Modern.az

Dədə Qorqudu düşünərkən - V hissə

Dədə Qorqudu düşünərkən - V hissə

15 Dekabr 2014, 22:45


Əslində  dastanın  bir  neçə  hekayəsindən  / Salur  Qazanın  evinin  yağmalanması, Beyrəyin  dustaqlıqdan  azad  edilməsi, Yeynək  boyu /  başqa  digərlərinin  yaranması  üçün  Oğuzların  tam  müstəqil  olub-olmamasının  heç  bir  əhəmiyyəti  yoxdur. Həmin  o  bir  neçə  boyda  Oğuzların  Oğuz  sərhədlərini  aşaraq  Xəzərin  şimalı  ilə  Azərbaycan  torpaqlarına  gəlmələrindən, kafir  gürcülərlə, abxazlarla  savaş  etmələrindən  söhbət  gedir. Bu  savaş  Altın  Ordu  imperatorluğunun  yaranmasından  sonra  baş  verə  bilməzdi., çünki  Batı  xanın  paytaxtı  olan  Saray-Batı  Xəzərin  şimalında  yerləşirdi. Oğuzlar  bu  savaşa  Xəzərin  cənubu  ilə  də  gedə  bilməzdilər, çünki  Azərbaycana  moğalların  ikinci  yürüşü  Çormaqun  noyonun  başçılığı  altında  1231-ci  ildə  başlamış, 1239-cu  ildə  onlar  Dərbəndi  də  alaraq  bütün  Azərbaycanın  işğalını  bitirmişdilər. Çormaqun  noyondan  əvvəl  isə, yəni  1226-cı  ildən  1231-ci  ilə  qədər  Azərbaycanda  Xarəzmşah  Məhəmmədin  oğlu  sultan  Cəlaləddin  hökmranlıq  etmişdi. Və  gürcülərin  ara-sıra  şuluqluq  saldıqlarına  görə  qəzəblənib  hücum  çəkərək  bütün  Gürcüstanı  fəth  etmişdi. Bəs  ondan  əvvəl?..  Ondan  əvvəl  nə  olmuşdu?  Ondan  əvvəl  Çingizxanın  əmrilə  Subudayla  Cebe  şahı  qovma  əməliyyatı  zamanı  İrandan, Azərbaycandan  keçmiş, Dərbənd  keçidi  ilə  Şimali  Qafqaza  çıxmış, orada  alanlarla, qıpçaqlarla, ruslarla  savaşandan  sonra  Xəzərin  şimalı  ilə  Orta  Asiyaya  dönmüşdülər.

Diqqət!  Bu  dönüş  nə  zaman  olmuşdur? 1223-cü  ildə. Aha. Bəs  moğallar  getdikdən  ta  1226-cı  ildə  Cəlaləddinin  Azərbaycana  gəlişinə  qədər  nə  baş vermişdir? Tarixçilər  yazırlar  ki, Subudayla  Cebe  getdikdən  sonra  Dərbənd  keçidi  ilə  Azərbaycanın  şimalına  saysız  qıpçaq  dəstələri  soxulur!

Qıpçaqlar  İslamı  İç  Oğuzlardan  xeyli  əvvəl   qəbul  edən  türkimanlardan, yəni Dış  Oğuzlardan  idilər. Amma  bu  da  var  ki  indi  artıq  İç  Oğuzlar  da  İslamı  qəbul  etdikləri  üçün  türkimanlardan  sayılırdılar. Yəni  onlar  da , ümumi  götürülsə, qeyri-türklər  üçün  qıpçaq  idilər.

Oğuzlar  Azərbaycan  tərəflərdə  bir  də  1231-1235-ci  illər  arası  savaşa  girişə  bilərdilər. Çünki  sultan  Cəlaləddin .moğalların  ikinci  yürüşü  zamanı  onlarla  bacara  bilməyəcəyini  görüb  taxt-tacını  buraxaraq  Anadolu  tərəflərə  qaçır, orada  da  öldürülür, 1235-ci  ildə  isə  moğallar  hələ  Tovuzu  almaqla, Gəncəni  təməlinə  kimi  dağıtmaqla  məşğul  idilər, Dərbəndə  çatmalarına  hələ  dörd  il  vardı. 1235-ci  ildən  sonra  isə  Oğuzların  bu  yerlərə  gəlməsi  mümkünsüz  idi, çünki  bayaq  dediyim  kimi, Subuday  bahadırın  əmrilə  Bayındır  xanın  başçılığı  altındakı  Oğuz  igidləri  həmin  ildən  etibarən  moğal  ordusuna  qoşulmuşdular. Demək , dastanda  Qafqazdakı, Azərbaycanın  qərb  və  şimal  qonşuluğundakı  “donuz  əti  yeyən  qara  donlu  gürcü  və  abxaz  kafirləri”  ilə  Oğuz  igidləri  Xarəzmin  çöküşü  ilə  Altın  Ordunun  qurulması  arasındakı  bu  tam  müstəqillik  dövründə  savaşa  girişə  bilərdilər. Bu  dövrdə  də  ən  düzgün  ehtimal  1223-26  və  1231-35 –ci  illər  arasıdır.

Subudayla  Cebe  getdikdən  sonra  Dərbənd  keçidi  ilə  Azərbaycana  soxulan  qıpçaqların  yalnız  türkiman  qıpçaqlar  ola  biləcəyini  güman  etmək  heç  doğru  olmaz. Əlbəttə, moğallardan  qaçan  müslim  qıpçaqlar  Dərbənd  keçidi  ilə  müslim  Azərbaycan  torpaqlarına  pənah  gətirə  bilərdilər. Amma  niyə  talandan, qarətdən  sonra  dərhal  geri  çəkilmişdilər  və  onların  yerinə  bu  dəfə  digər  qıpçaq  dəstələri  elə  həmin  keçidlə  də  Azərbaycana  soxulmuşdular? Onda  xatırlatmaq  yerinə  düşər  ki, Subudayla  Cebe  Şimali  Qafqazda  qıpçaqlara  acı  hərb  dərsi  vermiş, başçıları  Kotyan  xanı da  öldürmüşdülər. O  qıpçaqlar  Dəşti-Qıpçaqda  türkimanlardan  xeyli  əvvəllərdən  kök  salmışdılar, slavyan  millətinin  tarixdə  yaranışından  da  min  illərlə  əvvəllərdən. / At  belində  qılıncı, oxu  əllərindən  düşməyən  bu  türkoğullarının  qorxusundan  Dəşti-Qıpçaqdan  şimaldakı  qeyri-münbit  torpaqlarda, bataqlıq, soyuq  sel-su  məskənlərində  yaşayan, balıq  və  bataqlıq  qunquzları  tutmaqla  gün  keçirən  bu  insanlara  qıpçaqlar   “selvan”,  “suluvan”   insanları  demişlər. Sel ,  su  və  məkan  bildirən  “van” sözlərindən. Sonralar  “slavan”, ”slovak”, ”sloven”, ”slavyan”  kimi  əcaib  şəkillər  almışdır  bu  millətin  əsil  türkcə  olan  adı. O  qədər  də  bir-birlərilə  lap  ibtidai  icma  quruluşunun  tayfaları  kimi  didişirlərmiş, düşmənçilik  edirlərmiş  ki, öz  aralarından  başçı  seçilməsinə  bir  türlü  razı  olmayıb  skandinav  tayfalarından  olanlardan  özlərinə  başçı  seçirmişlər. Və  məhz  bu  başçılar  və  onlardan  törəyənlər  skandinav  tayfalarından  olduqları  üçün  onlara  “rus”  deyirmişlər. Yəni  “rus”  və  “slavyan”  o  zamanlar  başqa-başqa  şeylər  idi; ”slavyan”  millətin  adı  idi, ”rus”  isə  bu  millətin  başında  duran  isveçlilərin.. /  O  qıpçaqların  bəziləri  xristianlığı  qəbul  etmiş  olsalar  da  böyük  çoxluğu  Göy  Tanrı  inancında  qalmaqda  idilər;  hər  ikisini  də  türkimanlar  kafir  hesab  edirdilər. Məğlub  edildikdən  və  başçıları  öldürüldükdən  sonra  toparlanaraq  qisas  almaq  üçün  Subudayla  Cebenin  ardınca  gedə  bilməzdilərmi? Və  moğal  tümənləri  ilə  qarşılaşmaq  əvəzinə   Oğuz  ellərinin  qərb  torpaqlarına  gəlib  çıxa  bilməzdilərmi? Salur  Qazanın evinin  yağmalanması, yurdunun  talan  edilməsi, qız-gəlinlərin  at  döşü  edilərək  əsir  aparılması  həmin  bu  zaman  baş  verə  bilməzdimi? Moğalları  tapmayaraq  geri  qayıdıb  Dərbənd  keçidi  ilə  Azərbaycana  soxulan  ilk  qıpçaq  dəstələri  onlar  olmamışmı?  Axı  Subudayla  Cebe  məhz  bu  keçiddən  Şimali  Qafqaza  çıxmışdılar. Salur  Qazanla  birlikdə  bütün  iyirmi  dörd  Oğuz  tayfası  da  məhz  bundan  sonra  qüvvələrini  toplayıb  intiqam  almaq üçün  Xəzərin  şimalı  ilə   Qafqaza  doğru  irəliləyə  bilərdilər. Mən  tam  əminəm  ki, hadisələr  məhz  bu  şəkildə  cərəyan  etmişdir..

Qaraca  çobanın  sapandının  iri  daşlar  atan  mancanaq  olduğunu  demişdim. Söyləmişdim  ki, önəmli  olan  şey  bu  mancanağın  Oğuz  ellərinə  nə  zaman  gəlib  çıxmasıdır. Tarixi  yaddaş  normal  hesab  edilən  insanların  anormal  / normadan  kənar, qeyri-adi /  hesab  etdikləri  şəxsiyyətlərə  və  hadisələrə  heyrətindən  doğar. Qələm  əhli  dərhal  onları  yazıya  alar, xalq  isə  bunu  yaddaşına  həkk  edər, hekayə  halına  salıb  gələcək  nəsillərə  ötürər. İç  Oğuzlar  Dədə  Qorqudu, azərilər, türkimanlar  Koroğlunu, moğallar  Çingizxanı, özbəklər  Teymurləngi, hunlar  Atillanı...  Moğallar  öz  qeyri-adi  Çingizxanlarını  “Gizli  tarix”də  yaşada-yaşada  gələcək  nəsillərə  ötürmüşlər, bu  şifahi  xalq  yaradıcılığı  əsəri  xaqanın ölümündən  çox  sonralar  Çində  yazıya  alınmışdır. Moğallar  da  İç   Oğuz  insanları  kimi  çadırlarda, alaçıqlarda  yaşayan  köçərilər  idilər, amma  Çingizxana  qədər  bir-birinin  qanını  içən, tayfalararası  müharibələr  üzündən  rahatlıqları  olmayan  bu  insanları  böyük  xaqan  cəmisi  iki  onillik  ərzində  ağlı  və  qılıncı  hesabına  bütün  Asiyaya  hökmran  edib  onları  dünya  xalqları  sırasına  qaldırmışdı. Həm  də  Asiyada  elə  qüvvətli  bir  iz  buraxmışdı  ki, ondan  sonrakı  əsrdə  Asiyada  hərb  nəhəngi  kimi  parlayan  Əmir  Teymur  özünü  ana  tərəfdən  on  birinci  nəsildə  bu  qeyri-adi  adama  bağlamağa  məcbur  olmuşdu, yoxsa  heç  kim  onun  hökmranlığının   qanuniliyini  qəbul  etməzdi. Baxmayaraq  ki, Orta  Asiya  ruhani  dünyası  onu  “mehdi  sahib   əz-zaman”, yəni  “zamanın  xilaskarı”  elan  edərək  bütün  müslimləri  canları  və  malları  ilə  Əmir  Teymura  yardım  etmələri  üçün  cihada  qaldırmışdı. Təsəvvür  edirsinizmi?..  Moğalların  daşdan  qalaları, evləri  olmadığı  üçün  Çingizxana  qədər  olan  bütün  tayfalararası  müharibələr  açıq  çöllüklərdə  baş  vermişdi, məhz  bu  səbəbdən  onlar  mancanaq, sapand, ballist, katapult  kimi  əcaib  qurğulardan  xəbərsiz  idilər. Bu  ağır  hərb  alətlərini  ilk  dəfə  xaqanın  Şimali  Çinə  yürüşü  zamanı  qala  divarları  içində  müdafıə  olunaraq   oradan  üstlərinə  iri  daşlar, uzun  qalın  oxlar, içərisinə  yanar  maye  doldurulmuş  qablar  atan  çinlilərdə  görmüşdülər. Xaqan  əsir  düşmüş  çinli  sənətkarların  özlərinə  bu  qurğulardan  düzəltdirərək  onların  şəhərlərini, qalalarını  özlərinin  silahları  ilə  də  dağıtmışdı. Çini  fəth  etdikdən  sonra  üzünü  Xarəzmə  tutan  moğal  ordusunda  artıq  bu  hərb  alətlərindən  kifayət  qədər  vardı, Buxaranın, Səmərqəndin, Ürgəncin  dağıdılmasında  bu  qorxunc  alətlər  nəyə  qadir  olduqlarını  bir  daha  göstərmişdilər. Moğalların  müttəfiqi  olan  İç  Oğuzlar  həmin  bu  daş  atan  mancanaqlarla  məhz  bu  dövrdə  tanış  ola  bilərdilər. O  cümlədən  də  Qaraca  Çoban. Oğuz  ellərindən  çox-çox  uzaqlarda --- Dərbənddə  Qazan  xanın  on  minlərlə  qoyun-quzusuna  baxan  bu  adama   düşmənlərdən  qorunmaq  üçün  iri  daşlar  ata  bilən  mancanaq-sapand  deyil  də  sərçə,  qaratoyuq   vurmaq   üçün  işlədilən  əl  boyda  sapand  verməyəcəkdilər  ki.

Mən  dastandakı, həm  də  Azərbaycan  dastanındakı  Dədə  Qorqudun  şaman  olmadığını  dedim. Amma  nəzərə  almaq  lazımdır  ki, türkmənlərdə  də, qazaxlarda  da  Dədə  Qorqud  var. Qazaxlarda  o, şamandır, qeybdən  xəbər  verir, qəbri  də  Sırdərya  sahillərindədir  və  onuncu  əsrin  adamıdır. Onuncu  əsrin  ərəb  səyyahı  İbn  Fədlan  səyahətnaməsində  Oğuz  elindən  keçdiyini  qeyd  edir;  o,  Oğuz  elini, demək  olar  ki, bütün  qərbi  Qazağıstan  kimi  təqdim  edir. 920-ci  illərdə  olmuş  bu  səyahəti  zamanı  onların  İslamı  qəbul  etmədiklərini  deyir. Demək,  o  zaman  hələ  Oğuz  eli  İç  və  Dış  Oğuzlara  bölünməmişdi. Bu  hadisə  sonrakı  əsrdə  olacaqdı. Qəribədir; əgər  Oğuzların  birbaşa  törəmələri  olan  qazaxlarda  Dədə  Qorqud  şamandırsa  və  onuncu  əsr  adamıdırsa, dastanın  mayasındakı  İç  və  Dış  Oğuzlara  bölünmək  hadisəsi  isə  sonrakı  əsrdə  olacaqdısa... onda  bu  o  deməkdir  ki, nəinki  bizim, hətta  qazaxların  da, Türkmənistan  türkimanlarının  da  dastanlarındakı  Dədə  Qorqud   yaddaşlardan  bir  xəyal  kimi  bu  dastana  gətirilmişdir!  Bunun  heç  bir  başqa  izahı  yoxdur. Çünki  Dədə  Qorqud  bir  tarixi  şəxsiyyət  kimi  Oğuzların  İslamaqədərki  dövründə  yaşamışdır .Və  əgər  Azərbaycan  dastanında  Dədə  Qorqud  şaman  deyildirsə, bütün  müsbət  qəhrəmanlar  da  müslimdirlərsə  onda  bu  o  deməkdir  ki, dastan  həqiqətən  də  sonradan, Uzun  Həsən  dövründə  islamlaşdırılmamışdır, əksinə, islami  dövrün  dastanı, əgər  belə  demək  mümkünsə,  “dədəqorqudlaşdırılmışdır”, başqa  sözlə, hekayələrə   ustalıqla  Dədə  Qorqud  boyası  çəkilmişdir. Dastana  adının   belə  qoyulduğu  baş  obraz  isə, təbii  ki, islami  dastanda  şaman  olaraq  qala  bilməzdi, ona  görə  də  bu  dastanda  islamlaşdırılan  bir  tək  adam  varsa, o  da  Dədə  Qorqudun  özüdür. Fikir  verin;  hadisələri  Dədə  Qorqud  nəql  etmir, onları  nəql  edənlər  islami  dövrün  ozanlarıdır, bu  müdrik  ağsaqqal  isə  dastandakı  digər  personajlar  kimi  hadisələrin  aktiv  və  ya  passiv  iştirakçılarından  biridir. Əksər  hekayələrdə  o, sadəcə  sonda  qurulan  məclislərdə  görünür. ”Dədə  Qorqud  gəldi, boy  boyladı, söz  dedi...”  Sanki  bu  hekayələri  düzüb  qoşan  ozanlar  Oğuz  elləri  var  olduqca  bu  hekayələrin  it-bat  olmaması  üçün  bu  müdrik  el  ağsaqqalını  onların  sonuna  bir  neçə  cümlə  ilə  əlavə  etmişlər. Çünki  o,  Bayındır  xan, Qazan  xan  dövrünə  qədər  millətin  yaddaşına  öz  adını  möhür  kimi  vurmuşdu.

 “Bəyburanın  oğlu  Bamsı  Beyrək  boyu”nda  o, hadisələrin  aktiv  iştirakçısıdır, onlara  müdaxilə  edəndir, hətta  şamanlara  xas  olan  sehr, əfsun  qüvvəsinə  sahibdir, Beyrəyin  sevgilisinin  qardaşı  Dəli  Qarcar  onu  vurmaq  istəyəndə  qılınc  tutan  qolu  havadaca  quruyub  qalır. Hekayəni  düzüb  qoşanlar  buradakı  sırf  şamanlıq  elementinə  islami  boya  vurmaq istəmişlər;  güya  o,  Allahdan  Dəli  Qarcarın  əlini  havadaca  durdurmağı  istəyir  və  o  da  elin  ruhani  ağsaqqalı  olduğuna  görə  Allah  onun  bu  yalvarışını  eşidir. Amma  o, ozan  idi, peyğəmbər  deyildi  ki.

Rəvayətə  görə, Dədə  Qorqud  üç  yüz  il  yaşamışdır. Əlbəttə, insan  oğlu  bu  qədər  yaşamaz. Məlum  olduğu  kimi  Nuh  tufanından  sonra  insanların  ömürləri  kəskin qısalmışdır. Doğrudur, həzrət  Nuhun  özünün  və  oğullarının  ömürləri  uzun  olmuşdur, amma  onlar tufandan  öncə  doğulanlardan  idilər. Demək  belə  çıxır  ki, ozanlar  nəyinsə  xatirinə  Dədə  Qorquda  belə  “ uzun  ömür  vermişlər”.  Nəyin  xatirinə?  Xarəzmin  çöküşündən  sonrakı  illərdə  Bayındır  xanlı, Qazan  xanlı  Oğuz  ellərinin  yeni, müstəqil  həyatını  görmək, dastanda  sözü  gedən  hadisələrdə  iştirak  etmək  üçünmü ?  Onda  reallığa  yanaşmaq  üçün  dastandakı  hadisələrin  dövründən  üç  yüz  il  geriyə  getmək  lazımdır  ki, Dədə  Qorqudun  doğum  illərini  tapaq. Bu ,onuncu  əsrin  əvvəlləri, daha  doğrusu, 920-ci  illərdir. Mənim  fikrimcə , bu  el  ağsaqqalı  məhz  o  illərdə  doğulmuşdur. Yəni  ərəb  tarixçisi  İbn  Fədlan  Oğuz  ellərindən  keçərkən  o, körpəcə  uşaq  ola  bilərdi.

Dastanın  dili  heyranedicidir. Türk  millətinin  öz  ana  dilinin  şəkərdən  şirinliyi  və  necə  böyük  ifadə  imkanlarına  malik   olması  ilə  qürrələnə  biləcəyi  bir  yüksəklikdədir. Bu ədəbi  abidə  sanki  onu  yaradan  xalq  aşıqlarının  türk  kəlmələrindən  ilmə-ilmə  toxuduqları  qiymətsiz  bir  Oğuz  xalçasıdır. Təbii  ki  belə  bir  misilsiz  abidə  yaradan  ozanlar  Dədə  Qorquda   “uzun  ömür  vermələrinə”  də  əcaib  mifik  bir  səbəb  düzüb  qoşa  bilmək  qüdrətində  idilər. Güya  o, diyar-diyar  gəzərək  ölümündən  qaçırmış... Doğrudur, mifologiyada qeyri-adiliklər  sərhəd  tanımaz, amma  uzunömürlülüyün  bu  cür  izahı, etiraf  edək  ki, əslində  onun  müdrikliyinə  bir  zərbədir. Müdrik  adam  da  ölümdən  qorxarmı?  Ölüm  dediyin  şey,  sadəcə, yuxudan  bir  anlıq  oyanış  deyilmi? Ömrümüz  boyunca  Qadir  Allah  hər  səhər  bizi  yuxudan  oyandıra-oyandıra  yuxudan  oyanmağın  qorxusuz  bir  şey  olduğunu  bizə  göstərmirmi, bu  yolla  da  ölüm  adlı  oyanışı  da  beləcə  adi  bir  şey  kimi  sakitcə  qarşılamağa  bizi  hzırlamırmı? Hələ  ölümdən, əcəldən  qaçmaq!  Bunun  mümkün  olmadığını  bilməyən  birisinə  müdrik  demək  mümkünmü  yəni?  Nə  yaxşı  ki, Dədəmiz  haqqındakı  bu  yamaq  əfsanə  dastanın  özündə  yoxdur, o, sadəcə, rəvayətlərdədir.

On  üçüncü  əsrin  ikinci  yarısında  Çinə  səyahət  etmiş  və  uzun  illər  böyük  moğal  xaqanı  Kubilay  xanın  himayəsi  altında  yaşamış  italyan  səyyahı  Marko  Polonuin  səyahətnaməsində  maraqlı  bir  yer  var ;  o, moğal  hökmü  altında  olan  bir  Orta  Asiya  şəhərindən  keçərkən  Bayındır  xan  adlı  birisinə  rast  gəlir. Əlli  moğal  döyüşçüsünün  başında  şəhərdəki  nizam-intizamı  qoruyurmuş. Bu  həmin  Bayındır  xandırmı?  On  üçüncü  əsrin  ikinci  yarısında?! Yoxsa  sadəcə  ad  bənzərliyi  var?  Ümumiyyətlə, hadisələrin  tarixiliyi  baxımından  bu  səyyahın  dediklərində  qeyri-dəqiqliklər  çoxdur, hətta  həddən  artıqdır. Nəzərə  almaq  lazımdır  ki, onun   moğal  imperiyasında  uzun  onilliklər  boyunca  gördükləri-eşitdikləri  xeyli  sonralar  o, İtaliyaya  geri  dönüb  həbsə  atıldığı  zamanlarda  qələmə  alınmışdır. Yaddaş  nə  qədər  güclü  olmalıdır  ki, böyük  bir  tarixi  əsər  yazanda  yalnız  yaddaşına  bel  bağlayasan. Mümkünsüz  bir  şeydir. Yəni  o  səyahətnamə  ancaq  və  ancaq  onun  xatirində  qalanlardır, səyahəti  zamanı  etdiyi  qeydlər  deyildir. Ona  görə  də  onun  səyahətnaməsində  maraq  doğuran  şey  moğal  imperiyasının  quruluşu, ordusu, moğal  adətləri, yemək-içməkləri  barədə  dedikləridir. Rus  tarixçisi  Vladimir  Yanın  əsərində  də  Bayındır  xandan  danışılır. Bəli, bax  bu  əsil  Bayındır  xandır, Subuday  bahadırın  əmrilə  moğal  ordusunun  önünə  kəşfiyyatçılar  dəstəsi  kimi  təyin  edilmiş  beş  minlik  Oğuz  igidlərinin  başçısı  Bayındır  xan. Boyu  uzun  Burla  xatunun  da  adı  çəkilir  burada. Yalnız  bir  fərqlə;  dastanda  Burla  xatun  Bayındır  xanın  qızıdır, bu  tarixçinin  əsərində  isə  xanımı.

Belə....Demək, dastandakı  bütün  hadisələr on  üçüncü  əsrin  iyirminci – otuzuncu  illərinə  aiddir. Bircə  Təpəgözlə  bağlı  hekayədən  başqa. Bu  haqda  qismət  olsa  ayrıca  danışacağam.

Hekayələrin  axırında  ozanların  Dədə  Qorqudun  dili  ilə  dedikləri  sözlərin  heç  fərqinə  vardınızmı?  “Hanı  dediyin  bəy  ərənlər, dünya  mənim  deyənlər ?  Əcəl  aldı, Yer  gizlədi, fani  dünya  kimə  qaldı ?  Gəlimli-gedimli  dünya, son  ucu  ölümlü  dünya...” 

Bayındır  xanın, Qazan  xanın, digər  Oğuz  igidlərinin   məclislərində  Dədə  Qorqudun  dedyi  bu  sözlər  kimlərə  aiddir  görəsən?  Adları  çəkilməyən, dünya  ağalığı  iddiasına  düşənlər  kimlərmiş  görəsən?  Həmən-həmən  hər  məclisdə  bu  sözlər  işlənilirmişsə  , demək,  Oğuzlar  o  bəy  ərənləri  yaxşı  tanıyırmışlar. Dastandakı  hadisələrin  baş  vermə  vaxtları  barədə  gəldiyim  nəticəyə  əsaslanaraq  belə  deyə  bilərəm ;  bu  sözlərlə  həmin  illərdəcə  bir-birindən  cəmisi  yeddi  il  fərqlə  dünyadan  getmiş  iki  məşhur  bəy  ərənə  işarə  edilir. Birisi  Xarəzmşah  Əlaəddin  Məhəmməddir  ki, özünü  zəmanənin  Makedoniyalı İskəndəri  hesab  edirmiş, saray  əyanlarından  tez-tez  bu  sözü  eşitdikdə  xoşhallanırmış, Bağdad  xəlifəsini  devirib  İslam  dünyasının  yeni  xəlifəsi  olmaq  xülyası  ilə  yaşayırdı, 1220-ci  ildə  moğallardan  qorxub  qaçaraq  gizləndiyi  cüzamlılar  adasında  əyninə  örtməyə  bir  bez  qırığı  da  tapmadan   aclıqdan  və  soyuqdan  faciəli  şəkildə ,  sahibsiz  bir  it  kimi  ölmüşdü. O  birisi  isə  Çingizxandır. Göy  Tanrı  bütün  dünyanı  moğallara  verib, deyən  Çingizxan. Bütün dünyanı  tutmaq  üçün  ömrünün  yetməyəcəyini  bildiyindən  əbədi  yaşamağın  sirrini  öyrənmək  istəyirmiş, bunun   üçün  Tibet  dağlarında  tənha  yaşayan  çox  bilikli  bir  qocanı  da məxsusi  olaraq  öz  çadırına  gətizdirmişdi. Amma  qoca  ona  demişdi  ki, müxtəlif dərmanlarla, bitkilərlə  ömrü  uzatmaq  olar, amma  əbədi  yaşamağın  çarəsi  yoxdur. Bu  söhbətdən  bir  neçə  il  sonra, yəni  1227-ci  ildə  Çingizxan  da  ölmüşdü.

O  illərdə  dünyaya  sahib  olmaq  istəyən  iki  cahangir... Dünya  mənim  deyən  iki  bəy  ərən... Nə  oldu?  Dünyanın  ağası  ola  bildilərmi ?  Əcəl  aldı, yer  gizlədi. Fani  dünya  kimə  qaldı?  Başqalarına… Bizlərə… Bizdən  sonrakılara…

Dədə  Qorqud  həqiqətən  də  onlarımı  nəzərdə  tuturmuş?

Kim  bilir...

Amma   düşünmək  üçün , həm  də  hisslərə  deyil, ağıla  güc  vermək  üçün  yaxşı materialdır. Heç  ağılla  düşünmək  istəməzmisiniz?

Son

Mirzə Hacıyev

***

Dədə Qorqudu düşünərkən - I Hissə
//modern.az/articles/68656/1/

Dədə Qorqudu düşünərkən - II Hissə
//modern.az/articles/68751/1/

Dədə Qorqudu düşünərkən - III Hissə
//modern.az/articles/68823/1/

Dədə Qorqudu düşünərkən - IV Hissə
//modern.az/articles/68892/1/

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI