Modern.az

Xəbər saytlarının böyük qardaşı - 10 yaşlı “Mediaforum”dan REPORTAJ

Xəbər saytlarının böyük qardaşı - 10 yaşlı “Mediaforum”dan REPORTAJ

15 Dekabr 2014, 09:30

Azərbaycada internet medianın əsasını qoyan “Mediaforum.az” saytının 10 yaşı tamam olur… Modern.az olaraq “Mediaforum”un 10 yaşını saytın redaksiyasından hazırladığımız kiçik reportajla təbrik etdik.

Bu günlərdə “Mediaforum” saytı çətin günlərini yaşayır. 2004-cü ilin dekabrında “İnternyus-Azərbaycan” İctimai Birliyinin layihəsi əsasında yaradılan sayt bu yaxınlaradək beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilib. Ancaq hazırda “Mediaforum” bu maliyyə dəstəyindən məhrum olub.
Çətinliklərə sinə gərməyə çalışan kollektiv 10 yaşı qeyd etməyə köklənib. Dekabrın 28-də saytın ad günüdür…

“Mediaforum”un yerləşdiyi binanın qarşısında saytın müxbiri Yeganə xanımla görüşüb, onun bələdçiliyilə 17-ci mərtəbəyə qalxdıq. Redaksiyada bizi “Mediaforum”un rəhbərləri, Azərbaycanın sayılıb-seçilən jurnalistləri Azər Qaraçənli və Hikmət Sabiroğlu qarşıladı.
Peşəkar standartların qorunduğu redaksiyanın əməkdaşları ilə hal-əhval tutduqdan sonra söhbətimizə öncə elə baş redaktorla başladıq.

Azər Qaraçənli:


- “Mediaforum” yarandığı gündən varlı redaksiya olmayıb. Maliyyə imkanlarımız bizim arzularımızın heç yarıdan çoxunu da realşdırmağa imkan verməyib.

2004-cü il dekabrın 28-də “Mediaforum”un oxucuları ilə ilk görüşü oldu. Biz ilk dəfə saytı yaradanda onun necə olacağı baradə təssəvürə malik deyildik. Çünki o zaman Azərbaycanda internet mediası, xüsusən də xəbər saytları, yox idi, bu sahə tam formalaşmamışdı. Bizə də tam aydın deyildi ki, saytımız necə olacaq? Bizim təcrübəmiz qəzet təcrübəsi idi. Elə saytda da qəzetdəki kimi işə başladıq...

...Təbii ki, internet mediasının özünməxsusluqları var. Biz də buna uyğunlaşmağa çalışdıq. Bu gün xəbər saytları çoxdur. Biz rəqabət məsələsinə diqqət yetirməyə ehtiyac görmürük. Diqqətimizi öz üzərimizdə qururuq. Düzdür, başqalarının nə etdiyinə də baxırıq. Lakin bizi əsas narahat edən məsələ budur ki, özümüz nə edirik? Və bizim ən böyük narazılıqlarımız özümüzdədir ki, bəzi arzularımızı həyata keçirə bilmirik. Media aləmində rəqabət hazırda süniləşdirilmiş prosesdir. Bu vəziyyətin günahı əsasən jurnalistlərdə deyil. Bu gün saytlarda  çatışmayan cəhətlər çoxdur. Həmçinin “Mediaforum”da da bunlar var. Nöqsanlarımız hazırkı kollektivin gücü çərçivəsində olanda, tez tədbirlər görüb onları aradan qaldırırıq. Elə məqamlar var ki, kollektivlə bağlı deyil. Yenə də qeyd edirəm, maliyyə imkanımız məhduddur. Fəaliyyət sahəsini genişləndirmək, hadisə yerlərində əməkdaşlarımızın daimi iştirakını təmin etmək... bunların hamısı maliyyəyə bağlıdır. Ümumiyyətlə, hazırda “Mediaforum”la yanaşı, bütövlükdə Azərbaycan mediasında xeyli problemlər var. Mətbuat acınacaqlı vəziyyətdədir”.

Azər Qaraçənliyə görə, 10 yaşlı “Mediaforum” xəbər saytlarının böyük qardaşıdır.

- “Mediaforum” saytı Azərbaycan türkcəsində ilk xəbər saytdır. Biz özümüzü taleyin bu qismətinə uyğun aparmağa çalışırıq. “Qardaşlarımız”ın uğurlarına sevinirik. Həmkarlıqda isə taleyin bizə verdiyi xüsusi yerə uyğun davranmağa çalışırıq.

Baş redaktorun işi çox olduğundan söhbətin estafetini müavininə - “Mediaforum” məktəbində yetişən jurnalistlərin müəllimi Hikmət Sabiroğluna ötürür.

Hikmət Sabiroğlu:


- 2004-cü ildə sayt işə düşəndə mən də onun fəal oxucularından biri idim. Əvvəlcə saytla əməkdaşlıq etmişəm. 2007-ci ildən “Mediaforum”da mütəmadi işləməyə başladım. “Mediaforum” həmişə inkişafda  olub. Böyük uğurlar qazanıb. Saytımızın 40-a yaxın işçisi olub. Təəssüf ki, biz onların hamısını saxlaya bilməmişik. İndi başqa yerdə çalışan onlarla jurnalist bu sahənin əlifbasını “Mediaforum”da öyrənib. Əsas odur ki, biz inam qazana bilmişik. Burada həm yaradıcılıq, həm də istehsal prosesi gedib və gedəcək...

Sabiq və hazırki “Mediaforum”çular Hikmət Sabiroğlunun bir redaktor olaraq əməkdaşlarla münasibətdə həmişə ədalətli olmaq prinsipini gözlədiyini vurğulayırlar. Hikmət müəllim deyir ki, bəzən işçilərlə sərt davranmaq da gərəkir. 

- Biz saytımızda hər informasiyanı vermirik. Hər bir məlumatın dəqiqləşdirilməsinə, redaktəsinə  çox vaxt ayrılır. Bəzən bu, xəbər yayımında gecikmələrə səbəb olur ki, gənclər də narazılıqlarını gizlətmirlər. Amma buna dözən jurnalistlərimiz sonda bizə təşəkkür ediblər. Mən özüm də bir jurnalist olaraq “Mediaforum” saytında “onlayn” medianın sirlərinə dair çox şeylər öyrənmişəm. Özümü bu redaksiyaya borclu sayıram.

Rəhbərliklə söhbətə son verib, əməkdaşlara yaxınlaşırıq... Redaksiyanın gənc işçilərindən olan Sənan Əhliman jurnalistlik fəaliyyətinə “Mediaforum”da başlamağından danışdı:


- 3 aydır bu saytdayam. İlk iş yerimdir. Sınaq müddətini başa vurdum və daimi işə götürüldüm. “Mediaforum” saytı gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. Əvvəllər əksər saytları izləsəm də, fərqi görə bilmirdim. Amma indi çalışa-çalışa fərqi hiss edirəm. “Mediaforum” saytında dəqiqlik, səliqəlilik var. Digər saytların yazılarını oxuyuram, biz hamının yaydığı yazıları vermirik. Xəbərləri “copy paste” etmirik. Redaktorlar yazdıqlarımızı dəfərlərə yoxlayırlar. Çünki keyfiyyət çox önəm kəsb edir. Bura böyük məktəbdir. Məncə, jurnalistlik fəaliyyətimə yaxşı bünövrə qoymuşam.

Səidə Hüseynova saytın təcrübəli əməkdaşlarından sayılır, 7 ildir “Mediaforum”da çalışır. Səidə xanım deyir ki, “Mediaforum” onun ikinci evidir:


- 4 il saytın rusdilli redaksiyasında işləmişəm. Hazırda “Mediaforum”un Azərbaycan versiyasında həm beynəlxalq xəbərləri hazırlayıram, həm də Azər müəllim və Hikmət müəlllimlə birgə saytın panelinə adminlik edirəm. Bəzən bu işlərə görə yaradıcılıq 2-ci sıraya düşür. Bəzən ürəyini boşaltmaq istəyirsən və belədə köşə yazıları ilə çıxış edirəm. Saytların bizə istinad etdiyini görmək xoşdur, çünki öz zəhmətimizin bəhrəsini onların istifadəsində görürəm.

Bununla yanaşı, Səidə Hüseynovanı narazı salan məqam da var:
- Bəzən “Mediaforum”dan “copy paste” edən saytlar istinad mədəniyyətini unudurlar. Amma biz həmin saytlarda öz yazılarımızı, cümlələrimizi asanlıqla tanıyırıq. Çünki, Hikmət müəllim və Azər müəllimin özlərinə məxsus redaktəsi var.

“Mediaforum”un stajlı yazarı Oqtay Qorçu söhbətə zarafatla başladı. O, “Mediaforum” saytını Cəbiş müəllimin sinfinə bənzədir. Yəni işə vicdanla yanaşmaq onlar üçün əsasdır:


- 2009-cu ildən burada çalışıram. “Mediaforum”a gələnə kimi imzam tanınsa da, burada daha çox püxtəlişdim, tanındım. Bizim əsas təsəllimiz saf Azərbaycan dilində danışmaq, yazmaq  istəyimizdir. Bəzi media orqanları kimi “etibarlı mənbələrin dediyi”nə söykənmirik. Bizim üçün ən böyük mənbə faktın özüdür.

Oqtay Qorçu deyir ki, son 4-5 il mediada şəxslərin rəqbəti, yersiz münaqişəsi ciddi saytların adına  kölgə salır. “Mediaforum” isə belə söz-söhbətlərdən həmişə uzaq olmağa çalışıb. Güney Azərbaycanın mərkəzi Təbrizdən olan Atilla Maralanlı saytda fars dilindən tərcümələr yerləşdirir. Deyir ki, “Mediaforum” onun ilk rəsmi iş yeri olub və 8 ildir burada fəaliyyət göstərir. Atilla “Mediaforum”da yaxşı təcrübə qazanmağından da danışdı.


Növbəti həmsöhbətimiz gənc jurnalistlərin müəllimi İmdad Əlizadə oldu. Redaksiya əməkdaşlarının hörmətlə “İmdad müəllim” kimi tanıtmağa çalışdıqları təcrübəli həmkarımızın əslində təqdimata ehtiyacı da yoxdu. İmzasını çoxdan təsdiqləmiş və “Mediaforum”un sayılıb-seçilən jurnalistlərindən olan İmdad Əlizadə ilə söhbəti çay masası arxasında etdik. Yeri gəlmişkən, çay masası elə diqqətcil İmdad müəllimin təşəbbüsü ilə təşkil olundu.
O, Mediaforum”u Azərbaycanın internet jurnalistikasının “Əkinçi”si adlandırır.


- “Medaforum” Azərbaycan mediasında AzərTAc Dövlət Agentliyinə istinad məsələsini gündəmə gətirdi. Bizə baxıb digər saytlar da istinad etməyə başladılar.

Deyərdim ki, bu redaksiya azad yaradıcılıq məkanıdır. Özümü bu saytda çox rahat hiss edirəm. Burada peşəkar kollektiv, azad yaradıcılıq mühiti formalaşıb, kollektiv arasında sağlam,  mehriban münasibət hökm sürür. Mən “Mediaforum” kimi bir saytda işlədiyim üçün heç vaxt peşman olmayacam. Dostlarımıza da bəlli olan çətinliyə baxmayaraq, hamımız yerimizdəyik. İndi bizə hər baxımdan çox çətindir... Burada özümü əsl jurnalist kimi hiss etmişəm. Mediaforum”da ürəyin istədiyi yazını özbildiyin kimi yox, əxlaqi kriteriyaları qoruyaraq yazırsan...

Buradakı bir çox qadağalar heç bir KİV-də yoxdur. Mən bu qadağalardan əvvəllər narazı idimsə, indi razıyam. Çünki yayımladığımız materiallarda heç kəsin şəxsi həyatına müdaxilə olmur, etik prinsiplər gözlənilir. Azərbaycan dilinin leksik, qrammatik qaydalarına, digər prinsiplərinə əməl olunur. Bəzən belə hal olub ki, jurnalist yazı hazılayıb, materialın içində 1 cümlə başqa yerdən götürülüb, redaktorlarımız təkid edib ki, istinad edək.

Sevinc Kərimova 3 ildir “Media forum”da çalışır. Xanım həmkarımız da təəsüratlarını bölüşdü:


- Bu sayta gəlməyimə peşman deyiləm. 3 ildə çox şey öyrənmişəm. Müsahibə yazmağı, sual hazırlamağı, jurnalistikanın əlifbasını bizə dəyərli müəllimlərimiz Azər Qaraçənli və Hikmət Sabiroğlu öyrədib.

Növbəti həmsöhbətimiz Töhfə Əzimova redaksiyanın 17-ci mərtəbədə yerləşməsindən narahatdır, çünki yüksəklikdən qoruxur. Pəncərənin yanında əyləşən Töhfə xanım deyilənə görə, heç vaxt oradan aşağı baxmır.


- Mən də 3 ildir burada çalışıram. Mehriban, səmimi mühitimiz var. 10 yaşımızı çətinliklə qarşılayırıq. Buna baxmayaraq, kollektivimiz dağılmır. Buradan çıxıb harasa getmək çətin deyil, amma belə gözəl kollektivi qoyub harasa getmək ağlımıza gəlmir. Arzum budur ki, bu böhrandan qurtula bilək...

İlkin Quliyev “Mediaforum”da 1 aydan artıqdır stajyor kimi fəaliyyət göstərir, saytda yayımlanan yazıların dil üslubunun mükəmməl olmağından razılıq edir.

Uşaqlıqdan dəqiqlik və mükəmməliyin diqqətini çəkdiyini deyən İ.Quliyev “Mediaforum” kimi saytda işlədiyi üçün özünü şanslı hesab edir.

Yeganə Quliyeva “Mediaforum”un çalışqan qızıdır. O da jurnalistikaya “Mediaforum”da “bismillah” deyənlərdəndir. Artıq 3 ilə yaxındır kollektivin üzvləri sırasındadır.


- Yazmağı burada öyrənmişəm. İlk vaxtlar mənim üçün çətin idi, amma Hikmət müəllim və Azər müəllimin səbrli yanaşmaları nəticəsində bacardım. İş yoldaşlarım bizim maliyyə problemimizdən danışdılar. Əlbəttə, işləyən adam üçün bu problemi yaşamaq çətindir. Düzdür, pul hər şey deyil, amma heç nə də deyil. Bəzən fikirləşirəm ki, vicdanla işləmək yaxşıdır, amma  vicdanı avtobusa verib düşmək də olmur. Heç vaxt düşünmürəm ki, bu vəziyyətdə saytı buraxaraq, çıxıb gedim. Getmək problem deyil. Əsas getdiyin yerə xoşbəxtlik verməkdir.
Bütün bu çətinliklərə dözən Azər Qaraçənlini, Hikmət Sabiroğlunu saytımızın 10 yaşı münasibətilə təbrik edirəm. Saytın faəliyyətinin davam etməyini çox arzulayıram.


Ən sonda İnternews İctimai Birliyinin və "Mediaform"un  daimi əziyyətini çəkən  texniki xidmət əməkdaşı Mülayim Həsənovanın da adını qeyd etməyi unutmadıq. O, kolllektivi, işçilər də onu çox istəyir. Dua edir ki, “Mediaforum”da işlər tezliklə düzəlsin... Elə bizim də 10 yaşını qeyd etməyə hazırlaşan həmkarlarımızla söhbətimiz bu arzuyla yekunlaşdı...



Məltəm TALIBZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI