Və əgər bir gün Yer kürəsinə o uzaq, yad aləmlərdən təşrif buyuranlar olsa onların gözəl, səlis əski türkcə ilə danışmalarına heç şaşırmaram, indidən deyim. Qeyri-türk ölkələrinə enmələrinə təəssüf edərəm, çünki heç bir aqressivlik göstərməsələr belə , sadəcə, türkcə danışdıqları üçün əsəbləşib onları məhv edə bilərlər. 1947-ci ildə Amerikanın Nyu-Meksika ştatının Rozuell şəhəri yaxınlığında bir yadplanetli kosmik gəmi qəzaya uğrayır. Bəlkə də qəzaya uğradılır Amerikan qırıcı təyyarələri tərəfindən. Təəssüf ki bu barədə heç bir sənəd-sübut yoxdur. Amma amerikanların bunu cidd-cəhdlə ört-basdır edərək qəzaya uğrayan apparatın, sadəcə, meteoroloji zond olduğunu rəsmi olaraq demələri və yalnız üstündən əlli il keçəndən sonra onun , həqiqətən də ,yadplanetli kosmik gəmi olduğunu etiraf etmələri adamda belə bir şübhə oyadır. Sənəd-sübutlar “tamamilə məxfi” qrifi altında yüksək hökümət dairələrinin seyflərində saxlanılırmış. Və bəlkə də çoxusu məhv edilibmiş., çünki uydurma əhvalat deyib çoxdan üstünü malalamışlar. Tam əminəm ki, məhv edilmiş sənədlərdən birincisi vurulmazdan əvvəl o kosmik gəmidən alınan cavablar barədədir. Peyğəmbərlərin dediklərini bəşəriyyətdən gizləməklə müqayisədə hansısa naməlum varlıqların dediklərini gizləmək nə böyük iş imiş ki? Cənablar, heç olmasa qalanlarını üzə çıxarın, bəlkə onların əsasında bu əhvalatın uydurma və ya həqiqət olduğuna bəşəriyyət qərar versin. Amma hətta üstündən əlli il keçəndən sonra da sənədlərin yalnız kiçik bir qismi üzə çıxarılmışdır. Niyə gizlədirmişlər? Nədən qorxurmuşlar? Hansı sirrin üstü açılacaqmış? Yer kürəsinə gəlmiş hər hansı yadplanetli yalnız ərazisinə enmiş xalqın qonağıdırmı, yoxsa bütün bəşəriyyətin? Gəlişləri, məqsədləri ilə bağlı hər bir məsələ bütün bəşəriyyətə açıqlanmalı deyilmi? O uzaq aləmlərdən o boyda yolu anqlo-saks, mason və ya yevrey deyib mi gəlmişlər, yoxsa insanlıq? Yad aləmlərin qonaqlarını ideoloji mübarizəyə qurban verərək üstlərinə məxfilik pərdəsi örtüb bəşəriyyətdən gizləməyə nə haqqınız var? Heç bir səbəb olmadan yad varlıqlara belə qəddar münasibət ümumən Yer kürəsinə düşmənçiliklə nəticələnə bilər. Marsa göndərdiyimiz aparatlarla əlaqənin Mars orbitinə yaxınlaşan kimi itib-batdığını eşidərkən min cür şübhələrə düşmədikmi? Baxmayaraq ki, orada canlı məxluqatın yaşamadığına tam əminik. İndi ora insanlarımızı göndərməyə hazırlaşırıq. Əgər onlar da oralarda itib-batsalar növbəti dəfələrdə Marsa top-tüfənglə getməyə məcbur olmayacağıqmı? Nə isə... Kosmik gəminin qırıntıları arasında bir neçə meyid varmış. Tanınmaz hala düşüblərmiş. Yalnız birisi az xəsarət alıbmış. Yalan - doğru bəzi söz-söhbətlərə görə hələ canı üstündə imiş. Sağ budunda böyük yara varmış, bəlkə də çoxlu qan itirməkdən halsız olubmuş. Amma hərbçilər gəlib meyidləri də, kosmik gəmi qırıntılarını da yığışdırıb aparırlar... Həmin o budundan yaralının fotoşəkli hələ o vaxtlardan bəlli idi, amma bu şəklin meyid yarılarkən çəkildiyi videogörüntüdən alındığı yalnız doxsanıncı illərin ortalarında bəlli oldu. Yadplanetlilərin əyinlərində qəribə materialdan boz rəngli kombinezon varmış. Folqa kağızı kimi nazik, istənilən şəkildə əymək, burmaq mümkün imiş, amma poladdan möhkəm imiş. Nə bıçaqla cızılırmış, nə balta ilə kəsilirmiş, nə kuvaldla əzilirmiş.
Bax, Təpəgözə pəri anasının üzüklə birlikdə məhz belə bir zirehli geyim gətirdiyini ehtimal edirəm. Köynək kimi, şalvar kimi yüngül, elastik, yumşaq, amma nə ox batan, nə qılınc kəsən bir geyim.
Nə isə... Mətləbdən uzaq düşməyək. Tartarda qalmışdıq. Demək, yunan mifologiyasına görə təkgözlü nəhənglər Tartara atılırlarsa və Tartariya deyilən yer də türkdillilərin yaşadıqları yerə deyilirsə bu o deməkdir ki, təkgözlülər türk insanları içinə atılıblarmış. Yerdənkənar aləmlərə görə Yer kürəsindəki həyat aşağı dünya həyatı hesab edilir, çünki birinci göy qatındadır. Məhz buna görə nəhənglərin atıldıqları Yer kürəsi “qaranlıq dibsiz quyu”, “çox aşağı” mənasında Tartar adlanmışdır. Yox , hiss edirəm ki, anlaşılması çox zordur, ona görə də bir az ətraflı məlumat verməyə məcburam. Və qədim türklərin düşüncələrindəki bir tək Göy Tanrıdan fərqli olaraq qədim yunanların beyinləri tanrılar və tanrıçalarla dolu olduğu üçün “Tartar” kəlməsinin əsil mahiyyətini açmaq üçün nəzərimi müdrik Şərqə çevirməliyəm.
Oradan başlayım ki, əvvəlcə Allah Təala vardı və Onunla bərabər heç bir kimsə, heç bir şey yox idi. Bu Əvvəlinci Ruhdur, Əvvəlinci Ağıldır, Əzəli və Əbədidir. Rəbbdir, yəni Yaradandır. Heç kəs Onu doğmamışdır, O da heç kəsi doğmayacaqdır. Heç nəyə də Möhtac Deyildir . Sonsuz bir sükut, sonsuz bir səssizlik içində yalnız Allah Təalanın Gözəl Adları vardı. Sonsuzluqda Onun varlığını bilən heç kimsə yox imiş deyə bir tək şey istəmiş; elə varlıqlar yaratsın ki , onlar Onu tanısınlar, Qüdrətini dərk edib alqışlasınlar. Ona görə də yaratmağa başlayır. Sonsuzluqla müqayisədə zərrə qədər olan bir ərazidə. Və yaratdıqları üçün zaman deyilən şey o andan etibarən başlayır, çünki artıq məkan və hərəkət var. Bu yaradılışı sxematik olaraq iki iç-içə konsentrik çevrələr kimi təsəvvür etmək olar. Planetlər, ulduzlar, Qalaktikalar birinci, kiçik çevrənin içindədir, məhdud saydadır, çünki onlar həmin o çevrə ilə hüdudlanır, o çevrəyə buna görə də “son hüdud”, “son divar” anlamında sidrətül-müntəha deyilir. Bu son hüduddan ikinci, böyük çevrəyə qədər olan ərazi isə cənnət və cəhənnəm məkanıdır. Və həmin ikinci çevrə də o məkanın hüdududur , ona görə də Ali, Yüksək Göy mənasında Ərşi-Ala adlanır. Birinci çevrədən dərhal sonra cənnətlər başlayır. Sayı səkkizdir, dörd cütlük halındadır. On doqquz gözətçi mələklər qoruyur onları. Hər cənnətin girişində bir, çıxışında bir olmaqla on altı və hər qoşa cənnətin arasında bir olmaqla üç mələk. Cəhənnəmlərin sayı yeddidir, cənnətlərin altındadır və tək-təkdir. Hər iki cənnətin altında bir cəhənnəm, hər bir qoşa cənnətlə digər qoşa cənnət arasındakı alt hissədə də bir cəhənnəm. Cənnət və cəhənnəm məkanı əbədiyyən mövcud olacağı üçün bu ikinci çevrə məkanı axirət dünyası, yüksək qat adlanır. Ulduzlar, planetlər məkanı isə aşağı qatdır. Yüksək qatı əhatəyə alan Ərşi-Aladan o tərəfə Əvvəlinci Ruhdur. O, hər tərəfdən bu məkanı dövrəyə aldığı üçün Ərşi-Alaya məcazi mənada Allah Təalanın Taxtı da deyilir. Hər iki çevrə içindəkilər yaradılmamışdan əvvəl ilkin yaradılışda onların içində su yaradılmışdı. Sonra hər şey bu sudan yaranmış və su azalaraq Ərşi-Alanı iç tərəfdən üzük kimi əhatələmişdir. Ona görə də deyilir ki, Allah Təalanın Taxtı , yəni Ərşi-Ala su üzərindədir. Ulduzlar və cənnətlər məkanından baxılarsa Əvvəlinci Ruh, Əvvəlinci Ağıl bayır tərəfdən Ərşi-Alanı əhatələmiş olur, ondan bu yana həm yüksək, həm də aşağı yaradılış məkanında O, yerini Əvvəlinci Qəlbə vermişdir. Belə ki, Əvvəlinci Ağıl Rəbbil-aləmindir, yəni aləmləri Yaradandır, Əvvəlinci Qəlb isə Rəhman Rahimdir. Yaratdıqlarını yalnız Görməli və Eşitməli deyil, onların hal-hərəkətlərinə görə bəzən Qəzəblənməli, bəzən Cəzalandırmalı, bəzən Günahlardan Keçməli, bəzən Bağışlamalıdır. Bunlar isə artıq əqli deyil, qəlbi keyfiyyətlərdir. Ona görə də Allah Təala insanı özü kimi yaratmışdır, deməklə əsla bədən quruluşu nəzərdə tutulmamalıdır. Onun bənzəri yoxdur. Sadəcə olaraq, insan da ağıl və qəlbin vəhdətidir. Amma Allah Təaladan fərqli olaraq məhdud ağlın və məhdud qəlbin vəhdəti. Bədəndə bu iki şeydən başqa qalan nə varsa hamısı bu dünyada qalandır, Heç bir şeydir yəni. Yer cazibəsinə tabe olduğu üçün maddidir, öləndir, çürüyüb təbiətə qarışandır. Əvvəlcə o biri altı dünyalara, Qiyamətdən sonrakı ikinci yaradılışda isə cənnətlər məkanına keçəcək olan bizim ruhumuzdur .Ruh deyilən şey ağıl və qəlb birliyidir, Əvvəlinci Ağıldan və Əvvəlinci Qəlbdən insana İlahi paydır, ölməzdir, əbədidir, məhz buna görə kainatdakı bütün yaradılmışların ən şərəflisi, ən üstünüdür. Allah Təala ağlımızda və qəlbimizdə olanlara görə bizə dəyər verəcək. Ağlı və qəlbi boş insan Ona gərək deyildir. Yəni Allah Təalanı tanımayan ağıl , Onu və yaratdıqlarını sevməyən qəlb cənnətə girməyəcək. Ya cəhənnəm mələklərinin şiddətlə boğazından çəkib çıxaracaqları ruhu üzüüstə cəhənnəmələrə sürüklənəcək, ya da cəhənnəmlərlə cənnətlər arasındakı Eraf adlı neytral əraziyə aparılacaq. İnsan ölərkən çiyinlərimizdəki katib mələklərin ömrümüz boyunca yazıya aldıqları əməl dəftəri bağlanır. Nə sonrakı altı dünyada, nə də Qiyamətdən sonrakı axirət dünyasında onun nə ağlı, nə də qəlbi zənginləşməz. Bu dünyada ağlımızı və qəlbimizi necə doldursaq o baza əbədiyyən axirətin hansı məkanında yaşayacağımızı təyin edər. Ona görə də insan beşikdən qəbrə qədər oxuyub elmini artırmalı, həm də Allah Təalanı və insanları sevərək mümkün olduğu qədər mərhəmətli, insaflı olmalıdır, yoxsa cahil yaşadığı üçün peşmançılığı ikinci dünyaya keçdiyi andanca çəkəcəkdir, “kaş ki yenidən əvvəlki dünyaya dönəydim” deyə. Sevməyi bacarmayan qəlb sahibi cənnətə düşməz Amma elm sevgidən irəlidir; alimin mürəkkəbi şəhidin qanından üstündür. Çünki ağıl qəlbdən irəlidir. Fatihə surəsində ağılın qəlbdən üstünlüyünü görə bilərik. Surələr Əvvəlinci Qəlbə görə “Rəhman Rahimin adı ilə “ açılır. Həmd edərkən isə əvvəlcə Əvvəlinci Ağıla, sonra Əvvəlincı Qəlbə edilir. Çünki Ağıl Yaradıcıdır deyə Qəlbdən öndədir. ”Əlhəmdü lillahi Rəbbil aləmin. Ər-Rəhman ir-Rahim”. Yəni həmd aləmlərin Rəbbinə , Rəhman Rahim olan Allahadır.
Cənnətlər məkanı üçün ulduzlar məkanı aşağı qatdır dedim. Həzrət Adəm cənnətdə ikən şeytana uyur, Həvva ilə birlikdə qadağan olunmuş ağacın meyvəsini yeyən kimi “örtülü yerləri” bir-birlərinə görünür, yəni əbədi yaşamaq üçün yoğrulmuş bədənləri ketfiyyətlərini itirir. Allah Təala da bu işə bərk qəzəblənib onları həmin bu aşağı qat deyilən ulduzlar məkanına qovur. Amma diqqət edin: ulduzlar məkanının harasına qovur? ”Aşağıların ən aşağısına”. Bu, Quran kəliməsidir.
Aşağıların ən aşağısı...
Yunanların Yeraltı dünyanın altında çox dərin, dibi görünməyən quyu kimi təsəvvür etdikləri qaranlıq bir məkan... Qısacası Tartar... Hara imiş ora?!
(ardı var)
Mirzə Hacıyev
***
Təpəgöz və tartarlar-I
//modern.az/articles/69329/1/
Təpəgöz və tartarlar-II
//modern.az/articles/69368/1/
Təpəgöz və tartarlar-III
//modern.az/articles/69384/1/
Təpəgöz və tartarlar-IV
//modern.az/articles/69517/1/
Təpəgöz və tartarlar-V
//modern.az/articles/69583/1/