Modern.az

Təpəgöz və Tartarlar-IV

Təpəgöz və Tartarlar-IV

24 Dekabr 2014, 00:58


Demək, div  robotdur. Onda  belə  bir  ehtimal  etmək  olarmı  ki, həqiqətən  də, Yerdənkənar  sivilizasiyalardan  hansı  birisindəsə  təkgözlülər  yaşayırmışlar  və   div  deyilən  robotlar  da  o  nəhənglərə  bənzədilərək  düzəldilmişlər?  Deyəcəksiniz  niyə?  Çox  sadə  bir  məntiqə  görə. Baxın, bu  gün  yaponların  düzəltdikləri  insanabənzər  robotlar  bizim  kimi ikigözlüdürlər. Əgər  biz  ilahidən  təkgözlü  və  ya  üçgözlü  olsaydıq,  o  yapon  robotları  da bizə  bənzəsinlər  deyə  təkgözlü  və  ya  üçgözlü  düzəldilməzdilərmi?

Və  pəri  qızı  da  çobanla  görüşməzdən  əvvəl  həmin  o  təkgözlülər  aləmində  olmuşdur. Yoxsa  çoban  ikigözlü, Polifemin  atası  hesab  edilən  dəniz  tanrısı  Poseydon  ikigözlü, pəri  qızı  da  ikigözlü, Təpəgözün  kəlləsində  niyə  tək  bir  göz  olsun?  Və  niyə  anadan  olan  kimi  atılsın? Uşaq  nə  vaxt  atılar?  Bic  doğulanda. Bunun  xaricində  hansı  ana  canı  canından, qanı  qanından  olan  balasını  atıb  qaçmağına  tutarlı  səbəb  uydurmağa  çalışarsa  o  ancaq  bəhanə  kimi  səslənər. Uşaq  yalnız  bic  doğulanda  atılar  və  yalnız  bu halda  uşaqdan  nə  yolla  olur-olsun   qurtulmaq  məcburiyyəti  kişilərin  qiyamətəcən  də  anlaya  bilməyəcəkləri  analıq  hissi  kimi  müqəddəs, şərəfli  bir  hissə  qalib  gələ  bilər. Ona  görə  də  mənim  şəxsi  fikrim  belədir: təkgözlülər  aləminin  erkəyi  ilə  sarmaş-dolaş  olub  öz  qanuni  ərinə  xəyanət  edən  pəri  qızı  bu  ulduzlararası  qəhbəliyin  məhsulu  olan  Təpəgözü Yer  kürəsinə  atıb  qaçmışdır Amma  təkgözlü  olsa  da  bala  baldan  şirindir, ona  görə  də  acından  və  soyuqdan  ölməməsi  üçün  onu  bir  çobanın  qoyun  sürüsü  içinə  atmışdır. Çobanın  onu  tullamayacağından  əmin  idi, çünki  bir  il  öncə  ərinə  xəyanət  edəndən  dərhal  sonra  işini  ehtiyatlı  tutub  onunla  da  yaxınlıq  etmişdi  ki, doğulacaq  uşağı  “al  əmanətini”  deyib  onun  üstünə  tullayanda  çoban  elə  hesab  etsin  ki, o , həqiqətən  də,  özünün  övladıdır. Yoxsa  tanımadığı  yad  bir  aləmin  çobanını  üstünə  yapıncı  atıb  tuta  biləcəyi  qədər  yaxın  bir  məsafəyə  buraxmaqda  onun  başqa  nə  məqsədi  ola  bilərdi? Deyək  ki, çoban  pişik  quş tuturmuş  kimi  oğrun-oğrun  ona  yaxınlaşıbmış, ona  görə  də  pəri  qızı  onun  gəldiyini  görməmiş, səsini  eşitməmişdir. Yaxşı, bəs  o  boyda  qoyun  sürüsü? Onlardamı  çobanın  şəhvani  niyyətini  anlayıb  maraq  xatirinə  nəfəslərini  dərmədən  qımıldanmadan  duraraq  bu  tamaşanı  seyr  edirmişlər?  Deyək  ki, hətta  mələşməmişlər, bəs  özləri necə? Görünmürdülərmi? Pəri  qızının   macəra  niyyəti  yox  imişsə  qoyunları  görüncə  gözlənilməz  təhlükələrdən  uzaq  olmaq  üçün  o  biri  pəri  qızları  kimi  dərhal  uçub  oradan   uzaqlaşmalı  deyildimi?

Bəs  hadisə  nə  zaman  baş  vermişdir?

Bəşəriyyətin  inkişafının  bugünkü  mərhələsində  okeanlar  aşan  təyyarələrin, gəmilərin   hesabına  Yer  üzündə  qəhbəlik  artıq  orta  çağlardakı  məhəllələrarası, şəhərlərarası, ölkələrarası   mərhələsini  aşıb  ballistik  raketlər  kimi  qitələrarası  mərhələsinə  qədəm  basmışdır. Amma  Təpəgöz  “ballistik  qəhbəliyin”  yox, ondan  da  qat-qat  yuxarının, yəni, dediyim  kimi, ulduzlararası, aləmlərarası  fahişəliyin  məhsuludur. Yəni  bəxtimizdən  bəşəriyyət  bu  sahədə  hələ  çox  geridədir. Hələ  ki  təsadüfən  bir  kəşfin --- maqnitin  fırlanması  ilə  naqildən  elektrik  cərəyanı  ala  bilməyin  nəticəsində  bu  son  yüz  əlli  ildə dədələrimizin  min  illərlə  yaşadıqları  atlı-dəvəli  həyatdan  çox  fərqli  bir  həyat  qura  bilmişik  özümüzə. Televiziya, radio, internet, telefon, avtomobil, təyyarə, daha  nələr  nələr... Birinci  kosmik  sürətə  nail  olub  Aya  uçmuşuq, orada  hətta  maşın  da  sürmüşük. İkinci  kosmik  sürətə  nail  olub  Veneraya, Marsa  kosmik  aparatlar  göndərmişik, özümüz  də  uçmağa  hazırlanırıq. Amma  hələ  ki  Günəşin  cazibəsini  aşıb  pəri  qızları  kimi  ulduzlararası  səyahətlərə  çıxmaq  üçün  raketlərimizə  üçüncü  koskim  sürət  deyilən  saniyədə  on  altı  kilometri  verə  bilmirik. Yalnız  o  sürəti  tapdıqdan  sonra  Yer  kürəsinin  fahişələri  yad  aləmlərin  erkəkləri  ilə  “aşk”  macəraları  sonucunda  Təpəgöz  kimi  əcaib  məxluqları  qarınlarında  bəsləyərək  gətirib  Yer  üzünə buraxa bilərlər.

Tufandan  öncəki  bəşəriyyət  tufana  yaxın  çağlarda  inkişafın  ən  yüksək pilləsində  imiş,Yerdənkənar  aləmlərlə  əlaqə  qarşılıqlı  olubmuş, köhnə  kitabların  dili  ilə  desəm, biz  o  inkişafı  təsəvvür  belə  edə  bilmərik. Başqa  aləmlərə  gedib-gəlmək  adi  bir  şey  imiş. Belə  inkişafı  öz  qüdrətləri  hesab  edən  insanlar  cızıqlarından  çıxıb  Allahı  unudubmuşlar. Allah-Təala  da  qəzəblənib  göylərin  qapısını  açmış, qırx  günlük  fasiləsiz  yağış  yağdıraraq  onları  sular  içində  məhv  etmişdir. / Yer  kürəsinin  öz  ətrafında  fırlanma  oxunun  cüzi  meyllənməsi  məhz  bu  zaman  baş  vermişdir. Bu  meyllənmə  nəticəsində  qütblərin  yeri  dəyişmiş, qütblərdə  olan  dağlar  boyda  böyük  buzlaqlar  sürətlə  ərimiş, səmaya  qalxan  su  buxarının  miqdarı  son  dərəcə  artdığı  üçün  yağışlar  uzunmüddətli  leysan  xarakterli  olmuşdur. Başqa  bir  fakt  da  maraq  doğurur; tufandan  sonra  insanların  ömürləri kəskin  azalmışdır. Haradasa  səkkiz-on  dəfəyə  qədər. Ömür  qeyri-bioloji  mənada  Yer  kürəsinin  Günəş  ətrafındakı  periodik  hərəkətləri  sayından  başqa  bir  şey  deyil, yəni  filankəsin  yetmiş  yaşı  var  o  deməkdir  ki, o  doğulandan  indiyə  qədər  Yer  kürəsi  Günəş  ətrafında  yetmiş  dövr  edib. Əgər  söhbət  insan  həyatının  bioloji  qısalmasından  getmirsə  onda  tufandan   sonra  ömrün  azalması , sadəcə  olaraq, Yerin  Günəş  ətrafında   dövretmə müddətinin  uzanması  səbəbindən  ola  bilər. Planetin  illik  hərəkəti  isə  yalnız  Günəşdən uzaqlaşması  ilə  uzana  bilər, çünki  bu  müddət  ancaq  Günəşin  kütləsindən  və  aralarındakı  məsafədən  asılıdır. Ona  görə  də  ya  Günəşdəki  radioaktiv  çevrilmələr  nəticəsində  onun  kütləsi  kəskin  azalmış, hansı  ki  bu  real  görünmür, Günəş, əksinə, hələ  də  böyüməkdədir, Qiyamətdən  sonra  sönüb  kiçiləcək, ya  da  Yer  kürəsi  hansısa  yad  səma  cisminin  təsiri  iləsə  ondan  uzaqlaşmışdır, oxun  meyllənməsi  də  bu  zaman  ola  bilərdi. Nəticədə  illik  dövretmə  müddəti  səkkiz-on  dəfəyə  qədər  uzanmışdır. Onda  tufandan  əvvəl  Yer  kürəsi  Günəşə  Merkuridən  də  yaxın  olmuşdur. Deyə  bilərlər  elə  isə  onda  o  insanlar  dəhşətli  istilərə  necə  dözürdülər?  Xeyr. Planetlərdə  istiliyin  həddi  onların  Günəşə  yaxınığı  və  ya  uzaqlığından  asılı  deyil. Yalnız  onu  bürüyən  atmosferin  tərkibindən  və  sıxlığından  asılıdır. Günəşdən  bizə  birbaşa  istilik  gəlmir, bu  yanlışş  fikirdir. Günəşdən  bizə  fasiləsiz  olaraq gözlə  görüınməyən  zərrəciklər  seli  axır. Bu  zərrəciklər  yalnız  qarşılarına  maneə  çıxarkən  toqquşma  nəticəsində  işıqlanırlar, istilik  də, rənglər  də  yalnız  bu  zaman  yaranır. Bir  kibrit  çöpü  yanarkən  də  ondan  həmin  zərrəciklər  seli  axır. Günəşdən  gələn  o  zərrəciklər  Merkuriyə, Yupiterə, ən  uzaq  Plutona  nə  zərblə  çırpılırlarsa  Yerə  də  elə  sürətlə  gəlirlər. Çünki  bu, işıq  sürətidir, azalan  və  ya  artan  deyil. İşıq  da, rəng  də, istilik  də  öz  mövcudluqları  üçün  bu  toqquşmaya  borcludurlar. Toqquşma  olmadan  o  zərrəciklər  soyuq və  rəngsizdir, ona  görə  də  planetlərarası  fəza  həmişə  bərk  şaxtalı  və  qaranlıqdır. Merkuriyə  qədərki  fəza  Günəşə  Merkuridən  də  yaxın  deyilmi? Orada  niyə  əbədi  soyuq  və  qaranlıq  hökm  sürür?

Hədislərdə  deyilir  ki, Qiyamət  günü  cəhənnəm  yaxınlaşdırılacaq, bir  il  bir  aya, bir  ay  bir  günə  bərabər  olacaq... Yer  kürəsi  Günəşdən  yüz  əlli  milyon  kilometr  məsafədədir, bir  ilin  bir  aya  bərabər  olması  üçün, yəni  Yerin  Günəş  ətrafındakı  bir  illik  dövrəsinin  on  iki  dəfə  azalaraq  bircə  aya  enməsi  üçün  onun  Günəşə  beş  dəfəyə  qədər  yaxınlaşması  lazımdır. Yəni  Günəşdən  məsafəsi  cəmisi  otuz  milyon  kilometr  olmalıdır. Merkuridən  də  yaxın; bu  birinci  planetin  Günəşdən  məsafəsi   əlli  yeddi  milyon  kilometrdir. Onda , demək, Qiyamət  günü  Yer  kürəsi  tufana  qədərki  vəziyyətinə  qaytarılacaqmı? /

Amma  ilkin  bəşəriyyətin  suda  boğulması  ilə  nəticələnmiş  tufanın, təbii  ki, Yerdənkənar  aləmlərə  heç  bir  təsiri  ola  bilməzdi. O  aləmlərin  varlıqları  nəinki  tufandan  sonrakı  ilkin  çağlarda, hətta  Süleyman  peyğəmbərin, Məhəmməd  peyğəmbərin  zamanına qədər  də  Yer  üzünə  gəlib-gedirmişlər. sadəcə  olaraq,  bizə  gizli  qaldıqları  üçün  onların hamısı  “cin”   sözü  ilə  ümumiləşdirilmişdir; belə  ki  bu  söz  ərəbcədən  tərcümədə  “gizli”,  “naməlum”  anlamındadır. Hələ  peyğəmbərliyinin  Məkkə  dövründə  həzrət  Məhəmməd anasının  şəhəri  olan  Taifdə  qəbul  edilmədiyi  üçün  oradan  qaçarkən  çöllükdə  namaz  qıldığında  bir  dəstə  cinin  də  ona  baxaraq  onunla  birlikdə  namaz  qıldığını  görür. Üstündən  bir  müddət  keçdikdən  sonra  Allah-Təaladan  vəhy  gəlir: ”Və  o  zamanı  da  yad  et  ki, cinlərdən  bir  zümrəni  Quranı  dinləmələri  üçün  sənə  göndərmişdik... Öz  qövmlərinə  qorxuducular  olarq  dönüb  getdilər. Dedilər  ki:  Ey  qövmümüz! Həqiqətən  də  biz  bir  Kitab  dinlədik  ki, özündən  öncə  olanları  təsdiqedici  olaraq  Musadan  sonra  nazil  olmuş, haqqa  və  dosdoğru  bir  yola  rəhbərlik  edir.” / Surə  46, ayə  29-30  /.

Demək , onların  həzrət  Musadan  da, öncə  olanlardan  da  xəbərləri  varmış. Həzrət  Musadan  bir  neçə  əsr  sonra  yaşamış  Süleyman  peyğəmbərin  ixtiyarına  onların  çoxusu  Allah  Təala  tərəfindən  itaətkar  xidmətçilər  kimi  verilmişdi. Bu  haqda  bir  sıra  ayətlər  vardır. Bundan  başqa, Süleyman  peyğəmbər  qarışqaların  da, quşların  da  dillərini  bilirmiş.

Görəsən  hansı  quşların? O, peyğəmbər  olmaqla  bərabər  həm  də  hökmdar  idi, təbii  ki, sarayında  qanadlı  məxluqlarla  söhbət  etdiyini  görmüş  olacaqdılar. Amma  o  qanadlı  məxluqların  hamısımı  Yer  quşları  imiş?! Yoxsa  qanadları  olduğu  üçün  hamısı  quş  adlandırılmışdır?!

 (ardı  var)               

Mirzə Hacıyev
***

Təpəgöz və tartarlar-I
//modern.az/articles/69329/1/ 

Təpəgöz və tartarlar-II
//modern.az/articles/69368/1/

Təpəgöz və tartarlar-III
//modern.az/articles/69384/1/
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI