Modern.az

Təpəgöz və Tartarlar-V

Təpəgöz və Tartarlar-V

25 Dekabr 2014, 00:23


Polifemi - təkgözlü   adamyeyən  nəhəngin  yunan  variantını  qələmə  alan  Homer  Süleyman  peyğəmbər  dövrünün, yəni  eradan  qabaq  birinci  minilliyin  əvvəlinin  adamıdır. Demək, Təpəgözü  Nuh   tufanı  ilə  bu  dövrə  qədər  olan  beş  min  il  içində axtarmaq  lazımdır. Bu   müddəti  xeyli  qısaltmaq  da  olar. İş  bundadır  ki, qeyri-türk xalqlarının  əksəriyyətində  təkgözlü  nəhəng  haqqında  xatirələr  var. Və  hər  bir  xalq  da  bu  nağılları  özününkü  hesab  edir. Bu  necə  ola  bilər? Həqiqətə  ən  uyğun  ehtimal  budur  ki,  bu  əhvalat  həzrət  Nuhun  üç  oğlundan  törəyənlərdən , yəni  türklərdən, ərəblərdən  və  yevreylərdən  başqa   heç  bir  xalqın  dünyada  mövcud  olmadığı  zamanlarda  baş  vermişdir. Yevreylər  və  ərəblər  Ön  Asiyada, türklər  isə  Orta  Asiyada  artıb  çoxaldıca  bir-birlərindən xeyli  uzaqlaşmışlar, yeni  yerlərdə  yüzilliklər, minilliklər  boyunca  yeni  sözlər  icad  edə-edə yeni  dillər  oluşdurmuşlar . Türklərin, yevreylərin  və  ərəblərin  anlamadıqları  o  müxtəlif  dillərdə  danışanlar  başqa-başqa  xalqlar  kimi  qəbul  edilmişlər. Yəni  haradasa  eradan  qabaq  dördüncü  minillik  ilə  üçüncü  minilliyin  arasından  başlayaraq  dünyada  artıq  müxtəlif  dilli  xalqlar  meydana  gəlməyə  başlamışdır. Tufandan  iki  min  beş  yüz-üç  min   il   keçəndən  sonra.

O  minilliklərdə  tikilməyə  başlayan  Babil  qülləsi  adlı  məşhur  bir  qüllə var. Qüllənin  nə  vaxt  tikilməyə  başlanması  dəqiq  məlum  deyil, amma  bu  dəqiqdir  ki, eradan  qabaq  ikinci  minilliyin  lap  əvvəlində  Babil  padşahı  Hammurapinin  vaxtında  çoxdan  mövcud  imiş. İnsanlar  elə  bir  uca  qüllə  tikmək  istəyirmişlər  ki, yuxarısı  Allah Təalaya  çatsın, ora  çıxıb  Allah  Təalanı  görə  bilsinlər. Amma  Allah  Təala  bu  niyyətdən  qəzəblənib  qülləni  inşa  edənlərə  müxtəlif  dillər  vermiş, insanlar  da  bir-birlərini  anlamayaraq  tikintini  yarımçıq  saxlamağa  məcbur  olmuşlar .Bu  əfsanədə  bizə  lazım  olan  məqam  budur  ki, əvvəla  qüllə  uzun  dövrlər  boyunca  tikilirmiş, çünki  insanların  qısa  bir  zamanda  elliklə  dillərini  dəyişməsi  məntiqə  sığmır. İkincisi, ən  mühümü  də  budur  ki, onu  şərqdən  gəlib  Dəclə-Fərat  çayları  arasında  məskən  salanlar  tikməyə  başlamışlar. Yəni  Şumerlər. Şərqdən, Orta  Asiyadan  gələn  Yafətoğulları, Oguz  xandan  törəyənlər. Türk  övladları. Təbii  ki, özlərinə  yeni  yurd-yuva  salan  kimi  o  boyda  qülləni  tikməyə  başlamamışlar, yəni  gəlişlərindən  müəyyən  bir  zaman  keçməli  idi. Bəs  Orta  Asiyadan  türkoğullarının  Ön  Asiyaya  bu  ilk  gəlişləri  nə  zaman  olmuşdur?

Tufandan  sonrakı  birinci  minillikdə, yəni  eradan  beş  min  il  əvvəl.

Demək, onda  Təpəgöz  türklərin  Orta  Asiyadan  bu  köçü  ilə  Yer  üzündə  müxtəlif  dilli  xalqların  meydana  gəlməsi  zamanı  arasında  axtarılmalıdır. Elə  deyilmi? Yəni  eradan  qabaq  beşinci  minilliklə   üçüncü  minilliyin   arasında. Təxminən  iki  min  illik  bir  müddətin  içində.

Burada  bir  şeyi  dəqiqləşdirmək  lazımdır. Türkoğulları  Orta  Asiyadan  gəlib  birbaşa  Dəclə-Fərat  çayları  arasına  yerləşməmişlər. Onlar  buraya  beşinci  minilliyin  sonlarında  yerləşmişlər. Orta  Asiyadan  köçləri  isə  bundan  min  il  qabaq  başlamışdır. Yəni həmin  minilliyin  lap  əvvəllərində. Təkrar  edirəm: tufandan  min  il  sonra. Bəs  köç  zamanı  ilk  olaraq  harada  məskunlaşmışdılar?  Bu  ilk  böyük  köçə  səbəb  nə  idi?  Həmin  məskunlaşdıqları  yerdən  onları  Dəclə-Fərat  çayları  arasına  getməyə  nə  məcbur  etmişdi?  Bu  suallara  cavab  verməzdən  əvvəl  baxaq  görək  Yer  üzünün  o  zamanlar  üç  əsas  xalqından  hansının  başına  gəlmişdi  bu  Təpəgöz  hadisəsi?  Türkün, ərəbin, yoxsa  yevreyin?

On  səkkizinci  əsrin  məşhur  alman  şərqşünası  Henrix  Fridrix  fon  Dits  hesab  edirdi  ki, qədim  yunan  şairi  Homer  Oğuz  tayfalarından  birindən  Təpəgöz  haqqındakı  nağılı  eşidib  Polifem  əfsanəsini  uydurmuşdur. Qısa  və  aydın. Əhsən!  Fon  Dits  bunu  kefi  belə  istədiyi  üçün  deməmişdi. Bir  avropalı  alim  kimi  qədim  yunan   mifologiyasına  hərtərəfli  bələd  idi.

Yunan  əfsanələrində  təkgözlü  üç  nəhəngdən  danışılır. Göylər  tanrısı  Uranla  Yer  ilahəsi  Geyanın  övladları  imişlər. Doğulduqları  zaman  Uran  onları  qandallayıb  Tartara  atır. Sonralar  Zevs  öz  atası  Kron  ilə  hakimiyyət  uğrunda  mübarizə  edəndə  həmin  o  təkgözlülər  ona  və  qardaşlarına  dəmirdən   müxtəlif   hərb  alətləri  düzəltməkdə  yardım  edirlər, çünki  dəmirçilik  sənətinin  mahir  bilicisi  imişlər. O  hərb  alətlərindən  başlıcası  od-alov  püskürən  alət  imiş, yalnız  bu  hərb  alətinin  köməyi  ilə  Zevs  titanlar  deyilən  türkəsillilərə  “göylərdən  ildırımlar  yağdırmaqla”  qalib  gəlmişdi. / Dəmirçilik sənəti... Təpəgözün  mağarasının  girişində  bir  kimsənin  ora  girə  bilməməsi  üçün  quraşdırılmış, durmadan  öz-özünə  enib-qalxan  qınsız  qılıncı  xatırladınızmı?  Bəs  üzük  məsələsini  necə?  Aruz  qocanın  evdən  qovduğu  Təpəgöz  çöllərə  gedib  bir  qalaçada  yaşamağa  başladığı  zaman  pəri  anasının  göylərdən  gəlib  onun  barmağına  keçirdiyi  üzüyü  deyirəm. Barmağına  üzüyü  taxdıqdan  sonra  artıq  onun  bədəninə  nə  ox, nə  də  qılınc  batmır, Oğuz  igidlərinin onunla  bacara  bilməməyinin  səbəbi  məhz  bu  olur. Demək, o  zamana  qədər  onun  bədəni  hamınınkı  kimi  ətdən  imiş. Amma  bir  üzüyü  barmağa  keçirməklə  bədən  öz  ilkin  halını  dəyişərmi? Bu, əlbəttə  ki, əfsanədir. Amma  bu  əfsanədə  bir  həqiqət  yatır; pəri  ananın gəlişindən  sonra  onun  bədəni  möhkəm olmuşdur. Bəlkə... bəlkə  o  üzüklə  birlikdə  oğlunun  bədəninin  qorunması  üçün  zirehli  geyim  də  gətirmiş  imiş?  Hərb  aləminin  bu  icadı  o  zamanlar  nəinki  Oğuzlara, dünyada  yaşayan  heç  bir  kimsəyə  bəlli  deyildi, bəlkə  ona  görə  əfsanə  bu  haqda  susmuş, Təpəgözə  atılan  oxların, vurulan  qılıncların  ona  heç  bir  təsir  etmədiyini  görüb  bu  əcaib  işi  üzüklə  əlaqələndirmişlər? Təpəgözlə  gecələr  birlikdə  olan vardımı  ki,  zirehi  soyunub  geyindiyini  görsün?  İki  qoca  hər  gün  gəlib  yeməyini  bişirib gedirmiş, çöllərdən, yollardan  oğurladığı  adamları  isə  qalaçaya  gətirib  bişirtdirib  yeyirmiş. Bircə  o  qocalar  hər  gün  onun  yeməyini  hazırladıqları  üçün  sirrin  izinə  düşmüşdülər;  Basat  onlardan  soruşduqda  ki, onu  necə  öldürmək  olar, qocalar  demişdilər  ki, bircə  gözü  ətdəndir. Diqqət  edin;  əgər  barmağa  üzük  keçirməklə  bədən  materialı  dəyişib  başqa  bir  hal  almışdısa, göz  niyə  dəyişməməliydi?  O  da  həmin  bədənin  ətindən  deyildimi?  Və  həmin  bədənə  bağlı  deyildimi?  Amma  zireh  ehtimalı  bu  məsələyə  aydınlıq  gətirir;  başdan  ayağadək  bütün  vücudu  zirehlə  örtmək  olar, bir  tək  gözdən  başqa, çünki  göz  görməlidir, önünü  tutmaq  olmaz. Fikir  verin;  Basat  onu   kor  etdiyində  o  deyir  ki, al  bu  üzüyü  keçir  barmağına, qoy  sənin  də  bədənini  qılınc  kəsməsin. Amma  Basat  üzüyü  alıb  barmağına  keçirən  kimi  xəncərlə  onu  doğramaq  istəyir. Niyə?  Çünki  gözəl  bilirdi  ki, bədənini  qılınc kəsməməyinin   səbəbkarı  üzük  deyildir, yoxsa  Basatın   üzüyü  barmağına  taxdığını  bilən  kimi  axmaq  deyildi  ki, xəncərlə   üstünə  hücum  çəksin.  Hələ  orasını  demirəm  ki, Basat  istəsəydi  də  üzüyü  barmağına  keçirə  bilməzdi, çünki  yekə  bir  çinarı  kökündən  çıxarıb  özünə  çomaq  edən  Təpəgözün   bir   tək  barmağı  Basatın  baldırı  qalınlıqda  olmalıydı. Basat  üzüyü  barmağına  yox, qoluna  keçirə  bilərdi. Və  belə  də  olur:  kor  edilmiş  Təpəgöz   onu  xəncərlə  asıb-kəsmək  istəyəndə  bu  hücumdan   qorunmaq  üçün  ora-bura  atılan  Basatın  əlindən   üzük  Təpəgözün  ayaqları  altına   düşür. Görünür  hətta   qoluna  belə  yekəymiş, sıyrılıb  düşübmüş/.

Demək, yunan  mifologiyasına   görə  təkgözlü  nəhənglər  Tartar  adlı  bir  yerə  atılırlar. Tartar  yeraltı  dünyanın  altında  dibi  bilinməyən, çox  dərin  bir  quyu  imiş. Çox-çox dərin, çox-çox  aşağı. Avropalılar  lap  bu  yaxın  əsrlərə  qədər  Orta  Asiyanın  türkdilli köçərilərinə  vəhşilər, barbarlar  anlamında  tartarlar ,  Don  çayından  Sakit  Okeana, Sibirdən  Çinə  qədər  bu  tartarların  yaşadıqları  ərazilərə  isə  “Böyük  Tartariya”  deyirdilər. ”Tatar “  sözü  bu  sözdəndir. Azərbaycanımızda  bu  gün  də  bu  söz  “Tərtər”  şəklində  çay  və  rayon  adlarında  qalmaqdadır. ”Tartar”  sözü  yunancadır  deyib  keçməyin. Yanlış  fikirdir. Ruslarda  yaxşı  bir  deyim  var. Deyirlər  ki, hansı  rusu  qazısan  altından  tatar  çıxar. Bu, yalnız  ruslara  deyil, bütün  qeyri-türk  xalqlarına  aiddir. Yəni  hansı  milləti  qazısan  altından  türk  milləti  çıxar. Və  hansı  dili  qazısan  altından  türk  dili  çıxar. Bəli, Yer  üzündəki  bütün  xalqların  dillərinin  mayasında  türk  dili  durur. Təpəgözün   Oğuz  insanları  ilə  onların  öz  ana  dilində  danışmasında  təəcüblü  heç  nə  yoxdur, çünki  o, gözünü  açandan  onların  arasında  yaşamış, Aruz  qocanın  evində  böyümüşdü. Hər  bir  uşaq  körpəliyindən  hansı  dildə  danışdırılırsa, təbii  ki, o  dildə  də  danışacaq. Amma  bəs  onun  göylərdən  uçub  gələn  pəri  anası  türk  dilini  haradan  bilirmiş? Axı  o, çobanla  tərcüməçisiz  gözəl  türkcə  ilə  danışmışdı. Nağıllarda  hər  şey  olur  deməklə  nağıl  nağıl  olaraq  da  qalacaq, onlardakı  həmin  o  “hər  şeylər”in  sirri  açıldığı  zaman  nağıl  nağıllığından  çıxar, əfsanə  həqiqət  olar. Yaradılmışların  hər  bir  hərəkətlərinin  izahı  vardır, çünki  izahlara  və  səbəblərə  sığmayan  yalnız  və  yalnız  Allah  Təaladır. Çoban  başqa  bir  dil  bilmirdi. Və  söhbət  tufandan  sonrakı  ilkin  çağlardan  gedirsə  o  zamanlar  dünyada  türkcədən  başqa   bir  dil  də  yox  idi, ərəblər  və  yevreylər  hələ  yeni-yeni  sözlər  icad  edib  öz  ana  dilləri  olan  türkcədən  uzaq  düşməmişdilər. Onda , demək, ya  pəri  qızının  tərcümə  aparatı  varmış, ya  öz  dünyasında  türk  dili  kursu  keçib  gəlibmiş, ya  da  onun  dünyasının  varlıqlarının  dili  türkcə  imiş. Bu  məsələnin  bu  üç  izahından  başqa  izahı  yoxdur. Və  hər  üç  izahın   kökündə  də  bir  qəti  fikir  vardır;  o  ilkin  çağlarda  türk  dilinin  sərhədləri  Yer  kürəsi  ilə  bitmirmiş, bu  dilin  varlığından  uzaq, bizə  yad  aləmlərdə  də  xəbərdar  imişlər.

(ardı  var)

Mirzə Hacıyev

***

Təpəgöz və tartarlar-I
//modern.az/articles/69329/1/ 

Təpəgöz və tartarlar-II
//modern.az/articles/69368/1/

Təpəgöz və tartarlar-III
//modern.az/articles/69384/1/

Təpəgöz və tartarlar-IV
//modern.az/articles/69517/1/


Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI