Bu gün Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində (ƏVD) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib. Modern.az saytının xəbərinə görə, nazirliyin vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi, kiçik vergi xidməti müşaviri Tural Quliyev deyib ki, bu ilin ötən dövrü ərzində borclu vergi ödəyicilərinin bank hesablarına qoyulan sərəncamlar nəticəsində 31,1 milyon manat məbləğində borc dövlət büdcəsinə ödənilib:
“Əmlakın siyahıya alınması barədə açılan qərarların icrası nəticəsində 60,3 milyon və vergi ödəyicisinin borcunun təsisçisi olduğu hüquqi şəxsdəki payına yönəldilməsi nəticəsində 1,6 milyon manat məbləğində borc dövlət büdcəsinə ödənilib. 519 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub. Borclu fiziki şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar vergi orqanları tərəfindən icra məmurlarına edilmiş müraciətlər və onların verdikləri təqdimatlar əsasında məhkəmələr 60 vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarlar qəbul edib”.
Tural Quliyevin sözlərinə görə, bu ilin 11 ayı ərzində xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə 803 vergi ödəyicisi üzrə 30,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib: “Onlardan 172 iş üzrə 1 milyon 653,3 min manat məbləğində yayındırılan vergi məbləği dövlət büdcəsinə ödənildiyi üçün həmin şəxslər barəsində cinayət işi başlanılmayıb və ya başlanılan cinayət işlərinə xitam verilib”.
Gülşən RAUFQIZI