Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Publisist, pedaqogika üzrə fəsəfə doktoru
Mən Ənvər Əlibəylini çox böyük hörmətlə xatırlayıram. O, həm yaxşı jurnalist, həm yaxşı şair idi. Həm də televiziyaya yaxşı rəhbərlik edirdi.
Heydər Əliyev
Süleymana qalmayan dünya
Sənə də qalmayacaq,
Deyilən bir məsəl-var
Dolaşır dodaq-dodaq.
Bu düzdür, biz gedəcəyik
Ancaq dünya yenə də
İnsanlara qalacaq.
Neçə vaxtdır mehriban insan, həzin qəlbli şair Ənvər Əlibəyli səsini eşitməyə, əksini görməyə qəribsəmişik.
“Süleyman peyğəmbərə qalmayan dünya insanlara qalacaq”-deyib ömrünü xalqına təmənnasız xidmətə həsr edən Ənvər Əlibəyli bu gün də dərin ehtiramla yad edilir.
Bakı. Qədim və gözəl şəhər. Şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəylinin 1916-cı il aprel ayının 1-də dünyaya göz açdığı beşik. Bakı ədəbi – ziyalı mühiti Ənvər Əlibəylinin istər şair, istərsə də ziyalı kimi yetişməsində az rol oynamayıb. Bakının küçələrini gəzməkdən, Xəzəri seyr eləməkdən doymayan şairin neçə - neçə şeri, nəğməsi Xəzərin mavi sularından pərvazlanıb.
Orta məktəbi bitirdikdən sonra Tibb texnikumunda təhsil almışdır. Sonra təhsilini Azərbaycan Dövlət Universitetinin fəhlə fakültəsində, ardınca isə Azərbaycan Pedagoji İnstitutunun filologiya fakültəsinda davam etdirmişdir . İkinci dünya müharibəsi başlayan kimi 1938-ci ildən Azərbaycan radiosunda çalışan Ə.Əlibəyli Tiflis şəhərində Topçular hərbi məktəbini bitirərək leytenant rütbəsində cəbhəyə yollanıb artilleriya batolyonu komandiri olmuşdur. Hərb tarixində məşhur 416-cı Taqonroq diviziyasında ağır döyüş yolu keçən Ənvər Əlibəyli 1944-cü ildə yaralandıqdan sonra yazıçı-jurnalist kimi döyüşdə iştirakını davam etdirmişdir.
Ötən əsrin 40-cı illərinin sonunda “İnqilab və mədəniyyət”, “Təbliğatçı jurnalının” məsul katibi olan Ə.Əlibəyli 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı “Ədəbiyyat” qəzetinin redaktoru, 1952-ci ildən ömrünün sonuna qədər Respublika Radio və Televiziya Verilişləri Komitəsində müxtəlif vəzifələrdə, o cümlədən, sədr vəzifəsində çalışmışdır.7-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1939-cu ildən Sovet Yazıçılar İttifaqının üzvü olan şairin şeir və poemaları rus və SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir. 1947-ci ildə şairin “Qaranquş” adlı ilk şeirlər kitabı işıq üzü görüb.Yaradıcılığı dövründə “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Mingəçevir şeirləri”, “Dalğalar arasında”, “Elə xoşbəxtəm ki”, “Nəğmələr”, “Bir kitab şeir”, “Ürəyimdəsən” və s. kitabları nəşr olunmuşdur.
“Ədəbiyyat novella” pyesinin müəllifi olar ədibin 1975-ci ildə “Seçilmiş əsərləri” oxucuların ixtiyarına verilmişdir. Puşkin, Nekrasov və s. ədiblərin əsərlərini dilimizə çevirmişdir.
Ə.Əlibəyli bir neçə poemanın müəllifidir. “Samur dastanı”, “Bacı”, “Gözlər,ürəklər, əməllər”, “Dalğalar arasında”, “Polad”, “Dostluq körpüsü” poemaları dəyərli sənət incilərindəndir.
Xalq şairi Nəbi Xəzrinin dediklərindən: “O, ömrünü ədəbiyyatla, radioya, televiziyaya, jurnalistikaya həsr elədi. Onun ömrü çox gödək oldu. 50 ili təzəcə haqlamışdı ki, dünyasını erkən itirdi. Mənim onunla görüşlərim ədəbiyyata gəldiyim ilk illərdən başlayır. O zaman Ənvər Əlibəyli “Vətən uğrunda” jurnalının (Azərbaycan jurnalının) məsul katibi idi. Demək olar ki, mənim silsilə şerlərimi ilk dəfə həmin jurnalda Ənvər Əlibəyli çap etdirdi. Ondan sonra bizim taleyimiz, ailəmiz, dostluğumuz bir-birinə qovuşdu. Qardaşlaşdıq. Həyat yollarını birgə addımlamağa başladıq.
Tale elə gətirdi ki, 1960-ci ildə biz televiziyada birgə işləməli olduq. Məhz televiziyanın təməlini, özülünü Ənvər Əlibəyli qoymuşdur. İlk verilişlər efirə Ənvər Əlibəylinin imzası ilə getmişdir. O, şair kimi də, insan kimi də təvazökar idi. Mehriban, səmimi birisi idi. Kitabları çox çıxmayıb. Çox yazırdı, amma az çap olunurdu. Bu onun təvazökarlığından irəli gəlirdi. Baxmayaraq ki, onun şeirləri, poemaları, mənzum pyesləri var idi, kitab buraxdırmaq üçün kifayət idi. Biz həyat yolunda qoşa addımladıqca, bağda da evlərimiz yan-yana oldu. Ailələrimiz doğmalaşdı. O, anamı da özünə ana sayırdı....
Mən Ənvər Əlibəyli haqqında düşünəndə böyük bir şairin, nəğməkar şairin ömrünü gözlərim qarşısından keçirirəm. Fikirləşirəm ki, biz onun qarşısında çox borcluyuq. Onun layiq olduğunu hələ etməmişik. Məncə, onun adı, sənəti əbədiləşdirilməlidir. Başlıcası, Milli Televiziyada studiyalardan biri Ə.Əlibəylinin adına verilməlidir. Belə bir parlaq şəxsiyyət, igid, ər kimi yaşamış insan qəlbimizdə daim yaşayacaqdır. Özü demişkən:
Mən Yaşamaq istəyirəm igid kimi, ər kimi
Mən ölmək istəyirəm səngərdə əsgər kimi.
Ənvər Əlibəyli çox mehriban, qayğıkeş, səmimi, diqqətcil ailə başçısı, həyat yoldaşı, ata idi. Ailə onun üçün həyatda ən önəmli varlıq idi. Ailəsini böyük, ülvi məhəbbətlə sevər, nazını çəkərdi.
Qızı Şəfəq Əlibəylinin xatirələrindən: “Bu dünyada elə insanlar var ki, dünyaya elə bil bir xatirə olaraq, bir örnək olmaq üçüngəliblər. Məncə, atam da bu insanlardandır. Qısa həyat sürməsinə baxmayaraq, çox parlaq, çox şərəfli, örnək olunası bir həyat yaşayıb. Fəxr edirəm ki, məhz belə bir kişinin qızıyam. Deyərdim ki, mənim ilk müəllimin də atam olub.
Bu gün də həyatda istiqamətimi mənə vaxtilə atamdan qalan istiqamət təşkil edir. O zaman uşaqları məktəbə rus bölməsinə verirdilər. Biz üç övladını isə Azərbaycan bölməsinə verdi. Bununla belə bizim rus dilinə mükəmməl yiyələnməyimizə,hətta mənə əlavə fars dilini öyrənməyimə dəstək oldu.
Həmişə bizə rəfiqələrimiz gələndə, atamın anama olan münasibətinə çox məəttəl qalardılar. Bu isə mənim üçün adi hal idi. Sonralar başa düşdüm ki, atam anamı nə qədər böyük,səmimi, ülvi, saf bir məhəbbətlə sevirmiş.İşdən evə gələndə anamın gözlərinə baxırdı. Onun üzündə təbəssüm olurdusa, o axşam yeməyini həvəslə, nuşluqla yeyərdi. Bu əsl saf sevgi idi...”
Ənvər Əlibəyli Vətən torpağının füsünkar gözəlliyindən vəcdə gəlib qələmə könül verirdi. Xəzərin pıçılıdaşan dalğaları sanki bu gündə bəstəçi-şair Ə.Əlibəylinin vətən sevgisindən söz açır. Onun musiqiyə yatan həlim, həzin şerlərinə Qara Qarayev, Rauf Hacıyev, Cahangir Cahangirov, İbrahim Topçubaşov, Səid Rüstəmov, Hökümə Nəcəfova və s. kimi sənətkarların şux, yadda qalan mahnılar bəstəmələri heç də təsadüfi deyildir. “Azərbaycan”, “Sevgilim”, “Gəlmədin”, “İlk məhəbbətim”, “Gəl-gəl”, “Xəzərim”, “Qəşəng qızlar”, “Narınc”, “Hamıdan göyçək”, “Söz olmasaydı” və s. musiqi xəzinəmizim parlaq səhifələrini təşkil etməklə müğənnilərimizin repertuarını bəzəyir:
Ləkəsizdir, təmizdir,
Dalğalı bir dənizdir,
Canımdan da əzizdir
Mənim ilk məhəbəttim
Qanadlıdır ley deyil
Çox şirin bir mey deyil.
Unudulan şey deyil,
Mənim ilk məhəbbətim.
Dağlar qədər ucadır,
Dünya qədər qocadır.
Asan bir tapmacadır
Mənim ilk məhəbbətim.
Ömür ülviyyətidir,
Könül şeriyyətidir.
Ana məhəbbətidir,
Mənim ilk məhəbbətim.
Uzun illər rəhbərlik etdiyi Milli Televiziyada neçə-neçə jurnalist nəsli Ənvər Əlibəylinin sənət meyarı ilə yetişib, püxtələşib. İndinin özündə də şair, jurnalist Ə.Əlibəylinin sənət ruhu onlara köçüb, yaşayır.
Əməkdar jurnalist Mailə Muradxanlının xatirələrindən: “Ə.Əlibəyli mənim xatirimdə hər şeydən əvvəl gözəl insan kimi qalıb.Düzdür, o bizim televiziyada şirkətinin sədri idi. Mən ilk dəfə işə gələndə o radio üzrə sədr müavini vəzifəsində idi. Amma biz ona kövrək bir şair, gözəl bir insan kimi daha çox hörmət edərdik.
Ə.Əlibəylini dəhlizin o başında görəndə, biz dəhlizin bu başında addımlarımızı yavaşıdırdıq, səsimizi azaldırdıq. Çünki, Ə.Əlibəyli özü elə adam idi ki, sanki yeriyəndə yer, danışanda dil incitməyən adam idi. Amma onun sərtliyi də var idi. Sərtliyi də çox az olurdu, uzun sürməzdi. Tez də kövrələrdi, yumşalardı və ona baxan hər bir kəs bilərdi ki, Ə.Əlibəyli ilk növbədə həzin, kövrək, lirikşeirlərin müəllifi olan incə qəlbli bir şairdir.
Mən ilk dəfə təyinatla radioya işə gələn günün ertəsi Ə.Əlibəyli bizim otağa gəldi. Mənim işə başladığım şöbənin müdiri Firudin Ağayev idi. Ənvər müəllim Firudin Ağayevdən mənim necə olduğumu soruşdu. O da dedi ki, pis deyil, bir yazı vermişik işləyir, xoşumuza gəlir. Ənvər müəllim dedi ki, Mailənin hər bir yazısını mənə göstərin. Kiçik bir redaktor idim, gənc qız idim. Şirkətdə mənim kimi 2-3 min adam var idi. Ənvər müəllim tək mənimlə deyil, işə qəbul olunan hər bir yeni işçi ilə maraqlanırdı.
Bir qəribə hadisəni də qeyd etmək istəyirəm. Biz bir yerdə Jurnalistlər İttifaqına qəbul olunmağa gələndə Ənvər müəllimə sual verdilər ki, niyə gənc uşaqla bir yerdə gəlmisiniz, qoy o, sonraya qalsın, onun hələ vaxtı var. Ənvər müəllim qəti etiraz edərək dedi ki, əgər Mailəni qəbul etməsəniz, mən də öz sənədlərimi geri götürəcəyəm...
O vaxt “Ulduz” proqramında musiqi müsabiqəsi keçirilirdi. Yeniyetmələr üçün ən yaxşı mahnı kateqoriyasında Ramiz Mirişlinin Ənvər müəllimin şerinə bəstələdiyi “Vətənimsən” mahnısı I-ci yeri tutanda Ənvər müəllim öz şerini geri götürdü. O, bu şeri müsabiqəyə imzasız göndərmişdi. Baxmayaraq ki, o, şirkətin sədri idi, səlahiyyət sahibi idi öz şerindən imtina etdi. O, çox sadə, təvazökar şair idi.
Bir dəfə dayanacaqda dayanmışdım. Yanımda maşın durdu və mənə siqnal verdi. Mən də maşın tərəfə baxmırdım ki, görən kənar adam niyə belə edir. Birdən Ənvər müəllim maşından düşüb məni səslədi ki, ay qız səni çağırırlar gəl də. Bəli, Ənvər müəllim belə səmimi, mehriban o qədər sadə adam idi.
Onun nəyə görəsə işlə bağlı cəza verdiyi adamı yanına çağırardı. Təbii ki, o adam bəhanə gətirərdi ki, evdə xəstəm vardı, avtobusda ayağım büdrədi və s. Ənvər müəllimin gözləri yaşarardı, kövrələrdi, hətta görüşdən sonra cəza verdiyi adamı mükafatlandırardı ki, yazıqdır, evdə problemi var, vəziyyəti ağırdır.
Ənvər müəllimin şerlərinə gözəl mahnılar bəstələnib. Onun çox gözəl musiqi duyumu var idi. Bəzən müsabiqələrdə bəstəkarlara haqlı iradlar bildirərdi.
Biz hamımız onu çox istəyirdik. Mən deyim ki, onun ömrü təlatümsüz, sakit keçirdi yox. Ona hücumlar da olurdu, həmişəki kimi onu darıxdıran adamlar da vardı, onun xətrini əziz tutanlarla bərabər nəisə onunla yola getməməyə çalışanlar az deyildi. Amma Ənvər müəllim bu hadisələrin üstündən sükutla, sakit, müdrikanə keçirdi ki, o adamlar özləri utanırdılar. Bəlkə də elə onun ürəyi ona görə onunçun ağrıyırdı ki, bu şeyləri o, ürəyinə alırdı. Onun ucadan səsini eşidən, onun qışqırdığını, qəzəbləndiyini görən olmamışdı. Özü qışqırmadı, ürəyi qışqırdı, ürəyi haray çəkdi, ürəyi dözmədi, ürəyi etiraz elədi.
1968-ci il mayın 7-də radio gününü qeyd etməyə hazırlaşırdıq. Xəbər tutduq ki, səhər Ənvər müəllim dünyasını dəyişib. Bu xəbəri eşidəndə ömrünün son günlərinin şeri olan “Ürəyim” şerini xatırladım:
Ağlayım için-için
Bu şeri sənin için
Sənin için yazıram.
Mənim yazıq ürəyim,
Mənim kiçik ürəyim,
Dərdi böyük ürəyim.
Bu şeirdə nə vəzin
Nə müqqədəs qafiyə
Nə də ahəng olacaq.
Misralar qırıq-qırıq
Boğazda tıxınan hıçqırıq ki,
İlk dəfə ciyərlərinə papiros tüstüsü çəkən
Bir adamın öskürəkləri tək
Sapdan qırılmış səpələnmiş muncuq kimi.
Kəsik-kəsik, qırıq-qırıq
Bir az da ağrılı olacaq misarlarım.
Kiminin xoşuna gələcək, kiminin acığına,
Kimi deyəcək yaxşıdır, kimi deyəcək orta,
Kimi də deyəcək ki, bunun şeirlə əlaqəsi yoxdur.
Şeir hara, bu hara
Kim nə deyir, qoy desin
Mən tərifi də,tənqidi də, eşitməyə hazıram.
Əslinə qalsa bu məni az maraqlandırır.
Mən ürəyim haqqında şeir yazıram.
Sənin haqqında mənim yazıq ürəyim
Mənim kiçik ürəyim,
Dərdi böyük ürəyim.
Hələ mən ana bətnində olanda
Nə gözlərim görür, nə qulaqlarım eşidirdi.
Amma sən işləyirdin.
Nə əllərim tərpənirdi, nə də ayaqlarım
Amma sən işləyirdin.
Nə hissim vardı o zaman,nə duyğum
Bilmirdim haçan ac oluram, haçan tox..
Ənvər Əlibəyli xatirələrdə öz şerləri kimi həzin, kövrək insan olaraq qalır.
Qəlbimi ovlayan o nazlı dilbər,
Sənin fərağına dözə bilmirəm.
Yanağın lalədir, üzün sənubər,
Uzadıb əlimi üzə bilmirəm.
O gündən ki, səndən aralanmışam,
Hicran yollarında paralanmışam,
Bir külək tərlanam yaralanmışam,
Göyərçin üstünə süzə bilmirəm.
Sevmişəm səndəki qara gözləri
Axır ki, bir rəhmə gələr özləri
Vurğun xəyalımdan keçən sözləri
Çin-çin eyləyirəm dözə bilmirəm.
Ənvər Əlibəyli deyərdi: “Yaşamaq istəyirəm o qədər ki, insanlara lazımam”.
Bu bayram günləri ərəfəsində belə bir parlaq şəxsiyyətin ruhunu şad etməyi özümə borc bildim.
***
Şairin dillər əzbərinə çevrilmiş “Azərbaycan” seir-mahnısını “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə oxuculara ərməğan eləyirəm:
Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların,
“Yurdum, yuvam məskənimsən”, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım!
El bilir ki, tükənməyən sərvətin vardır.
Sinən üstə ağ pambıqlı göy tarlalardır,
Buruqların göy Xəzərdə qatar-qatardır,
“Yurdum, yuvam məskənimsən”, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım!
Sənə şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim deyim,
Sənə kövrək qəlbim deyim,
“Yurdum, yuvam məskənimsən”, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım!