Ulduzlar məkanı dediyim bu maddi məkan yeddi cür həyat quruluşuna malik dünyalardan ibarətdir. ”7” rəqəminin müqəddəsliyi bu saydan yaranmışdır. ( Qədim yunanlara görə, guya Zevs doğularkən yeddi gün durmadan gülmüşdür, ona görə bu rəqəm müqəddəs sayılmışdır.). Yeddi dünya... Yeddi qat göylər... Lap bu yaxın əsrlərə qədər Yupiterdən sonrakı üç planet - Saturn, Uran və Neptun insanlığa bəlli deyildi, ona görə də orta çağların alimləri yeddi qat göylər dedikdə yeddi məlum səma cismini, yəni Günəşlə birlikdə onunla Yupiter arasındakı beş planeti və Yerin təbii peyki olan Ayı nəzərdə tuturdular. Yeddi qat göylər güya bu səma cisimlərinin orbitləri imiş. Amma on altıncı əsrdə Galiley Marsın iki peykini kəşf edir və bizə yaxın səma cisimlərinin sayı doqquza çatır. Keçən əsrdə isə hələlik ən son planet bildiyimiz Pluton aşkar edilir. Bundan başqa Yupiterin on altı , Saturnun on yeddi, Uranın on beş, Neptunun səkkiz peyki məlum edilir. Həm də əksəriyyəti nəinki Aydan, hətta Yerdən də dəfələrlə böyük. Beləcə, Günəş sistemindəki bizə məlum səma cisimlərinin sayı 69 -a çatır. Və dini təsəvürlərdəki yeddi qat göylərin Günəş sistemində olması ehtimalı bu səbəbdən birdəfəlik aradan qalxır.
Bizim Galaktikamızda milyardlarla ulduz vardır. Ən güclü teleskoplarla belə Galaktikaların sayının milyarddan çox olduğu bəlli olmuşdur. Daha maraqlısı da budur ki, o böyüklükdə Galaktikalar bir-birlərindən olduqca böyük bir sürətlə uzaqlaşırlar. Saniyədə milyard, hətta iki milyard kilometrə yaxın bir sürətlə! Yəni ən böyük sürət hesab etdiyimiz işıq sürətindən təxminən altı min dəfə çox! Fantastik bir sürətdir! Əlbəttə, bu uzaqlaşma sonsuzluq boyunca axıb getmək deyildir, təbii ki, sidrətül- müntəhadan o yana keçib gedə bilməzlər və hər şey saat mexanizmi kimi böyük bir nizamla qurulduğu üçün , demək , onlar da hansısa olduqca böyük bir kütlənin ətrafında dönürlər. Simmetriya baxımından həmin bu olduqca böyük kütlə sidrətül -müntəha içindəki məkanın mərkəzində olmalıdır; fikrimcə, yeddinci dünya budur.. Sonsuzluq üçün zərrə qədər görünən sidrətül-müntəha içindəki bu ulduz məkanının nə dərəcədə böyük olduğunu təsəvvür etməyə çalışın; bax, yeddi qat göylər, yeddi dünya bu böyüklük içindədir.
Hədislər İlahi kəlamlar olmasa da Allah Təalanın Rəsulunun dedikləri olduğu üçün həqiqətdir. Deyir ki, insan öldükdən sonra mələklər onu ikinci dünyaya aparırlar. O dünyanın girişində oradakılar mələklərdən soruşurlar ki, gətirdiyiniz insan necə birisidir? Mömindir, yoxsa kafir? Əgər mələklər desələr ki, mömindir, onda o insanı hörmət-izzətlə qarşılarlar, desələr kafirdir, təpəsinə-gözünə vura-vura qəbul edərlər. Bir müddət sonra insan oradan üçüncü dünyaya, sonra dördüncüyə, beşinciyə, altıncıya və nəhayət, sonuncu yeddinci dünyaya aparılar.Yalnız bundan sonra təkrar geriyə --- birinci dəfə yaşayıb öldüyü bu dünyaya qaytarılar. Və özündən əvvəl ölənlərlə birlikdə Qiyaməti gözləyər Deyə bilərlər ki,. əgər bədən bu dünyada qalırsa və çürüyüb torpağa qarışırsa , demək, insan sonrakı altı dünyada ruhən yaşayacaqmı? Xeyr. İnsan hər bir yeni göy qatına yerləşdirildikcə həmin dünyalardakı həyat ölçülərinə uyğun olan bədəndə olacaq. Çünki Allah Təala “Sizin əmsalınızı dəyişdirmək və sizi bilmədiyiniz bir bədəndə yaşatmaq üçün --- qadirdir”. / Surə 56, ayə 61 /.
Hər bir göy qatındakı dünyanın varlıqları istədikləri zaman yalnız özlərindən aşağı ölçülü dünyalara enib qalxa bilərlər, gərək olduqda həmin dünyaların varlıqlarının gözlərinə görünə, hətta onlarla təmas da qura bilərlər. Amma özlərindən yuxarı səviyyəli dünyalarla bu arzularını reallaşdırmaları mümkün deyildir. Bu baxımdan ən bəxtli varlıqlar ən üstün göy qatı olan sonuncu, yeddinci qatdakı dünyanın varlıqlarıdır. Biz isə bir gün hətta bütün Galaktikaları gəzmək imkanımız olsa belə heç bir yerdə özümüz kimi üçölçülü dünyanın insanına rast gələ bilmərik, əlbəttə əgər tufandan qabaqkı yüksək inkişaf çağlarımızda o Galaktikalara könüllü olaraq gedib geri dönmək istəməyənlərimiz və ya oğurlanıb aparılanlarımız, nə bilim, kosmik gəmi qəzaya uğradığı üçün oralarda qalmağa məcbur olub nəsil artıranlarımız olmamışsa... Amma məsələn, !969-cu ildən etibarən bir neçə il ərzində Aya enib orada hətta maşın sürən astronavtlarımız orada özlərindən başqa heç bir kimsəni görməmişlərsə bu o demək deyildir ki, onları da heç kim görməmişdir və ya nəzarət altında deyilmişlər. Elə isə ən adi teleskoplarla belə baxdıqda arabir Ayın müəyyən bir tərəfindən qalxıb digər bir tərəfində yoxolan işıq görüntüləri nə deməkdir? Ay heç də kiçik səma cismi deyildir, Yerdən cəmisi dörd dəfə kiçikdir. Belə böyük bir kürənin şərqindən qərbinə, şimalından cənubuna cəmisi on-onbeş saniyə içində getmək! Əgər onlar kosmik obyektlərdirsə təsəvvür edirsinizmi nə böyük sürətə malikdirlər? Və nə oldu da astronavtların Aya enib-qalxma macəraları birdəncə, həm də birdəfəlik dayandırıldı? Okeanın o tayındakıların Ayın özlərindən xeyli əvvəllərdən “özəlləşdirildiyini” dərk etmələrimi? Yenə də “tamamilə məxfi”lik pərdəsi, yenə də lüzumsuz yerə bəşəriyyətdən gizlədilmiş həqiqət. Məlum olan bircə şeydir; Ayın fəthi proqramı yetmişinci illərin ikinci yarısından dayandırılmışdır. Mən də bəzi ağıl sahiblərinin belə bir fikrinə şərikəm ki, nə qədər ki, astronavtlar oraya sülh göyərçinləri kimi enib qalxmışdılar, hər şey normal idi. Amma elə ki orada heç bir canlı varlıq görməyib oraları hərbi bazalar koloniyasına çevirmək yolu ilə “ulduz müharibələri” proqramına start götürülmək istənildi, vəziyyət dəyişdi; görmədiyimiz varlıqlar Ayın əsl sahibinin kim olduğunu bildirdilər.
Qiyamət zamanı sidrətül-müntəha içində olan həmin bu ulduz məkanı, bu Galaktikalar sistemi bir göz qırpımındaca tamamilə silinib yox ediləcək. Əzəldən olmayıbmış kimi. Müəyyən bir müddət keçəcək, bütün insanlar yenidən dirildiləcəklər. Bu dirilmə ruhən deyildir , çünki ruh ölməzdir, ölməyən şey yenidən dirilməz. Sadəcə olaraq, insanların ruhları ətdən və yeddinci dünyaya qədərki həyatlarındakı “bilmədiyimiz bədən növlərindən” fərqli olaraq əbədiyyət boyunca məhv olmayacaq yeni bir bədənə geydiriləcəklər. Və Ədalət Məhkəməsi başlanacaq, imanlılar iman dərəcələrinə görə müxtəlif cənnətlərə, imansızlar azğınlıq dərəcələrinə görə müxtəlif cəhənnəmlərə salınacaqlar.
Dünyalardan dünyalara keçidlər gecikmədən baş verir. Müslimlərin ikinci savaşı olan Ühüd savaşında İslamın qatı düşmənlərindən olan Əbu-Cəhl öldürüldükdə onun meyidinin atıldığı quyunun başına gələn Məhəmməd peyğəmbər deyir ki, ey Əbu-Cəhl, indi Allah Təalanın vədinin doğru olduğunu görürsənmi? Səhabələri soruşanda ki, o çoxdan ölməmişmi, səsini eşidərmi, Rəsulüllah deyir: “And olsun Allahın birliyinə ki, o indi məni sizlərdən daha yaxşı eşidir”. Əbu-Cəhl birbaşa cəhənnəmliklərdən idi. Demək, nəinki sidrətül-müntəha içindəki dünyalara, hətta Ərşi-Alaya qədər olan məkana da dərhal keçid mümkündür. Bu onu göstərir ki, ”yuxarı qat dünya”, “aşağı qat dünya” dedikdə söhbət hündürlükdən və ya məsafə uzaqlığından getmir. Ərşi-Alaya qədər bizə çox-çox uzaq gələn bir məsafə Allah Təala üçün sonsuzluqda kiçicik bir zərrədir, biz o məsafəni öz arşınımızla ölçməməliyik.Və Kainatda bizim yenə də göz ölçüsü ilə baxdığımız aşağı-yuxarı söhbəti də yoxdur , hər iki məkan --- həm ulduzlar, həm də axirət məkanı kürə formasındadır. Söhbət o dünyaların maddi ölçülərindən də getmir. Söhbət o dünyalardakı həyatın neçə ölçülü olmasından gedir.Yer kürəsi həyatı birinci, ən aşağı qatdır, çünki üçölçülüdür. Uzunluq, en və hündürlük. Biz maddi dünyanı bu “üçlük” olmadan təsəvvür edə bilmərik. Təsəvvürümüzə başqa izah sığışmaz. Ətraf aləmi yalnız bu ölçülərlə görürük, qulaqlarımız müəyyən intervaldakı səs dalğalarından başqa heç bir radiodalğalarını eşidə bilmədiyi kimi gözlərimiz də bu ölçülərin o tayındakı aləmləri görə bilməz. Ona görə də bu dünyamız real deyildir, yalan dünyadır. Öldükdən sonra gedəcəyimiz altı dünya da sidrətül-müntəha içindədir, onlar da Qiyamət zamanı bu dünya kimi yox ediləcəklərdəndir. Yəni onlar da real, haqq dünyalar deyildir, yalan dünyalardır. Haqq dünyalar Qiyamətdən sonra təkrar diriləcəyimiz zamanı gedəcəyimiz dünyalardır. Əbədi yaşayacağımız üçün Axirət deyilən dünyalar. Çünki yalnız cənnətlərdə Allah Təalanın mübarək sifətlərini görə biləcəyik ki, cənnət əhli üçün bundan da böyük mükafat olmayacaq. Ona görə də ölən adama “haqq dünyaya getdi” demək düzgün deyildir, çünki o hələ bir xeyli müddət o biri nahaqq dünyalarda da olmalıdır. Ölən birisi üçün ən düzgün söz “dünyasını dəyişdi”, “obiri dünyaya getdi” ifadəsidir. Haqq dünyaya getmək, Haqqa qovuşmaq Allah Təala ilə qovuşmaq deməkdir, bu isə , dediyim kimi, yalnız cənnətlərdə mümkündür.
İkinci qat göydəki dünyanın həyat ölçüsünün dördmü, beşmi, səkkizmi olduğunu deyə bilmərik, bəlli olan budur ki, bu dünyanın ölçülərindən sayca çoxdur. Ona görə də bu dünyadan bir qat üstün, bir qat yuxarı hesab edilir. Üçüncü qat bir az daha üstün, dördüncü qat ondan, beşinci dördüncüdən, altıncı beşincidən və nəhayət, yeddinci dünya bunların hamısından ən üstünü, ən yuxarısı, sonuncusudur. Biz yuxarı qatlardakı varlıqları heç cür görə bilməsək də onlar bizi, Qurani-Kərimdə deyildiyi kimi, “bizim onları görə bilmədiyimiz tərəfdən görürlər”. Onların arasında imansızlarla yanaşı müslimlərin də olduğunu bildirən Rəsulüllah onların bizi davamlı olaraq gördükləri və eşitdikləri üçün bəzi ayələrdə üzünü yalnız bəşəriyyətə deyil, cinlər aləminə də tutur “Ey ins və cin camaatı...” deyə. Çünki biz bilməsək də Allah Təala gözəl bilir ki, biz daima onların diqqət mərkəzindəyik, mütləq bu ayələri eşidəcəklər, belə ki bizim dünya həyat ölçüləri baxımından o dünyaların hamısından ən aşağı olanıdır. / Biz nə qədər ki, Allah Təalanın vahidliyinə və həzrət Məhəmmədin Onun Rəsulu olduğuna iman gətiririk qətiyyən onların təsiri altında olmuruq, çünki önümüzdə bir, arxamızda da bir qoruyucu mələk onları yaxınımıza buraxmaz, sadəcə, onların diqqət mərkəzində ola bilərik. Yalnız insan imansız olduğu zaman bu qoruyucu mələklər ondan götürülür və belə insan heç bir qoruması olmadığı üçün özü də bilmədən onlardan müslim olmayanların, yəni şeytanların nəzarətinə , həm də birbaşa təsiri altına keçir./..
Axirət məkanından, cənnətlərdən baxıldığında isə bizim özümüzdən üstün saydığımız həmin dünyaların hamısı aşağı qatdır, çünki sidrətül-müntəhanın içindədir, Qiyamət günü silinib yox olanlardır, yalan dünyalardır.
Və əgər yeddi qat göylər, yeddi dünya cənnət əhli üçün aşağıdırsa, yaşadığımız bu dünya da bizdən yuxarı dünyalar üçün aşağıdırsa , demək, bu dünyamız “aşağıların aşağısıdır”.
Anlaşılırmı?
(ardı var)
Mirzə Hacıyev
***
***
Təpəgöz və tartarlar-I
//modern.az/articles/69329/1/
Təpəgöz və tartarlar-II
//modern.az/articles/69368/1/
Təpəgöz və tartarlar-III
//modern.az/articles/69384/1/
Təpəgöz və tartarlar-IV
//modern.az/articles/69517/1/
Təpəgöz və tartarlar-V
//modern.az/articles/69583/1/
Təpəgöz və tartarlar-VI
//modern.az/articles/69649/1/