Modern.az

“Azərbaycanda uzunqulaqları həddən artıq yükləyirlər” - Ekspert heyvan hüquqlarının pozulmasından DANIŞDI

“Azərbaycanda uzunqulaqları həddən artıq yükləyirlər” - Ekspert heyvan hüquqlarının pozulmasından DANIŞDI

İqtisadiyyat

24 Dekabr 2014, 17:19

Azərbaycanda heyvanların mühafizəsi necə həyata keçirilir? Ümumiyyətlə, bu gün ən çox hüquqları pozulan heyvanlar hansılardır? Modern.az məsələ ilə bağlı araşdırma aparıb. Bir müddət əvvəl “Canlı Ailənin Mühafizəsi” Alyansının rəhbəri Mənsurə Rəsulzadə saytımıza Azərbaycanda heyvanların hüquqlarının necə müdafiə olunması ilə bağlı maraqlı açıqlama verib.  O, bildirirdi ki, əslində bu  məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində ayrıca qurum fəaliyyət göstərməlidir.

 “Bizi narahat edən əsas məsələ ev heyvanlarının  mühafizə olunmamasıdır. İtlər, pişiklər küçələrə atılır. Bu heyvanlar Azərbaycanda lazımı səviyyədə qorunmur”.

Bunları Modern.az saytına Azərbaycanın əməkdar heyvandarlıq işçisi,   heyvandarlıq üzrə ekspert Çingiz Fərəcov heyvanların mühafizəsindən danışarkən deyib.

O, hazırda heyvanların necə mühafizə olunmasından da danışıb: “Heyvanlar müxtəlif xəstəliklərdən, yad təsirlərdən, xüsusilə  təbiət hadisələrindən (sellər, daşqınlar, uçqunlar) qorunur. Hər hansı təhlükəli iqlim şəraiti olduqda mütləq yerlərə xəbər verilir ki, belə təhlükəli hadisələrdən heyvanlar qorunsun. Bununla yanaşı, çoxlu təhlükəli xəstəliklər (qarayara, taun, atların manqo xəstəliyi)   mövcuddur.  Heyvanların xəstəliklərdən qorunması üçün vaxtı-vaxtında profilaktik baytarlıq tədbirləri aparılır. Heyvanlara  peyvəndlər vurulur və  xəstələnmələrinin  qarşısı alınır”.

Küçələrdə, xüsusən rayon yerlərində itlərin, pişiklərin çöllərə atıldığını və öldürüldüklərini deyən ekspert, bunun yolverilməz olduğunu vurğulayıb:

“Düzdür, son vaxtlar vəziyyət dəyişib, heyvanların mühafizəsinə diqqət artıb. Bu səbəbdən onları xüsusi yerlərə cəmləşdirirlər. Orada heyvanlara qulluq göstərilir”.

Ekspert hesab edir ki, heyvanlarla davranış qaydalarına diqqət etmək lazımdır. Bunun üçün əvvəlcə heyvanlar haqqında qanunla tanış olmaq və buna ciddi riayət etmək vacibdir: “Heyvanları insanların kobud rəftarından qorumaq lazımdır.  Heyvanları vurmaq olmaz, hətta onların yanında yüksək səslə danışmaq belə olmaz. Onlarla yumşaq rəftar etmək lazımdır”.

Çingiz Fərəcovun sözlərinə görə, heyvanların mühafizəsində ən mühüm məqam onların yemlənməsidir. O, maraqlı bir məqama da aydınlıq gətirib. Məlumdur ki, kənd yerlərində at və uzunqulaqlardan yük daşımaq  üçün istifadə edirlər. Onun fikrincə, əksər vaxtlarda bu, heyvanlardan istifadəyə yox, istismara çevrilir:

“Əslində atlar, uzunqulaqlar və dəvələr  yük heyvanlarıdır. Onlardan bu məqsədlə istifadə olunması normaldır. Lakin onları həddindən artıq yükləmək, normadan artıq istismar etmək yolverilməzdir. Onlara zooloji nəzərlərlə baxmaq düzgün deyil.  Heyvanlara qarşı isti münasibət olmalıdır. Çünki onlar insanların tələbatlarının ödənməsinə xidmət edirlər”.

Ekspert qeyd edib ki,  heyvanların mühafisəzi ilə bağlı zoobaytar mütəxəssislər ciddi məşğul olmalıdırlar.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...