Modern.az

"Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq"

"Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq"

İqtisadiyyat

16 Dekabr 2014, 23:58

Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
Modern.az-ın məlumatına görə, Prezident bildirib ki, “ASAN xidmət” cəmi iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində böyük və uğurlu yol keçib.

”Bu müddət ərzində 3 milyon 500 min müraciət olub, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər verilib. Yəni, bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olmuşdur və deyə bilərəm ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir və biz intellektual məhsulun yaradılmasına nail ola bilmişik. Bu müddət ərzində artıq 7 “ASAN xidmət” mərkəzi tikilmişdir, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlamışdır.
Eyni zamanda, siz bunu yaxşı bilirsiniz ki, vətəndaşlara səyyar xidmət də göstərilir və bu məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus gətirilib və ən müasir avadanlıqla təchiz edilibdir. Artıq bu, bizə imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz xidmət göstərək. Nəzərə alsaq ki, hazırda digər bölgələrdə mərkəzlər tikilir, - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda, Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə veriləcəkdir, - bu da insanların rahatlığı üçün əlavə imkanlar yaradacaqdır”.

Prezident deyib ki, son illər ərzində Azərbaycanda aparılan islahatlar arasında “ASAN xidmət”in xüsusi yeri var. “ASAN xidmət”in yaradılması Azərbaycanda islahatların aparılmasında önəmli hadisə olub.

”…Mən bunu bir neçə dəfə demişəm, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir və biz hazırda nəinki neft-qaz resurslarımızı, artıq intellektual məhsulumuzu ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac vardır.
Beynəlxalq təşkilatlar bu xidməti yüksək qiymətləndirirlər. Bu, bizi sevindirir. Ancaq mənim üçün əsas məsələ Azərbaycan xalqının bu xidmətə olan münasibətidir. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu xidməti bəyənir, dəstəkləyir, təqdirlə yanaşır və mənə ünvanlanan çoxsaylı məktublarda öz fikirlərini ifadə edir və statistik göstəricilərimiz də belədir ki, müraciət edənlərin mütləq əksəriyyətinin istəkləri, tələbləri yerinə yetirilir.
“ASAN xidmət”də yüksək səviyyəli xidmət göstərilir. Bir daha demək istəyirəm ki, bu xidmətin yaradılması və formalaşması çox yaradıcı bir prosesdir. Çünki iki il bundan əvvəl sərəncam imzalayanda, əlbəttə, məndə təsəvvür var idi ki, xidmət, fəaliyyət növləri necə olacaq və biz bunun əsasında bu işə başlamışdıq. Ancaq iş başlayandan sonra biz gördük ki, artıq daha da böyük imkanlar var. “ASAN xidmət”in fəaliyyəti o qədər uğurlu olmuşdur ki, bəzi əlavə funksiyalar da ona verilir və veriləcəkdir. O funksiyalar ki, insanlara daha da çox rahatlıq verəcək, o funksiyalar ki, cəmiyyətdə və ictimai xidmətlər sahəsində daha da çox şəffaflıq yaradacaq. Biz bunu istəyirik”.



Ölkə başçısı xatırldıb ki, artıq 7 mərkəz tikilib. Gələn ilin sonunadək bu, ən azı 10-a çatdırılacaq. Eyni zamanda 10 səyyar avtobus xidməti də öz növbəsində fəaliyyətini davam etdirəcək. Prezident daha sonra deyib:

- “ASAN xidmət”i yaradanda biz qarşımıza bir neçə məqsəd qoymuşduq. Onların hamısı bizim üçün vacibdir. Onların reallaşması ölkəmizi daha da sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. İlk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə “ASAN xidmət” vasitəsilə müsbət həllini tapmaqdadır. Biz bu təcrübəni bütün başqa sahələrdə də tətbiq etməliyik ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılsın. Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək üçün böyük səylər göstərir. Ancaq biz görürdük ki, bəzi hallarda cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda sistem xarakterli, institusional tədbirlərin görülməsinə də böyük ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq və “ASAN xidmət” burada nadir bir vasitədir. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq yoxdur və bu, onu deməyə əsas verir ki, hər bir sahədə belə bir sistem yarana bilər.

“ASAN xidmət”in təcrübəsi indi başqa sahələrə köçürülür, orada da tətbiq ediləcəkdir. Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz. Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün gərək cəmiyyət də aparılan siyasətə dəstək, xalqla iqtidar arasında birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün əlbəttə ki, insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni zamanda, cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu məqsədə çatmaq üçün bundan sonra da öz səylərimizi göstərəcəyik.

“ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer tutur və əminəm ki, əgər başqa ölkələrdə bu təcrübə tətbiq olunarsa, onlar da bunun müsbət cəhətlərini tezliklə görəcəklər. “ASAN xidmət”, eyni zamanda, insanların rahatlığı üçün yaradılmış bir xidmətdir. Təsadüfi deyil ki, adı da asandır.

İnsanlar burada vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən öz haqlarını tələb edirlər və alırlar. İstənilən sənədi dəqiqələr ərzində əldə edə bilirlər. “ASAN xidmət”, eyni zamanda, xidmətlərin mədəni şəkildə göstərilməsində də nadir bir təcrübədir. Sirr deyil, təbii ki, siz gənclər yəqin, bunu xatırlamırsınız, ancaq sovet dövrünün əlamətlərindən biri də bürokratiya və insanlara bəzi hallarda ictimai qurumlar tərəfindən qeyri-normal münasibət idi. Biz 23 ildir ki, müstəqil dövlət kimi yaşayırıq, ancaq hələ də o dövrün bütün fəsadlarını aradan götürə bilməmişik.

Burada həm psixoloji məsələlər ortaya çıxır, eyni zamanda, müəyyən təcrübə də öz mənfi rolunu oynayır. Ona görə “ASAN xidmət”də olan xidmət növləri və eyni zamanda, xidmətə olan yanaşma tam fərqlidir. Bu, belə də olmalıdır. Azərbaycan vətəndaşları hər yerdə hörmətlə qarşılanmalıdırlar, xüsusilə dövlət orqanları tərəfindən. Onlara yuxarıdan aşağı baxılmamalıdır, onların haqları tapdalanmamalıdır. Onları dövlət məmurları incitməməlidirlər. Onlardan əsassız tələblər istəməməlidirlər. Bax, bu prinsiplər əgər tam şəkildə bərqərar olarsa, onda əlbəttə ki, bizim işimiz daha da sürətlə gedəcək.

“ASAN xidmət”də yaradılmış sistem belədir ki, burada insanlara böyük hörmətlə yanaşılır və hər şey ədalətli şəkildə həllini tapır. Çünki bəzi hallarda indi məişətdə də biz görürük ki, ədalət pozulur, hətta indi bəzən elə hallar olur ki, kimsə növbəsiz qabağa keçmək istəyir, ancaq burada bu, mümkün deyil. Hər şey ədalətli, növbə ilə, şəffaf, təmiz. Heç kim deyə bilməz ki, kimsə məndən qabağa düşdü və kimsə məndən daha da yaxşı münasibət gördü. Bəli, xidmətlər sahəsində əldə edilmiş dönüş “ASAN xidmət”in böyük uğurudur.

Burada innovasiyalar tətbiq olunur. Dediyim kimi, hər bir mərkəzin açılışında mən texniki yeniliklərlə üzləşirəm və şadam ki, artıq bu proses daimi xarakter almışdır. Dünən axşam Sabirabad “ASAN xidmət” mərkəzini açanda da dedim ki, yəqin, gələn dəfə yeni mərkəzin açılışında siz məni daha bir yeniliklə tanış edəcəksiniz. Bu da bizim yaradıcı gənclərin bu işlərə cəlb edilməsi üçün çox vacibdir. Çünki dünya təşəbbüs əsasında inkişaf edir. Təşəbbüs olmasa, durğunluq olar, hər şey yerində sayar. Ona görə Azərbaycanda innovasiyalara böyük diqqət göstərilir.

İndi Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya miqyasında tanınır. Azərbaycan indi kosmik sənayeyə malik olan bir ölkədir. İndi bizim iki peykimiz var. İkinci peyk bizə bu yaxınlarda təhvil verilmişdir və dünyada cəmi iyirmi ölkədə belə peyklərdən var. Onlardan biri Azərbaycandır.

İnnovativ təşəbbüslər, intellektual araşdırmalar “ASAN xidmət” tərəfindən daha da stimullaşdırılır. Eyni zamanda, burada, bu xidmətdə, öz Vətəninə bağlı olan gözəl gənclər yetişir. “ASAN xidmət”də işləyənlərin də və təbii ki, könüllülərin də mütləq əksəriyyəti gənclərdir. Gənclər bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Azərbaycanın uğurlu inkişafı sizdən asılı olacaqdır. Ona görə siz gənclər bilikli, savadlı olmalısınız. Bu gün dünyada hər şeyi bilik, savad həll edir. Hətta ölkələrin gücünü, potensialını indi bilik, savad həll edir. Texnoloji, elmi tərəqqi haradadırsa, inkişaf da oradadır. İntellektual cəhətdən böyük imkanlara malik olan ölkələr dünyada da öz mövqelərini möhkəmləndirirlər. Ona görə də bilik, savad hər bir gənc üçün - həm onun özü, həm də cəmiyyət üçün çox önəmlidir. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki, bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir. Fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və həqiqətən də vətəni sevən hər bir insan bu gün qürur hissi ilə deyə bilər ki, mən Azərbaycan vətəndaşıyam. Çünki Azərbaycan dünya miqyasında nadir inkişaf, transformasiya, islahatlar təcrübəsinə malik olan bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Son illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır.

Gənc, müstəqil dövlət olduğumuza baxmayaraq, biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu il Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmişik. Azərbaycanın çox böyük beynəlxalq nüfuzu var. Etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın güclü iqtisadi dayaqları, güclü ordusu var. Ordumuz bu gün dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, iqtisadi və siyasi vəziyyət sabitdir. Amma bizim ətrafımızda hər tərəf demək olar ki, qaynayır, alovlanır, qanlı toqquşmalar, müharibələr, böhranlar hökm sürür.

İndi neftin qiyməti çox aşağı düşübdür. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır.

Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır. Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir.

Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin.



Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...