Bu gün Bakı Atatürk Litseyində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram şənliyi keçirilib.
Şəhidlərin xatirəsinin yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 31 Dekabr fenomeninin yaranması haqqında ətraflı danışılıb.
Qeyd olunub ki, son iki yüz ildə Böyük Azərbaycanın işğallara məruz qalması nəticəsində, bütöv bir məmləkət parça-parça olub.
31 dekabr 1989-cu idlə o taylı, bu taylı Azərbaycan xalqının ayağa qalxaraq Araz boyu SSRİ-İran sərhədlərini sökməsi, ayrı düşmüş, lakin hər zaman bütövlük eşqini yaşadan 50 milyonluq xalqın birləşmək istəyinin ifadəsi idi.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.
Litseyin istedadlı şagirdləri milli ruhda mahnılar, şeirlər səsləndirib, müxtəlif musiqi alətlərində öz məharətlərini göstəriblər. Milli geyimli qızlar rəqslərini təqdim ediblər.
Tədbirin sonunda “Natiq” ritm qrupunun ifası və şagirdlərin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı hazırladıqları video-çarx alqışlarla qarşılanıb.