Modern.az

Təpəgöz və tartarlar-I

Təpəgöz və tartarlar-I

19 Dekabr 2014, 23:56


Qəribədir,  "Kitabi  Dədə  Qorqud"  dastanının  bir hekayəsində  Qaraca  Çobanın  sapandının  daşatan  mancanaq  olması bildirilmir, amma  digər  hekayədə - Təpəgöz  gözünü  itirəndə  təəssüf  edir  ki, Oğuz  ellərinə  hücum  edə  bilməyəcək, Oğuz  igidləri  ona  qarşı  gələndə  qaçıb  öz  qalaçasına  girərək  mancanaqlardan  onlara  iri  daşlar  ata  bilməyəcək. Halbuki  bu  hekayənin  tarixi  dastandakı  digər  bütün  hekayələrin  tarixındən  daha  qədimdir. Onun  tarixi  nəinki  Dədə  Qorquddan, İslam  dinindən, hətta  miladdan  da  çox-çox  əvvəllərə  gedib  çıxır. Dastana  görə  Təpəgöz Oğuz  elindən  Aruz  adlı  bir  qocanın  çobanının  oğludur;  bu  çoban  qoyun  güddüyü  zaman  qanad-qanada  çalıb  uçan  pəri  qızlarını  görür, gözəlliklərindən  ağlı  başından  çıxır, şəhvət  hisslərinə  əsir  olub  yapıncısını  onlardan  birinin  üstünə  atıb  tutur  və  onunla  cinsi  əlaqədə  olur. Çoban  ola, uca  dağın  yaşıl  yamacı  ola, bir-birindən  də  gözəl  pəri  qızları, dərə  xəlvət  tülkü  bəy. Pəri  qızları  deyirəm, a  kişi, yemə  içmə, xətti-xalına, gül  camalına  tamaşa  elə. Yazığı  nə  deyib  qınayasan?!  Nə siə... Sözüm  bunda  deyil. Pəri  qızı  qanadlı  imiş, uçub  gedərkən  deyir  ki, çoban, bir  ildən  sonra  gəl  əmanətini  al, amma  sən  Oğuz  ellərinə  bəla  gətirdin. Bir  ildən  sonra  həmin  pəri  qızı  həmin  yerə  gəlib  çobana  bir  ət  yığını  verir  ki , al  əmanətini, üstəlik  yenə  də  təkrar  edir  ki, sən  Oğuz  elinə  bəla  gətirdin  və  qanadlarını  çalaraq  uçub  gedir. Övlad  gözləyən  çoban  ət  yığınına  baxır, heç  nə  anlamır, başlayır  onu  sapandla  vurmağa, görür  ki, hər  zərbədən  sonra  ət  yığını  böyüyür. Və  qorxusundan  onu  oradaca  qoyub  qoyunları  da  sürüb  oradan  uzaqlaşır. ”Aradan  çıxır”, desək  daha  doğru  olar, həm  də  elə  aradan  çıxır  ki, hekayənin  sonuna  qədər  bir  daha  səsi-sorağı  eşidilmir.

Bundan  on-on  beş  il  əvvəl  isə  gələcəkdə  Təpəgözlə  birbaşa  əlaqəsi  olacaq  bir  hadisə  baş  vermişdi;  düşmən  tayfaları  Oğuz  ellərinə  hücum  çəkəndə  böyük  qaçhaqaç  düşmüş, həmin  o  Aruz  qocanın  körpəcə  oğlu  o  qaçhaqaç  zamanı  meşədə  itmişdi. Bir  şir  bu  körpəni  görüb  yazığı  gəlmiş,  əmizdiribmiş. Uşaq  yeniyetməlik  yaşlarına  çatana  qədər  şirlə  çöllüklərdə, meşələrdə  qalıbmış. Bir  gün... diqqət  edin... Oğuz  xanın, təkrar  edirəm, Oğuz  xanın  ilxıçısı  gəlib  deyir  ki, ay  camaat, qamışlıqdan  bir  şir  çıxdı, sıçrayıb  qaçmağı  adam  kimidir, atı  vurub  basır, qanını  sümürür. Aruz  qoca  deyir  o, mənim  oğlum  olacaq  və  gedib  şiri  qaçırdaraq  o  oğlanı  tapıb  gətirirlər. Dədə  Qorqud  gəlib  oğlana  Basat  adı  verir.. .                    

İndi   isə  burasına  diqqət  edin;  çoban  pəri  qızının  verdiyi  bir  ət  yığınını  görüb  qorxusundan  qaçdığı  vaxtlardı  həmin  bu  vaxtlar. Ət  yığınının  qaldığı  yerdən  təsadüfən  Bayındır  xan ...  bəli, bəli , Bayındır  xan  öz  igidləri  ilə  keçəsi  olur.

Heç  cür  başa  düşülmür. Niyə  Bayındır  xan?!  Bəs  Oğuz  xan  hanı?  Qamışlıqdan  bir  şir  çıxdığını  Oğuz  xanın  ilxıçısı  gəlib  xəbər  verməmişdimi?  Bu  iki  xanın  arasında  azı  altı  min  il  zaman  yoxmu?  Nə  isə. Bunu  bir  tərəfə  qoyaq... İgidlər  ət  yığınını  təpiklədikcə  ət  yığını  böyüyür. Aruz  qoca  da  təpiklərkən  birdən  mahmızı  toxunub  onu  deşir  və  içindən  bir  oğlan  uşağı  çıxır, alnında  da  bir  tək göz. Xan  Aruz  qocanın  xahişini  yerə  salmır, uşağı  ona  verir, o  da  uşağı  alıb  evinə  gətirir, yedirir, içirir, ona  dayə  də  tutur. Uşaq  da  ayla, illə  deyil, günlə, saatla  böyüyür, oynadığı  uşaqlardan  birinin  qulağını, birinin  burnunu  yeyir, adamlar  onun  bu  nadinc  hərəkətlərindən bezirlər, Aruz  qocaya  şikayət  edirlər, o  da  onu  döyür, söyür, amma  heç  bir  xeyri  olmadığını  görəndə, nəhayət, onu  evindən  qovur. O  da  çöllərə  üz  tutur, Salaxana  / bəlkə  də  sallaqxana /  adlı  bir  yerdə, qalaçada  özünə  məskən  salır. Bax  məhz  bu  zaman  onun  pəri  anası  gəlib  ona  bir  üzük  verib  deyir  ki, al  bunu , keçir  barmağına, qoy  sənə  ox  batmasın, bədənini  qılınc  kəsməsin. Yəni  bir  müddət  əvvəl  onu, öz  doğma  oğlunu  çoban  atasının  üstünə  tullayıb  getmişdisə  də, belə  çıxır  ki, ona  göylərdən  nəzarət  edirmiş;  onun  isti  ev-eşikdən, yemək-içməkdən  məhrum  olduğunu  görən  kimi  peyda  olmuşdu. Və  bu  zamandan   etibarən  də  Təpəgöz  quldurluğa  başlayır;  yol  kəsir, xalqın  mal-qarasını, qoyun-quzusunu  qalaçasına  sürüb  gətirir, adamdan-heyvandan  əlinə  nə  keçsə  yeyir. Oğuz  igidləri  onunla  hesablaşmaq  istəyirlər, amma  yenilirlər, nəticədə, Dədə  Qərqudu  onun  yanına  minnətçi  göndərib  hər  gün  yeməyə  altmış  qoyun  və  iki  adam  vermələrinə  razı  sala  bilirlər, yetər  ki, o  bu  basqınları  dayandırsın. Bir  müddət  sonra  isə  həmin  o  Basat, yəni  Təpəgözün  süd  qardaşı  onu  öldürməyi  bacarır. Təpəgözə  ox, qılınc  batmırmış, nə  dəysə  qırılırmış, ola  bilsin  gönü  qalınmış. Sadəcə, bir  tək  gözü  ətdən  imiş. O, yuxuda  ikən  Basat  qızmış  dəmiri  onun  gözünə  soxur, ağrıya  dözə  bilməyən  Təpəgöz  özü  ona  “qınsız  qılıncı”nın  yerini  söyləyir  ki, alıb  tezcə  boynunu  vursun. Yalnız  o  qılınc  Təpəgözü  kəsə  bilərmiş. ”Təpəgözün  öz  qılıncı”  deyilən  bu  qılınc  yaxındakı  mağaranın  girişindəcə  zəncirdən  asılıbmış. Digər  qılıncın   qını  varmış, zəncirdən  asılmış  bu  qılınc  isə  durmadan  qalxıb   enirmiş!  Çox  iti  imiş;  Basat  onun  qabağına  öz  qılıncını  vermiş, doğramışdı, sonra  iri  bir  ağac  vermiş, onu  da  doğramışdı, sonunda  zənciri  vurub  qırarkən  qılınc  yerə  düşmüş, yalnız  o  zaman  onu  əlinə  ala  bilmişdi. Hansısa  mexaniki  qurğunu  xatırladır  bu. Demək  çətindir, amma  bir  az  gilyotinaya  bənzdirəm  bunu. Bir  qılınc  altda, bir  qılınc  üstdə  və  üstdəki  qalxıb  enərək  kəsir, doğrayır. On  səkkizinci  əsrin  sonlarında  bir  fransızın  icadı  kimi  qələmə  verilən  gilyotina...

Qılıncın  materialı  nə  imiş?  Çox  yüksək  keyfiyyətli  poladdan  idimi?  Təpəgöz  haradan  tapmışdı  bunu?  Yoxsa  pəri  anası  üzük  gətirdiyi  səfərində  onu  da  göylərdən  gətirmişdi? Hər  bir  halda  o  qurğunu  Təpəgöz  düzəldə  bilməzdi, ən   azı  ona  görə  ki, emalatxanası  yox  idi. Həm  də  bu  hər  şeyi  kəsən  material  ondan  qabaq  Oğuz  ellərinə  məlum  olmalı  idi. 

Basat  onu  kor  edəndən  sonra  mağaradan  çıxa  bilmək  üçün  qoyunlardan  birisinin  dərisini  soyur, amma  quyruğunu  və  başını  üzmür, bu  dəriyə  bürünərək  sürüyə  qarışır. Əgər  qədim  yunan  şairi  Homerin  “Odissey”i  olmasaydı  Təpəgözün  izini  haradasa  orta  əsrlərdə  axtarmalı  olardım. Odissey  də  adam  yeyən  təkgözlü  nəhəng  Polifemə , demək olar  ki ,  eynilə  Basat  kimi  qalib  gəlir; o  da  Polifemi  kor  edib  yoldaşları  ilə  qoyun  dərisinə  bürünərək  onun  qalaçasından  qaçıb  canlarını  qurtarırlar. Amma  Homer  nə  zaman  yaşamışdır? Doğum  və  ölüm  tarixi  bəlli  olmasa  da  “tarixin  atası”  Herodot  deyir  ki, o  məndən  dörd  yüz  il  əvvəl  yaşamışdır. Herodot  miladdan  əvvəl  beşinci  əsrin  adamıdırsa  , demək,  “Odissey”  eradan  qabaq  doqquzuncu  əsrin  məhsuludur. Yəni  Bayındır  xan  dövründən  hələ  iki  min  il  əvvəllərdən  bu  əfsanə  yunanlar  arasında  varmış. Polifemin  vətəni  Şimali  Afrika  sahillərindəki  bir  ada  imiş, özü  kimi  təkgözlü  adamyeyən  nəhənglər orada  çox  imiş. Kor  edildikdən  sonra  atası  Poseydondan  Odisseyin  cəzalanmasını  istəyir. Poseydon  yunan  inancına  görə  dənizlər  tanrısı  imiş. Yerüstü  dünyanın  sahibi  Zevsin  və  Yeraltı  dünyanın  tanrısı  Aidin  qardaşı  imiş, özünün  də  yüz  otuza  yaxın  övladı  varmış. Oğuz  ozanlarının  Təpəgözün  doğuluşu  haqqında  dediklərinə  inansaq, onda  demək  Polifem  Poseydonun  bicdən  olan  oğludur, çünki  anasını  Aruz  qocanın  çobanı  üstünə  yapıncısını  ataraq  tutub  zorlamışdı. Bəlkə  elə  buna  görə  də  Odissey  salamat  qalır?  Bəlkə  heç  Poseydonun  həqiqətdə  belə  bir  oğlu  olduğundan  xəbəri  yox  imiş? Axı  pəri  qızı  uşağı  doğan  kimi  gətirib  çobanın  qoyunları  arasına  tullayıb  getmişdi.

(ardı var)

Mirzə Hacıyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI