Modern.az

“Putinin hərbi addımları Azərbaycan üçün problem yaratmayacaq”

“Putinin hərbi addımları Azərbaycan üçün problem yaratmayacaq”

Təhsil

26 Dekabr 2014, 17:08

“Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaşaması üçün Moskva daim yeni ideyalar ortaya atır. Vladimir Putinin bu hərbi təyinatlı təşkilatın Ermənistanda humanitar mərkəzin yaradılacağı ilə bağlı atacağı addımlar əslində, Rusiyanın ziyanına işləyəcək”. Bunu Modern.az saytına hərbi sahə üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O, KTMT-nın 2015-ci ildə Ermənistanda humanitar mərkəzin açılması ilə bağlı planlarını şərh edərkən bildirib ki, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya KTMT adı ilə Ermənistana dəstək olmağa çalışır: “Ermənistanda hərbi təşkilatın humanitar layihəsinin həyata keçirilməsi, aydın məsələdir ki, Rusiyanın atdığı addımdır. Güman edirəm ki, həmin humanitar mərkəzə erməni vətəndaşları daha çox cəlb ediləcək. Amma bütün bunlar Azərbaycan üçün heç bir problem yaratmayacaq. Ən azından Azərbaycan müdafiə sənayesinin ortaya qoyduğu nəticələrə nəzər salmaq lazımdır”.  

Ekspert qeyd edib ki, KTMT bu ilin noyabr ayında Azərbaycanın cəbhə xəttində Ermənistan ordusuna məxsus Mİ-24 helikopterinin məhv etməsini də sükutla qarşılayıb:

“Düzdür, bu təşkilat helikopter hadisəsi ilə bağlı bəyanat verdi, amma bu, olduqca formal xarakter daşıyırdı. Onlar özlərində güc tapsaydılar, məsələyə başqa cür münasibət bildirərdilər. Onlar bu məsələyə ciddi girişsəydilər, faktiki olaraq Ermənistanın havadarı rolunda çıxış edəcəkdilər. Ona görə də bu riskə getmədilər”.  

Qeyd edək ki, KTMT-nın Moskvada keçirilən Şura iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin bu təşkilatın Ermənistanda humanitar mərkəzinin yaradılacağını bəyan edib.

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu