Modern.az

Çeçenlərin prezidentdən də çox qoruduğu müğənni - İmam Alimsultanov necə öldürüldü...

Çeçenlərin prezidentdən də çox qoruduğu müğənni - İmam Alimsultanov necə öldürüldü...

20 Dekabr 2014, 15:52

90-cı illərin əvvəllərində çeçen xalqı milli azadlıq mübarizəsinə başladı. Yeltsin Rusiyası isə bu azsaylı, lakin cəsur xalqın azadlıq istəyinə müharibə ilə cavab verdi. Nəticədə yaraları bu gün də sağalmayan “çeçen müharibəsi” başlandı. Lakin ruslar hərtərəfli üstünlüyə malik olmaqlarına baxmayaraq, I Çeçen müharibəsdində biabırçı məğlubiyyətə uğradılar. Əsrlərdən bəri azadlıq arzusu ilə alışıb-yanan çeçen mücahidlərini bu qeyri-bərabər döyüşlərdə şücaiət göstərəmyə ruhlandıran əsas amillərdən biri də məşhur müğənni İmam Alimsultanovun onlar üçün oxuduğu vətənpərvərlik mahnıları idi. Öz gitarasının melodik sədaları altında mücahidləri döyüşə səsləyən müğənni yaradıcılığında çeçen xalqının milli azadlıq mücadiləsini din uğrunda savaş və XIX əsrdə Şeyx Şamilin Rusiyaya qarşı başçılıq etdiyi qazavatla əlaqəli şəkildə təqdim edirdi.


Modern.az
saytı 90-cı illərdə Azərbaycanda da kifayət qədər populyarlıq qazanmış İmam Alimsultanovun həyat tarixçəsini təqdim edir.


İmam Alimsultanov 1957-ci ildə Qırğızıstanda çeçen ailəsində anadan olmuşdu. O, çeçen xalqının etnik qrupu olan akkın çeçenlərinin ailəsindən idi. Çeçen dilinin dialektlərindən birində danışan akkın çeçenləri daha çox Dağıstanın Xasavyurt rayonunda kompakt yaşayırdılar. İmam Alimsultanovun valideynləri də əslən Xasavyutr rayonundan, daha doğrusu rayonun Minay-Tuqay kəndindən (indiki Novolak rayonunun Qamiyax kəndi) idi.

Valideynləri İmamın 1 yaşı olarkən öz tarixi vətənlərinə geri dönmüşdülər və balaca İmam Xasavyurt məktəblərindən birində təhsil alırdı. Onun atası Əli Alimsultanov iş qəzası zamanı hər iki əlini itirərək əlil olsa da, böyük enerjiyə malik dağlı kimi oğlunun yaxşı təhsil almasına çalışırdı. Bunun sayəsində İmam orta məktəbi bitirəndən sonra atasının təkidi ilə sənədlərini Rostov Texniki Universitetinə vermiş və təhsil ocağını “mühəndis-meliorator” ixtisası üzrə bitirmişdi.  

Məhz Rostov Universitetində təhsil aldığı illərdə o, ilk dəfə mahnılar bəstələməyə və gitarada ifa etməyə başlayır. Qeyd etmək lazımdır ki, İmam Alimsultanov uşaqlıq və gənclik illərini Çeçenistanda keçirdiyi üçün ilk növbədə vaynax folkloruna (çeçenlər və inquş xalqlarının ortaq adı) maraq göstərirdi. Xüsusən, vaynax folklorunun əsas nümunələrindən biri – illi janrı ona yaxın idi. İlli janr kimi 3 əsas elementdən – müğənni, 3 simli deçik-pondur aləti və xalq qəhrəmanları barədə musiqi reçetativləri, əfsanələri və nağıllarından ibarətdir. Vaynax folkorunu dərin bilən İmam Alimsultanov illi janrını modenləşdirir və deçik-pondur alətini gitara ilə, qəhərmanlar haqqında qədim əfsanələri isə yeni dövrün reallıqları ilə uyğunlaşdırırdı.



Bir çox musiqiləri özü bəstələməklə yanaşı, gələcək dostları Umar Yarıçev, Musa Geşayev də onun mahnılarına həmmüəlliflik edirdilər.

Rostovda təhsil aldığı illərdə öz “çeçen aksentini” düzəldən Alimsultanov rus dilində daha səlis danışmağa başlayır. Təhsilini bitirdikdən sonra isə artıq hazır musiqiçi kimi Çeçenistana - Qroznına qayıdır və şəhər filarmoniyasında çalışmağa başlayır.

Bu vaxt artıq 30 yaşı olan müğənni məhz filarmoniyada çalışdığı illərdə çeçenlər arasında populyarlıq qazanmağa başlayır. 

İmam Alimsultanov özünəməxsus səs tembrinə, şair istedadına, musiqi duyumuna və əsl dağlı görünüşünə malik olduğu üçün onun insanlar arasında uğur qazanması vaxt məsələsi idi.  

İlk vaxtlar o, çeçen dilində bəstələdiyi manhıları ifa edirdi. Yaradıcılığında Şeyx Şamil hərəkatı, 1944-ce ildə çeçen-inquş xaqlarının deportasiyası və s. motivlərə üstünlük verirdi. 1988-ci ildə o, çeçen-inquş xalqlarının Orta Asiyaya sürgün edilməsi və buna görə çəkdikləri vətən həsrətinə aid “Eh dağlar, eh dağlar” mahnısı bəstələdi. Mahnıda sürgün zamanı Özbəkistanda dəfn olunmuş anasının qalıqlarını çemodana yığaraq, Çeçensitanda dəfn etməyə hazırlaşan çeçen gəncinin düşüncələri əks olunurdu. Hələ Sovet İttifaqının dağılmadığı və rusların sıx yaşadığı Qroznıda İmam Alimsultanov daha çox tarixi mövzularda mahnılar bəstələməyə üstünlük verirdi. Onun bu dövrdə “Sükut”, “Yandırılmış körpü”, “Getmə”, “Həzin dəniz” və “Abrek Zəlimxan haqda ballada” adlı mahnıları böyük populyarlıq qazandı.  



90-cı illərin əvvəllərində artıq populyar olan İmamın mahnıları maqnit lentli kaset yazılarında Şimali Qafqaz  bazarlarda satışa çıxarılmışdı.
Onun populyar olmasında Qroznı şəhər filarmoniyasının da özünəməxsus rolu var idi. Belə ki, 1988-ci ildə 31 yaşlı İmam çətinliklə olsa da filarmoniyada işə düzəldilməsinə razılıq ala bilir. Ardınca isə öz istedadı və musiqi həvəsi ilə Qroznı şəhər televiziyasının diqqətini çəkir. Belə ki, İmam Alimsultanov filarmoniyada məşq etdiyi zaman yerli jurnalistlər onun ifasına şahid olurlar və dərhal ona barəsində sənədli film çəkilməsini təklif edirlər. Təbii ki, sənətinə verilən yüksək qiymətdən xoşhal olan müğənni-bəstəkar buna razılıq verir.
1989-cu ildə gizli aparılan çəkilişlərdən sonra İmam Alimsultanov barəsində yarım saatlıq film təqdim olundu. SSRİ-nin hələ yerlərdə çox güclü olduğu həmin illərdə yerli televiziya və İmamın özü də “KQB”nin diqqətini cəlb etdi. Müğənninin filmdə xalqının 1944-cü ildə deportasiya olunmasına həsr etdiyi “Qara günlər” mahnısı sovet bürokratlarını ciddi narazı salmışdı. Lakin mahnı, ümimilikdə sənədli film Şimali Qafqazda  böyük səs-küy qopardı. Qroznı, Mahaçqala, Nalçik, Nazran və Vladiqafqazda bütün ticarət köşklərində filmin kassetləri satılırdı. 

Artıq İmam Alimsultanov nəinki Çeçensitanda, həm də bütün Qafqazda populyarlıq qazanmışdı.

Amma professional musiqiçi təhsili almaq fikri onu rahat buraxmırdı. 1991-ci ildə İmam Moskva estrada ustalığı kurslarında 2 illik təhsil almaq üçün Rusiya paytaxtına yola düşür. 5 müxtəlif mövzulu mahnıları gitarada ifa edən çeçen müğənni münsiflərin yekdil qərarı ilə estrada kurslarına qəbul olunur. Lakin Moskvada bu zaman əhval-ruhiyyə dəyişmişdi. İttifaqın süqutu və Çeçenistanda general Dudayevin azadlığa yönəlmiş siyasəti rusların çeçenlərə düşmən dözü ilə baxmasına səbəb olmuşdu. Buna görə də 7 ay təhsil aldıqdan sonra İmam kursları yarımçıq qoyaraq vətəninə geri dönməyə məcbur oldu.

O, Moskvada yaşadığı müddətdə yəqin edir ki, Çeçenistan müstəqil dövlət olmalıdır. Buna görə də Qroznıda Dudayev tərəfdarlarının keçirdiyi mitinqlərə qoşulur. “İçkeriya-Çeçen Respublikası”nın elan olunması ilə İmam Alimsultanovun yaradıclığında çeçen xalqının başına gələn tarixi müsibətlərlə yanaşı, yeni dövrün qəhrəmanları da vəsf olunmağa başlayır.

1992-ci ili avqustunda Şamil Basayevin başçlıq etdiyi çeçen mücahidlərinin Gürcüstan-Abxaziya müharibəsində iştirak etməsini də İmam öz mahnılarında tərənnüm edirdi.

1994-cü ilin dekabında I Çeçen müharibəsi başlanan zaman artıq müğənni bütün Çeçenistan kəndlərində konsertlə çıxış etmiş və xalq tərəfindən sevilmişdi. Ona görə də Rusiyanın hərbi müdaxiləsindən sonra müğənni-bardın təhlükəsizliyi məsələsi gündəmə gəldi. Çünki İmam Alimsultanov 1-ci Çeçen müharibəsinin ən məşhur musiqiçisi idi. Gənc həmkarı Timur Muçuruyevlə birlikdə onlar müharibə zamanı çeçen mücahidlərinin qəhrəmanlığını tərənnüm edən əsas musiqiçilər hesab olunurdular.



1995-ci ilin fevralında Qroznını ələ keçirən rus hərbçiləri qarşılarında İmam Alimsultanovu görürlər. Əlində gitara hərbçilərin qarşısına çıxan müğənni deyir: “Mən də çeçenəm. Məni də öldürün. Siz axı bizi öldürməyə gəlmisiniz. Amma heç olmasa deyin, nəyə görə? Neçə vaxt qardaş kimi yaşayıb, oxuyub, vuruşub, son tikəni də aramızda bölüşmüşük. İndi isə kiminsə əmri ilə bir-birimizi öldürürük”.

Amma rus hərbçilərtdən biri “o, xüsusi olaraq bura göndərilmiş agentdir. Həbs edək onu” deyə müğənninin həbs olunmasına səbəb olur. İmamın əlindən gitaranı alan rus hərbçiləri onu zirehli döyüş maşınında Xankala şəhərində yerləşən qərargaha aparırlar. İmam Alimsultanov yalnız bircə gecəni bu qərargahda keçirsə də, onun bədənində qalan işgəncə izləri musiqiçiyə həmin gecəni çox xatırladacaqdı. Çeçen mücahidləri Rusiya komandanlığına xəbər göndərirlər ki, müğənni dərhal azad olunmazsa, Xankaladakı qərargah yerlə bir ediləcək. Hədənin ciddilyinə şübhə etməyən ruslar növbəri gün İmamı həbsdən azad edirlər. Bunda sonra İmam dağlara- çeçen mücahidlərinin yanına çəkilir.

Müharibənin davam etdiyi illərdə onun “Qazavat”, “Bayrağın qazavatı”, “Uzaq Vətən”, “Allahu Əkbər”, “Dağıstan”, “Sağ ol, Ukrayna” kimi vətənpəvər motivli mahnıları populyarlıq qazanır.  

Təsadüfi deyil ki, “İçkeriya-Çeçen Respublikası”nın prezidenti Cövhər Dudayev müğənnini ən ali mükafatla - “Xalqın şərəfi” ordeni ilə təltif etmişdi.



Müharibənin davam etdiyi 2 il ərzində İmam çeçen mücahidləri ilə birlikdə dağlarda yaşayırdı. Bütün xalq onu sevirdi və prezident kimi qoruyurdu. Bəzən Alimsultanov əlinə silah götürüb vuruşmaq istəsə də, hər dəfə səhra komandirləri buna icazə vermirdilər. “Sənin silahın gitarandır. Sənin mahnıların qələbə üçün yüzlərlə silahlı döyüşçüdən daha çox töhfə verir”-deyə komandirləri onu həmişə döyüş meydanından uzaqlaşdırırdılar.

Çeçensitan rəhbəri Cövhər Dudayev xalqın sevimli müğənnisini ölüm təhlükəsindən xilas etmək üçün müxtəlif planlar fikirləşirdi. O yaxşı anlayırdı ki, İmam Alimsultanovun ölümü çeçen mücahidləri üçün ağır mənəvi zərbə olacaq. Buna görə də onu İstanbula göndərmək qərarına gəlir. Yaralı çeçen döyüşçülərinin İstanbulda müalicə olunmasına razılıq alan prezident Dudayev İmamdan onları müşayiət etməyi və öz mahnıları ilə mənəvi güc verməyi xahiş edir. Beləliklə, İmam bir müdət Türkiyədə yaşamağa məcbur olur.

İmam İstanbulla müharibənin davam etdiyi doğma vətəni arasında çırpınırdı. O, Çeçenistana yalnız müharibənin sonlarında geri dönə bildi. İmam Alimsultanov yenə də döyüşçülər qarşısında çıxış edir, onları yeni qələbələrə ruhlandırırdı.



1996-cı ilin əvvəllərində Odessa meri Leonid Qurvits çeçen mücahidləri tərəfindən girov götürülən 24 ukraynalı mühəndisin azad olunması üçün Çeçenistana gəlir. Amma heç kəs girovların azad olunmasında ona yardımçı ola bilmir. Yalnız İmam Alimsultanova müraciət etdikdən sonra girovlar azad olunur. Buna görə müğənniyə minnətdar olan Qurvits onu Odessaya dəvət edir.

Girovların azad olunmasından bir neçə ay sonra İstanbula uçmalı olan İmam dostları ilə birlikdə yolüstü Odessaya baş çəkmək fikrinə düşür. Lakin Moskva aeroportunda onu bir neçə saatlıq sorğu-siulaa tuturlar. Rusiya xüsusi xidmət orqanları onu çeçen mücahidlərinə yardım etməkdə ittiham edirlər. Yalnız Rusiya Dövlət Dumasının çeçen deputatı Nadir Xaçalayevin müdaxiləsindən sonra İmam Alimsultanov və dostları Odessaya uçan təyyarəyə buraxılırlar.

Odessa meri Qurvits İmamı təntənəli şəkildə qarşılayır və ona konsert verməsi üçün şəhər musiqi teatrının zalını təklif edir. Çeçen müğənni anşlaqla keçən 5 konsert verir. Konsertə nəinki şəhərdəki çeçen icması, həm də onun yaradıcılığına rəğbəti olan sadə ukraynalılar da qatılır. Buradan İmam İstanbula uçmağı və ordakalı yaralı çeçenləri ziyarət etməyi, onlar üçün pul toplamağı düşünürdü. Lakin Rusiya xüsusi xidmət orqanları ona bu istəklərini reallaşdırmağa imkan vermədilər.

1996-cı il noyabrın 10-da Odessa yaxınlığında yerləşən evə milis formasında olan silahlı şəxslər daxil olurlar. Onlar həmin evdə qalan İmam Alimsultanovu və 2 dostunu sorğu-sualsız gülləbaran edirlər. Ehtimal olunur ki, 39 yaşlı İmam Alimsultanov Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən öldürülüb. O, özündən sonra bu dünyada dul xanımı Ayşət və 2 azyaşlı oğlan övladını qoyub getdi.



İmam Alimsultanovun doğma yurdu Xasavyurtda keçirilən dəfn mərasiminə minlərlə sadə insanla yanaşı, əfsanəvi çeçen komandirləri Aslan Məshədov, Şamil Basayev, Ruslan Gilayev və digər nüfuzlu çeçen hərbçiləri də qatılımışdlar. Xasavturtdakı akkın çeçenlərinin tələbi ilə rayon küçələrindən biri İmam Alimsultanovun şərəfinə adlandırılıb.
Ölümündən sonra “İçkeriya-Çeçen Respublikası”nda onun adını daşıyan musiqi festivalı da keçirildi.
Müəmmalı qətlin qurbanı olan İmam Alimsultanov həlak olmağına baxmayaraq, əsas missiyasını yerinə yetirmiş oldu. Azsaylı çeçen xalqının Rusiya ordusu üzərində I Çeçen müharibəsi zamanı qazandığı qələbədə İmanın vətənpərvər mahnılarının və ifasının böyük rolu olub.




Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI