Ölkə prezident İlham Əliyevin sərəncamına uyğun olaraq xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubiley tədbirləri keçirilir. Xalq yazıçısının 100 illik yubilyi doğulduğu Füzuli rayonunda da silsilə tədbirlərlə qeyd olunur.
İ.Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən sərəncam imzalanıb, tədbirlər planı hazırlanıb.
Tədbirlər planına uyğun olaraq Horadiz şəhərindəki Muğam Mərkəzində “İlyas Əfəndiyev – 100 il” adlı tədbir keçirilib. Tədbirdə İ.Əfəndiyevin oğlu, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev də iştirak edib.
Yubiley tədbirinə rayonun idarə müəssisə təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ictimayət nümayəndələri və ziyalılar qatılıblar.
Tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində İlyas Əfəndiyevin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edib, İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə edərək, onun ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.
Alı Alıyev bildirib ki, müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərləri bu gün də sevilə-sevilə oxunur. Qeyd edib ki, milli mənəvi dəyərlərə hörmət İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edir.
“İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olub”.
Sonra rayon Mədəniyyət və turizm şöbəsi və Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanan görkəmli nasir və dramaturq, xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunub “Sən həmişə mənimləsən” adlı ədəbi-bədii məclis keçirilib.
Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Unuda bilmirəm”, “Bizim qəribə taleyimiz” pyeslərindən səhnələr nümayiş olunub.
Tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev çıxış edib, göstərilən diqqətə görə minnətdarlığını bildirib, rayonla bağlı xatirələrindən bəhs edib.
Mərasim rayonun incəsənət ustalarının konsert proqramı ilə yekunlaşıb.
Modern.az