Təpəgöz div deyildir; o, insan kimi gülür, danışır, ağlayır, sevinir, kədərlənir, qəzəblənir. Nağıldakı igid yeyiləcəyini bilərkən heç bir yerə qaçmaq imkanı olmur deyə qorxudan saralır, Təpəgöz diqqətlə onun üzünə baxıb halının pisləşdiyini / bəlkə də qorxudan tumanına batırdığı üçün pis iy verdiyini / görüb onu o axşam yeməkdən vaz keçir, ”yaxşı, səni sabah yeyərəm” deyib o biri iki yoldaşını yeyir. Yəni onun canı, qəlbi vardı, hisslərdən uzaq deyildi. Amma divin canı şüşə qəfəsdəki göyərçinə bənzər qanadlı / yenə də qanad! / məxluqlarda olur. Onun da bədənini ox deşmir, qılınc kəsmir, onun da alnında bir tək göz var, amma məhz məsafədən idarə edildiyi üçün, canı özündə olmadığı üçün canlı məxluq deyil, robotdur. Təpəsindəki buynuza bənzədilən şey onu hərəkət etdirmək, danışdırmaq üçün radiosiqnallar qəbul edən antennanı xatırladır, tək göz isə videokameradır. Təbii ki, müstəqil hərəkət etməsi üçün bədənində bu gün motor dediyimiz bir şey olmalı idi, ona görə də yeriyəndə qulaqbatırıcı nərilti-gurultu eşidilirmiş. Məlikməmməd onu yaralayanda o, qanı axa-axa gedir, Məlikməmməd də qanın izi ilə gedib bir quyuya rast gəlir. Amma o həqiqətən də qan idimi? Sadə məntiq bunu deyir ki, əgər birisi yaralanmışsa o yaradan axan şey yalnız qan ola bilər. Amma o, robotdursa, demək onda ya benzin çəni deşilibmiş, ya da karteri yağ buraxıbmış. Əgər div mərhəmətlidirsə, xırdaca Cırtdanla dostlarını yedirib-içirib yatırırsa və gecədə bir neçə dəfə qayğıkeş bir ana kimi “kim yatmış, kim oyaq” deyə onları yoluxursa, Cırtdanın nazı ilə oynayırsa və ya Məlikməmmədi əlinin bir hərəkəti ilə şil-küt edəcəyi bir halda onunla qırx gün qırx gecə güləşirsə, bu mərhəmət divin deyil, onu idarə edən qanadlı məxluqlarındır; şüşə qəfəs deyilən şüşəli otaq içərisində idarəetmə pultu arxasında oturub insanı öyrənirmişlər. Bitki aləmi ilə də maraqlanırmışlar; div axı padşahın bağına alma üçün gedirmiş. ( Qədim yunan əfsanəsiymiş kimi bəşəriyyətə sırınan Heraklın on iki qəhrəmanlığından birisi Atlantın bağından üç qızıl alma gətirməsidir. Sadəcə, orada vəziyyət başqa şəkildədir; guya almaları divlər oğurlamayıblarmış, əksinə, divlər Atlantın bağında əkilən bu alma ağaclarını qoruyurmuşlar ki, insanlar onları oğurlamasınlar.). Quyuda üç otaq olubmuş, hər otağın ayrıca divi, ayrıca şüşə qəfəsi və qəfəsdəki ayrıca məxluqu varmış. Bir qəfəsdəncə üç divin üçünü də idarə etmək olmazdımı? Bəlkə ayrı-ayrı elm sahələrinə baxan yadplanetli alimlər imişlər? Hər otaqda bir Yer qızı varmış, divlər onları oğurlayıbmışlar və güya saçlarından asıbmışlar. Saçlarından asılmaq deyil, saçlarından bir yerə bağlanmaq deyilsə məncə daha doğru olar. Qız xeylağını qandallamaq, zəncirləmək mərhəmətlə bir araya sığmaz, zəif, incə məxluqlardır, amma hansı bir üsullasa onu qəfəsdən aralı tutmaq lazım idi. Qızlar nə qədər zəif olsalar da şüşəni sındırıb göyərçin boyda məxluqların boynunu üzə bilərdilər təbii ki. Və bunu nə vaxt edə bilərdilər? Ya div hansı bir iş üçünsə yer üstünə göndəriləndə, ya da yatanda. Fikir verin; Məlikməmməd otağa girəndə görür ki, div başını qızın dizləri üstünə qoyub yatıb. O, robottdursa, təbbi ki, yatan o deyildir, qəfəsdən onu idarə edən yatmışdır. Qızı saçlarından bağlamaqla yetməyib yatdığı zaman ehtiyatdan divin başını da qızın dizləri üstünə qoyurmuş ki, o boyda ağırlığın altından ayaqlarını çıxarana qədər səs-küyə yuxudan oyanar hərhalda. Çünki qızlar divin sirrini---canının şüşədə olduğunu, şüşədə onu idarə edənin oturduğunu, ümumiyyətlə , divlərin qorxuncluğu haqqında gəzən söz-söhbətin əslində boş bir şey olduğunu gözəl bilirdilər və Məlikməmmədə də bu sirri onlar söyləmişdilər. Daha doğrusu birinci otaqdakı qız söyləmişdi. Məlikməmməd məhz onun bu məlumatının hesabına üç divin üçünə də qalib gəlmişdi. Amma maraqlıdır, qız bu məlumatı niyə ona divlə qırx gün qırx gecə güləşəndən sonra demişdi? O qırx gündə deməyə heçmi fürsət olmamışdı? Sirri bilə-bilə kənardan durub seyr etmişdimi? Və ya Məlikməmməd o qırx gün-qırx gecədə adi bir insan övladı kimi yatmamağa necə dözə bilərdi? Təbii ki, istəməsə də yuxu onu tutmalıydı, insan orqanizmi buna tab gətirməz. Və əgər div onu öldürmək istəsəydi o yatdığı zaman onu öldürə bilməzdimi? Əgər div insan oğurluğu ilə məşğul imişsə öz ayağı ilə oraya gəlmiş Məlikməmmədi də tutub qandallaya bilməzdimi? Yox əgər yalnız qız oğurluğu ilə məşğul imişsə niyə hər bir otaqda yalnızca bir qız varmış? Otaqlar qızlarla dolu olmalı deyildimi? Şəxsən mənə belə gəlir ki, o qızlar oraya xidmətçilik etmək üçün oğurlanılıb gətirilmişlərsə də oradakı həyatlarından heç də narazı deyilmişlər, yoxsa Məlikməmmədi görən kimi dərhal ona divin sirrini açmalı, ”qəfəsi sındır, quşu tut öldür” deməli idilər. Dərhal!. Qırx gün gözləməməliydilər. Görünür divləri idarə edən məxluqlar onlara yaxşı baxırmışlar, hətta onların ürəkləri istəyəndə divləri padşah bağına alma oğurluğuna da göndərirmişlər. Təki ürəklərində arzu qalmasın. Almaların qeyri-adi olması, guya onları yeyənin həmişə cavan qalması əfsanəsi isə süjet xətti üçün qurulmuş bir uydurmadır. Şüşə qəfəsdəki qanadlı məxluqları xalq heç bir zaman görmədiyi üçün divlərin girib-çıxdıqları qalaçaların, mağaraların sahiblərinin elə divlərin özləri olduğunu güman etmişdir. Halbuki həmin qanadlı məluqlar onları özləri ilə başqa aləmlərdən gətirmişlər ki, yaşadıqları qalaçaların, mağaraların keşiyini çəksinlər. Ağ div, qara div, üçqardaş, beşqardaş, yeddiqardaş div... sayları çoxmuş yəni bu robot-keşikçilərin. Amma təkrar edirəm, onlar insanlara heç bir pislik etmirdilər, əksinə, insanlar özləri onların bədheybət vücudlarından qorxduqları üçün harada görsələr onları məhv etməyə çalışırdılar. Divlər yalnız bu zaman qəzəbli olurdular; daha doğrusu divlər deyil, onları idarə edən qanadlı məxluqlar. Onlar divlərin təkgöz deyilən videokameralarından onların qarşısına çıxan adamların aqressiv olub-olmadıqlarını aydın görürdülər. Cırtdandan və dostlarından aqressivlik görmədiyi üçün div “mərhəmətlidir”, ana kimi qayğıkeşdir. Amma Məlikməmməd divi öldürmək üçün vuruşmağa başlayanda div də vuruşa hazırdır. Məlikməmməd onun canı olan şüşəni əlinə alan kimi o, yalvarmağa başlayır ki, nə istəsən verərəm, amma ona toxunma. Yalvaran div deyildir , şüşədə oturub onu idarə edəndir, divin ağzı ilə danışır... Adama elə gəlir ki, qanadlı məxluq ilk gündəncə divin dililə Məlikməmmədlə dostlaşıb, hətta qızla onun dostluğuna şərait də yaradıb, qırx gün vuruşmaq əvəzinə qırx gün yeyib-içiblər. Sonunda eşq başına vurmuş Məlikməmməd o qızı da, o biri qızları da götürüb aradan çıxa bilmək üçün o qızdan divin sirrini öyrənib və bir gün div yatarkən onu da, o biri divləri də məhv edib. Cırtdan ona və dostlarına yaxşılıqdan başqa heç nə etməyən divi hiylə ilə suda boğmadımı? O da onun kimi. Bu dünyada qardaş qardaşa xəyanət edir, div nədir ki, üçü birdən qurban olsun o gözəllərin bircə telinə... Əlbəttə, o gec-tez quyudan çıxıb evinə qayıtmalıydı, amma bəs eşq, məhəbbət? Üstəlik divlərin bir aləm qızıl-gümüşü , daş-qaşı vardı; Yer məxluqu olsun, o boyda var-dövlətə tamah salmasın?
Məlikməmmədi görən kimi divin onu öldürə biləcəyindən ehtiyatlanan gözəlin divin sirrini qırx gün gizli saxlaması nəsə heç inandırıcı görünmür. Quyuda baş verənlərə lazımınca diqqət yetirdikdə aydın olur ki, bü şübhə heç də əsassız deyildir. Fikir verin; hər üç divin otağına girəndə Məlikməmməd onları yatmış görür, öldürmək üçün gəlmişdisə o onları yatan yerdəcə daha asan öldürməli deyildimi? Amma o nə edir? Qılıncla pəncələrini dəlir, yəni qıdıqlayır. Oyun çıxarmaq yerimi? Ya bəlkə yatmış kimsəni öldürmək igidlikdən deyil deyə onu oyatmağa çalışır? Elə isə niyə sonunda onların üçünə də yatdıqları zaman qalib gəlir? Ona görə də mən belə düşünürəm ki, qız öz dünyasının igidini görən kimi sevindiyindən ona dərhal bədheybət məxluqun sirrini, onu öldürmək üsulunu pıçıldamışdır. Nə olur olsun, yad aləmlərin iki yad varlığı arasında qəribsəmiş qız öz dünyasının insanını görən kimi dərhal ona tərəf meyllənməli idi; onun divlə qırx gün boşuna vuruşmasına kənar bir seyrçi kimi baxa bilməzdi. Məlikməmməd təbii ki, onun dediklərinə inanmış, ona görə də başını qızın dizləri üstünə qoyub yatan divin ayaqlarını qıdıqlamışdır. Çünki anlamış ki, o, qəfəsdən idarə edilirsə onun yatması hələ onu idarə edənin də yatması demək deyildir. Əgər qəfəsdəki qanadlı varlıq yatmamışsa mütləq bu qıdıqlanmağa reaksiya verəcək. Və reaksiya dərhal olur “Qoyma, ayağımı milçək yedi” şəklində. Məlikməmməd bir də onun pəncəsini qıdıqlayır, yenə divdən eyni kəlmələr eşidilir. Diqqət edin: eyni kəlmələr! Və Məlikməmməd bir də onu qıdıqlayır, bu dəfə də eyni cümlə, amma div artıq hərəkətə gəlir; qıza bir şapalaq vurur və bu zaman Məlikməmmədi görür... Əgər divin pəncəsinə ilk toxunuş zamanı o dərhal qalxsaydı bu onu göstərərdi ki, qəfəsdəki idarəedici yatmayıbmış. Otağa əli silahlı yad insan girib, həm də divi padşahın bağında yenicə yaralamışlar, idarəedici dərhal onu qaldırmalıydı. Amma ona insan iki dəfə qılıncla toxunur, o isə yerindən qalxmadan danışır. Demək ki , o toxunuşlara reaksiya avtomatik özünüqoruma kimi bir şey imiş, cümlələrin eyniliyi də bunu göstərir . Bu iki toxunuşa iki avtomatik cavab səsinə idarəedici yuxudan oyanır, o da məhz bu zaman şüşənin ardından əli silahlı insanı görüb divi yerindən qaldırır. Amma bayaq dediyim kimi, sanmıram ki onlar qırx gün qırx gecə vuruşsunlar. Divin sirrini bildikdən sonra Məlikməmmədə də, qıza da bircə şey qalırdı; özlərini dost kimi göstərərək səbirlə gözləmək və qəfəsdəki qanadlı məxluqun yuxuya gedəcəyi vaxtı dəqiq bilmək, vəssalam. Bunun üçün isə dostluğa uzanan əli geri qaytarmaq ağılsızlıq olardı. Dostluğu Məlikməmməd özü də təklif edə bilərdi; çünki artıq bilirdi ki, yaralanan cansız bir cihazdır, onu idarə edən deyildir. Cihaz isə hər zaman təmir oluna bilər... İndi baxın, sonrakı iki divin otaqlarına girəndə Məlikməmmədin onların pəncələrini qılıncla dəlməsi başa düşüləndir, çünki artıq sirri bilib ilk divi məhv etmişdi. Amma görəsən ilk divin otağına girdiyində bu sirri haradan bilirmiş, əgər qız ona bunu qırx gün keçəndən sonra deyəcəkdisə? Ona görə də bu müəmmanı yalnız belə açmaq olar: birinci otaqdakı qız dərhal ona hər şeyi söyləmişdir. Dərhal! Məlikməmməd qapıda yenicə göründüyündə. İdarəedici yuxuda imiş, divin pəncəsinə qılıncla üçüncü toxunuşda oyanacaqdı, ona görə də qızın Məlikməmmədə nələr deyəcəyindən xəbəri olmayacaqdı...
(ardı var)
Mirzə Hacıyev
***
Təpəgöz və tartarlar-I
//modern.az/articles/69329/1/
Təpəgöz və tartarlar-II
//modern.az/articles/69368/1/