Modern.az

Sabirabadda 3 uşağı, arvadı və bacısı yanıb ölən ev sahibi DANIŞDI

Sabirabadda 3 uşağı, arvadı və bacısı yanıb ölən ev sahibi DANIŞDI

Ölkə

16 Dekabr 2014, 16:20


Bu gün Sabirabadda baş verən və 5 nəfərin yanıb ölməsi ilə nəticələnən dəhşətli hadisənin səbəbləri bəlli olub. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi dəqiqləşib.

Sabirabad rayonunun Qaratoğay kəndində hamı bu hadisədən üzülüb. Faciənin baş verdiyi evin sahibi Zabil Rzayevin dediklərindən:

“Hadisə səhərə yaxın baş verdi. O vaxt yatırdım. Böyük bacım Nəzakətin “ev yanır” deyə qışqırmasına oyandım. Tez durub evin işığını avtomatdan söndürmək üçün həyətə qaçdım. Həyat yoldaşım Lamiyə isə qalxıb uşaqlarımız yatan otağa qaçdı ki, onları çölə çıxarsın. Mən işığı ayırıb qayıdana qədər hər şey bitmişdi. Lamiyə yuxulu uşaqları götürüb evdən çıxmaq istəyəndə evin tavanı yanaraq üstlərinə töküldü. Altında qalıb yandılar. 1967-ci il təvəllüdlü böyük bacım Nəzakət də alovun arasından çıxa bilməyib yandı”.

37 yaşlı Zabil Rzayev deyib ki, yanan evdə ondan başqa daha bir ailə olub: “Biz iki qardaş bir evdə yaşayırdıq. 30 yaşlı qardaşım Ariz də həyat yoldaşı ilə bu evdə yaşayırdı. Yanğın nəticəsində onun həyat yoldaşı Sona da xəsarət alıb. Onu Şirvan şəhərindəki xəstəxanaya apardılar. Gəlinimizin vəziyyəti də ağırdır”.

Qeyd edək ki, ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanması nəticəsində 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızı ölüblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi