“Bütün sənədlər katibliyə təqdim olunub. Ağır xəstələrin, haqqında Avropa Məhkəməsinin qərarı olanların və digərlərini qrup-qrup təqdim etmişik”.
Bu barədə Modern.az saytına bu günlərdə gözlənilən əfv sərəncamından danışarkən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı bildirib.
Qeyd edək ki, Birgə İşçi Qrupunda hökumət və parlamentin, habelə QHT-lərin nümayəndələri fəaliyyət göstərirlər.
Hüquq müdafiəçisi M.Qəhrəmanlı qeyd edib ki, hazırda nəticəni gözləyirlər: “Biz də ictimaiyyət kimi çox böyük səbirsizliklə nəticələri gözləyirik. Ümid edirik ki, çox sayda insan əfvə düşəcək və bu, Azərbaycanın imicində müsbət mənada dəyişikliklərə gətirib çıxaracaq”.
Kimlərin əfvə düşəcəyinə gəlincə, hüquq müdafiəçisi bunları söyləyib: “Hesab edirəm ki, say və ad çəkmək düzgün deyil. Çünki hələ də müraciət edənlər var. Biz ümumi siyahıda olanların adlarını bilirik, amma kimlər əfvə düşəcək bu, prezidentin səlahiyyətində olan məsələdir. Fikrimcə, ad çəkib kiməsə ümid vermək düzgün deyil.
Çünki sərəncam veriləndə adını siyahıda görə bilməyən insanlar və onların yaxınları sarsıntı keçirə bilər. Bu baxımdan ad çəkilməsini düzgün hesab etmirəm. İnşallah, əfv gözləyən hər kəsin qapısı açılar”.
Gülşən RAUFQIZI