İlham Əliyev: ”Şuşa, Ağdam məscidlərini bərpa edib, orada birlikdə namaz qılacağıq”
Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Qeyd edək ki, Heydər məscidi 12 min kvadratmetr sahədə salınıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Mərasimdə Prezident İlham Əliyev mərasimdə çıxış edib. Ölkə başçısı deyib ki, Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan iqtisadi sahədə dünyada ən böyük nailiyyətlərə çata bilib.
”Bütün bunlara biz o qədər də asan olmayan beynəlxalq vəziyyətdə nail olmuşuq. Dünyada indi maliyyə-iqtisadi böhranın artıq ikinci mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbaycan sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamalıdır. Biz təhlükəsizliyi qoruyuruq, ölkəmizin sürətli inkişafını təmin edirik”.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan bu gün dünyada söz sahibidir. “Bizim beynəlxalq nüfuzumuz gündən-günə möhkəmlənir. Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Azərbaycanın regional inkişaf üçün gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin həlli – bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz töhfələrdir”.
Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olduğunu vurğulayan İlham Əliyev ölkə daxilindəki problemlərin öz həllini tapmaqda olduğunu söyləyib.
”Beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir, iqtisadi dayaqlar isə bu gün özünü göstərir. Hətta dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz hallar Azərbaycana təsir etmir. Ona görə yox ki, biz özümüzü təcrid etmişik, əksinə, biz dünyaya açığıq. Ona görə ki, Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq”.
İlham Əliyev deyib ki, onun Prezident kimi əsas vəzifəsi xalqın etimadını doğrultmaq, xalqa xidmət etməkdir.
”Mən bütün dövlət məmurlarını dəfələrlə buna çağırmışam, onlara öz göstərişlərimi vermişəm. Demişəm ki, biz hamımız - Prezident başda olmaqla xalqın xidmətçiləriyik. Budur bizim vəzifəmiz.
Azərbaycanda bütün azadlıqlar - mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.
Prezident bildidib ki, son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilib və ya təmir edilib. “Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır. Bu gün ölkəmizin ən böyük, möhtəşəm, əzəmətli Heydər məscidi açılır. Azərbaycanda digər başqa dinlərin məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir, təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid dövlət vəsaiti hesabına tikilmişdir, necə ki, rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini vermişdir. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilibdir. Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz”.
Ölkə başçısı Azərbaycanda təhlükəsizliyin tam şəkildə təmin edildiyini vurğulayıb. “İctimai iqlim müsbətdir. Burada dövlət-din münasibətləri və dinlərarası münasibətlər xüsusi yer tutur. Bu gün bu, belədir, sabah da belə olacaqdır. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk.
Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da və cəmiyyət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu proses daim davam etsin”.
Prezident deyib ki, ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
”Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”.
Modern.az