“Məncə, uzun şərhə ehtiyac yoxdur, dünən epizodu tam dəqiq görə bilmədiyimə görə, biz professionallıq naminə dedik ki, sabah bir daha baxacağıq. “Qarabağ” “İnter”i məğlub etdi. Lakin təəssüflər olsun ki, hakimin səhv qərarı qələbəmizi əlimizdən aldı. “Qarabağ” dekabrın 15-də Nyon şəhərində püşkatmaya getməli idi. Mən bunu səbirsizliklə gözləyirdim, lakin olmadı. “Qarabağ” bununla belə tur keçə biləcəyini bütün Avropaya sübut etdi. Biz öz şikayətimizi edəcəyik. Güman edirik ki, modern Azərbaycanın uğurlarını, bizim haqqımızı Avropa təsdiqləyəcək.
Qərar dəyişməsə də mənəvi cəhətdən bu bizə vacibdir. İnşallah, “Qarabağ” Avropa qapısını təzədən döyəcək. Tarixi bir qələbə əlimizdən alındı, ancaq həyat davam edir .
UEFA da yəqin ki, gələn il daha bacarıqlı hakimlər göndərərlər. İnsan fikirləşir ki, açıq görünən səhvi necə qəbul etmək olar?” Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov da baş verənlərə münasibətini bildirib. Onun sözlərinə görə, hakimlərin komanda işi bərbad idi:
“Altı hakim oyunu idarə edirdi. Lakin təəssüflər olsun ki, səhv qərarın qarşısı alınmalıdır. Leroy Corc passiv ofsaydda olsa da, qol sayılmalı idi. Bu UEFA-nın qolu idi.
Qapı yanındakı hakim bunu görürdü və hakimə deməli idi. Leroy Corc qapıçının görməsini bağlamırdı .Qol tamamilə qaydalar çərçivəsində vurulub. Dünən UEFA nümayəndəsi də qolun təmiz olduğunu dedi. UEFA-dan həmin hakimlərə təyinat verilməyəcək”.
X.Məmmədov oyunun yenidən keçirilib-keçirilməməsi ilə bağlı sualı cavablandırıb və bildirib ki, iki halda oyun yenidən keçirilə bilər:
"Bir - tam oynanılmasına görə, digəri isə iki sarı vərəqənin tətbiq olunmayanda. Lakin ofsaydla bağlı yenidən oynanılmır".
Modern.az