Axşam saatlarında, insanların işdən çıxan vaxtlarında “Xalqlar Dostluğu”, “Nefçilər” metro stansiyalarının çıxışındakı avtobus dayanacaqlarında o yan bu yana qaçanları görsəniz, qətiyyən təəccüblənməyin.
İşdən yorğun çıxsalar da, evlərinə vaxtında çatmaq üçün avtobusun dalınca qaçmaq məcburiyyətində qalırlar. Qoca-cavan, uşaq-böyük, fərqi yoxdur, hamı qaçır. Avtobusdakı boş oturacağa çatıb oturanlar isə özünü lap “yeni dünyaya gəlmiş” kimi hiss edir. Oturmaq o yana, ayağını qoymağa yer tapanlar da onlardan az sevinmir, rahatca nəfəs alır.
Metronun “Neftçilər” stansiyasının çıxışındakı körpünün altında sözün əsl mənasında insan izdihamı olur. Çox vaxt avtobusların qapısı açıq, sərnişinlər isə sallana-sallana gedir. Avtobus sürücülərinin kobud rəftarı hamımıza bəllidir, üstəlik avtobusa minərkən “tez olun, gecikdim” demələri onsuz da yorğun olan insanı özündən çıxarır. İctimai nəqliyyatda qadağan olunan siqaret isə onların baramaqlarına “yapışıb”.
“Niyə tələsməliyik”, - deyə soruşanda sürücüdən kobud cavab eşidirsən:
“Mən plan verirəm eyyy, gecikə bilmərəm”.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı konkret tapşırıqlar veriləcək, sərnişinlər üçün yaranan narahatlıq aradan qaldırılacaq”.
Gülşən RAUFQIZI