Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsindən Modern.az-a verilən xəbərə görə, dekabrın 16-da Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yazıçılar İttifaqının çoxsaylı üzvləri qurumun 60 illiyinə həsr olunmuş yubiley medalları, döş nişanları və diplomlarla təltif olunublar. Sevindirici haldır ki, təltif olunanlar arasında həmyerlilərimiz - Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi şair Nəsib Nəbioğlu və məşhur yazıçı Əbdül Hüseynov olub.
Mükafatı Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov təqdim edib. Bu mükafatları onlara Rusiyadakı coxşaxəli ədəbi fəaliyyətlərinə, eləcə də ədəbi-mədəni əlaqələrin gücləndirilməsi, habelə rus və Azərbaycan ədəbiyyatına göstərdikləri xidmətlərə, ədəbi əlaqələrimizin inkişafı sahəsində gördükləri diqqətəlayiq işlərə görə layiq biliblər.
Nəsib Nəbioğlunun, Əbdül Hüseynovun yaradıcılığı, Azərbaycanın həyat və tarixindən bəhs edən əsərləri Rusiya Yazıçılar İttifaqı tərəfindən qiymətləndirilmiş, dəfələrlə medallarla, fəxri fərman və döş nişanları ilə təltif olunmuş, mükafatlara layiq görülmüşdür .
Modern.az