Modern.az

Avropanın sonuncu kommunist diktatoru - Çauşeskunun devrilməsindən 25 il ötür- FOTOLAR+VİDEO

Avropanın sonuncu kommunist diktatoru - Çauşeskunun devrilməsindən 25 il ötür- FOTOLAR+VİDEO

22 Dekabr 2014, 17:01

Bu gün Rumıniyada Nikolay Çauşesku hakimiyyətinin devrilməsinin 25 illiyini qeyd edilir. 1989-cu il dekabrın 16-da Timişoara şəhərində başlayan xalq hərəkatı 1 həftə ərzində bütün ölkəyə yayıldı və 22 dekabrda Çauşeskunun hakimiyyəti devrildi. Ölkəni tərk etmək istəyən Çauşesku isə dekabrın 25-də həyat yoldaşı ilə birlikdə xalq məhkəməsinin tez-tələsik keçirdiyi iclasdan sonra güllələndi. Beləliklə, 1965-ci ildən bəri Rumıniyanın əvəzsiz və qeyri-məhdud hakimi, Rumıniya Sosialist Respublikasının baş katibi, Rumıniya Dövlət Şurasının sədri və digər titulları daşıyan diktator tarixin arxivinə göndərildi.

Modern.az saytı Çauşesku hakimiyyətinin devrilməsinin 25 illiyi ilə bağlı həmin tarixə qısa nəzər salıb.

1989-cu il Mərkəzi və Şərqi Avropada bir-birinin adrınca kommunist rejimlərinin devrildiyi il kimi yadda qaldı. Şərqi Almaniya, Polşa, Çexiya, Macarıstan, Bolqarıstan qansız “antikommunist inqilab”larının baş tutduğu ölkələr idi. Amma bu inqilab silsiləsinin sonuncu həlqəsi olan Rumıniyada hakimiyyətin dəyişməsi mindən artıq insanın qanı bahasına başa gəldi. Çünki Rumıniya Kommunist Partiyasının 1-ci katibi Nikolay Çauşesku 24 illik hakimiyyəti dövründə bütün aparıcı dövlət vəzifələrinə öz ailə üzvlərini və qohumlarını təyin etmişdi. Ölkə başçısının xanımı Yelena Rumıniyada 2-ci şəxs hesab olunurdu və baş nazirin, yəni ərinin müavini idi. Rumın diktator oğlu Nikunu isə Rumıniya Kommunist Partiyasının İcraiyyə Komitəsinin üzvü və öz varisi etmişdi.



Gizli polis “Sekuritate” isə sadə ölkə vətəndaşları üçün vahiməli bir qüvvə kimi görünürdü. Xarici teleşirkətlərin ölkədə yayımlanması qadağan idi və rumınlar dünyada və qonşuluqda baş verən bir çox hadislərdən xəbərsiz idilər.

Müxalifətin səslərinin boğulduğu kommunist rejimə qarşı cəsarətlə çıxış edən şəxslər də var idi. Onlardan biri – Timişoara şəhərindəki protestant kilsəsinin milliyyətcə macar olan keşişi Laslo Tekeş Çauşesku hakimiyyətinin devrilməsində katalizator rolunu oynayacaqdı. O, din xadimi kimi ilk növbədə ölkənin təmərküzləşməsinə və Çauşesku hakimiyyətinin macarların sıx yaşadığı 7000 min kəndi geniş miqyaslı islahatlar çərçivəsində ləğv edərək yerlərində kənd təsərrüfatı mərkəzləri inşa etməsi plamnlarına qarşı çıxırdı. O, əvvəlcə öz moizələrində bu barədə açıq danışmağa başladı. Sonra Rumıniyaya səfər edən 2 kanadalı jurnalistə gizli müsahibəsində Çauşesku diktaturasının sadə camaata aşıladığı “total qorxu” barədə danışdı.



1989-cu ildə Macarıstan televiziyası Lalo Tekeşin həmin müsahibəsini efirdə yayımladı. Müsahibə Rumıniya Kommunist Partiyasının rəhbərliyində böyük həyəcan və təşviş doğurdu. Macarıstanla uzun illərdir davam edən gərginlik açıq müstəviyə keçdi.

Rəsmi Budapeştin ona qarşı təxribat hazırladığını düşünən Çauşesku keşiş Tekeşi Timoşoaradan kiçik bir kəndə sürgün edilməsinə əmr verdi. Dekabrın 15-də Tekeşin evinin qarşısına toplaşan yüzlərlə şəhər sakini “Sekuritate” əməkdaşlarının din xadimini həbs etməsinə mane oldular. Əsasən macarlardan ibarət olan etirazçı kütlə sonradan Rumıniyada ümumi inqilaba çevriləcək hərəkatın ilk iştirakçıları idilər. Etirazçılar sürətlə Rumıniyanın paytaxtı Buxarest daxil olmaqla bütün şəhərlərinə yayılır. Bu zaman İranda xarici səfrdə olan Nikolae Çauşesku təcili olaraq ölkəsinə geri dönür. Dekabrın 20-də bütün güc strukturları və nazirlərə görüş zamanı mitinq iştirkaçılarına xəbərdarlıqsız atəş açmağı və 50 minlik döyüşə hazır özünümüdafiə dəstələri təşkil etməyi tapşırır.



Dekabrın 21-də isə Buxarestin mərkəzi meydanından 1 milyonluq kütləyə müraciət edərək ölkənin sosialist kursunun saxlanması üçün onlardan dəstək gözləyir. Lakin meydandan ona qarşı səslənən istehzalı şüarlar – “Rədd olsun Çauşesku!”, “Rəd olsun Kommunizm!” və “Azadlıq!” şüarları diktatorun çıxışını yarımçıq saxlayıb meydanı tərk etməsinə səbəb olur. Hadisələr çox sürətlə inkişaf edir. Dekabrın 22-də ölkənin müdafiə naziri Vasile Milya özünü öldürür. Ordu xalqın tərəfinə keçir və Buxarestin əsas küçələrini ələ keçirir. Elə həmin gün vəziyyətin idarə olunmayacaq həddə nəzarətdən çıxdığını görən Çauşesku həyat yoldaşı Yelena və yaxın çevrəsindən olan  4 nəfərlə birlikdə Rumıniya Kommunist Partiyası Mərkəzi Komitəsinin binasının damındakı helikopterlə Buxarestdən uzaqlaşır. Lakin dekabrın 25-də Piteşti şəhərində onlar həbs olunurlar və elə həmin gün Tırqovişta şəhərindəki hərbi qarnizonda keçirilən fövqəladə məhkəmədə ittiham olunduğu cinayət əməllərinə görə ölüm cəzasına məhkum edilir. Qərarın çıxarılmasından bir saat sonra Çauşesku və həyat yoldaşı Yelena qarnizonun həyətindəcə güllələnirlər.

Bu hadisələrdən 25 il sonra da Rumıniya cəmiyyətində Çauşeskunun rolu ilə bağlı debatlar davam edir. Sonucu sosioloji sorğulara əsasən rumınların 22 faizi Nikolae Çauşeskunu bütün dövrlərin ən dahi rumını hesab edir.


















Vüqar İsmayılov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu