Təpəgöz haqqında “oğuzlaşmamış”, “dədəqorqudlaşmamış” bir nağılımız da var, sadəcə “Təpəgözün nağılı” deyirlər adına. Bu nağıl “Kitabi Dədə Qorqud”dan da, “Odissey”dən də çox daha qədimdir və deyərdim ki, hər ikisindəki təkgözlü nəhəng haqqında olan hekayənin mayasında bax bu xalq nağılı durur. Ozan hekayəsi deyil, xalq nağılı. Burada bic doğulan təkgözlü körpənin Yer üzünə atılma motivi görün necə inandırıcı görünür? Cürbəcür qanadlı pəri qızlarından, dəniz tanrılarından, əcaib fantaziyalardan uzaq olduğu üçün həqiqətdən heç cür uzaq sayıla bilməz; xalq necə görmüş və eşitmişsə olduğu kimi də yaddaşına həkk etmişdir. Deyir ki, “Günlərin bir günü çoban sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu. Çoban qoyunların içində dayandı. Bir az sonra duman çəkildi, hava işıqlaşdı, ancaq elə bir tufan qopdu ki, çoban üzüqoylu yerə uzandı, qoyunlar bir yerə toplandılar. Tufan kəsildi. Çoban gördü ki, sürünün içində təzə anadan olmuş bir uşaq var, uşağın təpəsində bircə gözü var. ” Deyərsiniz maraq yaratmaq xatirinə qurulmuş adicə nağıl cümlələridir və sonra nə olduğunu tezcə bilmək üçün o cümlələrin fərqinə varmadan ötüb keçərsiniz. Amma yox, elə deyil. Fikir verin, sanki baş vermiş bir hadisəni tarixçi heç bir əlavə rənglər qatmadan olduğu kimi yazıya almışdır. Bir azca təxəyyülümüzü işə salsaq burada söhbətin o uzaq minilliklərdə haralardansa uzaq aləmlərdən Yer üzünə enmiş və çobanı görüncə start götürməyə başlamış bir kosmik gəmidən getdiyini anlamaq olar. Çoban qoyunlarını o həndəvərlərə gətirən zaman kosmik gəmi artıq Yeri tərk etməyə hazırlanır, ona görə də əvvəlcə qatı tüstü ətrafı bürüyür, bu tüstü gün işığının önünü tutduğu üçün çobana elə gəlir qaranlıq çökür. Sonra tüstü çəkilir. Və ardınca qulaqbatırıcı gurultu qopur, çoban bunu tufan bildiyindən qorxusundan üzüqoylu yerə yatır və məhz buna görə də bu gurultunun böyük sürətlə Yerdən uzaqlaşan kosmik gəmidən çıxdığını görmür. Bir də kosmik gəmi uzaqlaşıb gözdən itəndən, yəni tufan kəsiləndən sonra başını qaldırır, görür ki, qoyunların yanında təkgözlü bir körpə var.
/Nağıllarımızda çayların qabağını kəsən qəribə varlıqlar-əjdahalar və ya əjdərhalar haqqında söhbət gedir. Bunlar üçbaşlı, yeddibaşlı olurmuş və ağızlarından od püskürürmüş. İnsanlar suya həsrət qaldıqlarından onu öldürmək istəyirmişlər, amma kim ona yaxınlaşırmışsa əjdaha dərhal onları udurmuş. Udurmuşmu, yoxsa yandırıb kül edirmişmi? Nağıllarda hər ikisi deyilir. Əgər o, başqa aləmlərdən Yer kürəsinə gəlib könüllü və ya bir texniki qəza üzündən çay kənarına enməyə məcbur olmuş kosmik gəmi imişsə insanlar ona qılıncla, balta ilə, yaba ilə yaxınlaşarkən içindəki varlıqlar onları qorxutmaq üçün , təbii ki, motoru işə salmalı idilər. Diqqət edin; heç yerdə əjdaha dik dayanmış kimi təsvir olunmur, çayın qabağını kəsmiş kimi, yəni böyrü üstə təsvir olunur. Demək, kosmik gəmi qəzalı imiş. Uzun olduğu üçün də onu sürünən heyvana bənzətmişlər. Ağzından isə davamlı olaraq od püskürmür, bu yalnız ona qarşı bir hücum, təhlükə olanda baş verir. Təhlükə varsa motor işə salınır və uçuş zamanı onu reaktiv hərəkət etdirən , arxa hissəsindəki üç, dörd və ya yeddi soplosundan çıxan olduqca yüksək temperaturlu və çox güclü, böyük sürətli alov axını ona yaxınlaşan insanları, təbii ki, bir andaca yandırıb küllərini göyə sovurur. Bir andaca izləri-tozları itən insanlar bu mənzərədən qorxub qaçanlara onların əjdaha tərəfindən udulmaları kimi də görünə bilərdi. Həmin soploları insanlar əjdahanın başı hesab etmişlər; çünki hər hansı bir şey yalnız ağızdan udula bilər, ağız isə başda olar.
Allah Təalanın Adəmə səcdə etmək əmrinə qarşı gəldiyi üçün şeytan adlanmış, əsl adı isə İblis olan ilk cinin Adəmlə Həvvanı yoldan çıxarmaq üçün cənnətə bəzi əfsanələrdə böyük bir ilanın ağzında girdiyi qeyd olunur... Böyük ilan... Və ya böyük əjdaha... İblis insandan xeyli əvvəl dumansız alovdan yaradılmışdır. O tək yaradılmışdı və Adəm yaranana qədər Kainatda Allah Təalanın yaratdıqlarından mələklərdən və ondan başqa heç kəs yox idi. Adəmlə Həvvanı yoldan çıxarandan sonra ilk insanlarla birlikdə o da cənnətlər məkanından ulduzlar məkanına qovulur, Adəmlə Həvvadan insan nəsilləri, İblisdən isə cin nəsilləri törəyir. Yəni belə çıxır ki, cənnətə girmək üçün minib gəldiyi “ilan” və ya “əjdaha” deyilən uçan aparatı o, hələ özündən cin nəsilləri törəmədən , tək-tənha özü qurmuşdu. Ya da mələklər. Başqa necə ola bilər?/
Göylərdən gələn oğulların Yer qızları ilə evlənmələri barədə Bibliyanın ən qədim hissəsində - “Varlıq” adlanan bölümündə məlumat vardır; bu Nuh tufanından qabaqkı dövrdür. Deyilir ki, bu izdivacdan doğulanlar , həqiqətən də, çox güclü, qüvvətli olurmuşlar, Yer üzündə nəhəng tikililər inşa edirmişlər. Amma görünür əksinə, Yer oğullarının göylərdən gələn qızlarla izdivacından Təpəgöz kimi əcaib məxluqlar əmələ gəlirmiş ki, uşaq anadan olan kimi gətirib Yer kürəsinə atıb gedirmişlər, bəlası uzaq olsun deyə. Yoxsa pəri qızı haradan bilirmiş doğacağı körpənin təkgözlü olacağını? Axı “əmanəti” çobana verəndə uşaq hələ ət yığınının içində idi, nə başı bilinirdi, nə əl-ayağı. Pəri qızı uçub getdikdən sonra çoban sapandla onu vurur, qorxub qaçır, sonra Bayındır xan öz igidləri ilə gəlir, yalnız bundan sonra uşaq ət yığınının içindən çıxarkən alnında tək gözü olduğu bilinir. Əlbəttə, başqa aləmlərdən uçub gələnlərin sivilizasiyası, təbii ki, yüksək səviyyədə inkişaf etmiş olacaqdı, biz başqa aləmlərə uçub gedəcək səviyyədə inkişaf etməsək də bu gün ana bətnində doğulacaq körpənin özünü, hər bir hərəkətini elmin köməyi ilə görə bilmirikmi? ”Təpəgözün nağılı”nda heç bu barədə baş sındırmağa da ehtiyac qalmır; uşaq doğulandan, alnında bir tək gözü olduğu bilinəndən sonra Yer kürəsinə atılır. Amma niyə? Sadəcə eybəcər görünürmüş ona görəmi? Belə bir səbəb üçün ciyərparəsini tullaya bilən ana , demək ki, analıq duyğusundan tamamilə məhrum olmalıymış, o halda onu tullamaq üçün Yerə enməyə nə ehtiyac vardı; planetlərarası boşluğa da tullamaq olmazdımı? Amma diqqət edin; uşaq dağlara, daşlara, dənizlərə deyil, uca dağın yaşıl yamacına, südlü-qaymaqlı qoyun sürüsünün arasına, insanoğlunun önünə qoyulur. Onda belə ehtimal etmək olar ki, pəri qızı ayağı sürüşkənlərdən imiş, Yer kürəsinə gəlməzdən əvvəl aləmlərdən daha birisində öz qanadlarının / bəlkə də uçan qanadlı aparatların / köməyi ilə turistik səyahətdə olmuş imiş. Həmin aləmin məxluqları təkgözlü imişlər. Gözünə döndüyüm pəri qızı da orada təkgözlü bir erkəklə də cinsi əlaqənin dadını çıxarmq şərəfinə nail olmuş, sonra da Yer üzünə gələrək başıboş bir çobanın başı üstündə qanad çalıb uça –uça gözəlliyi ilə ağlını əlindən almışdı. Çünki çobanla ilişgi qurduğu zamandaca “Oğuz elinə bəla gətirdiyini “ deyərək bu bəlanın günahını tamamən onun üstünə yıxmışdır, yəni bir növ, çobanı şərə salmışdır. Doğulacaq körpənin əsil atasının kim olduğunu və o atanın necə heyvanxislət varlıqlardan olduğunu bilirmiş ki, uşaq doğulduğunda onu Yer kürəsinə tullayıb qaçmaq üçün pəri qızı özü bu izdivaca şərait yaratmışdı. Yəni o, analıq hissini tam itirməyibmiş; hələ doğmamışdan onun gələcək taleyini düşünübmüş.
ardı var
Mirzə Hacıyev
Təpəgöz və tartarlar-I
//modern.az/articles/69329/1/