Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistikanı bitirənlər üçün müəllim olmuşam” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistikanı bitirənlər üçün müəllim olmuşam” - RUBRİKA

17 Dekabr 2014, 12:00

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

Jurnalistika “Bakupost” qəzetinin əməkdaşı Elnarə Məmmədovanın həyatına ikiqat dinamika və maraq qatıb:
“Mən ixtisasca defektoloqam (Defektoloq - əlilliyi olan insanlarla işləyən pedaqoq). 2005-ci ildə ADPU-da bakalavr, 2007-ci ildə isə magistr dərəcəsi almışam. 2 il yarım eşitmə məhdudiyyətli uşaqlar üçün İnternat tipli məktəbdə surdopedaqoq işləmişəm.

Jurnalistikaya gəlməyimə uşaqlıqdan içimdəki həvəs böyük təkan olub deyə bilərəm. Uşaq vaxtından özüm üçün nə isə yazıb cızma-qara edirdim. Sonra da çıxırdım tabretkanın üstünə, onu hündürdən oxuyurdum. Evə kimsə qonaq gələndə danışmağa peşman olurdular. Vintaçanı mikrofon əvəzi dərhal onlara uzadırdım ki, danışın. Anamın səhər tezdən ilk gördüyü iş hər zaman radionu ya da televizoru açıb səhər xəbərlərini izləmək idi. Qısası xəbərlə böyüdüm. Amma universitetə iş verəndə evdə anama görə qərarımı dəyişdim. İxtisasıma bağlansam da, təhtəlşüurumda onlar qalmışdı. 2007-ci il idi. Məktəbdə işlədiyim üçün fikirləşirdim ki, bu sahənin təbliğini aparmaq lazımdır. Bacım dedi ki, “bəs, ANS-də jurnalistika məktəbi ilə bağlı elan verirlər. Gəl müraciət edək”. Sonuncu gündə sənədlərimi verdim və müsabiqədən keçdim. Beləcə, 2007-ci ildən jurnalist həyatım başladı. İxtisasıma jurnalist kimi yanaşdım. O sahədəki çətinlikləri işıqlandırdım. İlk sujetim eşitmə məhdudiyyətli məktəblilərin dərsliyi oldu.

ANS TV-də aparıcı-xüsusi müxbir kimi çalışmışam. Ümumilikdə 8 il 2 aydır ki, bu sahədəyəm. İndi freelance jurnalist kimi işləyirəm. Daha çox “Bakupost” qəzeti ilə əməkdaşlıq edirəm. Bundan əlavə, “elnaremedia” təsis etmişəm və orada da işləyirəm. Komandamızda əlilliyi olan gənclərlə işləyirik. Hələ ki, ictimai əsaslarla.

Jurnalistikaya gəldiyim üçün qətiyyən peşman deyiləm. Həyatıma dinamika və maraq qatılıb. Özü də ikiqat. Azərbaycanda ilk dəfə autizmli uşaqlarla bağlı sujet hazırlayıb efirə verəndə həmin valideynlərin mənə yazdıqları, şirkətə zəng edib dedikləri sözlər, jurnalist həmkarlarımın sual yağışları fonunda mən sadəcə bu sahəyə gəlməyimə sevinirəm. Mənə ictimai aktiv həyat bəxş edib. Yalnız özümə deyil, həm də cəmiyyətə xeyirli olmağımdan zövq alıram. Bu sahəni beynəlxalq arenaya çıxarıb jurnalist kimi tədqiq etdim. Və deyim ki, jurnalist olmağım daha çox məlumat əldə etməyimə şərait yaratdı”.

Unibank-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sülhiyyə Şirinovanın jurnalist alışqanlıqları hələ də keçməyib: “İxtisasca iqtisadçıyam. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Elə jurnalistikaya da iqtisadiyyat müxbiri olaraq gəlmişəm. İlk yazım 1995-cı ildə 1-ci kursda oxuyarkən “Olaylar” qəzetində dərc olunub. İnstitutda təhsil ala-ala bir çox qəzetlərlə əməkdaşlıq etmişəm. Əslində jurnalistikaya iş axtarmaq zərurətindən gəlmişdim. Ailəmə kömək etməliydim. Amma uzun illər bağlanıb qaldım. Təhsil müddətimdə - 6 ilə yaxın müxtəlif qəzetlərlə əməkdaşlıq etdim. Jurnalistika təhsili almasam da, çox tanınmış və böyük jurnalistlərdən praktiki dərslər aldım. Nəsir Əhmədli, Zöhrab Əmirxanlı, daim böyük sayğı və rəhmətlə andığım Məmməd Nazimoğlu redaktorlarım olub. Onlardan həm yazmağı öyrənmişəm, həm də böyük insanlıq dərsi almışam. Bu gün ölkədə ən istedadlı, sevilərək oxunan imzalarla, təpədən-dırnağa jurnalist olan çox insanlarla iş yoldaşı olmuşam və onlardan da bu sahənin incəliklərini öyrənmişəm. 2002-ci ildə “Space” televiziyasına gəldim. 10 il orda çalışdım: sıravi müxbirdən “Xəbərlər” Departamentində böyük redaktoradək işlədim.
Jurnalist işləmək həm də həyat məktəbidi. Sevincdi, əsəbdi, fərəhlənməkdi, kədərlənməkdi və bütün bu yaşantıların içində möhkəmlənməkdi. Qəzet və TV fəaliyyətimi nəzərə alsaq, ümumilikdə 15 ilə yaxın jurnalist kimi fəaliyyət göstərmişəm. Sonra öz ixtisasım üzrə işləməyə qərar verdim. Bir həqiqət var ki, bu işi sevərək çalışanlar, sonralar hansı işdə çalışsalar da, ruhən jurnalist olaraq qalırlar. Mən də görünür bu işi sevənlərdən olmuşam. Hələ də metroda, avtobusda gözüm, qulağım xəbər axtarır. Yaxşı araşdırmaları sevə-sevə oxuyuram. Yəni hələ də jurnalist alışqanlıqlarım keçməyib.
Jurnalistika mənə əslində aldığından çox şey verib. Bu gün müəyyən qədər güclü insanamsa, bunu jurnalistikaya borcluyam. Mənim ən yaxın və ömürlük dostlarım qəzetdə və TV-də işləyəndə qazandığım insanlardı. Ona görə, nə vaxtsa jurnalist kimi çalışdığım üçün yəqin ki, heç vaxt peşman olmayacam”.

APA TV-nin əməkdaşı Nigar Həsənli jurnalistikaya gəlişini şans hesab edir: “Musiqişünasam. Bakı Musiqi Akademiyasının “Tarixi-nəzəriyyə” fakültəsini bitirmişəm. 7 il öz ixtisasım üzrə işləmişəm - əvvəlcə musiqi məktəbində, daha sonra paralel olaraq musiqi kollecində.

Jurnalistikaya gəlişimi şans adlandıra bilərik. 2 il öncə, yəni 2012- ci ilin sentyabr ayının əvvəlləri idi. Akademiyanı yenicə bitirmişdim. Orada mənə dərs deyən Lalə xanım vardı, (Lalə Hüseynova - musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının katibi) o mənə zəng etdi, ““Space” TV-də Mədəniyyət şöbəsinə işçi lazımdı. Əgər sənə maraqlıdırsa, bəlkə gedib görüşəsən?” dedi. Həmin şöbənin müdiri Lalə xanıma zəng edib, “bəlkə tələbələriniz arasında bizə uyğun biri olar” deyə, müraciət edib. Onlara sırf mədəniyyət tədbirlərinə gedəcək, reportajlar hazırlayacaq biri lazımmış. Əvvəlcə təəccübləndim. Niyə mən? - deyə soruşdum. Sən demə, bu illər ərzində müəlliməm məni müşahidə edirmiş. Mən musiqişünas olsam da, təkcə konsertlərə getmirdim. Teatr tamaşaları, sərgilər... Bir sözlə, hər zaman mədəniyyət tədbirlərində iştirak edirdim. Lalə xanım da bu aktivliyi müşahidə etdiyindən ilk ağlına gələn mən olmuşam. Mədəniyyət departamentinin rəhbəri İman Məcidovun nömrəsini verdi. Danışdıq, görüşdük. Çox xoş təsir bağışladı. O da həmin şöbənin redaktoru Rasim İsmayılov da...Bu məqamda bir şeyi də qeyd etmək istərdim. Mən hər sahə ilə maraqlanan adamam, yəni sənətimə birbaşa aidiyyəti oldu, olmadı, hər sahə ilə maraqlanıram. Odur ki, jurnalistikadan da bir az xəbərdar idim. Bu səbəbdən, gedəndə çox tərəddüd etdim. Hətta yarı yoldan qayıtmaq istədim. Sən hara, jurnalistika hara?- dedim, özüm-özümə. Sonra birdən cəsarət gəldi. İndi getməsəm, ömrüm boyu içimdə bu sual qalacaq - görəsən, getsəydim, nə olardı, deyə? Necə deyərlər, ömür boyu bəlkə deməkdənsə, bir dəfə addım atmaq daha yaxşıdır.

Dediyim kimi, getdim, görüşdüm. İman müəllim məni sorğu-sual elədi. İlk görüş çox çəkmədi. Əməkdaşlığa hazır idi. Nömrəm vardı, zatən. Dedi ki, “gedin bir daha fikirləşin”. Çünki dediyim kimi, işləyirdim, burada işə başlamaq üçün ordan çıxmalıydım... Düzünü desəm, həmin ərəfədə çalışdığım mühit o qədər də ürəyimcə deyildi. Ona görə bu təklif mənim üçün göydəndüşmə olmuşdu. Biraz da düşünüm dedim. Şirkətdən çıxdım, avtobusa əyləşdim. Bir də gördüm, İman müəllim zəng edir. O gün həftəsonu idi, 6-cı gün. Dedi, “1-ci gün gələ bilərsən?”. Düşünmədən, “bəli” dedim. 1-ci gün yenidən getdim. Bu dəfə detalları müzakirə etdik. Və ən maraqlısı bu zaman baş verdi. “İşə nə zaman başlayım?” – deyə soruşdum. O isə qarşılığında “elə sabahdan başlaya bilərsən?” sualını verdi. Təsəvvür edirsiniz? Bir anın içində qərar verməliydim. Bayaq da dediyim kimi, azdan-çoxdan bu sahə barədə məlumatlıydım. Çox adamdan eşitmişdim ki, televiziyada işə başlayan adam, bir də bu mühitdən çıxa bilmir. Hələ yaradıcı adam üçün, ümumiyyətlə, çətin olur. Və qərar verdim. “Bəli” dedim. Təbii ki, öncə sınaq müddəti müəyyən olundu – 1 ay. Əgər öhdəsindən layiqincə gəlsəydim, ştata götürüləcəkdim. Beləcə, həyatım birdən-birə dəyişdi.

İndiyə qədər yadımdadı. Səhər saat 9-da çalışdığım musiqi məktəbinə getdim. Direktor iş başında idi. Qəfil içəri girib, əmək kitabçamı istədim. Şokda idi, sözün əsl mənasında. Nə baş verdiyini anlamamışdı, qərarımdan döndərməyə çalışdı, amma gec idi. Artıq qərar vermişdim.

Beləcə, başladım “Space”də işləməyə. Sırf mədəniyyətlə bağlı tədbirlərə gedir, materiallar hazırlayırdım. Çox qısa müddət sonra, şirkətin prezidentinə ştata götürülməyim haqqında müraciət edildi. Belə deyək, sentyabrın 21-i işə başladım. Oktyabrın 10-u artıq ştata götürüldüm. Bu baxımdan da, bəxtim gətirib, desəm, yalan olmaz. Heç kəsə sirr deyil ki, jurnalistika fakültəsini bitirmiş, əli diplomlu məzunlar iş tapmaqda çətinlik çəkirlər. Onların arasında uzun müddət, hətta aylarla sınaq müddətində çalışanlar olur. Mən isə çox qısa müddətdə etimad qazanmağı bacardım. 

Onu da qeyd edim ki, 2011-ci ildə elə “Space” TV-də aparıcılıq müsabiqəsində iştirak etmişdim. 30-a yaxın iştirakçıdan cəmi 6 nəfər finala qalmışdı. Onların arasında mən də vardım. Amma qismət.... heç birimizi seçmədilər...

İl yarım “Space”də çalışdım. Sənətin sirrlərini ilk orada öyrəndim. Yəni, bu sahədə ilk məktəbi orada keçdim. Bu ilin mart ayından APA TV-nin əməkdaşıyam. Media sahəsində çalışanlar bilir ki, APA peşəkar jurnalist olmaq istəyən hər bir gənc üçün əsl məktəbdir. Odur ki, buraya dəvət olunmağım da mənim üçün böyük şansdır. Çalışıram ki, bu şansı lazımınca dəyərləndirim.   

Jurnalistikaya gəldiyimə görə çox razıyam. Yenə də deyirəm. Bəxtim gətirib! Elə ilk addımlarımdan peşəkarların əhatəsindəyəm. Bu da mənə peşənin sirlərinə yiyələnməyə çox yardım edir. İşimin öhdəsindən layiqincə gəlməyə çalışıram”.


“Kaspi” qəzeti və “Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Həbibə Abdulla düşünür ki, jurnalistika sahə, iş yeri olaraq tənqid olunmamalıdır: “Ailəmizin çətin günlərində Qızlar Universitetinin Tarix və ictimaiyyət fakültəsinə daxil olmuşam. Həmin vaxtlar təhsilimi davam etdirə bilməsəm də, sonralar buna nail oldum. Baxmayaraq ki, universiteti tarix üzrə qazanmışam, amma bu mənə jurnalist fəaliyyətimdə heç bir problem yaratmayıb. Hər zaman uğur qazanmışam, çox şükür, imzam azdan-çoxdan tanınıb. Hətta jurnalistikanı bitirənlər üçün müəllim olmuşam. İşlədiyim kollektivlərdə dəfələrlə olub, praktikaya gələn jurnalistika tələbələrini mənə təhkim ediblər. Eləsi olub ki, ümumiyyətlə jurnalist ola bilməyib, eləsi olub çox gözəl jurnalist olub. Öz prinsiplərimə uyğun olmadığı üçün onlardan heç birinin adını çəkmirəm, yəqin ki, bu yazını oxuyarlarsa, öz-özlüyündə də olsa belə, etiraf edəcəklər.

Jurnalistikaya gəlişim isə 1999-cu ildə olub. Bacım “Yeni Müsavat” qəzetində çalışırdı. Çoxlarının yaxşı tanıdığı Dünya Sakit. Onun yanında əvvəllər texniki işçi kimi başladım-operator, sonra korrektor. 2002-ci ildə “Xalq Cəbhəsi” təzə açılanda korrektor kimi orada işləməyə başladım. Elə həmin ildə şəxsiyyət vəsiqəsi alan zaman üzləşdiyim neqativləri qələmə alıb redaktora təqdim etdim. Baxdı, xoşu gəldi, dedi, səni müxbir keçirək. Həm müxbir, həm korrektor kimi işləməyə başladım. 2003-cü ildə “Hürriyyət” qəzetinə getdim, 2 ay işlədikdən sonra qəzetdən kollektiv surətdə çıxıb “Bakı Xəbər” qəzetini yaratdıq. 2004-cü ilin sonlarınadək orada işlədim. Həmin vaxt “Yeni Müsavat” qəzetində Dünyanın yanında iqtisadiyyat yazarı lazım idi, yenidən gəldim ora. Dünya məni daha peşəkar yazmağa öyrətdi. Beləliklə, peşəkar jurnalist olaraq yetişdim. Çox şükür. Heç vaxt hansısa yazını pis yazdığım, mövzuya qeyri-peşəkar yanaşdığım üçün mənə irad bildirən olmayıb. Hər zaman yaşda və təcrübədə məndən böyük jurnalistlərlə eyni səviyyədə tapşırıqlar verilib, öhdəsindən də gəlmişəm.

2005-ci ildə yenidən “Bakı Xəbər”ə qayıtdım, 2006-da böyük uğur qazanan “Gündəlik Azərbaycan” qəzetinə dəvət edildim və orada işə başladım. 2007-ci ildə həmin qəzet bağlananda yenidən “Yeni Müsavat” qəzetinin rəhbərliyinin dəvətilə orada iqtisadiyyatdan yazmağa başladım. Sonra bir müddət mətbuatdan uzaqlaşdım, QHT-lərin birində işlədim. Lakin böhran illərində bu sektorda vəziyyət ağırlaşdı və mən yenidən “Yeni Müsavat” qəzetinə qayıtdım. 2011-ci ildə “Azadinform” İA-da işə başladım. Burada həmçinin “Kaspi” qəzetilə əməkdaşlıq edirdim. Ötən ilin əvvəlindən isə “Kaspi” yə keçdim və bu dəfə “Azadinform”la əməkdaşlığa başladım.

İşimdən çox məmnunam. Heç bir sahədə buradakı qədər hörmətli, sözükeçən olmaq mümkün deyil. Ən çox da yaxşı (peşəkar, obyektiv) jurnalist olduqdan sonra hər kəs sənə hörmət edir. Bu gün çoxları jurnalistikada ola-ola bu sahəni bəyənmir, tənqid edir. Qətiyyən dəstəkləmirəm belələrini. Əvvəla, insan çörək yediyi qaba tüpürməz, ikincisi də kimsə bəyənmirsə gedib başqa sahədə çalışa bilər. Bu gün mətbuatda heç kimi məcburi saxlayan yoxdur. Hər kəs öz istəyilə bu peşəni seçib. O başqa söhbətin mövzusudur ki, jurnalistik gəlirli sahə deyil, jurnalistlərin maddi durumu yaxşı deyil. Amma sahə olaraq, iş yeri olaraq tənqid olunası deyil. Mənim atam da uzun illər redaktor işləyib rayon qəzetində, məndən böyük bacılarım da jurnalistdir. Min şükür, öz başımızı dolandırırıq, necə deyərlər, 5 nəfərdən pis yaşayırıqsa, 10 nəfərdən yaxşı yaşayırıq. Amma təbii ki, jurnalistikamızın, mətbuatımızın bugünkü günü tənqid olunmalıdır. Heç də ürəkaçan mənzərə mövcud deyil. Bu barədə danışsam, çox xırdalıqlara getmiş olaram”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi