Modern.az

Türkiyənin Avropa Birliyi naziri Ərdoğan-Gülən çəkişməsindən DANIŞDI: "Davam edəcək" - ÖZƏL

Türkiyənin Avropa Birliyi naziri Ərdoğan-Gülən çəkişməsindən DANIŞDI: "Davam edəcək" - ÖZƏL

Ölkə

18 Dekabr 2014, 08:00

 

Türkiyədə dövlət içərisində “paralel hökumət” yaratmaqda ittiham olunan Gülən camaatı ilə bağlı müzakirələr dünya mətbuatının aparıcı mövzularından birinə çevrilib.

2013-cü ilin dekabrın 17-də  “paralel yapı”nın həyata keçirdiyi iddia edilən rüşvət və korrupsiya əməliyyatlarından sonra başlayan Ərdoğan-Gülən siyasi çəkişməsi həmin hadisələrin ildönümü ərəfəsində başqa bir əməliyyat üçün zəmin yaratdı.

Bu ilin dekabr ayının 14-də camaatın ABŞ-da yaşayan lideri Fətulla Gülənə yaxın olan media quruluşlarına qarşı “paralel yapı” adı altında İstanbul polisinin apardığı əməliyyat  isə Türkiyə hökumətinin media və söz azadlığına qarşı təzyiqi kimi qiymətləndirilir.

Aparılan əməliyyat çərçivəsində dövlət içərisində “paralel qurum”un təmsilçiləri olmaqda şübhəli bilinən “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı, “Saman yolu” televiziyasının baş direktoru Hidayət Karaca daxil olmaqla, bir çoxlarının həbsi Qərb dairələrinin Türkiyəni tənqid etməsinə səbəb oldu. Avropa Birliyi Türkiyənin bu təşkilata üzvlüyü məsələsinin reallaşmayacağına dair mesajlar verməkdədir.

“Paralel yapı” əməliyyatlarının Türkiyədə media azadlığının pozulması kimi şərh edilməsi birmənalı qarşılanmır. 

Məsələ ilə bağlı Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır Modern.az saytına özəl açıqlama verib.

Nazir vurğulayıb ki, Türkiyə hüquqi dövlətdir  və aparılan istintaq tamamilə qərəzsizdir:

“Bu addımlar Türkiyədə  mətbuat azadlığına heç bir xələl gətirmir. Hüquq-mühafizə orqanlarının apardığı əməliyyatın, istintaqın mediaya təzyiq kimi qiymətləndirilməsi çox yanlışdır”.

Volkan Bozkır bildirib ki, Türkiyə bundan sonra Avropa Birliyi ilə bağlı apardığı xarici siyasəti davam etdirəcək.

Qeyd edək ki, Avropa Birliyinin Türkiyəni tənqid etməsinə prezident Rəcəb Tayyib Ərdoğan belə münasibət bildirib: “Hər hansı addım atmamış Avropa Birliyindən biri çıxıb açıqlama verir. Sən bu açıqlamanı niyə görə verirsən? Nə bilirsən? 50 ildir bu ölkəni Avropa Birliyinin qapısında gözlədənlər görəsən atılan bu addımın nə olduğunu bilir? Avropa İttifaqının Türkiyəni üzvlüyə qəbul edib-etməyəcəyi ilə bağlı bir dərdimiz yoxdur. Lütfən öz ağlınızı özünüzə saxlayın”.  

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi