Milli Məclisin ötən iclasında deputat Fəzail Ağamalının sığorta şirkətləri barədə səsələndirdiyi fikirlər cəmiyyətdə böyük maraqla qarşılanıb. Buna səbəb isə insanların əksəriyyətinin bu problemlə üzləşməsidir.
Ana Vətən Partiyasının sədri Modern.az-a açıqlamasında problem barədə fikirlərini daha geniş bildirib: “Milli Məclisdə səsləndirdiyim fikirlər konkret faktlara və reallığa əsaslanır. Bunu mən deməsəm belə, problem hər birimizin həyatında özünü göstərməkdədir. Qəribədir, bu gün bütün sığortalar məcburi xarakter daşıyır. Əslində biz “icbari” ifadəsini işlətməklə, onun məcburi xarakter daşımasına hüquqi əsas veririk. İnsanlar avtomobilini, evini, daşınar-daşınmaz əmlaklarını sığortalayırlar. Hardasa tikinti aparırsansa, onu da sığortalayırlar. Bütün həyatımız az qala sığortalanma prosesi içərisindədir”.
Sığortalardan külli miqdarda vəsait yığılır...
Onun fikrincə, sığorta şirkətləri vətəndaşların üzləşdiyi itkilərin əvəzinin ödənilməsi zamanı çox böyük problemlər, süründürməçilik yaradırlar:
“Ödənişdən yayınma halları ənənə şəklini alıb, insanlar hədsiz dərəcədə incidilir, qazanan sığortaçılar olur”. Deputat deyir ki, özü də belə hallarla rastlaşıb: “Özümüzün də başına bu cür hadisə gəlir. Əvvəlcədən avtomobilin sığortalanması üçün ödənişləri hər ay həyata keçirmişik. Amma lazımi məqamda sığorta şirkəti ödənişi etməkdən imtina edib. Uzun süründürməçilikdən sonra çox cüzi bir məbləğ təklif etməklə kifayətləniblər. Məsələn, avtomobil 15 min manatlıq zərər görübsə, onun cəmi 3 min manatını verdilər, “qalanını özünüz ödəyin” dedilər”.
Fəzail Ağamalının sözlərinə görə, sığortalardan külli miqdarda vəsait yığılır: “Bu vəsaitin 10-15 faizini sığorta şirkətləri xərcləyir, bəs qalan pullar hara gedir?! Mənə maraqlıdır, bu sığorta şirkətləri dövlətə vergini hansı formada verir, öhdəlikləri necə yerinə yetirirlər? Bunun şəffaflığı yoxdur. Düşünürəm ki, Mərkəzi Bank Milli Məclisdə, büdcənin müzakirəsi zamanı və ya hökumətin hesabatında banklarla bağlı məlumatlar verirsə, sığorta şirkətləri haqqında da məlumatlar verməlidir. Onların fəaliyyəti şəffaf olmalıdır. Təəssüf ki, bunlar yoxdur. Bütün bunların kökündə isə maddi maraqlar və sığorta şirkətlərinin insanları incitməsi üzərində pul qazanmaq məqsədləri dayanır”.
Maliyyə Nazirliyi sığorta şirkətlərinə nəzarəti gücləndirməlidir
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, bu sahədə neqativ hallar əsasən əmlak və avtomobillərin sığortalanması zamanı daha çox özünü göstərir: “Sığorta sektoru maliyyə münasibətləri ilə bağlı olduğu üçün həssas sektor hesab edilir. Cəmiyyətdə sığorta şirkətlərinə qarşı inamsızlıq var və bu da bəzi sığorta şirkətlərinin öz öhdəliklərini yerinə yetirməməsi və ya qismən yetirməsi, eyni zamanda ödənişlərin həyata keçirilməsi zamanı süründürməçiliyə yol verməsidir.. Avtomobil və ya əmlakın sığortası zamanı şirkətlər çalışırlar ki, dəymiş ziyanı ya ödəməsinlər, ya da az miqdarda ödəsinlər. Bu cür hallar vətəndaşlarda sığorta şirkətlərinə qarşı inamsızlıq yaradır. Əslində sığorta şirkətləri dəyən ziyanı ödəməyə çalışmalıdırlar ki, insanlarda onlar inam azalmasın”.
Ekspertin fikrincə, hazırda sığorta şirkətlərinə inamın artırılması və bu sektorda süründürməçiliyin aradan qaldırılması üçün birmənalı şəkildə sığorta müqavilələri üzrə standartların tətbiqinə ehtiyac var:
“Müşahidələrimiz göstərir ki, sığorta müqavilələrində əsas maddələr ya kiçik hərflərlə qeyd edilir, ya da vətəndaşa izah olunmur. Bu da nəticə etibarı ilə sığortalanan tərəfin şərtlərlə tanış olmamasına gətirib çıxarır. Müqavilələrin vətəndaşların başa düşə biləcəyi dildə yazılmasına və izah edilməsinə ehtiyac var.
Eyni zamanda sığorta hallarının qeydə alınması prosedurları yüngülləşdirilməlidir. Maliyyə Nazirliyi yanında sığorta şirkətlərinə nəzarət edən idarə bu istiqamətdə işlərini gücləndirməlidir”.
Gülşən RAUFQIZI