Modern.az

“Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılır - YENİLƏNİB

“Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılır - YENİLƏNİB

Təhsil

26 Dekabr 2014, 12:04



“Media forum” saytı xəbər verir ki, dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəlib.

Prokurorluğun əməkdaşları axtarış-götürmə əməliyyatı aparır. Prosesdə radionun vəkili Yalçın İmanov da iştirak edir.

“Azadlıq” radiosunun Bakı ofisində aparılan axtarış-götürmə əməliyyatının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir.  

Bu dəqiqələrdə “Azadlıq” radiosu məsələ ilə bağlı qısa məlumat yayıb. Həmin məlumatda deyilir: “Bu gün təxminən saat 10:30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarışa başlayıblar. 

Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir. 

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iştiraka iki radio əməkdaşı da qoşulub”. 

***

Baş Prokurorluq “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarışla bağlı “Media forum” saytının sorğusunu cavablandırıb.

Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.

Dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisində axtarışa başlayıb. Saat 10:30 radələrindən başlayan axtarış hələ davam edir. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu