Modern.az

Parlament jurnalistləri ilin ən yaxşı media orqanlarını seçdilər - SİYAHI

Parlament jurnalistləri ilin ən yaxşı media orqanlarını seçdilər - SİYAHI

Qarabağ

17 Dekabr 2014, 15:09

2014-cü ilin yekunlaşmasına iki həftədən az qalıb. Parlament jurnalistləri bu il öz fəaliyyəti ilə seçilən ilin media orqanlarının adlarını çəkiblər. Onlar Modern.az saytına açıqlamalarında müxtəlif media orqanının adlarını sadalayıblar.
 
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadəyə görə, ilin ən yaxşı saytı elə  “Mediaforum”dur. O, televiziyalardan ən yaxşı kimi Az.TV və İTV-nin adını qeyd edib.  Həmkarımız qəzetlərdən “Aydın yol” u ilin qəzeti kimi qəbul edir. 
Jurnalist radiolara qulaq asmır, jurnal da oxumur, APA və AzərTAc-ı isə ilin ən yaxşı xəbər agentlikləri  hesab edir.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı “İdman-Azərbaycan” kanalını ilin televiziyası hesab edir. O, jurnallardan “Baku”nu, qəzetlərdən isə “Şərq”in adını çəkib. Qol.az-ı fəaliyyətinə görə ilin saytı kimi qiymətləndirib.

“Bakupost” saytının əməkdaşı Fərəh Sabirqızı deyir ki, İTV-ni ilin televiziyası  kanalı hesab etmək olar. O, yenilikləri, təhsil, gənclik, ədəbiyyatla bağlı xüsusi buraxılışları ilə yadda qalan “Kaspi”  qəzetinin fəaliyyətini qiymətləndirir. İnformasiya agentliklərdən isə “Trend”ı ilin media orqanı hesab edir.

“Novosti Azerbaydjan” agentliyinin əməkdaşı Mürtəza Bünyadlı hazırkı media orqanlarının fəaliyyətini əvvəllər məktəblərdə olan divar qəzetinə bənzədib: “Əgər həqiqəti bilmək istəyirsənsə, artıq heç bir mətbuat orqanı jurnalistika ilə bağlı deyil. Vaxtı ilə orta məktəblərdə divar qəzeti olardı, bizim fəaliyyət lap ona, həm də dövlət qurumlarının xəbər bülletenlərinə bənzəyir”.
Həmkarımız əsasən rusdilli xəbər agentliklərini izləyir. Azərbaycanda isə APA, “Trend”, “İnterfax- Azerbaydjan” agentliklərini, 1news.az, Novosti.az saytlarını ilin media orqanları kimi qeyd edir. 

Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin fikrincə, 2014-cü ildə demək olar ki, Azərbaycanın media orqanları aktiv işləyiblər: “İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə baş verən hadisələri ətraflı və
obyektiv işıqlandırmağa çalışıblar. Bu ildə mənim üçün ən yaxşı qəzet “525-ci qəzet”, “Karvan” jurnalı, ATV telekanalı, Modern.az saytı olub. Doğrusu, radioya qulaq asmaq imkanım olmayıb. Xəbər agentliklərindən isə “Trend”i qeyd edə bilərəm“.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu səmimi etiraf edir ki, bəzi media  vasitələrini, ümumiyyətlə, bəyənmir: “Düzünü və səmimi desəm, hazırda heç bir qəzeti, heç bir radionu və heç bir telekanalı bəyənmirəm. Yerli telekanallar çox baxımsız, çox maraqsız və çox mənasız olublar. Saytlara gəlincə, daha çox Modern.az-ı qəbul edir və bəyənirəm. Agentliklərdən isə APA-nı qeyd edə bilərəm”.

APA-nın əməkdaşı Mübariz Aslanov mütəmadi qəzet oxumadığını, televiziyalara gəlincə isə ödəniş ilə xarici kanallara baxdığını deyib: “Ancaq rus kanallarına  baxıram. Çalışdığım agentlik də daxil olmaqla, mütəmadi xəbərlərin içində oluruq. Ona görə nə televiziya kanallarından, nə də qəzet, jurnallardan fərqli nəsə gözləyirəm. Ən çox  xəbər saytlarına üstünlük verirəm. Apa.az-a və digər  gündəlik operativ, dəqiq xəbər verən saytların hamısına baxıram”.

“Üç nöqtə” qəzetinin  əməkdaşı Elməddin Muradlı ilin qəzeti kimi “Üç nöqtə”ni hesab edir. O, ilin jurnalı olaraq “Baku”nun adını çəkib, ATV telekanalını, milli musiqiləri ilə fərqlənən 106.3 FM. radiosunu ilin media orqanları hesab edib. Saytlardan isə Avtosfer.az-i ilin saytı hesab edir. Agentlik kimi APA-nı bəyənir. 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlıya görə, ilin qəzeti elə “Yeni Azərbaycan”dır. Televiziyalardan Az.TV-ni , saytlardan isə Modern.az-ı ilin media vasitəsi adlandırıb. Xəbər agentliyi kimi isə “Səs” İnformasiya Agentliyini qeyd edib. 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy ilin ən yaxşı saytı olaraq “Müsavat.com”u hesab edir. Onun sözlərinə görə, statistikaya baxanda  ən çox oxunan qəzet “Yeni Müsavat” olub: “Televiziyalar indi şou əhli ilə doldurulub və bu baxımdan tamaşaçıların bəxti gətirmir. Radiolar da eynidir. İctimai marağa, rəyə təsir etmirlər. İlin agentliyi APA-nı hesab etmək olar. Bununla yanaşı, hazırda reytinqli saytlar var - Lent.az, Modern.az, “Qafqazinfo”, Moderator.az, “Mediaforum”, Aktual.az, Aznews.az saytlarının da fəaliyyəti yaxşıdır”.

AzVision. az saytının əməkdaşı Anar Kəlbiyev onu razı salacaq qəzet olmadığı üçün  ilin ən yaxşı qəzetinin adını çəkmək istəməyib: “Düşünürəm ki, mənim üçün elə də ürəkaçan qəzet yoxdur. Sayta gəlincə, çalışdığım AzVision.az-ı ilin saytı hesab etmək olar. Ona görə yox ki, burada işləyirəm. Ümumiyyətlə,  gündəlik özəl məlumatlarımıza və xəbərlərimizə baxsanız, bunu görmək olar. Azərbaycanda  jurnal bazarı da çox zəif inkişaf edir. Bu baxımdan hansısa jurnalın birinci olduğunu deyə bilmərəm. Televiziyalar isə məlum olduğu kimi, heç də ürəkaçan deyil. Amma buna baxmayaraq, insanların problemini işıqlandırdığı üçün ANS telekanalını birinci görürəm. Radioya gəlincə, 105.5 media FM ilin ən yaxşı radiosudur. Məncə, ilin ən yaxşı agentliyi APA-dır”.

“Bizim yol” qəzetinin əməkdaşı Rəşad Vaqifoğlu deyib ki, o, jurnal oxumur, mütəmadi radioya qulaq asmır: “Azərbaycan televiziyalarına çox nadir hallarda baxıram (əsasən xəbər buraxılışlarına), amma heç birini yaxşı hesab etmirəm. Təbii ki, ilk olaraq ən yaxşı qəzet çalışdığım “Bizim yol” qəzeti və “bizimyol.info” saytıdır. Çap mediasını hər gün nəzərdən keçirsəm də, informasiyanı əsasən elektron KİV-dən alıram. İzlədiyim çox sayt olsa da, bəyəndiyim saytlar o qədər də çox deyil. Onların sırasında Modern.az da var. Yeni tanımağıma baxmayaraq, ATVxeber.az saytını da bəyənirəm. İlin ən yaxşı agentliyi APA-nı hesab edirəm. Operativliyə, həm də dəqiqliyə əməl edirlər. Demək olar ki, təsdiqlənməmiş məlumat yaymırlar”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal  ilin saytı Modern.az-ı hesab edir: ““Ekspress” qəzeti,  “Naşir” jurnalı ilin çap media orqandır. İctimai radio və İctimai televiziya ən yaxşılar sırasına daxildir. APA-nı ilin ən yaxşı xəbər agentliyi hesab edirəm”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan da ilin ən yaxşı saytı kimi Modern.az-ın adını qeyd edib: “İlin ən yaxşı qəzeti “Ekspress”, ilin xəbər agentliyi APA, ən yaxşı televiziyası “İdman Azərbaycan”dır. Radioya qulaq asmıram, jurnal da oxumuram”.

“Şərq qəzeti”nin əməkdaşı Anar Bayramoğlu ilin bir yox, bir neçə media orqanının adını çəkib. O, ilk sırada Modern.az saytını, daha sonra  Lent.az və  Milli.az-ı ilin saytı hesab edir: “Qəzetlərdən “Bizim yol”, “Yeni Müsavat”, “Şərq”, jurnallardan “Azərbaycan”, “Ulduz”, “Formaggio”, radiolardan “Azadlıq”, “Anten FM”, televiziyalardan Az.TV, Meydan TV, “İdman Azərbaycan”nı, agentliklərdən isə APA və “Trend”i ilin media orqanları hesab etmək olar”.

APA.TV-nin parlament jurnalisti SevincVaqifqızı ilin ən yaxşı agentliyi və saytı kimi APA və apa.az-ı hesab edir: “Bir sıra verilişlərinə və xəbər operativliyinə görə “Xəzər TV”nin adını da əlavə edə bilərəm. Qəzet oxumuram, saytlardan daha çox Lent.az, Kulis.az, Modern.az, “Qafqazinfo” kimi saytlar operativ olduqları üçün  mütəmadi  izləyirəm”.

Qafqazinfo.az saytının əməkdaşı Günel Türksoy deyib ki, o, internet mediada çalışdığı üçün qəzet və jurnal oxumaq imkanı yoxdur: “İlin ən yaxşı saytı olaraq çalışdığım Qafqazinfo.az saytını, ən yaxşı agentlik kimi isə “Trend” İnformasiya Agentliyinin adını qeyd etmək istəyirəm. Hesab edirəm ki, ölkəmizdə bütün parametrlərə cavab verən ən yaxşı televiziya yoxdur. Radioya da hərdən qulaq asdığım üçün hansının yaxşı olacağını deyə bilmərəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev ilin ən yaxşı qəzeti kimi elə “Kaspi”ni hesab edir: “Son vaxtlar “Şərq” qəzeti xeyli maraqlı çıxır. İnternet mediasında atıq bir oturuşma gedir. Bu il daha çox diqqətimi cəlb edən Azvision.az saytı olub. İlin radiosu kimi Media.FM 105.5-i  qeyd edərdim. Xüsusilə də bu radionun Rəvan, Fateh, Gülay üçlüyünün təqdim etdiyi səhər şousu çox xoşuma gəlir. İlin  televiziyası ANS və ATV-ni hesab edirəm. Agentlik kimi oturuşmuş fəaliyyəti ilə seçilən APA və “Trend” və ilin sonunda fəaliyyətə başlayan “Report”u fərqləndirmək olar”.

ATV-nin parlament jurnalisti Aytən Əhmədova ilin ən yaxşı informasiya agentliyi kimi APA-nın adını qeyd edib. İlin televiziyası kimi elə ATV-ni hesab edir. İlin radiosu olaraq Media FM-in adını çəkib. Sayt kimi isə Modern.az-ı mütəmadi izlədiyini və ilin saytı seçilməyə layiq gördüyünü bildirib: “Fikrimcə ən yaxşı qəzet çoxdur . Onlardan birinci “Şərq” qəzetini,  daha sonra “Yeni Müsavat”ı və “Bakı Xəbər”i,  jurnallardan isə “Discovery”ni ilin çap mediası kimi görürəm”.

“Gündəlik Teleqraf “ qəzetinin və Publika.az saytının əməkdaşı Asif Nərimanlı “Yeni Müsavat” və “Gündəlik Teleqraf”ı ilin qəzeti adlandırıb: “Jurnal oxumuram. Saytlardan “Gündəlik Teleqraf”ın saytını ilin saytı hesab edirəm. Lakin Publika.az-ı, Musavat.com-u, Virtualaz.org-u. Modern.az-ı, Teleqraf.com-u mütəmadi izləyirəm. Agentliklərdən “Trend” vəAPA -nı ilin media orqanı hesab edirəm.  “Azadliq” radiosunu da ilin radiosu kimi qəbul edirəm. Amma televiziyalardan hər hansı birinin adını çəkmək istəmirəm. Çünki televiziyalar insana  mənfi əhval-ruhiyyə bəxş edir. İndi  televiziya deyəndə elə ANS yada düşür”.

Ədalət” qəzetinin əməkdaşı Adil Əlizadə Araz FM radiosunu ilin radiosu hesab edir. APA-nı ilin xəbər agentliyi kimi qeyd edib. Saytlardan isə Modern.az-ın adını çəkib.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu