çıxış etdiyimdən, bu məsələ bir də qayıtmağa lüzum görmürəm. Amma Azərbaycanın 2015-ci il dövlət büdcəsinə neftin nə dərəcədə təsiri barədə fikir yürütməkdən ötrü, mütləq onun strukturunu nəzərə almaqla mülahizə yürütmək lazımdır. Belə ki, 2015-ci ilin 19,4 milyard manatlıq büdcə gəlirlərinin 10,4 milyard manatı Neft Fondundan transfert hesabına olacaq. Bu məbləğ gələn ilki büdcənin cari xərclərini örtmək üçün yetərli olduğundan, deməli neftin qiymətindən asılı olmayaraq gələn il hökumət təkcə neft fondundan transfertlər hesabına büdcə çərçivəsində götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcəkdir. Gələn ilki büdcənin gəlirlərinin 4,8 milyard manatı və ya 25 faizi Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmalardır. Büdcə gəlirlərinin 1,6 milyard manatı və ya büdcə gəlirlərinin 8 faizindən artığı Gömrük Komitəsi xətti ilə formalaşacaq. Vergilər Nazirliyi xətti ilə neft sektorundan daxilolmalar isə 2,3 milyard manat və ya büdcə gəlirlərinin 12 faizə yaxının təşkil edəcək. Deməli, neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinin 88 faizə qədər hissəsinə elə bir təsiri olmayacaq, yalnız qeyd etdiyimiz həmin 12 faizə və ya 2, 3 milyarda manatlıq hissəsinə təsir göstərəcəkdir. Əgər bütün 2015-ci il boyu neftin qiyməti orta hesabla 80 dollar olarsa, onda büdcəyə 265 milyon manat, yəni büdcə gəlirlərinin 1,3 faizi qədər, 70 dollar olarsa - 530 milyon manat, yəni büdcə gəlirlərinin 2,6 faizi qədər, 60 dollar olarsa - 796 milyon milyon manat, yəni büdcə gəlirlərinin 3,9 faizi qədər, 50 dollar olarsa - 1 milyard manatdan bir qədər artıq, yəni büdcə gəlirlərinin 5,2 faizi qədər ziyan dəyəcək. Əgər 2015-ci ildə neftin qiyməti orta hesabla 50 dollara düşər və ən pessimist variantda gələn ilin birinci yarısında elə həmin səviyyədə qalarsa, onda büdcəyə cəmi 500 milyon manat ziyan dəyəcək ki, bu da büdcə gəlirlərinin 2,5 faizi qədərdir. Deməli neftin qiyməti 60 dollardan aşağı ensə və həmin vəziyyət 6 ay - 1 il müddətində davam etsə, onda 2009-cu ildəki mənfi meyllər müəyyən dərəcədə özünü göstərə bilər.  Amma ən pessimist variantda belə 2015-ci ildə büdcə xərclərinin kəskin surətdə ixtisar edilməsinə, tikintiləri kütləvi surətdə saxlamağa, bəzi ölkələrdə olduğu kimi, maaş və pensiyaların verilməsini ləngitməyə və sairə ehtiyac olmayacaq.

Namidə Bingöl

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...