Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.
Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:
Ağzıyırtıq müxalifət
Məmməd Məmmədov pensiyalarla bağlı qanun layihəsi təqdim edirdi. Sual-cavab hissəsində Etibar Məmmədov soruşdu:
- Məmməd müəllim, konkret deyin görək, pensiyalar niyə aylarla verilimir?
- Kankreti budu ki, büdcə boşdu dana, ona görə.
- Bəs srağagün maliyyə naziri televiziya ilə deyirdi ki, büdcə doludur?
- Ə deyirdi deyirdi dana,- və üzünü YAP-çı deputatlara çevirdi,- bu müxalifətin yanında söz deyiləsi döyül ha. Elə bilginən, ağızdarı yırtıxdı, o saat açıb-ağardıllar.
Hüquqşünasın etirazı
“İnsan orqanlarının transplantasiyası haqqında” Qanun layihəsi müzakirə olunanda Hüquq fakültəsinin tələbəsi olan deputat Firdovsi Əliyev söz aldı və... etiraz etdi. Ondan, məhz ondan etiraz gözləməyən deputatlar təəccübdən donaraq, diqqət kəsildilər. Bu diqqətdən Firdovsi bəy bir az da ürəkləndi:
- Biz hər dəfə belə “otraslevoy” qanunlar qəbul eləyirik, onlar da işləmir. Ölkəyə “skvaznoy” qanunlar lazımdı, e, “skvaznoy”. Yəni cəmiyyətin bütün sahələrini əhatə edən qanunlar. Ona görə də mən təklif edirəm ki, biz transplantasiya əvəzinə, ümumiyyətlə plantasiyalar haqqında qanun qəbul edək. Transplantasiya da onun içində getsin.
Nə yaşamalı yerdi!
Bakıya qayıtmaq üçün təyyarəyə mindik. İki polis içəri girib pasportları yoxlamağa başladı. Qulamhüseyn Əliyevdən üç sıra qabaqda oturmuş (və hamımıza çox ləyaqətli insan təsiri bağışlamış) həyat yoldaşı Dürdanə xanıma yaxınlaşdılar:
- Pasaportunuza baka bilirmiyiz?
- Nəyə?
- Pasaportunuza.
- Pasportuma?
- Əvət.
- Pasportum məndə yoxdu ki.
Söhbətin uzanmasından getdikcə daha çox hirslənən polis əsəbi şəkildə:
- Olurmu ya?! Pasaportunuzun kendinizdə olması lazım. Nerededir pasaportunuz?
- Qulamhüseyndədir.
- Allah-Allah, Qulam Huseyn kim ya?
Bu dəmdə Qulamhüseyn bəy özünü yetirib pasportları polisə verdi. Canı qurtulmuş Dürdanə xanım üzünü yanında oturmuş Əminə xanıma (Məzdək müəllimin yoldaşına) tutub, həsədin həsrətə qarışdığı avazla tarixi bir söz söylədi:
- A bajı, deyirəm, doğurdan, nə yaşamalı yerdi e, bu Kipr. Bakıda Qulamhüseyni döyməyən polis qalmıyıb, amma bullar onu heç tanımıllar da...
Hazırladı: Elmin NURİ
***
“Milli Məclisin ağlamalı gülməcələri”-I - MARAQLI
//modern.az/articles/67552/1/
“Milli Məclisin ağlamalı gülməcələri”- II - MARAQLI
//modern.az/articles/67726/1/
“Milli Məclisin ağlamalı gülməcələri”- III - MARAQLI
//modern.az/articles/67947/1/
“Milli Məclisin ağlamalı gülməcələri”- IV - MARAQLI
//modern.az/articles/68098/1/
“Milli Məclisin ağlamalı gülməcələri”- V - MARAQLI
//modern.az/articles/68312/1/
“Milli Məclisin ağlamalı gülməcələri”- VI - MARAQLI
//modern.az/articles/68492/1/
“Milli Məclisin ağlamalı gülməcələri”- VII - MARAQLI
//modern.az/articles/68716/1/
“Milli Məclisin ağlamalı gülməcələri”- VIII - MARAQLI
//modern.az/articles/68900/1/
“Milli Məclisin ağlamalı gülməcələri”- IX - MARAQLI
//modern.az/articles/69192/1/